Sahibkarlığın
inkişafında maarifləndirmənin rolu
Azərbaycanda
sahibkarlığın inkişafı iqtisadi
siyasətin prioritet istiqamətlərindəndir.
Bu gün bu istiqamətdə
ardıcıl olaraq dövlət–sahibkar
münasibətlərinin inkişaf etdirilməsi,
biznes mühitinə dair
qanunvericiliyin və inzibati
prosedurların təkmilləşdirilməsi,
sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin
genişləndirilməsi, maarifləndirmə, sahibkarların işgüzar əlaqələrinin inkişafı
və müxtəlif növ xidmətlərin
göstərilməsi kimi kompleks
tədbirlər həyata keçirilir.
Ümummilli
liderimiz Heydər Əliyev tərəfindən əsası
qoyulmuş sosial–iqtisadi inkişaf strategiyasının Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
inamla və böyük uğurla davam etdirilməsi nəticəsində
ölkəmiz hərtərəfli inkişaf etmişdir.
İqtisadiyyatın neft sektoru ilə bərabər qeyri–neft sahələrinin
də davamlı inkişafına, iqtisadiyyatın şaxələndirilməsinin
təmin olunmasına, daha əlverişli biznes və investisiya
mühitinin formalaşdırılmasına nail olunmuşdur. Həyata
keçirilən sistemli tədbirlər, özəl sektora hərtərəfli
dövlət dəstəyi nəticəsində ölkəmizdə
sahibkarlıq fəaliyyəti genişlənmişdir.
Sevindirici
haldır ki, qeyri–neft sektorunun inkişafında və bu sahədə
istehsal olunan məhsulların həm kəmiyyət, həm də
keyfiyyət etibarilə yüksəlişində özəl
bölmənin rolu ildən–ilə artır. Bu gün ÜDM həcmində
özəl sektorun payı 80 faizdən çoxdur.
Qeyri–neft
sektorunun inkişaf etdirilməsində sahibkarlığın
rolu böyükdür. Təsadüfi deyil ki, dövlətin
iqtisadi siyasətinin başlıca istiqamətlərindən
biri məhz özəl sektorun hərtərəfli dəstəklənməsi,
onun daha da genişlənməsi üçün əlverişli
mühitin yaradılması, bu sahədə sahibkarların
maarifləndirilməsi, onlara zəruri biliklərin, praktiki
bacarıqların, beynəlxalq təcrübənin
aşılanması, konsaltinq və innovasiya xidmətlərinin
göstərilməsidir.
Sahibkarlığın
məsləhət, informasiya təminatının gücləndirilməsi
və işgüzar əlaqələrinin inkişafı
istiqamətində onların təşəbbüskarlıq və
hüquqi biliklərinin artırılmasına, yeni iqtisadi
şəraitdə müasir təcrübənin mənimsənilməsi
və artırılmasına istiqamətlənmiş kompleks tədbirlərin
reallaşdırılması da sahibkarlıq sektorunun
inkişafının mühüm istiqamətlərindəndir.
Bu baxımdan sahibkarların və sahibkarlıq fəaliyyətinə
yeni başlayan şəxslərin maarifləndirilməsi, o
cümlədən onlara metodiki köməkliklərin göstərilməsi,
məsləhət xidməti, informasiya təminatı, marketinq
xidməti sahəsində biliklərin verilməsində
İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi
işinin səmərəli təşkili xüsusilə əhəmiyyətlidir.
Bildiyiniz
kimi, 2007–ci ildə İqtisadi İnkişaf Nazirliyinin tabeliyində
Bakı Biznes Tədris Mərkəzi (BBTM)
yaradılmış, 6 bölgədə (Gəncə, Qazax,
Yevlax, Göyçay, Lənkəran, Şəki) mərkəzin
nümayəndəlikləri açılmışdır.
Hazırda sahibkarlığın inkişafının
informasiya, təlim və konsaltinq mərkəzləri sisteminin
formalaşdırılması vasitəsilə sahibkarların
bu sahələrdə tələbatlarının dolğun
ödənilməsi, xüsusilə regionlarda işgüzar
aktivliyin artırılmasından ibarətdir. Beynəlxalq
standartlara cavab verən səviyyədə vəzifələrin
yerinə yetirilməsini təşkil etmək,
yaradılmış nümayəndəliklərin fəaliyyətini
gücləndirmək, işgüzar adamların öz biznesinə
başlaması, müəssisələrin səmərəli
idarə olunması istiqamətində zəruri biliklərin
verilməsini təmin etmək məqsədi ilə Bakı
Biznes Tədris Mərkəzi tərəfindən sistemli tədbirlər
həyata keçirilir.
Hər
il olduğu kimi, 2012–ci ildə də Bakı Biznes Tədris Mərkəzi
tərəfindən kompleks tədbirlər uğurla həyata
keçirilmişdir.
Sahibkarların
maarifləndirilməsi istiqamətində Bakı Biznes Tədris
Mərkəzi tərəfindən 2012–ci il ərzində
Bakı şəhərində və regionlarda xarici və
yerli ekspertlərin iştirakı ilə sahibkarlar,
sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlər
üçün müxtəlif mövzularda 90–dan çox
maarifləndirici tədbir, treninq, konfrans, seminar, “Dəyirmi
masa”, təlim keçirilmişdir ki, bunun da 64–ü
regionların üzərinə düşür. Bu tədbirlərdən
5–i İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları
üçün təşkil edilmişdir.
Tədbir
iştirakçılarının təxminən 25 faizini
qadın sahibkarlar və sahibkarlıq fəaliyyətinə
yeni başlayan qadınlar təşkil etmişdir. 2 mindən
çox dinləyicinin iştirak etdiyi treninqlərdə
iştirakçılara korporativ idarəetmə
standartları, biznes–planların tərtib edilməsi, yüksək
keyfiyyətli məhsul istehsalı və satışın təşkil
edilməsi üçün işgüzar əlaqələrin
qurulması, həmçinin elektron ticarət və onun əhəmiyyəti,
elektron ticarətlə bağlı beynəlxalq təcrübə
barədə ətraflı məlumatlar verilmiş, www.b2b.az,
www.icazeler.gov.az elektron ticarət portallarının təqdimatları
keçirilmiş, elektron portallardan istifadə qaydaları,
onların əhəmiyyəti iştirakçıların
diqqətinə çatdırılmışdır.
İştirakçılara Bakı Biznes Tədris Mərkəzi
tərəfindən hazırlanmış metodiki vəsaitlər
paylanmış, onları maraqlandıran suallar
cavablandırılmışdır.
Bundan
başqa, gənclərə biznes ideyanın yaradılması
və biznesin təşkili istiqamətlərində nəzəri
biliklərin, praktiki bacarıqların və beynəlxalq təcrübənin
aşılanması, onların sahibkarlıq fəaliyyətinə
cəlb edilməsi məqsədilə Bakı Biznes Tədris Mərkəzi
tərəfindən müxtəlif regionlarda Beynəlxalq Əmək
Təşkilatının “Öz Biznesinə Başla və Təkmilləşdir”
Proqramı çərçivəsində “Biznes ideyası
yarat və öz biznesinə başla” mövzusunda 20–dən
çox təlim kursları keçirilmişdir. Bu cür təlimlərin
davamı olaraq əhalinin geniş təbəqələrinin,
xüsusən də gənclərin və qadınların
sahibkarlıq fəaliyyətinə cəlb edilməsi məqsədi
ilə bir sıra universitetlərdə də treninqlər təşkil
edilmişdir.
Maarifləndirmə
tədbirləri çərçivəsində cəzaçəkmə
müəssisələrindən azad ediləcək şəxslərin
məşğulluğunun təmin edilməsinə köməklik
göstərilməsi məqsədi ilə Bakı Biznes Tədris
Mərkəzi tərəfindən Ədliyyə Nazirliyinin təşkilatçılığı
ilə bir çox 4 və 11 saylı cəzaçəkmə
müəssisələrində maarifləndirici tədbirlər
keçirilmiş, treninqlərdə 150–dən çox
azadlıqdan məhkum edilmiş şəxslər iştirak
etmişdir. Bununla yanaşı, Bakı Biznes Tədris Mərkəzinin
Gəncə nümayəndəliyinin və Gəncə Şəhər
Məşğulluq İdarəsinin birgə təşkilatçılığı
ilə əlil qadınlar üçün də treninqlər
təşkil edilmişdir. Təlimlərin keçirilməsinin
məqsədi iştirakçılara biznes ideyanın yaradılması
və biznesin təşkili istiqamətlərində nəzəri
biliklərin, praktiki bacarıqların və beynəlxalq təcrübənin
aşılanmasından, onların sahibkarlıq fəaliyyətinə
cəlb edilməsindən ibarət olmuşdur.
Treninqlərdə müxtəlif mövzularda təqdimatlar keçirilmiş, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.b2b.az, www.icazeler.gov.az elektron portalları və onlardan istifadə qaydalar, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumat da iştirakçıların diqqətinə çatdırılmışdır. Treninqlər çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris–metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır. Bu istiqamətdə tədbirlərin 2013–cü ildə davam etdirilməsi planlaşdırılır.
Eyni zamanda, biznes tədrisinin təkmilləşdirilməsi, sahibkarların maarifləndirilməsində innovativ tədris metodlarından istifadənin təmin edilməsi məqsədi ilə Bakı Biznes Tədris Mərkəzi tərəfindən 2012–ci ildə də distant təlimlərin keçirilməsi davam etdirilmişdir. Mərkəz tərəfindən hazırlanmış distant təlim mexanizmi vasitəsilə mövcud və yeni ixrac bazarlarına çıxış imkanları, ekoloji təmiz kənd təsərrüfatı, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə dair 5 distant təlim keçirilmişdir. İqtisadi İnkişaf Nazirliyinin və Bakı Biznes Tədris Mərkəzinin əməkdaşları tərəfindən aparılan distant təlimdə Gəncə–Qazax, Lənkəran, Şəki–Zaqatala, Aran, Abşeron və digər iqtisadi rayonlarda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 150–dən çox sahibkar və menecer iştirak etmişdir.
İş adamlarının və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərlə yanaşı 2012–ci il ərzində Bakı Biznes Tədris Mərkəzi tərəfindən Bakı şəhərində və regionlarda müraciət edən sahibkarlara, iş adamlarına və sahibkarlıq fəaliyyətinə yeni başlayanlara 830–dan çox məsləhət xidmətləri göstərilmişdir. Müraciət edənlərin təxminən 20 faizi qadın sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayan qadınlar olmuşdur.
Bakı şəhərində və regionlarda göstərilən konsaltinq xidmətlərinin səmərəliliyini yüksəltmək, konsaltinq xidmətlərinə olan tələbatın öyrənilməsi və sahibkarları maraqlandıran sahələrin müəyyən edilməsi məqsədi ilə mərkəz tərəfindən “Bakı Biznes Tədris Mərkəzi və onun nümayəndəliklərinin sahibkarlıq subyektlərində göstərilən konsaltinq xidmətlərinin səmərəliliyinin yüksəldilməsi istiqamətində tədqiqatların aparılması” mövzusu üzrə elmi–tədqiqat işi başa çatdırılmışdır.
Ötən il həmçinin, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına güzəştli kreditlərin alınmasında sahibkarlara və sahibkarlıq fəaliyyətinə yeni başlayan şəxslərə göstərilən məsləhət xidmətlərinin keyfiyyətini yüksəltmək və biznes–planların tərtib edilməsini səmərələşdirmək məqsədi ilə BBTM tərəfindən “Sahibkarların maarifləndirilməsi məqsədilə investisiya layihələrinin hazırlanması üzrə xüsusi proqram təminatının yaradılması” layihəsi həyata keçirilmişdir. Layihənin nəticəsində avtomatlaşdırılmış biznes–plan proqram kompleksi yaradılmış və BBTM–in internet saytında (www.bbtc.az) yerləşdirilərək sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlayan şəxslərin istifadəsinə verilmişdir.
2012–ci ilin may ayında Bakı şəhərində keçirilən “Eurovision–2012″ mahnı müsabiqəsi ilə əlaqədar Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə 2012–ci il fevralın 1–dən may ayının 15–dək Bakı Slavyan Universitetində ticarət, ictimai iaşə və xidmət sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin əməkdaşları üçün universitetin müəllimləri tərəfindən ingilis dili üzrə ödənişsiz tədris kursları təşkil edilmiş, kurslarda 195 nəfər iştirak etmişdir.
12 oktyabr 2009–cu il tarixindən Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi arasında imzalanmış “Əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na müvafiq olaraq, Bakı Biznes Tədris Mərkəzi və Almaniyanın GİZ təşkilatı ilə birlikdə “Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya–Azərbaycan ikitərəfli Proqram”ı həyata keçirilir. Proqramın məqsədi Proqram çərçivəsində Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və menecerlər Almaniyada 1 ay müddətində “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kursunu keçirlər. İxtisasartırma kursu üzrə zəruri xərclər (yol xərcləri istisna edilməklə) Almaniyanın dövlət büdcəsi hesabına ödənilir.
Proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və gənc menecerlər Almaniyanın müvafiq tədris mərkəzlərində və müəssisələrində “İqtisadi kooperasiya” üzrə 1 ay müddətində ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə və innovativ texnologiyalara yiyələnir, yeni işgüzar əlaqələr yaradırlar. Belə kursların təşkili sahibkarlıq fəaliyyətinin səmərəli təşkilində, menecerlərin bilik və təcrübə səviyyəsinin yüksəldilməsində əhəmiyyəti böyükdür.
Belə ki, 2012–ci il ərzində Almaniyanın GİZ təşkilatının ekspertləri tərəfindən keçirilmiş müsabiqələrdə müvəffəqiyyət qazanan 41 nəfər azərbaycanlı sahibkar və gənc menecer (6–sı qadın olmaqla) Almaniyada “İqtisadi kooperasiya” üzrə 1 (bir) ay müddətində ixtisasartırma kurslarında iştirak etmiş, müvafiq müəssisələrdə təcrübə keçmişlər. Ümumiyyətlə, 2009–2012–ci illərdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 129 sahibkar və gənc menecer Almaniyanın müxtəlif şəhərlərində ixtisasartırma kursu keçmişdir.
Sahibkarların maarifləndirilməsi, bacarıqlarının inkişaf etdirilməsi, innovasiyanın idarəetmədə tətbiq edilməsi, yerli təlimçilər şəbəkəsinin yaradılması, təlimçilərin dünyada tətbiq edilən metodologiya və treninqlərin keçirilməsinin interaktiv metodları ilə tanış edilməsi və s. məqsədilə İqtisadi İnkişaf Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə “Management Training” Proqramı çərçivəsində Bakı şəhərində və regionlarda “Layihələrin idarə olunması” və “Bacarıqların inkişaf etdirilməsi”, Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyinin dəstəyi ilə “Menecer hazırlığının interaktiv üsulları” mövzuları üzrə yerli təlimçilər üçün Almaniyanın GİZ təşkilatının ekspertləri tərəfindən kurslar da keçirilmişdir.
Özəl sektorun daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu gün sahibkarlıq Azərbaycan iqtisadiyyatının davamlı və dayanıqlı inkişafının təmin edilməsində xüsusi rol oynayır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir”.
Akif FƏRRUXOV,
İqtisadi İnkişaf
Nazirliyinin
Bakı Biznes Tədris
Mərkəzinin direktoru.
Respublika.- 2013.- 10 mart.- S. 5.