“Ədəbi–elmi
düşüncələr”in işığında
Fəlsəfə doktoru Xanım Qəmbərqızının “Elm” nəşriyyatı tərəfindən bu yaxınlarda çap olunmuş 2 cildlik “Ədəbi–elmi düşüncələr” kitabında alimin 35 illik elmi yaradıcılığı boyu yazdığı elmi, ədəbi və publisistik yazıları yer alıb. Topludakı məqalələr əsasən tanınmış şəxsiyyətlərin həyat və yaradıcılığına həsr olunub. Onu da qeyd edim ki, onların içərisində Səməd Vurğunla bağlı məqalələr çoxluq təşkil edir. Hiss olunur ki, bu yazılar şair Səməd Vurğunun ruhuna məhəbbətdən, zəngin bədii–estetik irsinə heyranlıqdan və sevgidən qaynaqlanaraq qələmə alınıb. Müəllifin kitabı Səməd Vurğuna ithaf etməsi təsadüfi deyil. Özünün də qeyd etdiyi kimi, şairin yaradıcılığına olan bu sonsuz maraq çox kiçik yaşlarından, ilk dəfə Vurğunun şeirləri və əfsanələri ilə təmasdan sonra yaranmışdır. Xanım Qəmbərqızı bu barədə yazır: “Keçən əsrin 50–ci illərində rayonlarda, kəndlərdə televiziya olmadığından natiqlik məharəti olan şəxsləri mütəmadi olaraq tez–tez şəhərlərdən bölgələrə göndərirdilər. Onlar rayon əhalisinin, xüsusilə də məktəblilərin qarşısında çıxış edərək müxtəlif hadisələr, böyük şəxsiyyətlər haqqında maraqlı əhvalatlar danışar, şeirlər söylərdilər. Gözəl nitq mədəniyyətinə sahib olan bu insanların təsirli söhbətləri bizi sehrli aləmə aparar və özümüzü əfsanələr dünyasında hiss edərdik. Bu əhvalatların əksəriyyəti yaşadığı dövrdə əfsanəyə çevrilmiş sevimli şairimiz Səməd Vurğuna həsr olunardı”. Beləliklə, uşaqlığından dinlədiyi bu əfsanələr Xanımı şairin həm şəxsiyyətinə, həm də şeiriyyətinə vurğun edir. Xoşbəxtlikdən bu gün də bu nəcib hiss və duyğuların təsirindən nəinki ayrılmış, əksinə, bu hiss və duyğular günü–gündən çoxalaraq qəlbində Vurğun zirvəsi yaratmışdır.
Məqalələr toplusu kitabında yazılar böyük sənətkarların və görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığına həsr olunub, onların bədii və ədəbi–nəzəri irsi gözdən keçirilərək təhlil edilib. Topludakı elmi–publisistik məqalələrdə isə görkəmli sənətkarların həyat və yaradıcılığından bəhs olunur, onların müasirləri ilə münasibətlərindən, ayrı–ayrı ədəbi hadisələrdən, xalqımız üçün dəyərli olan şəxsiyyətlərdən danışılır.
Yazılarda eyni zamanda dünyasını dəyişmiş, lakin özündən sonra həm xalqına, həm də yaxınlarına sevgi dolu xatirələr, qiymətli əsərlər, nümunəvi həyat yolu qoyub getmiş insanlar haqqında də məhəbbətlə söhbət açılır.
Hər iki kitabda ilk iki məqalə Səməd Vurğunun yaradıcılığı və irsi ilə bağlıdır.
Azərbaycan kəndinin real həyatını əks etdirən yazıçı Mənzər Niyarlı, poeziya bilicisi, şeirin incəliklərinə varan alim Əkbər Ağayev, “bədii peyzaj ustası” — Hüseyn Arif, “xalq yaradıcılığının zəngin qaynaqlarından bəhrələnən” — Osman Sarıvəlli, “musiquli komediya janrının banisi ” — ölməz Üzeyir bəy, “ədəbiyyatşünaslığın ağsaqqalı”, müdrik şəxsiyyət — Məmməd Arif, “elmi təfəkkürü ilə obrazlı təfəkkürü daim vəhdətdə olan” — görkəmli alimimiz –Yaşar Qarayev, “şeirləri nəğməyə dönmüş” — Tofiq Bayram, “ədəbiyyat fədaisi” — Şamil Salmanov, “estetik fikir və ədəbi tənqidimizin görkəmli nümayəndəsi” — Məmməd Cəfər, “qəlbə və gözə nur saçan şair” — Paşa Qəlbinur və başqa dəyərli sənətkarlara həsr edilmiş yazılarda müəllifın mülahizələri, fikirləri maraqlı və düşündürücüdür. Bu məqalələrdə müəllif yaradıcı ziyalıların səciyyəvi xüsusiyyətlərinin özünəməxsus cəhətlərini önə çəkir.
Azərbaycanda yeni tənqidçi nəslinin yetişməsində böyük xidməti olan Yaşar Qarayevə həsr etdiyi yazılarından birində Xanım Qəmbərqızı bizə bugünkü ədəbi aləmə xas olan tənqidlə bağlı bir halı xatırladır. Yaşar müəllim ədəbi gerçəklikdə tənqidi fikirlə bədii fikir arasında yüksək harmoniyanın olmadığını etiraf edib. Tənqidi fikrin həmişə bədii fikrin digər sahələrindən özünün spesifik mürəkkəbliyi ilə və çətinliyi ilə seçildiyini vurğulayan Yaşar Qarayev yazırdı ki, etik, estetik və sosial amillərin vəhdəti ilə ifadə olunan həqiqi tənqid öz təhlilində bədii əsər müəllifini yalnız təqsirləndirməkdən və ya tərif etməkdən irəli getmirsə, estetik tərifi yalnız primitiv təsdiq və ya primitiv inkarla əvəz edir ki, bu cür tənqiddə nə ictimai–siyasi, nə də estetik mövqe fəallığından bəhs etməyə heç bir əsas yeri qalmır.
Doğrudan da, tənqidçinin də qeyd etdiyi kimi bir də görürsən ki, bir əsər haqqında çoxlu tərifli rəylər çıxır mətbuatda. Bu baxımdan da maraqlanıb həmin əsəri oxuyursan, lakin gəldiyin nəticə yazılan rəylərin əksinə olur. Bu zaman tənqidçinin obyektivsizliyinə şübhə yeri qalmır. Və gələcəkdə bu cür halların təkrarlanması tənqidi fikrin və onun nüfuzunun da aşağı düşməsinə səbəb olur. Xüsusilə bu cür faktlar, hətta görkəmli, nüfuzlu tənqidçilərə də inamı azaldır. Təəssüf ki, günümüzdə belə hallarla tez–tez rastlaşırıq.
Poeziyada ilkinliyə, təbiiliyə çağırış motivləri həmişə aparıcı olub. Xüsusilə təbiət bütün dövrlərdə poeziyanın əsas mövzularından biri olub. Elmi işini, sonralar isə qələmini 1970–80–ci illərin təbiət poeziyasına və onu vəsf edən söz sənətkarlarına həsr edən Xanım Qəmbərqızı bunun səbəbini açıqlayaraq yazır: “Nə 60–cı illərdə, nə də əvvəlki onilliklərdə təbiət bu qədər ülviləşdirilməmişdi. Səbəbi də elmi–texniki inqilab əsrinin məhz bu onillikdə, 70–ci illərdə öz nəfəsini daha çox hiss etdirməsi, təbiətə qayğı, təbiəti qorumaq probleminin kəskinliyi ilə irəli sürülməsidir.”
Xanım Qəmbərqızının kitabı Əkbər Ağayev, Hüseyn Arif, Rəhim Əliyev, Maarifə Hacıyeva, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Ruqiyyə Qəmbərqızı, Arif Səfiyev, Tofiq Mütəllibovun və digər yazar və tənqidçilərin yaradıcılıqları ilə bağlı dəyərli yazılarla zəngindir.
Atatürk sevdalısı Xanım Qəmbərqızı onu fenomen, türk dünyasının öndəri və öncülü adlandırır. Kitabdakı məqalələrlə yanaşı, Xanım Qəmbərqızı Atatürkə həsr olunmuş kitaba müqəddimə də yazmışdır.
Məqalələr toplusunda Hacı Zeynalov, həkim Tamara xanım, Lütfiyar İmanov, Səməd Vurğunun yadigarı Aybəniz xanım, Müşfiq, Mehdi Hüseynin qızı Zivər Hüseynova, Eldar Məsimov, Akif Hüseynov, M.S.Ordubadi haqqında yazılar da böyük sevgi ilə yazılıb.
Xanım Qəmbərqızı həm də “Şəmkir alimləri” kitabının redaktoru olmuş, həmin kitaba irihəcmli ön söz yazmış, Türk dünyasının öndəri, Türkiyənin böyük dövlət xadimi Atatürkə həsr olunmuş “Atatürkün xatirələri və Atatürk haqqında xatirələr” kitabını Azərbaycan türkcəsinə çevirərək çapa hazırlamış və kitaba geniş müqəddimə yazmışdır. Alimin mətbuat səhifələrində və ayrı–ayrı kitablarda 100–dən artıq məqaləsi dərc olunmuşdur.
Fədakar ana, qayğıkeş həmkar, zəhmətkeş alim, qədirkeş insan kimi tanınıb, sevilib Xanım Qəmbərqızı. 1971–ci ildən AMEA–nın Fəlsəfə və Hüquq İnstitutunda, 1975–ci ildən bu günədək Akademiyanın Nizami adına Ədəbiyyat İnstitutunda çalışır, “XX əsr Azərbaycan ədəbiyyatı” şöbəsinin aparıcı elmi işçisidir.
Xanım Qəmbərqızının ikicildlik
“Ədəbi–elmi düşüncələr” kitabı gərgin
axtarışların, böyük zəhmətin, əziyyətin
toplusudur. Kitab böyük sevgi ilə araya–ərsəyə gətirilib.
Buna görə bu fədakar alimimizə dərin təşəkkür
və minnətdarlığımızı bildirir, ona yeni–yeni
yaradıcılıq uğurları arzulayırıq.
Pərvanə MƏMMƏDLİ.
Respublika.- 2013.- 10 mart.- S. 8.