Alim
ömrünün şəfəqləri
Hər bir xalq
özünün görkəmli, istedadlı şəxsiyyətləri,
elm və mədəniyyət adamları, siyasi xadimləri ilə
qürur duyur, onların xatirəsini daim əziz saxlayır. Bu
baxımdan, Azərbaycan xalqı xoşbəxt sayıla bilər,
çünki ölkəmiz bir çox sahələrdə
istedadlı şəxsiyyətlər yetirib. Belə şəxsiyyətlərdən,
mübariz ziyalılardan biri də texnika elmləri üzrə
fəlsəfə doktoru, 45 ildən artıq pedaqoji fəaliyyəti
olan, yüzlərlə mütəxəssis–mühəndis
yetişdirən, 70 yaşını haqlayan qocaman pedaqoq–alim,
Azərbaycan Texniki Universitetinin (keçmiş Azərbaycan
Politexnik İnstitutu) dosenti Nərimanov Veysəl Əliağa
oğludur.
Veysəl Nərimanovun zəngin həyat yolu, elmi–pedaqoji fəaliyyəti hər bir azərbaycanlıda, xüsusən də onun çalışdığı kollektivdə, yetirdiyi mühəndislər sferasında, dərs dediyi tələbə mühitində fərəh hissi doğura bilər…
Qədim Şərq fəlsəfəsində belə deyilir: “Özünü dərk et! Onda Allahı və bütün kainatı dərk etmiş olarsan!”. Məlumdur ki, insanın özünüdərki, subyektin bəşəriyyət və cəmiyyət adlı obyekt qarşısındakı məsuliyyətinin, vəzifə borcunun dərki ən vacib həyat şərtlərindən biridir. Veysəl müəllimi uzun müddət tanıdığımdan, əminliklə bildirirəm ki, o bir ziyalı kimi özünü dərk edənlərdəndir! Onun şəxsiyyətində humanistlik, sədaqət, pak mənəviyyat, fədakarlıq, təvazökarlıq, xeyirxahlıq və s. bu kimi ziyalıya məxsus ali mənəvi keyfiyyətlər, pedaqoqa layiq əxlaqi normalar vəhdət şəklində öz əksini tapıb.
Veysəl müəllim Texniki Universitetdə mexanika fakültəsində tərbiyə işləri üzrə dekan müavini (1977–1982), xüsusi fakültənin dekanı (1987–1990), robototexnika fakültəsinin dekanı (1990–1993) və xarici vətəndaşlarla təhsil fakültəsinin dekanı (1993–2000) vəzifələrində çalışmış, müəllim–pedaqoq nüfuzu ilə tələbə mühitinə təsir imkanlarından müstəqilliyimizin və dövlətçiliyimizin xeyrinə dürüstlüklə istifadə edə bilmişdir.
Veysəl müəllim ağır Böyük Vətən müharibəsi illərinin uşağıdır. 15 fevral 1943–cü ildə indiki Qobustan rayonunda zəhmətkeş bir ailədə dünyaya göz açmışdır.
1950–1960–cı illər arasında Ələt qəsəbə orta məktəbini əla qiymətlərlə bitirmiş və elə həmin ildə də təhsil sistemimizdə həmişə sayılan–seçilən Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mexanika fakültəsinə daxil olmuş və 1965–ci ildə “Maşınqayırma texnologiyası metalkəsən dəzgah və alətlər” ixtisası üzrə ali mühəndislik diplomu alaraq təyinatla Bakıdakı Avtomobil ehtiyat hissələri (indiki Bakı xüsusi avtomobillər zavodu) zavoduna göndərilmişdir. İstehsalat onun şəxsiyyətini möhkəmləndirmiş və mətinləşdirmişdir. Zavodun sexlərində adi dispetçerlikdən başlayaraq zəhməti və əxlaqı ilə kollektivin, rəhbərliyin hörmətini qazana–qazana böyük mühəndis, texnoloq, sex sahə rəisinin texniki hissə üzrə müavini və ən sonda isə istehsalat üzrə sex rəisinin müavini vəzifələrində uğurla çalışmış, zəngin istehsalat təcrübəsi toplamışdır.
Həmin dövrün yadigarı kimi qarşımda saralmış, 6 avqust 1968–ci il tarixli bir qəzet var. Hamının hörmət etdiyi, jurnalistlərin ustadı Nəsir İmanquliyevin baş redaktoru olduğu “Bakı” axşam qəzetidir. Qəzetin birinci səhifəsinin lap başında, hətta qəzetin “Bakı” yazılmış başlığının üstündə qarayanız, şəvə təkin qara, sıx saçlı, qıyma bığlı, əsl azərbaycanlı–türk igidlərinə məxsus sifət cizgiləri olan bir gəncin “Yeni əmək qələbələri uğrunda!” manşet yazısının altında iri portreti verilmişdir. Şəklin belə bir tərzdə və yerdə verilməsinin nə demək olduğunu peşəkar qəzetçilər daha yaxşı bilər…
Bu portret aşağıdakı sözlərlə şərh edilmişdir: “Veysəl Nərimanov Bakı avtomobil ehtiyat hissələri zavodunun qabaqcıllarından biridir. O, 2 nömrəli amortizator sexində sahə ustası vəzifəsində çalışır. Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra bu müəssisədə işləməyə başlamış V.Nərimanov öhdəsinə düşən tapşırıqları həmişə ləyaqətlə yerinə yetirir. Buna görə də, hamı gənc ustaya dərin rəğbət bəsləyir. Foto F.Rzazadənindir. Bu fotonu 70 yaşı tamam olmuş Veysəl müəllimlə birgə müşahidə edirik. Hiss edirəm ki, o, bu şəklə kövrək hisslərlə baxa–baxa cavanlıq illərinə qayıtdı… Eh, xatırlamalı o qədər şeylər var ki… Çöhrəsinə özünəməxsus gülümsər bir ifadə gəlir. Zarafat tərzində deyir: “Bu şəkil məni işə saldı. Məsuliyyətimi daha da artırdı”.
Bu şəklə verilən şərhdə isə mənim diqqətimi iki xarakterik söz cəlb elədi: “ləyaqət!” və “rəğbət!” sözləri… Hər iki söz Veysəl müəllimin şəxsiyyətinə, əməlinə çox yaraşır!
Zavodda böyük perspektivi ola–ola elm sahəsinə, doğma instituta məhəbbəti ona güc gəlir, zavodun rəhbərliyindən gizli şəkildə Politexnik İnstitutunda işə cəlb edilmə üçün elan edilmiş müsabiqəyə sənəd göndərir və müsabiqədən keçərək 1969–cu ilin sentyabr ayından Azərbaycan Politexnik İnstitutunun Maşınqayırma Texnologiyası kafedrasında assistent kimi pedaqoji fəaliyyətə başlayır.
Bu dövr onun həm bir vətəndaş–ziyalı, həm də alim–pedaqoq kimi formalaşmasında əhəmiyyətli bir dövr olmaqla bərabər, eyni zamanda, xeyli çətinliklər və həyəcanla dolu dövr olmuşdur. 1972–ci ildə aspiranturaya daxil olmuş, 1975–ci ildə aspirantura təhsilini başa çatdırmış, müsbət rəylərlə dissertasiya mövzusunu bitirsə də, ixtisası üzrə müdafiə şurasının Azərbaycanda olmaması ucbatından 1979–cu ilə qədər müdafiəsi ləngimişdir. Lakin o, pessimizmə qapılmamış, pedaqoji fəaliyyətini davam etdirmiş, həmçinin 1977–ci ildə Moskvada Standartlaşdırma və Məhsulun Keyfiyyəti üzrə Ümumittifaq İxtisaslaşdırma İnstitutunu bitirmişdir ki, bu da o dövr üçün respublikamızda yeganə ixtisaslardan hesab edilirdi…
Axır ki uzun yazışmalar və axtarışlardan sonra Veysəl Nərimanov 1979–cu ildə Tula Politexnik İnstitutunun Müdafiə Şurasında “Neft qazma borularında yivli ucluğun forma xətasının aradan qaldırılmasının tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və SSRİ AAK tərəfindən ona texnika elmləri namizədi alimlik dərəcəsi verilmişdir. Dissertasiyanın elmi rəhbəri bu sahə üzrə həm Azərbaycanda, həm də o vaxtkı İttifaqda yaxşı tanınmış alim, texnika elmləri namizədi, dosent Yaroşevski Fyodr Markoviç, rəsmi opponentləri isə Volqoqrad Politexnik İnstitutunun professoru, texnika elmləri doktoru S.N.Medveditskiy və Tula Politexnik İnstitutunun professoru, texnika elmləri doktoru A.S.Yamnikov olmuşdur. V.Ə.Nərimanovun bu dissertasiya işi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmiş, Tula Politexnik İnstitutunun kafedra müdiri, texnika elmləri doktoru, professor İ.A.Koqanov Veysəl müəllimin tədqiqatını SSRİ neft maşınqayırma sənayesi işində, xüsusən də neft avadanlıqlarının istehsalına tətbiqini və səmərəsini xüsusi qeyd etmişdir.
Veysəl müəllimin müxtəlif beynəlxalq konfransların materiallarında məqalələri çap edilmişdir. Görkəmli alimin Azərbaycanın populyar jurnallarında və qəzetlərində də elmi əsərləri çap olunmuşdur… Ümumiyyətlə götürdükdə, bu tanınmış və məhsuldar alimin 120–dək elmi məqaləsi, ixtirası, metodiki işləri, ali texniki məktəblərdə təhsil alan bakalavr və magistrlər üçün metodiki göstərişləri, Təhsil Nazirliyinin qrifi və univerisitetin elmi şurasının qərarı ilə nəşrinə tövsiyə olunmuş 4 dərs vəsaiti, və 4 dərsliyi nəşr olunmuş, elmi ictimaiyyət və tələbələr tərəfindən xüsusi maraqla qarşılanmış və qiymətləndirilmişdir.
Görkəmli alimin “Cihazqayırma texnologiyasının əsasları” (2006), “Cihaz elementlərinin hazırlanması texnologiyası” (2008), “Cihazqayırma texnologiyası” (2011), “Tibbi alətləri” (2012) dərslikləri olduqca əhəmiyyətlidir və bu sahədə Azərbaycan dilində hazırlanmış ilk dərsliklərdir.
Təhsil Nazirliyinin qrifi və tövsiyəsi ilə nəşr edilən bu dərsliklərə müasir Azərbaycan elminin tanınmış alimlərindən əməkdar elm xadimi, texniki elmlər doktoru, professor H.Ə.Hüseynov, əməkdar elm xadimi, texnika elmləri doktoru, professor İ.M.Abdullayev, texnika elmləri doktoru V.Z.Mövlazadə, texnika elmləri doktoru E.Q.Məmmədov rəy veriblər, haqqında yüksək fikirlər söyləyiblər…
Veysəl müəllim 1982–ci ildən bu günə qədər Texniki Universitetdə dosent vəzifəsində çalışır. Erudik biliyə malikdir. Belə demək mümkünsə, poliqlotdur —rus, ingilis, fransız dillərini sərbəst bilir, bir sıra xarici dillərdə ünsiyyət qurmağı bacarır. Onun həyat və fəaliyyətinin, təhsilə və elmə sərf etdiyi ömrünün iki maraqlı, şəfəqli məqamı elə bu dillərə vaqif olması ilə əlaqədardır.
Birinci məqam, onun qabaqcıl, fəal bir mütəxəssis kimi xarici ölkələrdə istifadə olunması ilə bağlıdır. Bu da, o vaxtlar, Sovetlər birliyi dövründə hər adama qismət olmurdu…
Bunun üçün əlavə olaraq o, 1983–cü ildə Kiyev Dövlət Universitetində 10 aylıq fransız dili kursunu bitirir və fransızcasını daha da mükəmməlləşdirir; burada İttifaqın müxtəlif yerlərindən gəlmiş istedadlı mütəxəssislərlə, maraqlı adamlarla tanış olur. Bu əlaqələr uzun müddət davam edir və indinin özündə də unudulmur…
Veysəl müəllim 1984–cü ildə Afrikanın Mali Respublikasına göndərilir. Orada respublikanın paytaxtında, Bamako şəhərində yerləşən Milli Mühəndislər İnstitutunda maşınqayırma üzrə fransız dilində tələbələrə 1987–ci ilə qədər dərs demişdir, maraqlı mühazirələr oxumuşdur. Burada da o yaradıcılıq işini davam etdirmiş, fransız dilində öz ixtisası üzrə dərs vəsaiti və metodiki göstəriş hazırlamışdır ki, bu da maşınqayırma üzrə malililər üçün ilk dərslik idi… Məharətli bir pedaqoq–alim kimi onun dərin elmi mühazirələri xüsusi maraq doğurmuş, qüsursuz işinə, aktiv fəaliyyətinə görə Mali Respublikası Milli Mühəndislər İnstitutunun rektoratı və Malidəki SSRİ səfirlyi tərəfindən onun bu əməyi Fəxri Fərmanlarla və digər mükafatlarla dəyərləndirilmişdir…
Veysəl müəllimin ömrünün ikinci işıqlı, şəfəq dolu məqamı 1993–2000–ci illərə, milli müstəqilliyimizin, müstəqil Azərbaycan Respublikasının çağına düşür.
Belə bir məqamda rektorat çox mühüm və çətin bir sahəni dosent Veysəl Nərimanova tapşırmalı olur, onu xarici vətəndaşlarla təhsil fakültəsinin dekanı vəzifəsinə təyin edirlər. Düz yeddi il bu sahədə fəaliyyət göstərir, demək olar ki, fakültəni yenidən qurur, yenidən yaradır, inkişaf etdirir… Burada dünyanın bir çox ölkələrindən —Türkiyədən, İrandan, Pakistandan, Əfqanıstandan, Banqladeşdən, Suriyadan, İraqdan, Afrikanın bir sıra ölkələrindən gəlmiş tələbələrlə ünsiyyətdə olmaq, onların tədris işlərinə rəhbərlik etmək, qayğılarına qalmaq, məişət işlərinə yarımaq, Azərbaycanı onlara tanıtmaq, milləti onlara sevdirmək asan məsələ deyildi…
Qədim yunan filosoflarının birindən soruşurlar: “Sənin dostun varmı?—Yox!—deyir, mənim dostlarım var!”
Veysəl
müəllim 45 ildir ki, Texniki Universitetdə müəllim–pedaqoqdur.
Yüzlərlə tələbələrə dərs deyib, əxlaqı,
mənəviyyatı, yüksək peşəkarlığı
ilə onların ürəklərinə yol tapıb. Bu tələbələr
yüksək ixtisas sahibi, peşəkar mühəndis kimi
bütün Azərbaycana, dünyamızın digər ölkələrinə
səpələniblər… İşləyirlər, xeyir verirlər
və onların hər birinin qəlbində ağıllı,
mehriban, qayğıkeş bir dost, müəllimin isti yeri var!
Şüurlu
həyatını, alim–pedaqoq ömrünün şəfəqlərini
Azərbaycan xalqının maariflənməsinə, elminin
inkişafına, mənəviyyatının qorunmasına həsr
etmiş bu cəfakeş alimin, pedaqoqun —Veysəl Nərimanovun
70 illik ömür yolu bu gün və gələcək nəsillər
üçün əsl həyat məktəbidir. Belə
görkəmli şəxsiyyətləri, alim–pedaqoqları
yaşatmaqla, əslində, biz özümüz
saflaşırıq, zənginləşirik, indiki və gələcək
nəsillərin tərbiyəsində böyük işlər
görmüş oluruq… Ömrünün şəfəqləri
həmişə bol olsun, Veysəl müəllim!!..
Qurban Bayramov,
professor.
Respublika.- 2013.- 10 mart.- S. 7.