SAHİBKARLIĞIN İNKİŞAFI İQTİSADİ İNKİŞAFA TƏMİNATDIR

 

Bazar iqtisadiyyatının əsası olan özəl bölmənin inkişafı sahəsində uğurlu dövlət siyasətinin icrası nəticəsində sahibkarlar üçün yeni imkanlar yaranır və hazırda respublikamızda onlar üçün yaradılan şəraiti heç bir ölkədə görmək mümkün deyildir. Bu şəraitdə adamlarının vəzifəsi verilən imkanları düzgün qiymətləndirmək, onlardan səmərəli istifadə etməkdən ibarətdir və bundan ötrü onların məsuliyyəti qatqat artmalıdır. Belə adamlarından biri Cəlilabad şəhərində fəaliyyət göstərən “Rizvan” şirkətinin prezidenti Rizvan Bayramovla söhbət etdik:

 

—Son illər ərzində Azərbaycan Respublikası regionlarının sosial–iqtisadi inkişafı Dövlət Proqramı tarixi sənədində irəli sürülmüş müddəaların yerinə yetirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və əhalinin sosial problemlərinin həlli sahəsində xeyli məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Bu işlərin görülməsində özəl bölmənin əməkçiləri böyük zəhmət sərf edir və uğurlar qazanırlar. Bu isə ilk növbədə iş adamlarına göstərilən gündəlik qayğı və diqqətin nəticəsidir. Bizim şirkətimiz də dövlətimizin və onun başçısının müəyyən etdiyi bütün tədbirlərdə fəal iştirak edir.

Bu yaxınlarda Prezident İlham Əliyevin ikinci regional Dövlət Proqramının yerinə yetirilməsinə həsr olunmuş konfransdakı nitqində müxtəlif və çoxsaylı məsələlərlə bir sırada özəl bölmənin imkanlarından səmərəli istifadə edilməsi, sahibkarlığın inkişaf etdirilməsi, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında həmin imkanların əsas amillərdən biri kimi götürülməsi bizdən daha mükəmməl düşünməyi, səylərimizi gücləndirməyi tələb edir.

Prezident öz nitqində özəl şirkətlərə dövlət şirkətləri səviyyəsində qayğı və dəstək göstərməyi tələb etmişdir. O demişdir ki, “Hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara kömək göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onları incitməmələdirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Onlara yalnız kömək göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər”. Bu isə bizi daha yaxşı işləməyə sövq edir.

Bu gün, “Rizvan” şirkəti Cəlilabad rayonunda fəaliyyət göstərən çoxsaylı özəl qurumların ən böyüyüdür. Söhbət zamanı Rizvan Bayramov dedi ki, hələ 1990–cı ildə onun mərhum atası Güloğlan Bayramovun yaratdığı kəndli–fermer təsərrüfatı qısa müddətdə rayonda tanınmışdı. Böyük çətinliklər hesabına yaradılan müəssisədə heyvandarlıq təsərrüfatı fəaliyyət göstərirdi, 50 hektarda üzümlük salınmışdı, əlavə olaraq mebel fabriki işləyirdi.

Doğrudur, o vaxtlar özəl strukturlar haqqında anlayış bəsit idi, çoxları bunun mənasını, gələcək perspektivlərini anlaya bilmirdi. Çətinliklər, maneələr çox olmuşdu, hər addımda anlaşılmazlıqlara rast gəlinirdi, yoxlamaların biri gedir, o birisi gəlirdi. Bu isə ümumi işə mənfi təsir göstərirdi.

Lakin kollektiv ruhdan düşmədi, öz gücünə güvəndi, gecə–gündüz işlədi, yaranan problemləri cidd–cəhdlə aradan qaldıra bildi. 1993–cü ildə ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra sahibkarlığın inkişaf etdirilməsi üçün yeni perspektivlər açıldı, iş adamları gördülər ki, müdrik rəhbərimiz insanların əməyinə yüksək qiymətləndirərək özəl bölmənin tərəqqisinə üstünlük verir. Tezliklə həyata keçirilməyə başlayan bir sıra layihələr, aparılan islahatlar özünü doğrultdu. Bu zaman iqtisadi imkanlar bir daha götür–qoy edildi, hətta xarici ölkələrin təcrübəsi öyrənildi, kəndli–fermer təsərrüfatının bazasında “Rizvan” şirkəti yaradıldı.

Şirkət yaradılarkən işlərin gedişində bəzən risklərə də getməli olduq. Bu da təbiidir. Çünki sahibkarlıq fəaliyyəti cəsarət, məqsədə çatmaq yolunda inadla çalışmağı tələb edir.

Hazırda rayonda sahibkarlığın ilk qaranquşu olan müəssisədə bütün işlər nizamına düşmüşdür. Yenə də kənd təsərrüfatı əsas sahə olaraq qalır, 50 hektar üzümlükdən hər il xeyli məhsul götürülür, bu məhsul həm bazara çıxarılır, həm də rayonun və paytaxt Bakının üzüm emalı zavodlarına göndərilir. 100 hektar taxıl zəmisindən ildə 250 tondan az olmayaraq buğda əldə edilir. Bundan başqa şirkətin tərkibində bölgədə ən böyük bazar, “Gənclik” şadlıq sarayı, “Yeni gənclik” ticarət obyekti, digər özəl obyektlər fəaliyyət göstərir.

Üzərində yaşayıb ömür sürdüyümüz, bəhrələndiyimiz torpaq müqəddəs nemətdir. Müstəqil respublikamızın hər bir vətəndaşı yaşından, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq yaxşı dərk edir ki, torpağa övlad münasibəti bəsləmək, ondan səmərəli istifadə etmək, qədrini bilmək hamının borcudur. Cəlilabad rayonunun iş adamları, ana torpağın çörəyini yeyib suyunu içən insanlar bu məqsədlə dövlətimizin və onun başçısının müvafiq qərarlarını əzmlə həyata keçirirlər. Ümummilli liderimiz Heydər Əliyevin böyük diqqət və qayğı ilə yanaşdığı özəl bölmənin inkişaf etdirilməsinə yönəldilmiş islahatlara uyğun yerinə yetirilən kompleks tədbirlər silsiləsində torpaqlardan istifadə məsələsi prioritetə çevrilmişdir və bu sahədə bütün zəruri tədbirlər ardıcıllıqla həyata keçirilir. Bu gün torpağın hər qarışından səmərəli istifadəyə, onu göz bəbəyi kimi qorumağa çalışırıq. Fikrimiz bitkiçiliyi və heyvandarlığı daha da inkişaf etdirməkdir. Yaxın vaxtlarda üzümlüklərin sahəsini 150 hektara çatdırmaq üzərində iş aparırıq. Bu məqsədlə Fransadan texniki və süfrə sortu tinglərinin gətirilməsini, habelə regionumuzda uzun illər boyu məşhur olmuş məhsuldar üzüm növlərinin tinglərini əldə etməyi planlaşdırmışıq. Artıq hər yerdə üzüm emalı zavodları var, satış şəbəkəsi gündən–günə genişlənir. Bu imkanlardan yerində istifadə etmək gərəkdir.

Şirkətin bu sahədə müsbət göstəriciləri getdikcə artır. O da gün kimi aydındır ki, kənddə yaşayan insanların çörəyi torpaqdan çıxır, bu sahədə işləmək istəyənlərdən çoxlu müraciət alırıq. Şirkətə gələnlərin sayı getdikcə artır. Şübhəsiz, bu, adamların torpağa münasibətinin getdikcə müsbət mənada dəyişilməsi, sahibkalığın inkişafına yaradılmış münbit şəraitlə bağlıdır və insanların təsərrüfata cəlb edilməsi hər cəhətdən xeyirlidir.

Məlumdur ki, özəl qurumlar işsizliyin aradan qaldırılmasında demək olar ki, əsas yükü öz üzərlərinə götürmüşlər. Kənd təsərrüfatı sahəsində 20 nəfər daimi çalışır, 40 nəfər üzümçülüklə məşğuldur, bazarın xidmət personalı 40 nəfərə çatır, şadlıq sarayında 150 nəfərlik kollektiv vətəndaşlara nümunəvi xidmət göstərir. İşçilərin məvacibi 250 manatdan yuxarıdır.

R.Bayramov onu da qeyd etdi ki, biz rayon rəhbərliyinin, iş adamları ilə təmasda olan təşkilatların köməyini yüksək qiymətləndiririk. Bunun sayəsində süründürməçiliyin, lazımsız yoxlamaların, işlərimizə kənar müdaxilələrin kökü kəsilmişdir. Doğrudur, bəzən sahibkarlıq fəaliyyəti haqqında qanunvericiliyin ayrı–ayrı hüquqi və fiziki şəxslər tərəfindən pozulması hallarına təsadüf edirik. Belə hallarda onların barəsində qanunlara, normativ sənədlərə və təlimatlara uyğun surətdə inzibati məsuliyyət, cərimə və digər tədbirlər tətbiq olunur.

Mən inanıram ki, Prezident İlham Əliyevin məqsədyönlü, dövlətimizin sürətli inkişafını gələcəkdə də təmin edəcək uzaqgörən siyasəti, regionların inkişafına, sahibkarlığa göstərdiyi böyük diqqət bundan sonra da öz bəhrəsini verəcəkdir. Və biz bundan sonra da ölkə iqtisadiyyatının inkişafında yaxından iştirak edəcəyik.

 

 

Sabir MUSTAFAYEV

 

Respublika.- 2013.- 6 mart.- S. 6.