ERMƏNİLƏRİN
AZƏRBAYCAN XALQINA QARŞI ƏRAZİ İDDİALARI,
SOYQIRIMLARI VƏ DEPORTASİYALAR
Dünyanın
fövqəlgüc dövlətlərinin himayəsi
altında olan “Şərq məsələsi”
və onun əsas tərkib hissəsi kimi “erməni məsələsi”nin
yaranmasından iki əsrdən artıq zaman keçsə də, siyasi–hərbi təzyiq
vasitəsi olaraq beynəlxalq münasibətlər sistemində öz
təsir gücünü saxlamaqda,
həm Türkiyə, həm də Azərbaycana yeni–yeni problemlər
doğurmaqdadır.
Hazırda
neoimperialist mövzuda
yazılan qərəzli yazılar və söylənilən riyakar fikirlər tarixi həqiqətlərə,
arxiv sənədlərinə deyil, müəyyən dairələrin
maraqlarına və zərərli ideologiyaların təbliğatına
əsaslanmışdır. Buna görə də “Şərq məsələsi”nin,
o cümlədən də “erməni məsələsi”nin
əsl mahiyyətini tarixi həqiqətlərə,
arxiv sənədlərinə əsasən
şərh etmək və beynəlxalq ictimaiyyətə
çatdırmaq Azərbaycan
tarixşünaslığının əsas vəzifələrindəndir.
Tarix elmləri doktoru
Ataxan Paşayevin “Ermənilərin
Azərbaycan xalqına qarşı ərazi iddiaları,
soyqırımları və deportasiyalar
(XIX–XX əsrlər)” adlı tədqiqatı bu
baxımdan çox əhəmiyyətlidir.
Kitab 20
ildən artıqdır ki, beynəlxalq
münasibətlər sisteminin gündəliyində
olan, lakin ikili standartlar və qərəzli
yanaşmalarla “tənzimləndirilməyə”
çalışılan Qarabağ probleminin, 20 Yanvar faciəsinin,
Xocalı soyqırımının, Azərbaycan ərazisinin
20 faizinin işğalının, bir milyondan artıq qaçqın–köçkün probleminin
əsl səbəblərini, bu hadisələr
zamanı törədilən vəhşilikləri, cinayətləri
ortaya qoymaqla
yanaşı, son Qarabağ
hadisələrinə qədər də Azərbaycana və azərbaycanlılara
qarşı törədilmiş soyqırım və
deportasiyaların real mənzərəsini
göstərmişdir.
Bu kitab “erməni məsələsi”lə
bağlı Azərbaycan həqiqətlərini yaymaq, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini
təhrif edənlərə elmi ədəbiyyat
və arxiv sənədlərindən
istifadə etməklə tutarlı cavab
vermək baxımından təqdirəlayiqdir.
Mövzunun aktuallığını nəzərə
alaraq əsəri oxuculara
təqdim edirik.
Allahşükür QURBANOV,
“Respublika”.
(əvvəli
12, 13, 15, 16, 17, 19, 20, 21, 22, 23, 24, 26, 27 fevral,
1, 2 3, 5, 7 və 8 mart tarixli
saylarımızda)
Dekabrın
7–də Ermənistan SSR–də Spitak və Leninakanda baş verən
dağıdıcı zəlzələyə ilk reaksiya verən
və kömək əlini uzadan Azərbaycan oldu. Hətta belə
bir vaxtda da ermənilər Dağlıq Qarabağın Ermənistana
birləşdirilməsi və orada qalan azərbaycanlıların
qovulması işini yaddan çıxarmırlar. Təbii fəlakət
nəticəsində Ermənistana gələn M.Qorbaçov
müsahibələrindən birində Dağlıq Qarabağ
barəsində ona verilmiş suala belə cavab vermişdi: “Zənnimcə,
özü–özlüyündə Qarabağ problemi var… Azərbaycanın
keçmiş rəhbərliyi hansı mərhələdəsə
bu əhaliyə düzgün yanaşmamış, sadəcə
olaraq bəzən insan kimi yanaşmamışlar”.
Azərbaycan rəhbərliyi qızğın surətdə SSRİ Xalq Deputatları seçkilərinə hazırlaşdığı bir vaxtda SSRİ Ali Sovetinin Rəyasət Heyəti 1989–cu il yanvarın 12–də M.Qorbaçovun sədrliyi ilə keçirilmiş iclasında Dağlıq Qarabağda və onun ətrafında yaranmış vəziyyətlə bağlı məsələ müzakirə edir. Həmin iclasda Ə.Vəzirov və S.Artyunyan çıxış edirlər və qəbul olunmuş qərarda Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində muxtar vilayət hüququnu saxlamaqla DQMV–də müvəqqəti olaraq Xüsusi İdarə formasının tətbiq olunmasını məqsədə uyğun sayır. Əslində isə sonrakı hadisələr göstərdi ki, bu, DQMV–ni Azərbaycandan ayırmaq demək idi.
Sov. İKP MK–nın şöbə müdiri A.Volski öz vəzifəsində saxlanılmaqla DQMV Xüsusi İdarəetmə Komitəsinin sədri təyin olunur. Azərbaycanda fəaliyyət göstərən bu komitənin tərkibində 5 nəfər rus, 2 nəfər erməni və yalnız 1 nəfər azərbaycanlı var idi.
Ermənilər isə Dağlıq Qarabağda yaranmış xüsusi idarə rəhbərlərindən, xüsusilə A.Volskidən məharətlə istifadə edərək yeni həmlələrə hazırlaşırdılar. Yanvar ayının 28–də A.Volski İrəvana gedərək Ermənistan rəhbərləri ilə Dağlıq Qarabağa dair məsləhətləşmələr aparır.
Həmin ilin fevralında Xüsusi Qarabağ Komitəsinin üzvü V.Mişin Ermənistanda rus dilində nəşr olunan “Kommunist” qəzetinin müxbiri K.Zaxaryanla müsahibəsində bildirir “ola bilsin ki, ən demokratik yolla yaranmayan komitə öz fəaliyyətində ən demokratik iş metodlarından istifadə edəcək”.
Elə növbəti cümləsində o, özünə məxsus “demokratikliyin” mənasını açıqlayır: “Məhəlli təsərrüfat hesabı bizim üçün nə şıltaqlıq, nə moda olmayıb, ən vacib zərurətdir. Artıq indi müstəqil birliklərin yaradılması üçün ilk addımlar atılır. Məsələn, Stepanakert mebel fabrikinin çox yaxşı iqtisadi göstəriciləri olan “Yuq Mebel” (“Cənub Mebel”) birliyinin tərkibinə verilməsi barədə qərar qəbul edilib. Analoji iş başqa nazirliklərlə də aparılır, çox sistemli müəssisələrin taleyi həll edilir”.
V.Mişin elə həmin il martın 23–də isə “Sovetski Karabax” qəzetinin müxbirinə verdiyi digər bir müsahibəsində bildirir ki, mən Qarabağ hərəkatının məqsədlərinə hörmətlə yanaşıram, bildirmək istəyirəm ki, burada, DQMV–də adamlar bütün SSRİ–də olduğu kimi sosializmin mahiyyətindən irəli gələn təhriflərdən əziyyət çəkirdi. Onu da deyim ki, bu təhriflərin dərəcəsi DQMV–də milli hüquqların pozulması ilə daha da dərinləşdirilirdi. Hazırda Qarabağ Təşkilat Komitəsinin (QTK) başlıca vəzifələrindən biri – vilayətin təsərrüfat hesabını artıq bu il SSRİ Dövlət Plan Komitəsi QTK–nin təqdimatı ilə DQMV–ni xalq təsərrüfatı planında müstəqil iqtisadi vahid kimi ayırıb… Ermənistanla sıx əlaqələr yaratmaq bizim üçün prinsipial məsələdir.
Lakin A.Volskinin başçılığı ilə komitənin həyata keçirdiyi bütün tədbirlər heç bir nəticə vermir. Çünki ermənilərin tələbi sosial–iqtisadi problemlər deyil, Dağlıq Qarabağı Azərbaycandan ayırmaq tələbinin yerinə yetirilməsi idi. “Sovetski Karabax” qəzeti 1989–cu il mayın 7–də bildirirdi ki, artıq dörd gündür sənaye müəssisələrində iş dayandırılıb, məktəblərdə dərslər aparılmır. Bütün danışıqların əsas mövzusu isə Qarabağ problemidir. Tətillərin dayandırılması üçün başlıca şərt olaraq DQMV–nin Azərbaycan SSR–dən ayrılması tələbidir.
A.Volskinin təşkilat komitəsi tərəfindən DQMV–dəki idarə və müəssisələrin getdikcə Azərbaycanın yurisdiksiyasından çıxarılması, Dağlıq Qarabağ ərazisindəki azərbaycanlıların yaşadığı məntəqələrin isə getdikcə ermənilər tərəfindən blokadaya alınması və son nəticədə yandırılıb dağıdılması, əhalinin isə qırılıb, qovulması ilə nəticələnirdi.
1989–cu il mayın 25–də SSRİ Xalq Deputatlarının birinci qurultayı öz işinə başlayır. Həmin qurultaya Ermənistan SSR tərəfindən həm də DQMV–dən seçilmiş deputatlar qatılır. Qurultayın ilk dəqiqələrindən onlar DQMV ilə bağlı məsələdə təşəbbüsü öz əllərinə aldılar. Qurultaydan sonra isə Dağlıq Qarabağ uğrunda açıq mübarizəyə keçdilər. Ə.Vəzirovun köhnə prinsiplərlə seçdiyi azərbaycanlı deputatların, demək olar ki, əksəriyyəti bu işlərdə naşı olduqlarından lazımi hərəkət edə bilmir, sədrlik edən M.Qorbaçov da onlara imkan vermirdi. Onların “ən böyük uğuru” güc–bəla ilə bir qrup deputatın “ehtirasların qızışdırılmasına rəvac verməmək” çağırışı oldu.
Həmin il iyunun 8–9–da DQMV–dəki “Qarabağ hərəkatı” ilə Ermənistandakı “Qarabağ” təşkilatının Xankəndidə birgə iclası keçirilir və burada Azərbaycan və azərbaycanlılara qarşı təxribatları gücləndirmək qərara alınır.
İyul ayından başlayaraq ermənilər artıq açıq terror fəaliyyətinə keçir. İyulun 7–də Xankəndi yaxınlığındakı azərbaycanlılar yaşayan Kərkicahan kəndini yandırırlar. İyulun 8–də isə “Miatsum” (birləşmə) hərəkatının təsis konfransı həmin təşkilatı rəsmən yaradaraq Robert Koçaryanı onun sədri seçir. Artıq iyul ayının sonlarında ermənilərin Azərbaycandan Naxçıvana gedən qatarlara hücumları son həddə çatır. Qatarların Naxçıvana hərəkəti tamamilə dayandırılır.
1989–cu il avqustun 16–da Xankəndidə ermənilər tərəfindən “DQMV əhalisinin səlahiyyətli nümayəndələrinin qurultayı” keçirilir. Qurultay 79 nəfərdən ibarət İdarəedici Milli Şura və 12 nəfərlik rəyasət heyəti seçir. SSRİ Xalq Deputatı V.Qriqoryan heyətin sədri seçilir. “Qurultay” Dağlıq Qarabağı “müstəqil ittifaq ərazisi” elan edir.
Avqustun 20–də bu qərar Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti tərəfindən ləğv olunsa da onun heç bir əhəmiyyəti olmur. Avqustun 20–də ermənilər “Milli müdafiə dəstələri” yaradaraq 17 yaşından 50 yaşınadək bütün erməniləri bu dəstələrə cəlb edirlər. Artıq M.Qorbaçov və Moskvadakı ermənilər tərəfindən qarşıya qoyulmuş vəzifəni yerinə yetirmiş, yəni faktiki olaraq DQMV–ni Azərbaycandan ayırmış A.Volskinin xüsusi idarə komitəsi sentyabrın 15–də Azərbaycan SSR Ali Soveti tərəfindən ləğv olunur.
Bu dövrdən başlayaraq ermənilər Azərbaycana qarşı geniş terror əməliyyatlarına başlayırlar. Onlar avtobuslarda, qatarlarda, gəmilərdə terror əməliyyatları törətməklə, avtomaşınlara hücum etmək, körpüləri partlatmaq və s. yollarla çoxlu insan itkisi ilə yanaşı, ölkəyə böyük miqyasda maddi ziyan vururdular.
1989–ci il dekabrın 1–də Ermənistan SSR Ali Soveti DQMV–nin Ermənistana birləşdirilməsinə dair yeni qərar qəbul edir. Dekabrın 6–da Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti ermənilərin bu hərəkətini “Suveren Azərbaycan SSR–in daxili işlərinə yolverilməz müdaxilə, onun ərazi bütövlüyünə qəsd, regionda vəziyyətin sabitləşməsinə, normal münasibətlərin bərpasına kömək etməyən tədbir” hesab edərək onu ləğv edir.
Elə həmin gün Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti “DQMV üzrə Respublika Təşkilat Komitəsi yaratmaq haqqında” fərman verir. Azərbaycan KP MK–nın ikinci katibi V.P.Polyaniçkonun sədrlik etdiyi həmin komitəyə M.Əsədov, S.Vəliməmmədov, V.Cəfərov, Ş.Kərimov, Z.Orucov, M.Radayev daxil edilir.
Artıq dekabrın axırları və yanvarın əvvəllərində Dağlıq Qarabağdakı hadisələrlə əlaqədar Bakıda, Gəncədə və respublikanın bir sıra digər rayon mərkəzlərində vəziyyət daha da gərginləşir. Yaranmış mürəkkəb şəraitdən istifadə edən M.Qorbaçov ittifaq miqyasında yaranmış çoxsaylı milli ziddiyyətləri dayandırmaqda başqalarına də dərs olsun deyə 1990–cı il yanvarın 19–dan 20–ə keçən gecə Sovet ordusu tərəfindən Bakıda geniş miqyaslı qırğın törədilməsinə rəvac verir. Bakıda telestudiyanın enerji blokunun partladılması nəticəsində bütün dünyadan təcrid olunmuş Azərbaycanın haqq səsi heç yerə çatmır. Mərkəzi Televiziya və radio isə Bakı və Azərbaycanın ünvanına olmazın hədyanlarını yağdırırdı. Belə bir şəraitdə 1990–cı il yanvarın 21–də Heydər Əliyev öz ailəsi ilə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Bakıda törədilmiş ədalətsiz qırğına qarşı özünün qəti etirazını bildirir.
1990–cı il 5–7 fevralda keçirilmiş Sov.İKP–nin plenumunda “Partiyanın XXVIII qurultayı üçün Sov. İKP MK–nın platforma layihəsi” müzakirə olunur. Həmin plenumda həm Azərbaycan KP MK–nın birinci katibi A.Mütəllibov, həm də Ermənistan KP MK–nın birinci katibi S.Artyunyan öz çıxışlarında Dağlıq Qarabağ məsələsinə toxunurlar. A.Mütəllibov öz çıxışında bildirir ki, yenidənqurmanın ilk vaxtlarından yaranmış Dağlıq Qarabağ hadisələri iki xalqın faciəsinə çevrilmiş, onun qarşısını ordu da ala bilmir.
S.Artunyan isə əsl erməni hiyləgərliyi ilə deyir: “Yenidənqurma ilə əlaqədar olaraq DQMV–nin erməni əhalisinin öz iradəsini bildirməsi Ermənistan SSR–in qonşu respublikanın ərazisinə qəsd kimi qarşılanmışdır. Amma DQMV məsələsi ərazi mübahisəsi deyildir. Bu məsələni Ermənistan yox, Dağlıq Qarabağ əhalisinin özü qaldırmışdır və onun mahiyyəti xalqın öz müqəddəratını müstəqil təyin etməsindən ibarətdir”.
Bu dövrdə artıq Sovetlər İttifaqı sürətlə dağılmaqda idi. Belə bir şəraitdə 1991–ci il oktyabrın 18–də Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul olunmuş “Azərbaycan Respublikasının istiqlaliyyəti haqqında” Konstitusiya aktına görə Azərbaycan SSRİ–nin tərkibindən çıxaraq öz müstəqilliyini elan etdi.
1991–ci il noyabrın 26–da Azərbaycan parlamenti “Azərbaycan və erməni xalqları arasında milli ədavət yaratmaq və dərinləşdirmək faktoru kimi” Dağlıq Qarabağın vilayət strukturunu ləğv edir. Noyabrın 27–də isə SSRİ Dövlət Şurası DQMV–nin statusunun SSRİ Konstitusiyasında təsbit edildiyi üçün DQMV–nin ləğvi barədə qərarı dəyişməyi Azərbaycan rəhbərliyindən tələb edir.
Həmin il dekabrın 8–də Dağlıq Qarabağ erməniləri öz müstəqilliklərinə dair referendum keçirərək ermənilərin 99% səs çoxluğunu əldə edir. Lakin Azərbaycan əhalisi buna kəskin etirazını bildirərək onun nəticələrini qəbul etmir.
1991–ci il dekabrın 8–də Brest şəhəri yaxınlığında slavyan respublikaları Rusiya, Ukrayna və Belarus prezidentləri “Belovejsk sazişi”ni imzalayırlar. Bu üçlər sazişi əsasında Müstəqil Dövlətlər Birliyi yaradılır. 1991–ci il dekabrın 21–də keçmiş SSRİ–yə daxil olan və öz müstəqilliklərini elan etmiş 11 respublika – Azərbaycan, Belorusiya, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Özbəkistan, Rusiya Federasiyası, Tacikistan, Türkmənistan və Ukrayna rəhbərləri Alma–Ata şəhərinə yığılaraq “Müstəqil Dövlətlər Birliyinin yaradılması ilə Sovet Sosialist Respublikaları İttifaqının varlığına xitam verildiyi” barədə Alma–Ata Bəyannaməsini imzalayırlar.
1988–1991–ci illər ərzində ermənilər tərəfindən Dağlıq Qarabağda 2.559 toqquşma, 315 silahlı basqın, 1.388 atəşətutma halları qeydə alınmışdır ki, bunlarında nəticəsində 514 nəfər həlak olmuş, 1.318 nəfər yaralanmış, 119 obyekt və 1.134 azərbaycanlı evi ermənilər tərəfindən dağıdılmışdır.
b) SSRİ dağıldıqdan sonra Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü.
Sovet İttifaqı dağıldıqdan sonra
Rusiya Federasiyasının Prezidenti
B.Yeltsin və onun ətrafındakı
ermənipərəst məmurların fəal köməyi ilə
Ermənistan və Dağlıq Qarabağ
erməniləri xalqımıza qarşı təcavüzü
daha da genişləndirirlər.
Artıq ermənilər təkcə terror əməliyyatları ilə kifayətlənməyərək
Azərbaycana qarşı açıq hərbi əməliyyatlara
başlayırlar. 1991–ci il
dekabrın 27–də erməni silahlı birləşmələri
ağır texnika tətbiq etməklə
22 nəfər könüllünün
müdafiə etdiyi Kərkicahan kəndinə
hücum edirlər. Rus
zabiti Yuri Qurçenko öz gündəliyində
yazırdı: “Hərbi hissələrimiz döyüş
sursatlarını ermənilərə qoyub
gedirdilər. Onlara müharibəni davam etdirmək lazım idi.
Biz isə yalançı döyüş
aktı tərtib edərək ağır hərbi texnikanı
hər iki tərəfə
satırdıq. Bunu nəinki 4–cü ordunun komandirləri,
hətta Zaqafqaziya hərbi dairəsinin
komandanlığı da bilirdi”.
(davamı
növbəti saylarımızda)
Respublika.- 2013.- 10 mart.- S. 6.