Sumqayıtda həyata
keçirilən tədbirlər yüksək nailiyyətlərə
yol açır
Respublikamızın
iri sənaye mərkəzi olan Sumqayıt şəhərində
“2012–ci ildə Sumqayıt şəhərinin sosial–iqtisadi
inkişafının yekunları və 2013–cü ildə
qarşıda duran vəzifələr haqqında” şəhər
icra hakimiyyətinin hesabat tədbiri keçirilmişdir.
Hesabatın dinlənilməsi və müzakirəsi
üçün yerli müəssisə və təşkilat
rəhbərləri, şəhərin fəalları və
sakinləri S.Vurğun adına mədəniyyət
sarayının geniş salonuna
yığışmışdılar.
Tədbiri
giriş sözü ilə Sumqayıt Şəhər İcra
Hakimiyyətinin başçısı Eldar Əzizov
açdı. O, ölkəmizdə son 10 ildə gedən
dinamik inkişafdan və 2012–ci ildə də həmin proseslərin
yüksək səviyyədə davam etməsindən
danışdı. Dünyada gedən maliyyə
böhranının fonunda ötən il Azərbaycanda
ümumi daxili məhsul 2,2 faiz artmış, qeyri–neft sektorunda
isə artım 9,7 faiz olmuşdur. Əhalinin pul gəlirləri
13,8 faiz artaraq inflyasiyanı 10 faizdən çox üstələmişdir.
Hesabat ilində çox böyük sosial proqramlar icra
edilmişdir və bunlardan biri də sovet dövründən
qalmış əmanətlərə görə vətəndaşlara
kompensasiyanın verilməsi olmuşdur. Ötən il
investisiya xərcləri də rekord səviyyədə—22
miyard dollardan çox olmuşdur. Bu rəqəmləri
söyləməklə E.Əzizov bu il yanvar ayının 15–də
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012–ci ilin
sosial–iqtisadi inkişafının yekunları və 2013–cü
ildə qarşıda duran vəzifələrə həsr
olunmuş iclasda dövlət başçısı İlham Əliyevin
nitqindən bəzi məqamları bir daha tədbir
iştirakçılarının yadına saldı.
Sonra E.Əzizov
Sumqayıtda gedən geniş quruculuq–abadlıq işlərindən
danışdı və nitqini bu sözlərlə
yekunlaşdırdı: “Dövlət
başçısının Sumqayıta və
sumqayıtlılara olan xüsusi diqqət və
qayğısının bariz göstəricisidir ki, möhtərəm
Prezidentimiz son dövrdə dörd dəfə şəhərimizdə
olmuşdur. Bu səfərlərin hər biri şəhərin
yüksək inkişafında öz əksini
tapmışdır. Şəhərimizin inkişafı naminə
gördüyü bu cür işlərə və
qayğıya görə biz cənab Prezidentə öz dərin
minnətdarlığımızı bildiririk”. Bu sözlərdən
sonra iclas salonunu alqış sədaları bürüdü.
Tədbirdə
2012–ci ildə Sumqayıtda aparılan quruculuq–abadlıq işlərini
və şəhərdə olmuş əlamətdar hadisələri
əks etdirən 20 dəqiqəlik film nümayiş olundu.
Bundan sonra
Sumqayıt icra başçısının müavini Sahib
Quliyev 2012–ci ilin yekunu ilə bağlı geniş məruzə
etdi. Sahib Quliyev dedi:
—Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya əsaslanan, bazar iqtisadiyyatı prinsiplərindən qaynaqlanan tarazlı iqtisadi siyasəti nəticəsində ölkəmiz dünya dövlətləri sırasında öz layiqli yerini tutmuş, qeyri–neft sektorunun inkişafının sürətlənməsində, sahibkarlığın və regionların inkişafında, əhalinin rifahının daha da yüksəlməsində yeni nailiyyətlər əldə olunmuş, iqtisadiyyatda dinamik inkişaf qorunub saxlanılmışdır.
Sosial infrastrukturun yaradılması ilə bağlı böyük işlər görülmüşdür—yüzlərlə məktəb, xəstəxana, idman kompleksi və digər sosial obyektlər tikilmiş və təmir edilmişdir. Cari ilin büdcəsində də bu sahəyə böyük vəsaitlərin ayrılması nəzərdə tutulur.
Ötən il eyni zamanda ölkəmizdə sənayeləşmə istiqamətində çox əlamətdar bir il olmuş, iri sənaye müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində çox böyük işlər görülmüşdür.
Regional
inkişaf Proqramı uğurla icra edilmişdir. Hesabat ilində
117 min yeni iş yeri açılmışdır ki, onlardan 93
mini daimi iş yeridir. Proqramın əvvəlindən 1 milyon
200 min yeni iş yeri açılmışdır ki, bu da
öz növbəsində işsizliyin xeyli azalmasına xidmət
göstərmişdir. İşsizliyin səviyyəsi 2012–ci ildə
aşağı düşmüş və 5,2 faiz səviyyəsindədir.
İşsizliklə bilavasitə bağlı olan yoxsulluğun
səviyyəsi də 7,6 faizdən 6 faizə
düşmüşdür.
Azərbaycan
daha bir tarixi nailiyyət əldə etmiş və ilk dəfə
olaraq BMT Təhlükəsizlik Şurasına sədrlik
etmişdir. Bu da ilk növbədə Azərbaycan dövlətinin
dünya miqyasında nüfuzunun göstəricisidir. Bir
sözlə, ölkəmiz keçən il dünyada
özünü daha geniş miqyasda təsdiq edə
bilmişdir. Bütün bu uğurlar Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli
diplomatik siyasətinin, Azərbaycan xalqının öz
dövlətinə və rəhbərinə sədaqətinin
məntiqli nəticəsidir.
Ölkəmizin
dinamik inkişafı, həyatımızın bütün sahələrində
uğurla aparılan irimiqyaslı iqtisadi islahatlar, qazanılan
müvəffəqiyyətlər Sumqayıt şəhərinin
də hərtərəfli və dinamik inkişafına
geniş imkanlar yaratmış, onun inkişafı, yeni,
müasir istehsalatların yaradılması, şəhərin ən
yüksək səviyyədə abadlaşdırılması,
burada yaşayan insanların rifah halının daha da
yaxşılaşdırılmasına yönəldilmiş
layihələr məhz ölkə Prezidentinin Sumqayıta olan
xüsusi diqqət və qayğısı nəticəsində
öz həllini tapmış və bu istiqamətdə işlər
uğurla davam etdirilməkdədir.
Bu diqqət
və qayğının bariz nümunəsi kimi son iki ildə
möhtərəm cənab Prezidentin şəhərimizə
müxtəlif vaxtlarda 4 dəfə etdiyi səfərləri
göstərmək olar. Hesabat dövrü də möhtərəm
Prezidentimizin aprel və dekabr aylarında şəhərimizə
etdiyi səfərləri ilə əlamətdar və yaddaqalan
olmuşdur. Sumqayıt və sumqayıtlılara həmişə
böyük diqqət və qayğı ilə yanaşan,
şəhərin dinamik inkişafı üçün
vaxtında və lazımi köməkliyini əsirgəməyən
dövlət başçımız bu səfərlərində
də şəhərdə baş verən əsaslı dəyişikliklərlə,
yeni layihələrlə yaxından tanış olmuş,
onların həyata keçirilməsinə öz tövsiyələrini
vermişdir. Səfərlər zamanı ölkə
başçımız ulu öndər Heydər Əliyevin
abidə kompleksini ziyarət etmiş, Sumqayıt Texnologiyalar
Parkında olmuş, burada yeni istifadəyə verilmiş boru
istehsalı zavodunun ikinci mərhələsinin, 500 kilovoltuq
kabel zavodunun ikinci mərhələsinin, ağır
maşınqayırma və dəqiq emal mərkəzləri
zavodlarının fəaliyyəti ilə tanış
olmuşdur. Ölkə başçımız eyni zamanda
“Azgüntex” MMC–nin günəş modulları və LED
lampalar istehsalı sahələrinin açılış mərasimində
iştirak etmiş, Qarabağ müharibəsi əlilləri və
şəhid ailələri üçün inşa olunmuş
binanın açılışında iştirak etmiş, bu
kateqoriyadan olan bir qrup insanlara yeni mənzillərin və yeni
avtomobillərin açarlarını təqdim etmiş,
onların qayğıları ilə maraqlanmış, Nəsimi
adına dənizkənarı mədəniyyət və istirahət
parkında görülən əsaslı və yenidənqurma
işləri ilə tanış olmuşdur.
2012–ci il
bütün ölkəmizdə olduğu kimi, Sumqayıt şəhəri
üçün də uğurlu olmuşdur. Ölkəmizin
yüksək inkişaf mərhələsinə qədəm
qoyması—ümumi daxili məhsulun artım tempi, büdcə
gəlirlərinin ildən–ilə əhəmiyyətli dərəcədə
çoxalması Sumqayıt şəhərinin sosial–iqtisadi həyatında
yüksək artım tempinə imkan yaratmışdır.
Hesabat ilində şəhər üzrə ümumi daxili məhsul
istehsalı 661,7 milyon manat olmuş, əvvəlki ilin
müvafiq dövrü ilə müqayisədə artım 30
faiz təşkil etmişdir. Şəhərin sənaye müəssisələrində
məhsul istehsalı ötən ilin eyni dövrü ilə
müqayisədə 28,4 faiz artaraq 402,5 milyon manat təşkil
etmişdir. Sosial–iqtisadi sahələrdə
çalışan işçilərin əməkhaqqı 15
faiz artmış, ümumilikdə orta aylıq əməkhaqqı
400 manat səviyyəsini ötmüşdür.
İl ərzində
şəhərin kimya və neft–kimya müəssisələrində
genişmiqyaslı təmir–bərpa işləri
aparılmış, istehsalat sahələrinin yenidən
qurulması və avadanlıqların təzələnməsi
istiqamətində əhəmiyyətli tədbirlər həyata
keçirilmişdir. “Azərikimya” İstehsalat Birliyinin
Etilen–polietilen zavodunda əsas avadanlıq olan
turbokompressorların əsaslı təmiri ilk dəfə
olaraq istehsalçı müəssisənin mütəxəssislərinin
iştirakı ilə yerində aparılmışdır.
Məlum
olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin müvafiq
fərmanı ilə rəqabətqabiliyyətli sənaye
istehsalının inkişafı üçün münbit
şərait yaratmaq və əhalinin istehsal sahəsində məşğulluğunu
artırmaq məqsədilə Sumqayıt Kimya Sənaye
Parkı yaradılmaqdadır. Burada neft–kimya və digər
prioritet sənaye sahələri üzrə rəqabət
qabiliyyətli məhsulların istehsalı və emalı
müəssisələri yaradılması nəzərdə
tutulur. Parkın yaradılması çoxsaylı iş yerlərinin
açılmasına imkan verəcək və ixtisaslı
mütəxəssislərə tələbat artacaqdır.
İl ərzində Sumqayıt Kimya Sənaye Parkında bir
sıra iri istehsal sahələrinin, “Azot gübrəsi—karbamid”
zavodunun inşası ilə əlaqədar zəruri işlərin
görülməsi davam etdirilmişdir.
Ötən
il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
göstərişi əsasında Sumqayıtda ilk dəfə
olaraq müasir standartlar səviyyəsində neft–kimya sənayesi
üçün hər il yüzlərlə ixtisaslı fəhlə–kadrların
hazırlanacağı Təlim–Tədris Mərkəzi fəaliyyətə
başlamışdır.
Hesabat
ilində Sumqayıtda elektroenergetika sahəsində yeni
infrastruktur layihələrinin həyata keçirilməsi davam
etdirilmişdir. Sumqayıt Texnologiyalar Parkında ümumilikdə
20–dən çox iri müasir istehsal sahəsi fəaliyyət
göstərir. Hazırda burada 500 kilovoltluq kabel zavodunun
üçüncü mərhələsinin, polikarbonat
lövhələr istehsalı, kanalizasiya boruları
istehsalı, polikarbonat dolğulu sendviç panelləri
istehsalı, transformatorlar istehsalı, metaləritmə və
şüşə emalı zavodlarının inşası
davam etdirilməkdədir.
Azərbaycan
Respublikası Prezidentinin 5 noyabr tarixli 2012–ci il tarixli fərmanı
ilə Sumqayıt şəhərində informasiya və
kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi
sahələrində tədqiqatlar aparılması, yeni və
yüksək texnologiyaların hazırlanması
üçün zəruri infrastrukturu, maddi–texniki bazası və
idarəetmə qurumları olan ərazi—Yüksək Texnologiyalar
Parkı yaradılmasına başlanılmışdır.
Hesabat
dövründə şəhərin iri metallurgiya müəssisəsi
olan “Azərboru” ASC–də istehsal olunan məhsulların
çeşidlərinin artırılması istiqamətində
tədbirlər davam etdirilmişdir. İlin sonunda müəssisə
“Baku Steel Compani”nin idarəetməsinə verilmişdir.
Yaxın vaxtlarda burada yeni metal emalı texnologiyaları tətbiq
ediləcək və işləyənlərin sayı əvvəlki
dövrlərlə müqayisədə xeyli artacaqdır.
Şəhərin
iri yüngül sənaye müəssisələrindən olan
“İntertextil” ASC–də pambıq iplik istehsalı və
trikotaj məhsullar istehsalı davam etdirilmişdir. Hazırda
müəssisə fasiləsiz olaraq fəaliyyət göstərir,
istehsalın həcmi və burada daimi işləyənlərin
sayı tədricən artır.
“Azərbaycan
Respublikası regionlarının 2009–2013–cü illərdə
sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nda
Sumqayıt şəhəri üzrə müəyyən
olunmuş tədbirlər uğurla icra olunmuşdur. Onun
mövcud sənaye potensialından səmərəli istifadə
edilməsi və gücləndirilməsi baxımından
hesabat ilində şəhərdə bir sıra yeni istehsal sahələrinin
tikintisi istiqamətində əhəmiyyətli işlər həyata
keçirilmişdir.
Ötən
il “Azərsun Holdinq” şirkətlər qrupu tərəfindən
Sumqayıt Sənaye Zonasında kağız–karton istehsalı
kombinatı və yağ istehsalı fabrikində
tikinti–quraşdırma işləri başa
çatdırılmışdır. Hazırda hər iki
müəssisədə sınaq məhsullar istehsal edilməsinə
başlanılmışdır.
“MKT
İK” MMC–nin Sumqayıt Tekstil filialı illik istehsal
gücü 6,5 milyon metr parça olan müasir
avadanlıqlarla təchiz olunacaq yeni müəssisənin
inşası başa çatdırılmışdır.
Hazırda həmin müəssisədə məhsul
istehsalına başlanmışdır.
“Delta
Qrup” MMC tərəfindən tutumu 4000 ton, ümumi sahəsi
8900 kvadratmetr olan soyuducu anbar kompleksinin həmin ərazidə
sutkalıq istehsal gücü 120 ton olan Çörək
zavodunun inşası yekunlaşmaq üzrədir.
İl ərzində
şəhər üzrə bütün maliyyə mənbələrindən
ayrı–ayrı sahələrin inkişafına 66 milyon manatdan
çox əsaslı vəsait qoyulmuşdur. Kapital qoyuluşu
əsasən inşaat işləri davam etdirilməkdə olan
yeni sənaye obyektlərinin
tikinti–quraşdırılmasına yönəldilmişdir.
Sumqayıt
Elektrik Stansiyası ilin əvvəlindən müvəffəqiyyətlə
işləyərək 2026 milyon kilovat/saat və ya 48255 min
manatlıq elektrik enerjisi istehsal etmişdir. İstehsal
edilmiş elektrik enercisi zəncirvarı enerji sisteminə
ötürülmüşdür. Şərti yanacağın
xüsusi sərfi 240,65 qram/kilovat/saat olmuşdur ki, bu da əvvəlki
stansiyanın sərfiyyatından 2 dəfədən çox
aşağıdır. Stansiyada enerjinin maya dəyərinin
azaldılması sahəsində aparılan işlər öz
nəticəsini vermiş, 1 kilovat elektrik enerjisinin
istehsalına olan məsrəflər 11,2 faiz aşağı
salınmışdır.
“Aztermoizol”
ASJ “Qaradağ sement” zavodunda təmir–tikinti işlərini
aparmış, “Metanol” zavodunun tikintisində iştirak
etmişdir. Ümumilikdə müəsissisə tərəfindən
yerinə yetirilmiş iş həcmi əvvəlki ilin
müvafiq dövrü ilə müqayisədə 30 faizədək
artmışdır.
“Poladkonstruksiya”
və “Elektrikdəstləşdirmə” ASC–ləri ötən
il fəaliyyətlərini iş həcminin
artırılmasına yönəltmiş, nəticədə əvvəlki
illə müqayisədə müvafiq olaraq 24 faiz və 42 faiz
artım əldə etmişlər.
Yeni
müəssisələrin işə başlaması, şəhərdə
fəaliyyət göstərən iri müəssisələrin
istehsalının genişləndirilməsi şəhər əhalisinin
məşğulluğunun təmin edilməsində müsbət
rol oynamışdır. 2011–ci illə müqayisədə
2012–ci ildə işaxtaran kimi qeydiyyatda olan vətəndaşların
sayının 15,7 faiz azalması şəhər əhalisinin
məşğulluğu sahəsində görülmüş
işlərin müsbət nəticələr verdiyini göstərir.
Ötən il Məşğulluq Mərkəzi tərəfindən
3002 nəfər işaxtaran kimi qeydiyyata alınmış və
onlardan 1101 nəfəri işlə təmin olunmuşdur.
2012–ci il ərzində
Sumqayıt şəhərində keçirilən “Əmək
yarmarka”larında 12 dövlət, 23 qeyri–dövlət və 10
fiziki şəxs tərəfindən 509 boş iş yeri təqdim
olunmuşdur. 680–ə yaxın işsiz və işaxtaran vətəndaşın
iştirak etdiyi yarmarkada 334 nəfər işaxtaran vətəndaşa
göndəriş verilmiş, bundan əlavə, 110 nəfər
peşə hazırlığı kurslarına və 54 nəfər
isə ictimai işlərə cəlb olunmuşdur.
İl ərzində
şəhərdə həyata keçirilən tədbirlər
nəticəsində hamısı daimi olmaqla 2915 yeni iş
yeri yaradılmışdır.
Dövlət
Sosial Müdafiə Fondunun Sumqayıt şəhər
şöbəsində hazırda 18737 fiziki, 4176 hüquqi
şəxs uçota alınmışdır ki, bu da ötən
ilin eyni dövrü ilə müqayisədə müvafiq
olaraq 27 və 68,5 faiz çoxdur. Ödənilən təqaüdün
bir nəfərə düşən orta aylıq məbləği
156 manat təşkil edir ki, bu da əvvəlki illə
müqayisədə 6 faiz artım deməkdir.
Əhalinin
Sosial Müdafiəsi Mərkəzinə hesabat dövründə
ünvanlı sosial yardım almaq üçün 5846 ailə
müraciət etmiş, onlardan 5754 ailənin sənədi qəbul
edilmiş və ünvanlı sosial yardım təyin
edilmişdir. Təyinat aparılmış ailələrdən
438–i Sumqayıt şəhərində məskunlaşmış
məcburi köçkün ailəsi, 123–ü ailə
başçısını itirmiş, 198 tək analar ailəsi,
687 şəhid, Qarabağ müharibəsi əlili və
Çernobıl əlili ailəsidir.
2012–ci ildə
aparılmış təyinatların məbləği 816,5
min manat, bir ailəyə düşən orta məbləğ
142 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə
11,5 faiz çoxdur. Ümumilikdə, 2012–ci ildə mərkəzdən
sosial müavinət alanların sayı 11605 nəfər təşkil
etmişdir. “Özünüdəstək” proqramı üzrə
layihələr 15 ailəni əhatə etmiş, o cümlədən
7 ailəyə fərdi yardımçı təsərrüfatın
inkişafı üzrə, 8 ailəyə isə əmtəə
və xidmətlərin istehsalı üzrə birdəfəlik
yardım göstərilmişdir.
Sumqayıt
Poçtamtının tərkibinə daxil olan 12 poçt
şöbəsi tərəfindən şəhər və qəsəbələrdə
yaşayan əhali poçt xidmətləri ilə tam əhatə
edilmişdir. Əhaliyə göstərilən xidmətlərin
həcmi əvvəlki illə müqayisədə
artmış, tarif gəlirləri proqnozuna 101,7 faiz əməl
edilmişdir. Poçt şöbələrində əhaliyə
maliyyə xidmətlərinin göstərilməsinin tətbiqi
sahəsində işlər davam etdirilmiş, beynəlxalq
sürətli pul köçürmələri və elektron
imza sistemləri işlənərək şəhər sakinlərinin
istifadəsinə verilmişdir.
Əhaliyə
12,2 milyon manatlıq nəqliyyat, 7 milyon manatlıq rabitə
xidmətləri göstərilmişdir. Sakinlərin
yaşayış səviyyəsini əks etdirən əsas
göstəriilərdən biri olan pərakəndə əmtəə
dövriyyəsi üzrə artım tempi 17 faiz olmuşdur.
Bütün sahələrdə uğurların əldə
olunması, iqtisadi göstəricilərin ötən ilin
müvafiq dövrü ilə müqayisədə artması nəticəsində
şəhər büdcəsinin gəlirlər proqnozu 60,7 milyon
manata qarşı 62,1 milyon manat və yaxud 102,3 faiz yerinə
yetirilmişdir. Vergi və tədiyyələr üzrə
tapşırıqların yerinə yetirilməsi şəhər
büdcəsinin icrasına da müsbət təsir
etmişdir. Artıq iki ildir ki, Sumqayıt şəhəri tam
olaraq dövlət büdcəsindən dotasiya almır. Yeni
istehsal sahələrinin fəaliyyətə başlaması ilə
şəhər büdcəsinin subsidiyadan
asılılığı aradan
qaldırılmışdır.
Sumqayıt
Şəhər Baş Gömrük İdarəsi tərəfindən
proqnoz tapşırıq 106,1 faiz yerinə yetirilmiş,
dövlət büdcəsinə 1 milyon manatdan artıq əlavə
vəsait daxil olmuşdur.
Ölkə
Prezidenti cənab İlham Əliyevin dəstəyi və
bilavasitə yaxından köməyi sayəsində əhaliyə
göstərilən xidmətlərin səviyyəsinin
yüksəldilməsi, abadlıq, yenidənqurma, təmir–bərpa,
yaşıllaşdırma, sahəsində xeyli işlər
görülmüşdür. Şəhərin mərkəzi
küçə və prospektləri müasir tələblərə
uyğun yenidən qurularaq abadlaşdırılmış, səki
daşları qoyulmuş, üzlük daşlar döşənmiş,
yaşıllıqlar salınmış, ticarət obyektləri
yeni layihələr üzrə işlənilir.
Ulu
öndər Heydər Əliyevin adını daşıyan
“Heydər bağı” parkının və mərkəzin,
bilavasitə ölkə Prezidentinin nəzarətində olan Nəsimi
adına mədəniyyət və istirahət parkının
abadlaşdırılaraq yenidən qurulması, yeni
yaşıllıqların salınması, kol və bitkilərin
əkilməsi işləri davam etdirilir.
Şəhərin
küçə, meydan və məhəllə–mikrorayon daxili
yollarının 90 min kvadratmetrdən çoxunun asfalt
örtüyü əsaslı təmir edilmiş, 13,7 min
poqonmetr səki daşları qoyulmuş, piyada yolları,
meydança və xiyabanlara 69,4 min kvadratmetr üzlük
daş, 1,2 min kvadratmetrdən çox mərmər döşənmişdir.
Ərazidə
25,2 min kvadratmetr yeni qazon sahələri salınmış, 8
min ədəd ağac, minlərlə mövsümi və
dekorativ gül əkilmiş, yaşıllıqlara qulluq etmək
üçün 2,6 min poqonmetr suvarma xətləri çəkilmişdir.
“Heydər bağı” parkı və Nəsimi adına mədəniyyət
və istirahət parkının ərazisində kompleks şəkildə
yenidənqurma, abadlaşdırma və
yaşıllaşdırma işləri aparılmış və
həmin işlər hazırda davam etdirilir.
Şəhər
icra hakimiyyətinin inzibati binasının fasadı müasir
dizayn əsasında yenidən qurulmuş və bina
zövqoxşayan şəkildə bütövlükdə əsaslı
təmir olunmuşdur. Binanın qarşısındakı
meydan əsaslı surətdə yenidən qurulmuş, əzəmətli
“Bayraq meydanı” yaradılmışdır. Hazırda bu
meydanda demək olar ki, şəhərin hər tərəfindən
görünən üçrəngli bayrağımız
qürurla dalğalanmaqdadır.
“Bələdiyyə
parkı”nın yenidən qurulması ilə bağlı
aparılan işlər ötən ildə
yekunlaşdırılmış və şəhər sakinlərinin
istifadəsinə verilmişdir. Parkın ərazisinə
üzlük daş döşənmiş, səki
daşları düzülmüş, qazon əkilmiş,
oradakı fəvvarə və onun ətrafı təmir
olunmuş, işıqlandırma sistemi qurulmuşdur.
Sumqayıt
Şəhər Polis İdarəsinin inzibati binası tikilərək
istifadəyə verilmiş, bir sıra obyektlərin müasir
üslubda yenidən qurulması işləri
aparılmışdır. H.Əliyev prospektində, 34 və
36–cı məhəllələrin arasında yerləşən
alleya müasir şəkildə yenidən qurulmuş, bundan
başqa, H.Əliyev və Koroğlu prospektlərinin, N.Nərimanov
və Sülh küçələrinin
abadlaşdırılaraq mövcud tikililərin tərtib
edilmiş layihələr üzrə yenidən qurulması,
sıxlıq yaratmış obyektlərin digər əraziyə
köçürülməsi, bordürlərin yenidən
qurulması, 4, 16, 17, 20 və 36–cı məhəllələrin
mərkəzi küçələrə çıxan hissələrində
yerləşən binaların dam örtüklərinin və
fasad hissələrinin təmiri aparılmış və
hazırda bu işlər davam etdirilir. “Kimyaçı” mədəniyyət
sarayı və onun qarşısındakı meydanda da əsaslı
təmir və yenidənqurma işləri davam etdirilir.
Sumqayıt–Novxanı yolu boyunca hasarlar təmir edilərək
rənglənmişdir. Qeyd etmək lazımdır ki, son
vaxtlar müxtəlif təyinatlı obyekt və fərdi ev
layihələri işlənilmiş, zövqsüz
köşk və quraşdırmalar
götürülmüş, müxtəlif ərazilərdə
qeyri–qanuni tikilmiş hasarlar və fərdi evlər
sökülmüş, müasir tələblərə
uyğun yeniləşdirilmişdir.
Sumqayıt
şəhərinə hər səfəri zamanı Prezident cənab
İlham Əliyev yeni sosial obyektlərin təməlqoyma və
açılış mərasimlərində iştirak edərkən
onların memarlıq üslubunda yerli və milli ənənələri
qorumaqla müasirliyinə üstünlük vermiş, şəhərsalma
qaydalarına uyğun olmasını
vurğulamışdır.
Sumqayıt
Cümə məscidində dindarlarla görüşü
zamanı məscidin əsaslı təmir olunması və
minarənin tikilməsi cənab Prezidentdən xahiş
olunmuşdu. Ölkə başçımızın
tapşırıqları əsasında çox qısa bir
müddətdə yeni layihə hazırlanmış və
yenidənqurma işlərinə
başlanılmışdır. Artıq məscidin yenidən
qurulması ilə əlaqədar işlər
yekunlaşır.
Ötən
ildə də məhəllə və mikrorayonların daxili ərazilərinin
abadlaşdırılaraq yenidən qurulması, “Nümunəvi
məhəllə”lərin yaradılması istiqamətində
xeyli məqsədyönlü irimiqyaslı işlər həyata
keçirilmişdir.
Şəhərdə
artıq ənənəyə çevrilmiş “Nümunəvi
məhəllə”lərin yaradılması işləri 17–ci
mikrorayonda davam etdirilərək ümumilikdə 30–dan çox
yaşayış binasının fasadı təmir olunmuş,
zövqoxşayan boyalar ilə rənglənmiş, 20–dən
çox “Xeyir–şər” evi yenidən qurulmuş və təmir
edilmiş, 32 min kvadratmetr sahədə asfalt
salınmış, xeyli sayda yeni ağaclar əkilmiş, ərazi
abadlaşdırılaraq “Nümunəvi mikrorayon”
yaradılmışdır. Eyni zamanda “Nümunəvi məhəllə”lərin
yaradılması təkcə şəhəri deyil, ucqar əraziləri
əhatə etmiş, H.Zeynalabdin qəsəbəsində
“Şirvan” yaşayış massivində də belə məhəllələr
yaradılmış, oradakı sakinlərin yaşayış
və istirahət şəraitinin
yaxşılaşdırılması istiqamətində
uğurlu bir addım atılmışdır.
Qeyd etmək
lazımdır ki, artıq şəhərimizdə əhalinin
daha sıx yaşadıqları yerlərdə — 18, 13, 10, 17–ci
mikrorayonlar və “Şirvan” yaşayış massivinin ərazilərində
müvafiq abadlaşdırma, yenidənqurma və tərtibat
işləri aparılaraq zəruri infrastruktura malik nümunəvi
məhəllələr yaradılaraq sakinlərin ixtiyarına
verilmişdir. Bu məhəllələrdə bir vaxt necə gəldi
pərakəndə şəkildə bütün ərazi
üzrə yerləşdirilmiş qarajların, sərhədləri
çoxdan itmiş yaşıllıqlar üçün nəzərdə
tutulmuş sahələrin, yöndəmsiz və əksəriyyəti
sınıq–salxaq oturacaqların yerini ən müasir tələblərə
cavab verən süni örtüklü zövqlə düzəldilmiş
idman meydançaları, uşaqlar üçün müxtəlif
əyləncə guşələri, yaşlı sakinlərin
istirahət etmələri üçün xüsusi
yaradılmış yerlər və digər qurğular
tutmuşdur. Bu ərazilərə asfalt örtüyü, səki
daşları qoyulmuş, ağac əkilmiş,
çoxsaylı oturacaqlar düzülmüş, müasir
işıqlandırma sistemi qurulmuş, hətta yumşaq ev əşyalarının
yuyulub qurudulması üçün ətrafı bağlı
xüsusi yerlər yaradılmışdır. Bütün
bunlar sakinlərin rahatlığına xidmət edir və
onlar tərəfindən böyük razılıqla
qarşılanmışdır. Əhalinin asudə vaxtlarının
təşkilinə, gənclərin pis vərdişlərdən
yayındırılmasına xidmət edən, uşaqlar və
gənclər üçün müxtəlif oyun və idman
qurğularının yerləşdiriləcəyi növbəti
belə nümunəvi məhəllə 12–ci mikrorayon ərazisində
yaradılır. Cari ildə sakinlər tərəfindən
böyük minnətdarlıqla qarşılanan belə məhəllələrin
yaradılması digər ərazilərdə də davam
etdiriləcəkdir.
Hesabat
dövründə ölkə başçımız cənab
İlham Əliyevin tövsiyə və
tapşırıqlarına müvafiq olaraq əhali ilə
canlı iş bizim gündəlik fəaliyyətimizdə
prioritet istiqamət olmuş, daim ön plana çəkilmiş,
onların qayğıları ilə maraqlanılmış,
narahat edən problemlər aşkar edilərək həll
olunmasına xüsusi önəm verilmişdir. Bizim cari
işlərimizin proqnozlaşdırılmasında, mövcud
problemlərin üzə çıxarılaraq həllində,
müvafiq tədbirlərin görülməsində sakinlərlə
və yerlərdə səyyar görüşlərin,
xüsusən də canlı ünsiyyət vasitəsi kimi
“Açıq mikrofon” tədbirlərinin keçirilməsi
mühüm əhəmiyyət kəsb edir. İl ərzində
belə görüşlərin keçirilməsi davam
etdirilmişdir. Şəhərin bütün təsərrüfat
və xidmət sahələrinin rəhbərlərinin
iştirak etdikləri görüşlərdə sakinlər
onları narahat edən problemlərdən, qayğılardan
danışmış, şəhər həyatının
müxtəlif sahələrində aparılan işlərdən
razılıqlarını ifadə etmiş, hansı işlərin
görülməli olduğundan söz açmışlar.
Olduqca canlı və yüksək səviyyədə
keçirilən görüşlərdə səslənən
hər bir fikir və təklifə şəhər icra hakimiyyəti
tərəfindən böyük diqqətlə
yanaşılmış, onların əksəriyyəti bizim
cari və perspektiv fəaliyyət proqramımızda öz əksini
tapmışdır.
Şəhərin
mənzil fondunun qorunub saxlanılması, dam örtüklərinin
təmir olunması, ərazilərin təmizliyi, məişət
tullantılarının daşınması daim nəzarətdə
olan, icrası vacib əsas məsələlərdəndir. Bu
barədə sakinlər icra hakimiyyətində qəbul edilərkən
və müxtəlif görüşlərdə məsələ
qaldırırlar. Hesabat dövründə bu sahələrdə
bir çox işlər görülmüşdür. Sakinlərin
müraciətləri əsasında və əvvəlcədən
planlaşdırılmış şəkildə 334 mənzilin
19 min kvadratmetr dam örtüyü şiferlə, 659 mənzilin
67,8 min kvadratmetr dam örtüyü ruberoidlə
örtülmüş, 25 yaşayış binasının
fasadı təmir edilmiş və rənglənmişdir. 490
yaşayış binasının zirzəmisində
aşağı şəbəkə üzrə içməli
su və kanalizasiya xətləri cari, 48 yaşayış
binasının zirzəmisində isə əsaslı təmir
edilmiş, 76 yaşayış binasının zirzəmisinin
suyu qurudularaq tullantılardan təmizlənmişdir.
Hazırda Heydər Əliyev prospektində, Sülh,
S.Vurğun və Azərbaycan küçələrində
yaşayış binalarının fasadlarında və dam
örtüklərində əsaslı təmir, bərpa və
yenidənqurma işləri davam etdirilir.
Hesabat
dövründə şəhər ərazisinin təmizliyi ilə
əlaqədar işlər davam etdirilmişdir. Bərk məişət
tullantıların yığılması üçün əlavə
olaraq 380 ədəd konteynerlər yerləşdirilmiş,
mütəşəkkil məntəqələrin sayı
artırılmış, “Sumqayıt stansiyası”, “Tuğ
zavod” ətrafı yaşayış massivlərində, “Xəzər”,
“Metallurq” bağçılıq təsərrüfatlarının
ərazilərində yeni məntəqələr
yaradılmışdır. Ümumilikdə şəhər ərazisində
tullantı qəbulu məntəqələrinin sayı 246–dan
305–ə çatdırılmışdır.
Əhaliyə
kommunal xidmətlərin göstərilməsinin
yaxşılaşdırılması şəhər rəhbərliyinin
daim gündəlik diqqət mərkəzindədir. Hesabat
dövründə əhaliyə elektrik enerjisi, su, təbii qaz
verilməsi və digər kommunal xidmətlərin göstərilməsinin
daha da yaxşılaşdırılması məqsədilə
bir sıra tədbirlər həyata keçirilmiş,
ayrı–ayrı avadanlıqlar yeniləri ilə əvəz
olunmuş, əlavə ötürücü xətlər
çəkilmiş, müasir sayğaclar
quraşdırılmışdır.
Sumqayıt
Elektrik Şəbəkəsində hesabat dövründə
şəhərin fasiləsiz elektrik enerjisi ilə təchizatının
və istehlakçılara satılmış elektrik enerjisinin
dəyərinin ödənilməsinin maksimum səviyyədə
təmin edilməsi istiqamətində tədbirlər
planına uyğun olaraq bir sıra işlər
görülmüşdür. İstehlakçıların
elektrik enerjisinə artan tələbatını nəzərə
alaraq enerji təchizatında fasilələrə yol verilməməsi
üçün şəbəkənin xidməti ərazilərində
bir sıra elektrik avadanlıqları və elektrik verilişi xətlərində
əsaslı və cari təmir, yenidənqurma, bərpa
işləri yerinə yetirilmişdir.
Sumqayıt
Elektrik Şəbəkəsi tərəfindən hesabat
dövründə yüksək gərginlikli 47 poqonkilometr kabel,
106,3 poqonkilometr SİP tipli kabel dəyişdirilmiş, 4 ədəd
transformator daha güclüsü ilə əvəz edilmiş,
4 ədəd transformator əsaslı təmir edilmiş, 1 ədəd
yeni transformator quraşdırılmış, 128 ədəd
transformator yarımstansiyası cari təmir edilmiş, 12 transformator
məntəqəsi binasının dam örtüyü və
fasadı əsaslı təmir edilmiş, 366 ədəd dəmir–beton
və 33 ədəd dəmir dayaq basdırılmış və
əhali abonentləri üçün 4713 ədəd elektrik
sayğacı quraşdırılmış və yenisi ilə
əvəz edilmişdir. Hesabat dövründə güzəştsiz
əhali üzrə elektrik enerjisinin ödənişi 11 milyon
manat olmuşdur ki, bu da istehlak olunan enerji dəyərinin 93,5
faizini təşkil etmişdir. Ümumilikdə isə şəhər
üzrə elektrik enerjisinin dəyərinin ödənilməsi
87,2 faiz olmuşdur.
“Küçə
işıqları” təsərrüfathesablı xidmət sahəsi
tərəfindən şəhərin küçə və
prospektlərində 84 ədəd yeni elektrik–işıq dirəyi
basdırılmış, 26,5 min poqonmetr elektrik kabeli çəkilmiş,
2 ədəd idarəetmə şkafı
quraşdırılmışdır.
“Sumqayıt
Sukanal” idarəsi tərəfindən hesabat dövründə
müxtəlif diametrli 18973 poqonmetr su xətti, 285 poqonmetr
kanalizasiya xətti çəkilmiş, 166 ədəd siyirtmə
yenidən quraşdırılmış və təmir
edilmiş, 122 yeni kanalizasiya və 209 yeni yağışqəbuledici
quyu tikilmiş və təmir edilmişdir. Sudan istifadə edən
əhali abonentləri üçün il ərzində 4659 ədəd
yeni su sayğacı quraşdırılmışdır.
Bununla da 77603 əhali abonentindən 52142–si və ya 70 faizi
sayğaclaşdırılmışdır. Bu kateqoriya abonentlər
tərəfindən istehlak edilən içməli suya görə
3,8 milyon manat ödənilmişdir, bu da 77 faiz təşkil
edir. İstehlakçılara satılmış suyun dəyərinin
ödənişi 93,6 faiz olmuşdur.
Şəhərdə
yeni kanalizasiya xətlərinin çəkilişi işləri
davam etdirilir.
Hesabat
dövründə əhalinin təbii qazla təchizatının
daha da yaxşılaşdırılması istiqamətində
xeyli işlər görülmüşdür. Şəhərin
məhəllə və mikrorayonlarında, bağlar ərazisində,
yeni yaşayış massivlərində, H.Zeynalabdin qəsəbəsində
müxtəlif diametrli 55 poqonkilometrdən çox yeni qaz xətləri
çəkilmiş, 23 poqonkilometr qaz xətti yenisi ilə əvəz
edilmiş, bir sıra xətlərdə təmir–bərpa
işləri aparılmış, siyirtmə, qaztənzimləyici
qurğu qoyulmuş, abonentlərə 3238 ədəd
“Smart–kart” tipli müasir sayğac
quraşdırılmış, 5826 ədəd sayğac yenisi
ilə əvəz olunmuşdur. Güzəştsiz əhali
üzrə hesabat dövründə istifadə olunan təbii
qaza görə 7,6 milyon manat vəsait ödənilmiş, bu
da 97,5 faiz təşkil edir və əvvəlki illə
müqayisədə 2,6 faiz çoxdur.
Şəhər
əhalisinin istiliklə təchiz edilməsi bu gün ön
plana çəkilmiş və sakinləri, həqiqətən
də, narahat edən məsələlərdən biridir. “Azəristiliktəchizat”
ASC–nin Sumqayıt İstilik Sistemləri İstismarı Sahəsi
tərəfindən görülmüş işlər nəticəsində
şəhərdə 21 qazanxana, o cümlədən 6 modul
tipli qazanxana fəaliyyət göstərir. Onların vasitəsilə
178 yaşayış binasındakı 8200 mənzildən
3400–ü istiliklə təmin edilir (41,5 faiz). Digər obyektlərə
gəlincə, hazırda 30 məktəb, 12 uşaq
bağçası, 17 səhiyyə binası və 5 inzibati
bina istiliklə təmin olunur. İl ərzində 2 qazanxana
binası istifadəyə verilmiş, 1 qazanxananın tikintisi
isə yekunlaşmaqdadır.
Hesabat
dövründə yüksəkmərtəbəli binalarda
yaşayan sakinlər üçün mühüm əhəmiyyət
kəsb edən lift təsərrüfatında mənzil
fondunda istismarda olan 588 ədəd liftdən 14 mərtəbəli
binadakı 6 ədəd ikinci yük liftləri istisna olmaqla
582 ədədi işlək vəziyyətdə olmuşdur.
İl ərzində “Lift–Serviz” Birliyi tərəfindən bu
liftlərə əsasən xidmət göstərilmiş, bir
sıra digər işlər yerinə yetirilmişdir.
İstismar müddətini başa vurmuş 9 lift yenisi ilə əvəz
olunmuş, 18 lift əsaslı təmir edilib istismara
verilmişdir. Şəhər uşaq xəstəxanası və
2 saylı xəstəxanada təmir işləri
aparılmışdır. 10, 17 və 18–ci mikrorayonların ərazisində
olan lift nəzarətçilərinin otaqları təmir
olunmuş və rabitə ilə təchiz edilmişdir.
Dövlət
Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional
Şöbəsi üzrə hesabat dövrü ərzində
şəhərdaxili marşrutlarda xidmət səviyyəsinin
yüksəldilməsi, sərnişinlərin
rahatlığının təmin edilməsi üçün
sahibkarlar tərəfindən 8 şəhərdaxili
marşrutda işləyən, istismar müddətini başa
vurmuş kiçik tutumlu mikroavtobuslar müasir tipli, orta
tutumlu 71 ədəd komfortlu avtobuslarla əvəz
edilmişdir. Digər şəhərdaxili marşrutlarda da əhalinin
rahatlığının təmin edilməsi üçün
köhnə mikroavtobusların müasir tipli, tutumu çox
olan avtobuslarla əvəz edilməsi istiqamətində
sahibkarlarla işlər aparılır. Belə ki, şəhərdaxili
marşrutlarda işləyən 342 avtobusdan 194–ü hələ
də köhnə və kiçiktutumludur. İl ərzində
şəhərə 19 ədəd yeni taksi gətirilmişdir.
Hesabat
dövründə Sumqayıt Şəhər Telekommunikasiya
Qovşağı tərəfindən tarif gəliri proqnozu 100
faiz yerinə yetirilmiş, əsas telefon abonentlərinin
sayı 667 ədəd artırılaraq istifadə tutumu 58 minə
çatdırılmış, genişzolaqlı internet istifadəçilərinin
sayı 2379 ədəd artırılaraq 5030–a
çatdırılmışdır.
İl ərzində
əhalinin internet və telefon xidmətlərinə olan tələbatını
təmin etmək məqsədilə keçənilki hesabat
yığıncağında səsləndirilmiş problemlərin
həlli kimi Hacı Zeynalabdin qəsəbəsinin iki
küçəsində, şəhərin 15–ci məhəlləsində,
Kottec, Beton zavod və İnşaatçılar massivlərində
layihə–tikinti işləri aparılmış və əlavə
nömrələr, 4 müxtəlif ərazilərdə isə
900 nömrə üçün magistral şəbəkə
tikilib istifadəyə verilmişdir.
Qovşağın
tədbirlər planına uyğun olaraq xətt təsərrüfatının
bütün sahələrində texniki normalara riayət
olunması üçün müvafiq tədbirlər
görülmüş, bütün stansiyaların tam
gücü ilə işləmələri təmin
olunmuşdur.
2012–ci ildə
mədəniyyət müəssisələrinin əsaslı
və cari təmiri, maddi–texniki bazasının möhkəmləndirilməsi,
mədəni–kütləvi tədbirlərin sayının və
keyfiyyətinin artırılması, diqqət mərkəzində
olmuşdur.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
tapşırıq və tövsiyələrinə əsasən
Nəsimi adına Mədəniyyət və İstirahət
Parkında yeni layihə əsasında aparılan yenidənqurma
və əsaslı təmir işləri davam etdirilmişdir.
İl ərzində
bir sıra mədəniyyət müəssisələrində
cari təmir işləri aparılmışdır.
Hesabat ili
şəhərimizdə keçirilmiş genişmiqyaslı
mədəni–kütləvi tədbirlərlə çox zəngin
olmuşdur.
20 Yanvar
faciəsinin Azərbaycanın suverenliyi, istiqlaliyyəti və
ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi
kimi qeyd edilməsi ilə əlaqədar 18–20 yanvar tarixlərində
bütün idarə, müəssisə və təşkilatlarda
müxtəlif tədbirlər keçirilmiş, 20 Yanvar abidəsi
və Şəhidlər Xiyabanı ziyarət edilmişdir.
Bəşər
tarixinin ən dəhşətli və qanlı faciələrindən
biri olan, nəinki azərbaycanlılara və türk
dünyasına, bütövlükdə bəşəriyyətin
mütərəqqi dəyərlərinə, insanlığa və
beynəlxalq hüquq normalarına qarşı yönəldilmiş,
qəddarlığı və amansızlığı ilə
anoloqu olmayan Xocalı soyqırımının
ildönümü ilə əlaqədar
xocalılıların və şəhər ictimaiyəti
nümayəndələrinin iştirakı ilə anım mərasimi
təşkil edilmişdir.
Novruz
Bayramı şənlikləri xüsusi özəlliklə, fərqli
formatda təşkil olunmuşdur. Ümumşəhər tədbirində
Sumqayıt sakinlərinə və şəhərimizin
qonaqlarına sahibkarların təşəbbüsü ilə
hazırlanmış uzunluğu 21, eni 5 metr, çəkisi 5
tondan çox olan paxlava və tutumu 700 litr,
hündürlüyü 3 metr olan ən böyük
samovarı təqdim olunmuşdur.
XX əsr
ədəbi–elmi fikrinin korifeylərindən sayılan,
çağdaş Azərbaycan tarixində yazıçı,
pedaqoq, ədəbiyyatşünas alim kimi müstəsna və
özünəməxsus yer tutan Mir Cəlal Paşayevin xatirə
gecəsi də çox maraqlı və yaddaqalan olmuşdur.
11 may
tarixində keçirilən ənənəvi Kitab bayramı
bu il daha fərqli — geniş miqyası və məzmun dəyəri
ilə şəhər sakinlərində böyük
marağa səbəb olmuşdur.
28 may –
Respubilika Günü münasibətilə H.Ərəblinski
adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında təşkil
edilən klassik musiqidən ibarət konsert və 15 iyun – Milli
Qurtuluş Günü münasibətilə Nəsimi adına
mədəniyyət və istirahət parkında Azərbaycan
Dövlət Simfonik Orkestrinin konserti sumqayıtlılara
xoş anlar bəxş etmişdir.
Azərbaycan
Respublikası Prezidentinin tövsiyəsinə uyğun olaraq
sentyabr ayının 26–da Sumqayıt şəhərində
artıq ənənəyə çevrilmiş “Şəhər
günü” bayramı keçirilmişdir. Bayram tədbirləri
öncə qədim Corat kəndindən
başlamışdır. Kəndin giriş qapısında,
qala divarları qarşısında orta əsrlərə məxsus
bazar meydanı açılmış, burada çox
maraqlı ədəbi–bədii kompozisiya və meydan
tamaşası göstərilmişdir.
Corat
qalasının üstündə qurulmuş qədim toplardan
atılan yaylım atəşləri ilə
yekunlaşdırılan əyləncəli proqram Bayraq
meydanında təntənəli bayram keçidi ilə davam
etdirilmişdir. Paradda idmançıların, motosikletçilər
və velosipedçilərin nümunəvi
çıxışları, gənc hərbçilərin —
məktəblilərin “Şahin” komandalarının və
körpə fidanların keçidi çox maraqlı və
yaddaqalan olmuşdur.
Bütöv
bir günü əhatə edən “Şəhər
günü” bayram tədbirlərinə axşam saatlarında
respublikanın tanınmış incəsənət
ustalarının iştirakı ilə hazırlanmış
bayram konserti və atəşfəşanlıqla yekun
vurulmuşdur. Tədbirdə xarici dövlətlərdən və
Azərbaycanın bölgələrindən dəvət
olunmuş çoxlu sayda qonaqlar və musiqi kollektivləri də
iştirak etmişlər.
Yeni il ərəfəsində
şəhər sahibkarlarının təklifi ilə
uzunluğu 51 metr, çəkisi 11,5 tona yaxın olan
Avropanın ən böyük tortu dekabrın 24–də
hazırlanaraq şəhər ictimaiyyətinə təqdim
olunmuşdur. Əzəmətli tortun üzərində 2012–ci
ildə Azərbaycanda keçirilən “Eurovision–2012″
mahnı müsabiqəsinin loqo və atributlarının,
“Kristal Hall”un, eləcə də, müsabiqə
iştirakçılarının rəsminin həkk
olunması tortun təqdimatını son dərəcə
maraqlı və yaddaqalan etmişdir.
Azərbaycan
Respublikası regionlarının sosial–iqtisadi inkişafı
Dövlət Proqramı (2009–2013–cü illər) çərçivəsində
2012–ci ildə şəhərin təhsil sistemində təlim–tərbiyə
müəssisələrinin maddi–texniki bazasının
yaxşılaşdırılması və zənginləşdirilməsi
məqsədilə Təbiət Elmləri Təmayüllü
Gimnaziyada, 28 nömrəli məktəbdə əsaslı təmir
işləri aparılmış, 40 nömrəli məktəb
üçün yeni bina tikilmişdir.
Yeni dərs
ili ərəfəsində bütün təhsil müəssisələrində
cari təmir, abadlıq işləri görülmüş, məktəblərin
hamısı laboratoriya, məktəb mebelləri və
avadanlıqlarla təmin edilmişdir.
Bu il də
qəbul imtahanlarının nəticələri şəhərimiz
üçün uğurlu olmuş, ali məktəblərə
qəbul 51 faizdən çox olmuşdur ki, bu da ötən
illərlə müqayisədə xeyli yüksək göstəricidir,
92 məzun 600–dən yuxarı bal toplamışdır. Bu, əvvəlki
illərlə müqayisədə ən yüksək göstəricidir.
7 məzun göstərdikləri yüksək nəticələrə
görə Prezident təqaüdünə layiq görülmüşdür.
Narkomaniya
əleyhinə mübarizə ilə bağlı maarifləndirmə,
gənc nəsildə onun törətdiyi faciələr
haqqında müəyyən təsəvvür yaratmaq və əyani
şəkildə göstərmək məqsədilə
müvafiq iş aparılmışdır. Şəhər Təhsil
Şöbəsi, Şəhər Polis İdarəsi, Gənclər
və İdman Baş İdarəsi, Ağsaqqallar
Şurası və Narkoloji Dispanserin əməkdaşlarının
iştirakı ilə təşkil edilmiş tədbirlər
bu işin səmərəliliyini daha da
artırmışdır.
Ötən
ildə görülən işlərdən və keçirilən
tədbirlərdən ən yaddaqalanlardan biri ümummilli
liderimiz Heydər Əliyevin anadan olmasının 89–cu
ildönümü münasibətilə gənclərin hərbi–vətənpərvərlik
tərbiyəsinin yüksəldilməsinə xidmət edən
məktəblilərin təntənəli hərbi paradı
olmuşdur. Məktəblərin “Şahin” komandaları və
balaca hərbçilər də daxil olmaqla 3000–ə yaxın
iştirakçının qatıldığı, minlərlə
tamaşaçının seyr etdiyi tədbir şəhər
ictimaiyyətində böyük marağa səbəb
olmuşdur.
Noyabr
ayından etibarən məktəblərin fəaliyyətinə
nəzarət daha da artırılmış, 31 məktəbdə
47 monitorinq keçirilmişdir. Monitorinqlər zamanı fəaliyyətində
nöqsanlar aşkar edilmiş bir sıra məktəblərin
direktorlarına qarşı intizam tədbiri
görülmüşdür.
İl ərzində
şəhər əhalisinə göstərilən tibbi xidmətin
yaxşılaşdırılması sahəsində müəyyən
tədbirlər həyata keçirilmişdir.
1
saylı Sumqayıt şəhər xəstəxanasının
yenidən qurulması ilə bağlı əsaslı təmir
işləri davam etdirilmişdir.
Səhiyyə
şöbəsi tərəfindən Uşaq stomatoloji
poliklinikasında, 4 saylı Uşaq poliklinikasında, 3
saylı şəhər poliklinikasında və Oftalmoloji xəstəxananın
əməliyyat blokunda, Bərpa müalicəsi xəstəxanasının
fizioterapiya bölməsində cari təmir işləri
aparılmışdır. Oftalmoloji xəstəxananın və
1 saylı Doğum evinin istilik sistemləri bərpa edilərək
yenidən qurulmuşdur. Səhiyyə şöbəsinin
inzibati binasında da cari təmir işləri aparılıb
və hazırda davam etdirilir. Corat qəsəbəsində
yerləşən tibb məntəqəsində cari təmir
işləri aparılmışdır.
Tibb
müəssisələri bir sıra avadanlıqlarla təmin
olunmuşdur.
Əhaliyə
tibbi xidmətin yaxşılaşdırılması məqsədilə
Sumqayıt Stansiyası və Tuğ zavod yaşayış
massivlərində yerləşən orta məktəblərin
binasında tibb məntəqələri
yaradılmışdır.
Şəhərin
ucqar ərazilərində yaşayan əhalinin yerində
kütləvi tibbi müayinə edilməsi üçün
Sumqayıt stansiyası, Şirvan yaşayış massivlərində,
Corat və H.Zeynalabdin qəsəbələrində əhaliyə
8 dəfə səyyar tibbi xidmət göstərilmişdir.
İl ərzində
tibb müəssisələrinə ambulator gəlişlərin
sayı keçənilkinə nisbətən təxminən 1
faiz artmışdır.
Stasionar
tibb müəssisələrində isə əksinə,
çarpayıların plan üzrə dolması keçənilki
47,4 faizə qarşı 44,0 faiz olaraq azalmışdır. Bu
da bir neçə tibb müəssisəsində əsaslı
təmir işləri ilə əlaqədardır.
İl ərzində
Sumqayıt Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi
tərəfindən yoluxucu xəstəliklərə
qarşı kompleks şəkildə görülən təşkilati,
müalicə–profilaktik, əks–epidemik tədbirlər davam
etdirilmişdir. Şəhərdə fəaliyyət göstərən
obyektlər üzrə 60 xəbərdaredici sanitariya nəzarəti,
2008 reyd və yoxlamalar keçirilmişdir ki, bunlardan 1328–i
sahibkarlıq subyektləri üzrə olmuşdur. 791 halda
nöqsan və çatışmazlıq aşkar
edilmişdir ki, bunun da 742–si aradan
qaldırılmışdır.
Dövlət
sanitariya nəzarəti zamanı aşkar olunan sanitar–gigiyenik
pozuntu hallarına görə 56 nəfər məsul şəxs
barəsində “İnzibati Xətalar Məcəlləsi”nin
müvafiq bəndlərinə uyğun olaraq tədbir görülmüşdür.
Kobud sanitar–gigiyenik pozuntu halları aşkar edilən 59 obyektin
fəaliyyəti müvəqqəti olaraq
dayandırılmış, 23 sahibkarlıq subyektləri barəsində
isə daha ciddi tədbirlər görülməsi
üçün hazırlanmış sənədlər
hüquq–mühafizə orqanlarına göndərilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
müvafiq sərəncamı ilə “İdman ili” elan
edilmiş ötən ildə şəhərimizin
idmançıları bir çox respublika və beynəlxalq
yarışlarda iştirak etmiş və idmanın
ayrı–ayrı növləri üzrə uğurlar
qazanmışlar.
İdman
növləri üzrə milli yığma komanda heyətlərində
beynəlxalq səviyyəli yarışlarda iştirak edən
şəhər idmançıları tərəfindən
qazanılmış 212 medaldan 34 qızıl, 28
gümüş, 32 bürünc medal Dünya, Avropa kuboku
yarışlarında əldə olunmuşdur. Bu medallardan 15
qızıl, 11 gümüş, 11 bürünc medal Olimpiya
oyunlarının proqramına daxil olan idman növləri
üzrədir.
2012–ci ildə
XXX London Yay Olimpiya və XIV Paralimpiya oyunlarında şəhərin
7 idmançısı iştirak etmişdir.
İkiqat
Paralimpiya çempionu İlham Zəkiyev oyunlarda müvəffəqiyyətlə
çıxış edərək bürünc medal
qazanmışdır.
Qalib
idmançılar və onların məşqçiləri
Sumqayıt Şəhər İcra Hakimiyyətində qəbul
edilmiş, onlara qiymətli hədiyyələr verilmişdir.
Bildiyiniz
kimi, Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015–ci ildə
birinci Avropa oyunlarının Azərbaycanda keçirilməsi
haqqında qərar qəbul edilmişdir. Bu böyük bir
tarixi hadisədir və ölkəmizin dünya miqyasında
günbəgün artan nüfuzunu bir daha təsdiq edir. Əlamətdar
haldır ki, bu oyunlar ilk dəfədir keçirilir. Bununla
ölkəmiz, paytaxtımız daha bir möhtəşəm
idman tədbirinin keçirilməsinə ev sahibliyi edəcəkdir.
Ümidvarıq ki, hansısa idman növü üzrə
oyunların Sumqayıtda keçirilməsi də Təşkilat
Komitəsində baxılacaqdır.
Hesabat
dövründə şəhər hüquq–mühafizə
orqanları tərəfindən ictimai asayişin qorunması və
cinayətkarlığa qarşı mübarizə sahəsində
bir sıra məqsədyönlü, həmçinin
qabaqlayıcı profilaktik tədbirlər həyata
keçirilmişdir.
Sumqayıt
Şəhər Polis İdarəsi tərəfindən qeydə
alınmış 890 cinayət hadisəsindən 782 fakt
üzrə cinayətin açılması təmin
edilmiş, açılma faizi 83,1 faiz olmuşdur.
Narkotiklərlə
mübarizə bölməsinin əməkdaşları digər
xidmətlərlə birlikdə narkotiklərin qanunsuz
dövriyyəsi ilə bağlı 101 cinayət faktı
aşkar etmiş, nəticədə ümumi çəkidə
6 kiloqram 399 qram narkotik vasitə qanunsuz dövriyyədən
çıxarılmışdır. Müəyyən
olunmuş faktlar üzrə 86 şəxs cinayət məsuliyyətinə
cəlb edilmişdir.
İl ərzində
Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları
tərəfindən ictimai qaydaları nümayişkəranə
şəkildə pozan 60 nəfər “avtoxuliqan”
sürücü saxlanılmış və onlar barəsində
müvafiq inzibati tədbirlər görülmüşdür.
Şəhər
üzrə gənclərin ordu sıralarına
çağırışı ilə bağlı
tapşırıqlar tam şəkildə yerinə
yetirilmiş, bu işin təşkilinə şəhər
icra hakimiyyəti tərəfindən lazımi köməklik
göstərilmişdir. İl ərzində Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər
İdarəsinin əməkdaşlarının iştirakı
ilə şəhərdəki orta məktəblərinin
yuxarı sinif şagirdləri ilə görüşlər
keçirilmiş, gənclərlə hərbi–vətənpərvərlik
mövzularında söhbətlər
aparılmışdır.
Ölkəmizdə
aparılan korrupsiyaya qarşı mübarizə tədbirləri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi və nəzarəti altında davam etdirilməkdədir.
Bu sahədə şəhərimizdə aparılan məqsədyönlü
tədbirlərin nəticəsində korrupsiya, rüşvətxorluq
və bu kimi digər neqativ halların qarşısı qətiyyətlə
alınır, onları törətmiş şəxslərə
qarşı müvafiq tədbirlər görülür.
Əhalinin
problemlərini vaxtında öyrənmək, onları qısa
müddətdə həll etmək, canlı və şəffaf
ünsiyyət mexanizmi qurmaq, sakinlər üçün məhz
onların yaşadıqları yerlərdə
görüşlər təşkil etmək bizim fəaliyyətimizdə
özünü uğurla doğruldur.
Hesabat
dövründə şəhər icra hakimiyyətinə
sakinlər tərəfindən əvvəlki illə
müqayisədə 44,0 faiz az müraciətlər daxil
olmuşdur. Bu isə onun nəticəsidir ki, biz ilk növbədə
onların yaranma səbəblərinin aradan
qaldırılması istiqamətində məqsədyönlü
işlər aparmış, bütün sahələrdə
qanunun aliliyinin təmin edilməsini əsas meyar kimi
götürmüş, dövlət tərəfindən
müəyyənləşdirilmiş vəzifə borcumuzu,
qanunauyğun surətdə yerinə yetirmişik. Daxil
olmuş müraciətlərin böyük əksəriyyəti
müsbət həll olunmuş, qalan hissəsi barədə isə
qanunauyğun müvafiq izahatlar verilmişdir.
Sonda tədbir
iştirakçıları Azərbaycan Prezidentinə
müraciət ünvanladılar.
Söhrab Səfiyev
Respublika.- 2013.- 6
mart.- S. 3-4.