AZƏRBAYCAN
DİASPORASI—VƏTƏNİN XARİCDƏ LAYİQLİ TƏMSİLÇİLƏRİ
Müstəqil Azərbaycan
ulu keçmişə, zəngin tarixə malikdir.
Xalqımız əsrlər boyu çoxlu sınaqlara məruz
qalsa da, öz mənliyini, milli varlığını, ədət–ənənlərini
qorumuş və bəşər sivilizasiyasına dəyərli
töhfələr vermişdir.
Görkəmli
alman filosofu K.Yaspersin fikrincə, biz nə ediriksə onu ancaq
qarşılıqlı şüurlu anlaşmanın
hesabına edirik. İnsan fərd olaraq
öz–özlüyündə mövcudluğunu sübut edə
bilmir. Qarşılıqlı ünsiyyət, həmrəylik
şəxsiyyətin formalaşmasında çox mühüm
rol oynayır.
Bu baxımdan dünyanın müxtəlif guşələrinə səpələnmiş azərbaycanlıların bir–birindən təcrid halda yaşaması, milli adət–ənənələrimizdən, mənəvi dəyərlərimizdən uzaq düşməsi onların gündəlik həyatında, milli şüurunda ikili düşüncə tərzi yarada bilər. Bu milli problem hər birimizi düşündürməyə bilməz.
Sovet dönəmində xaricdə yaşayan soydaşlarımızla əlaqələr çox məhdud çərçivədə idi. Kommunust rejimi qardaşla qardaş, qohumlar və doğmalar arasında “dəmir pərdə” çəkmişdi. Hətta tərcümeyi–halımızda xaricdə qohumlarımızın yaşadığını belə gizlədirdik.
Keçən əsrin 80–ci illərinin axırlarında xalqımız milli azadlıq, müstəqillik uğrunda mübarizəyə qalxanda sərhədin o tayından həsrətlə boylanan soydaşlarımız səsimizə səs verərək bizimlə həmrəy olduqlarını bildirdilər. 1989–cu ilin noyabr ayının axırlarında qədim Naxçıvan torpağında qardaşı qardaşdan ayıran sərhəd məftilləri vətənpərvər qüvvələr tərəfindən qoparılıb atıldı. Naxçıvanda baş vermiş hadisə dünya azərbaycanlılarının həmrəylik ideyasının reallaşması istiqamətində ilk mühüm addım oldu.
Həmrəylik, birlik ideyasının milli inkişafımızda rolunu yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyevin təşəbbüsü və sədrliyilə 1991–ci il dekabr ayının 16–da Naxçıvan Muxtar Respublikası Ali Məclisi dekabr ayının 31–nin Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü elan olunması haqqında qərar qəbul etdi.
Ulu öndərin dəst–xəttilə tarixə düşən Dünya Azərbaycanlılarının Həmrəylik Günü hər il ölkəmizdə və onun hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən əlamətdar bayram kimi qeyd olunur.
Müdrik rəhbərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra diaspor anlayışı xaricdə yaşayan soydaşlarımızın da leksikonuna daxil oldu, düşüncələrdə yeni məna kəsb etməyə başladı.
Xalqımızın əbədiyaşar lideri xarici dövlətlərə səfərlərində həmvətənlərimizi arayıb axtarır, onlara xalqımızın azadlıq mübarizəsindən, müstəqilliyimizin bəhrələrindən, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəblərindən söhbət açır, soydaşlarımızı birliyə, həmrəyliyə çağırırdı.
Xalqımızın böyük oğlu, bütün dövrlərin ən böyük azərbaycanlısı Heydər Əliyev dünyanın ayrı–ayrı qitələrində yaşayan soydaşlarımızı bir araya gətirdi, bir bayraq, bir amal uğrunda birləşdirdi. 2001–ci il noyabr ayının 9–10–da Bakı şəhərində Dünya azərbaycanlılarının birinci qurultayı keçirildi. Bu mötəbər məclisdə Azərbaycan diasporunun formalaşdırılması, soydaşlarımızın bir–birilə və tarixi Vətənlə əlaqələrinin yaradılması və möhkəmləndirilməsi gündəmə gətirildi. Möhtərəm Heydər Əliyev qurultayda dövlətin siyasi xəttini səciyyələndirərkən dedi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı–Azərbaycan dilini, mədəniyyətini, milli–mənəvi dəyərlərini, adət–ənənələrini yaşatmalıyıq.”
Qurultaydan
sonra diaspor quruculuğu prosesi sürətləndi. 2002–ci ilin
iyulunda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla
iş üzrə Dövlət Komitəsi (Hazırda Diasporla
iş üzrə Dövlət Komitəsi adlanır)
yaradıldı. Dünya azərbaycanlılarının
ümummilli ideya, müstəqil dövlətçilik, milli–mənəvi
dəyərlər ətrafında birləşməsi və təşkilatlanması
sahəsində yeni bir mərhələnin əsası qoyuldu.
“Mən hər
bir azərbaycanlının Prezidentiyəm” prinsipini rəhbər
tutan dövlətimizin başçısı cənab
İlham Əliyev xalqımızın birliyininin, həmrəyliyinin
təmin olunması sahəsində ulu öndərin irsini
uğurla davam etdirir. Ölkəmizdə diaspor quruculuğu
artıq dövlət siyasətinin tərkib hissəsinə
çevrilmişdir.
Ölkə
Prezidenti dünya azərbaycanlılarının təşkilatlanması,
diaspor quruculuğu kimi mühüm məsələləri
daim diqqət mərkəzində saxlayır. Möhtərəm
Prezidentimizin sərəncamları ilə Dünya azərbaycanlılarının
Bakı şəhərində II və III
qurultaylarının keçirilməsi də
soydaşlarımızın Vətən naminə daha sıx
birləşməsinə, azərbaycançılıq hərəkatının
geniş vüsət almasına xidmət edir.
Dövlətimizin
başçısı diaspor quruculuğu sahəsində
genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə
xüsusi diqqət yetirir. Dünya azərbaycanlılarının
III qurultayında cənab Prezident bu sahədə
görülmüş işləri yüksək qiymətləndirmişdir.
Azərbaycan
Prezidentinin dəyərli tövsiyələri, qurultayın qəbul
etdiyi sənədlər yeni mərhələdə Azərbaycan
diaspor təşkilatlarının qarşısında duran əsas
vəzifələri müəyyənləşdirmiş,
milli–mənəvi dəyərlərimizin qorunub
saxlanılması, doğma Vətənin milli
maraqlarının müdafiəsi işini vacib məsələ
kimi ortaya qoymuşdur.
Rusiyanın
Nijnivartovsk şəhərində “Relax” şirkətinin
baş direktoru olan soydaşımız Balaşirin Ağayev
fikirlərini bizimlə bölüşərək dedi:
“Dünya azərbaycanlılarının III qurultayından
keçən dövr hər birimiz üçün yaddaqalan və
uğurlu olmuşdur. Hiss edirik ki, arxamızda güclü,
qüdrətli Azərbaycan dövləti və onun nüfuzlu,
müdrik Prezidenti dayanır.
Mən 20
ildən çoxdur ki, taleyimi Nijnivartovsk şəhərinə
bağlamışam. Bura Rusiyanın ən iri neft və qaz
regionudur. Muxtar ərazidə yaşayan
soydaşlarımızın hüquqlarını qorumaq,
onların problemlərini həll etmək üçün
bütün imkanlardan istifadə edirik. Şəhərin icra
strukturlarının və hüquq–mühafizə orqanlarının
rəhbərlərilə, ərazini Rusiya Dövlət
Dumasında təmsil edən deputatlarla görüşür,
soydaşlarımızı narahat edən məsələləri
bir yerdə müzakirə edirik.
Əlbəttə,
bu, heç də diasporla bağlı problemlərin tam həlli
deyil. Rusiyanın ayrı–ayrı regionlarındakı Azərbaycan
icmalarının birliyinin möhkəmləndirilməsinə,
onların qarşılıqlı surətdə fəaliyyət
göstərməsinə böyük ehtiyac vardır.
Rusiya
prezidenti cənab V.Putinə müraciət edərək
Böyük Vətən müharibəsində qələbənin
qazanılmasında müstəsna xidmətlərinə
görə Azərbaycanın paytaxtı Bakıya qəhrəman
şəhər adının verilməsini, Dağlıq
Qarabağ probleminin Azərbaycanın ərazi
bütövlüyü və milli maraqları çərçivəsində
həllinə köməklik göstərməsini xahiş
etmişik.
Ümummilli
liderimizin dediyi kimi, “Vətən birdir və hamı bu Vətən
uğrunda çalışmalıdır”. Bu gün hər
birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş
Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməklə
vətəndaş həmrəyliyinə nail olmalı,
Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə
həllinə, müstəqil Azərbaycanın daha da
çiçəklənməsinə var qüvvəmizlə
çalışmalıyıq.
Etibar Mirzəyev
Lerik rayonunun Nücü kəndində böyüyüb
boya–başa çatmışdır. Uzun illərdir ki,
Qazaxıstanda yaşayır. Astana şəhərində “Azərbaycan”
cəmiyyətinin sədr müavinidir.
E. Mirzəyev
Dünya azərbaycanlılarının II qurultayının
nümayəndəsi olmuşdur. Bu yaxınlarda onunla həmsöhbət
olduq. Diaspor quruculuğu ilə bağlı Astana şəhərində
görülümüş işlər barədə
danışdı:
– Ölkələrimizi
çoxəsrlik milli, dini və mədəni əlaqələr
birləşdirir. Azərbaycan Prezidenti cənab İlham Əliyev
və Qazaxıstan Respublikasının Prezidenti Nursultan
Nazarbayevin birgə səyləri sayəsində ölkələrimiz
və xalqlarımız arasında münasibətlər daha da
möhkəmlənmiş və yeni mərhələyə qədəm
qoymuşdur. Bu gün Qazaxıstanda minlərlə
soydaşımız yaşayır.
Sürətlə
tikilən və əzəmətli bir şəhərə
çevrilən Astanada azərbaycanlıların böyük
zəhməti vardır. Soydaşlarımız yeni
yaşayış massivlərinin salınmasında, təhsil,
səhiyyə, mədəniyyət ocaqlarının, eləcə
də sosial obyektlərin tikintisində fədakarlıqla
çalışırlar.
Ümummilli
liderin tövsiyələrini daim rəhbər tutaraq
yaşadığımız ölkənin nümunəvi vətəndaşı
olmağa çalışırıq. Ana dilimizi, zəngin mədəniyyətimizi
yaşatmaq, milli adət–ənələrimizi qorumaq, Azərbaycan
həqiqətlərini Qazaxıstanda yaşayan müxtəlif
millətlərin nümayəndələrinə
çatdırmaq diasporumuzun fəaliyyətində əsas yer
tutur.
Bu gün
Astana şəhərində azərbaycançılıq hərəkatı
geniş vüsət almış, təşkilatlanma prosesi
sürətlənmişdir. Regionun digər şəhərlərində,
qonşu respublikalarda fəaliyyət göstərən Azərbaycan
icmaları ilə əlaqələr getdikcə möhkəmlənir.
Adıgözəl
Məmmədov Lənkəran rayonunun Digah kəndində
dünyaya göz açmışdır. Artıq 50 ilə
yaxındır ki, Riqa şəhərində yaşayır.
Sürücükdən başlayaraq “Riqa sanitar nəqliyyat
avtomüəssisəsi” Səhmdar Cəmiyyətinin prezidentinə
kimi yüksəlmişdir. Nüfuzlu iş adamı həm də
uzaq diyarda diaspor quruculuğunun fəallarından biridir.
Dünya azərbaycanlılarının II və III
qurultaylarının nümayəndəsi olmuşdur.
O,
doğma Lənkəranla daim əlaqə saxlayır. Lənkəran
şəhər təcili və təxirəsalınmaz tibbi
yardım stansiyasına iki mersedes markalı müasir renomobil hədiyyə
etmişdir. Bu münasibətlə Lənkəran rayon mərkəzi
xəstəxanasında keçirilən mərasimdə
Adıgözəl Məmmədovun çıxışı
indiki kimi yadımdadır:
–Deyirlər
ki, dağın əzəməti uzaqdan daha yaxşı
görünür. Biz uzaq Litvadan Azərbaycanın yüksək
inkişafını, tərəqqisini, uğurlarını
görür və çox sevinirik. Diasporumuz Azərbaycanın
uğurlarının təbliği istiqamətində
ardıcıl iş aparır. Ölkəmizin zəngin mədəniyyətini,
ədəbiyyatını, incəsənətini, milli adətlərini
dost ölkənin xalqına tanıtmaq üçün
müxtəlif mərasimlər keçirir, milli və dövlət
bayramlarımızı yüksək səviyyədə qeyd
edirik.
Ən
ağrılı problemimiz olan Dağlıq Qarabağ
münaqişəsinin həlli hər birimizi
düşündürür. Ermənilərin əsrlər
boyu xalqımıza qarşı törətdiyi etnik təmizləmə,
soyqırımı və işğalçılıq siyasəti
barədə həqiqətləri Riqa ictimaiyyətinə və
şəhərdə fəaliyyət göstərən beynəlxalq
qurumlara çatdırırıq.
Möhtərəm
Prezidentimizin qurultayda söylədiyi fikirlər, verdiyi
tövsiyələr bizi sıx birləşməyə, fəaliyyətimizi
daha da genişləndirməyə ruhlandırır.
Xalqımız
dünya miqyasında sayca ən böyük xalqlardan biridir.
Bizim hamımızın bir Vətəni var. Azərbaycançılıq
və vahid Vətənə mənsubluq ideyası milli təfəkkürümüzün
fenomeninə, varlığımızın qayəsinə
çevrilməlidir. Müstəqilliyimizi və dövlətçilyimizi
qoruyub möhkəmləndirmək, Azərbaycanı qüdrətli
bir dövlətə çevirmək hər birimzin vətəndaşlıq
borcudur.
Əlisəfa HƏSƏNOV
Respublika.- 2013.- 10 mart.- S. 4.