Geofiziklərin uğuru

 

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi neft strategiyasının həyata keçirilməsində quruda və dənizdə yerləşən perspektivli neft–qaz yataqlarının axtarışı və kəşfiyyatı quyu kəsilişlərinin məhsuldarlığının dəqiq qiymətləndirilməsi, tədqiqat aparılacaq sahələrdə dənizdibi relyefin və kəsilişin üst hissəsini təşkil edən süxurların kompleks şəkildə öyrənilməsi mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Bu sahədə uğurların əldə olunması bilavasitə axtarış–kəşfiyyat işlərinin miqyasından, yeni texnologiyaların tətbiqindən, yüksək ixtisaslı mütəxəsislərin hazırlanmasından, əldə olunan yeni təcrübələrin istehsalata tətbiqindən və daha dolğun məlumatların alınmasından asılıdır. Son zamanlar maddi–texniki bazası xeyli yeniləşdirilmiş Geofizika və Geologiya İdarəsinin müəssisələri müasir standartlara uyğun, yeni geofiziki cihaz avadanlıqlarla, qurğularla, geofiziki məlumatların emal və interpretasiyası üçün proqram təminatları ilə təchiz olunmuş və bu proses indi də davam etdirilir.

 

Geofizika və Geologiya İdarəsi 2012–ci il ərzində kəşfiyyat geofizikası, mədən–geofiziki tədqiqatlar, geoloji–kəşfiyyat, mühəndisi geologiya, topoqrafiya, tematik və elmi–tədqiqat işləri sahəsində fəaliyyət göstərmişdir. Aparılan işlər əsasən ARDNŞ təşkilatlarının, həmçinin respublikada və ondan kənarda fəaliyyət göstərən xarici əməliyyat şirkətlərinin və digər təşkilatların sifarişilə yerinə yetirilmişdir.

Kəşfiyyat geofizikası sahəsində 2012–ci ildə Eldaroyuğu–Böyük Palantökən və Naftalan–Şimali Naftalan sahələrində seysmik və qravimaqnitometrik kəşfiyyat üsulları ilə tədqiqatlar aparılmışdır. Eldaroyuğu–Böyük Palantökən sahəsində, həmçinin dayaz dərinliklərin neft–qazlılığını öyrənmək üçün yeni alınmış “Proqress T3″ tipli seysmik stansiya ilə ilk dəfə seysmik tədqiqat işləri aparılmışdır.

ARDNŞ–in tapşırığı əsasında yeni tikiləcək Neft–Qaz Emalı və Neft–Kimya Kompleksinin inşa olunacağı ərazinin tektonik quruluşunun dəqiqləşdirilməsi məqsədilə aparılan üçölçülü seysmik kəşfiyyat işləri də uğurla başa çatdırılmışdır. Alınmış materialların təhlili nəticəsində ərazinin geoloji quruluşu dəqiqləşdirilmiş, tektonik qırılmalar, onların amplitudu və istiqamətləri müəyyənləşdirilmişdir. Mütəxəssislərin iştirakı ilə yerinə yetirilən işlərin nəticələrinin geniş müzakirəsi aparılmış və nəticələr ARDNŞ–ə təqdim olunmuşdur.

Kəsilişin sürət xarakteristikasını dəqiqləşdirmək məqsədilə Qaradağ qaz anbarında, Bəyimdağ–Təkçay, Ələt–dəniz və Şıxıqaya sahələrində, eləcə də “Azərsu” Səhmdar Cəmiyyətinin inzibati binasının inşa olunacağı ərazidə quyularda şaquli seysmik profilləmə işləri yerinə yetirilmiş, alınmış materiallar emal və interpretasiya olunaraq vaxtında sifarişçilərə çatdırılmışdır. Bununla yanaşı, respublikamızda fəaliyyət göstərən əməliyyat şırkətləri ilə də sıx əməkdaşlıq edilmişdir. “Kura Valley Operating Company LTD”, “Absheron Operating Company LTD”, “Bahar Energy Operating Company LTD” kimi Əməliyyat Şirkətlərinin sifarışləri əsasında Padar sahəsində, Hövsan–Zığ və onunla həmtəmas olan “quru–dəniz” keçid zonalarında, dənizdə Bahar–Qum adası arası və Bahar–2 sahələrində iki və üçölçülü seysmik kəşfiyyat işləri yerinə yetirilmiş və görülən işlərdən “Sifarişçi”lər razı qalmışlar. Belə ki, əməkdaşlarımızın yüksək peşəkarlığı və zəngin təcrübəsi sayəsində sıx yaşayış məntəqələri, suvarma kanalları, əkin sahələri, bataqlıq və digər mürəkkəb yerüstu şəraiti ilə səciyyələnən tədqiqat sahələrində yüksək keyfiyyətli seysmik materiallar almaq mümkün olmuşdur.

Yerinə yetirilmiş işlər nəticəsində Şıxıqaya–Miəcik sahəsinin geoloji quruluşu dəqiqləşdirilmiş, yeni tektonik elementlər aşkar edilmiş, müxtəlif horizontlar üzrə struktur xəritələr qurulmuş, sahənin neftlilik–qazlılıq perspektivliyi qiymətləndirilmişdir. Xəzər dənizində yerləşən Qoşadaş sahəsində əvvəllər işlənilmiş seysmik materialların yenidən interpretasiyası nəticəsində tədqiqat sahəsinin geoloji quruluşu, tektonik qırılmaların amplitudu və istiqamətləri xeyli dəqiqləşdirilmişdir.

Mütəxəssislərimiz tərəfindən Günəşli, Şıxıqaya, Ümid, Bəyimdağ–Təkçay, Ələt–Dəniz, Qoşadaş və Qaradağ sahələrində kompleks qaz karotajı və qazmaya geoloji–geokimyəvi–texnoloji nəzarət işləri yerinə yetirilmişdir.

Bununla yanaşı, 8 Mart, Darvin küpəsi, Neft Daşları, Pirallahı, Bibiheybət, Buzovna–Maştağa, Gürgan, Qala, Qaraçuxur sahələri üzrə 43 quyuda yataqların işlənməsinə geofiziki üsullarla nəzarət məqsədilə tədqiqatlar aparılmış, əlavə neftli–qazlı intervallar müəyyən edilmişdir. Fərəhli haldır ki, geofiziklərimiz yalnız ARDNŞ–in idarə və müəssisələrinin deyil, eyni zamanda respublikamızda fəaliyyət göstərən xarici şirkətlərin də sifarişlərini yerinə yetirir və bu qəbildən olan tədqiqatlar ilbəil artır.

Perforasiya işləri əsasən diametri 96 mm–dən 279 mm–dək olan qoruyucu kəmərlərdə, həmçinin müxtəlif diametrdə olan nasos–kompressor borularının daxilində aparılmışdır.

Kompleks Mühəndisi Axtarış Ekspedisiyasının fəaliyyəti 2012–ci ildə struktur–axtarış qazması, mühəndisi–geoloji qazma, fasiləsiz seysmoakustik profilləmə (FSAP), batimetriya, sonar planalma, struktur–xəritəalma, tematik işlər, topoqrafik işlər, naviqasiya təminatı və s. istiqamətlərdə olmuşdur.

Dənizdə hidrotexniki qurğuların, kommunikasiyaların (neft, qaz boru və elektrik kabel xətlərinin) çəkiləcəyi sahələrdə kəsilişin üst hissəsini təşkil edən süxurların kompleks şəkildə öyrənilməsi, qırılmaların, palçıq vulkanlarının aşkar olunması və onların yayılma hüdudlarının dəqiqləşdirilməsi, dənizdibi relyefin müəyyənləşdirilməsi, sahənin mühəndisi–geoloji şəraitinin qiymətləndirilməsi, götürülmüş süxur nümunələrinin fiziki–mexaniki xüsusiyyətlərinin öyrənilməsi məqsədilə kompleks mühəndisi–geoloji tədqiqat işləri aparılmışdır.

2012–ci ildə “Azərsu” ASC–nin inzibatı binasının, “Böyük Şor” sahəsində Bakı Olimpiya Stadionunun, Neft–qaz emalı və neft–kimya kompleksinin inşa olunacaqları ərazilərdə, Oğuz, Hövsan, Qərbi Abşeron, Qoşadaş, Neft Daşları, Xəzər dənizinin Rusiya sektorunun Xəzri, Korçagin, Şirotnaya–6 sahələrində 10978 m həcmində mühəndisi–geoloji qazma işləri yerinə yetirilmişdir.

2012–ci il üçün GGİ–nin strukturuna daxil olan idarə və təşkilatlarda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və təmin olunması, istehsalat sahələrinin, binaların, iş yerlərinin müasir standartların tələblərinə uyğun səviyyədə yenidən qurulması, istehsalat xəsarətlərinin, qəzaların, peşə xəstəliklərinin qarşısının alınması məqsədilə əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər davam etdirilmişdir.

İstehsalat sahələrində qəzaların, yanğınların, bədbəxt hadisələrin baş verməməsinə və peşə xəstəliklərinin yaranmasına səbəb ola biləcək risklərin müəyyən edilməsi, onların ləğvi və ya minimuma endirilməsi məqsədilə GGİ–nin daimi fəaliyyət göstərən komissiyasının üzvləri tərəfindən struktur bölmələrdə reydlər, yoxlamalar keçirilmışdır. Bu yoxlamalar zamanı aşkar edilmiş nöqsan və catışmazlıqlar qısa müddət ərzində aradan qaldırılmışdır.

İl ərzində ekologiya və ətraf mühitin mühafizəsinə ciddi fikir verilmişdir. Belə ki, 2012–ci il ərzində Geofizika və geologiya İdarəsində və onun struktur bölmələrində mütəmadi olaraq iməciliklər keçirilmiş, abadılıq işləri aparılmış, yaşıl bitkilərə qulluq edilmişdir. GGİ–nin müəssisələri üzrə 80 ədəd Eldar şamı, 352 ədəd gül kolu və müxtəlif meyvə ağacları əkilmişdir. İstehsalatda formalaşan tullantılar çeşidlənərək müvafiq təşkilatlara təhvil verilmişdir.

2012–ci il ərzində mütəxəssislər, fəhlələr peşəkarlıqlarının artırılması məqsədilə ARDNŞ–in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində təşkil olunmuş müxtəlif kurslara cəlb olunmuşlar. Bundan əlavə, dəniz şəraitində işləyən 270 nəfər işçi dəniz özüllərində, gəmilərdə qəza və yanğın zamanı insan həyatının qorunub saxlanılması, qəza xilasetmə əməliyyatlarının səmərəli aparılması və xilasetmə vasitələrindən istifadə etmə qaydalarını öyrənmək məqsədilə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində 661 nəfər mühəndis–texniki işçilərin bilikləri yoxlanılmışdır.

Bütün bu işlərin nəticəsi olaraq Geofizika və Geologiya İdarəsi 2010 və 2011–ci illərin yekunlarına görə 2 dəfə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Sağlam və Təhlükəsiz Əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” Fəxri Diplomuna layiq görülmüşdür.

Müasir beynəlxalq standartların tələblərinə uyğun fəaliyyət göstərməsinin vacibliyini nəzərə alaraq, 2012–ci ildə TS EN İSO 9001 “Keyfiyyət” və TS EN İSO 14001 “Ətraf Mühit”in beynəlxalq idarəetmə sistemi standartlarının alınması məqsədilə Türk Standartları İnstitutunun nümayəndələri tərəfindən audit yoxlaması keçirilmiş və auditin nəticələri məqbul hesab edilərək, 2012–ci ilin may ayında Geofizika və Geologiya İdarəsinə beynəlxalq sertifikatlar təqdim edilmişdir.

ARDNŞ üzrə 2011–2015–ci illər üçün Sosial–İnkişaf Proqramına əsaslanaraq 2012–ci il ərzində işçilərin iş və mənzil–məişət şəraitlərinin yaxşılaşdırılması, sağlamlıqlarının qorunması və istirahətlərinin təşkili, iş yerində qidalanmaları, iş yerinə aparıb gətirilmələri və sair məsələlərin həlli istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.

Xarici firma və şirkətlərin sifarişləri əsasında aparılan tədqiqatların vaxtında və yüksək səviyyədə yerinə yetirildiyini nəzərə alaraq, bilavasitə iştirakçılara müvafiq qaydada mükafatlar verilmişdir.

İşçilərin və ailə üzvlərinin istirahətini və sanatoriyalarda müalicəsini təşkil etmək məqsədi ilə “Bilgəh”, “Günəşli”, “Qaşaltı”, “Abşeron–Şıx” sanatoriyalarına, “Geofizika”, “Nabran”, “Şahdağ”, “Qubek Hotel” istirahət zonalarına işçilərin istirahəti və müalicəsi üçün yollayış verilmişdir.

İşçilərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində də “Neftçi” mənzil tikinti kooperativi ilə sıx əməkdaşlıq edilmiş və 2012–ci ildə 7 nəfər işçi yeni mənzillə təmin olunmuşdur.

Bütün neft sənayesinin işçiləri kimi, Geofizika və Geologiya İdarəsinin kollektivinin əməyi də dövlətimizin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. 2012–ci ildə möhtərəm Prezident İlham Əliyev cənablarının sərəncamı ilə mən “Əməkdar mühəndis” adına layiq görülmüşəm. “Mədəngeofizika” İdarəsi, Bakıxanov ekspedisiyanın rəisi Axundov Məhəmməd İsa oğlu, “Kəşfiyyatgeofizika” İdarəsi, 2 saylı ekspedisiyanın rəisi Həsənov Həsənbaba Nağı oğlu “Tərəqqi”medalı ilə təltif olunmuşlar. Bununla yanaşı, “Kəşfiyyatgeofizika” İdarəsi, 1 saylı Dəniz seysmik ekspedisiyasının baş mühəndisi Həsənov Dadaş Ağarəhim oğlu, “Mədəngeofizika” idarəsi, “Azəri” mədən geofiziki ekspedisiyanın rəisi Mahmudov Əziz Ələddin oğlu, “Kompleks Mühəndisi Axtarış Ekspedisayısı”nın partiya rəisi Quliyev Zakir İslam oğlu ARDNŞ–in fəxri fərmanları ilə təltif olunmuşlar.

Geofizika və Geologiya İdarəsinin kollektivi 2013–cü ildə də əldə olunan uğurları davam etdirmək əzmindədirlər.

İdarə üzrə 2013–cü il üçün proqnozlaşdırılan iş həcmi 52523 min manat təşkil edir ki, bu da 2012–ci ilin planında nəzərdə tutulan iş həcmindən 7 faiz çoxdur.

“Kəşfiyyatgeofizika” idarəsi tərəfindən Xərə–Zirə–dəniz, Qoşadaş, Naftalan–Şm.Naftalan, Xəzəryanı–Quba NQR–də, Çeyilaxtarma–Nardaranaxtarma və Naxçıvan MR–in Tumbul–Nehrəm sahələrində tədqiqatların aparılması planlaşdırılır. Eldaroyuğu–Böyük Palantökən, Bulla dəniz, Babək, Oğuz–D–30–Neft daşları–Günəşli arası sahələr üzrə emal və interpretasiya işlərinin yerinə yetirilməsi nəzərdə tutulmuşdur.

“Mədəngeofizika” idarəsi tərəfindən 3980 sifarişin yerinə yetirilməsi proqnozlaşdırılır ki, bunlardan da 1260 sifariş açıq quyu lüləsində, 2720 sifariş isə kəmər buraxılmış quyularda olmalıdır. Cəmi tədqiq ediləcək quyuların sayı 1100 nəzərdə tutulur, bunlardan 100–ü qazma quyuları, 1000–i isə kəmər buraxılmış quyular təşkil edəcək.

2013–cü ildə “Azneft” İB–nin sifarişilə Zorat–dəniz sahəsində 1541 km FSAP, 1218 km sonar planalma, 1372 km batimetriya, 6000 m mühəndisi–geoloji qazma və qazogeokimyəvi tədqiqat işlərinin aparılması nəzərdə tutulmuşdur. Babək sahəsində isə 1500 m mühəndisi–geoloji qazma işləri planlaşdırılır .

12 fevral 2013–cü ildə Geofizika və Geologiya İdarəsində 2012–ci ilin yekunlarına və 2013–cü ilin illik iş proqramına həsr olunmuş geniş tədbir keçirilmişdir. Tədbirdə Dövlət Neft Şirkətinin birinci vitse–prezidenti, akademik Xoşbəxt Yusifzadə, Dövlət Neft Şirkətinin Birinci vitse–prezidentinin müavini Bəhram Hüseynov, “Azneft” İB–nin baş geoloqu Ədalət Eminov, “Kompleks Qazma İşləri” Trestinin baş geoloqu Mehman Yusifov, SOCAR–AQŞ MMC–nin baş geoloqu İftixar Qasımov, ARDNŞ–in Geologiya və Geofizika şöbəsinin rəisi Fərhad İbadov, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktor müavini Əhməd Salmanov, “Azneft” İB–nin Geologiya və Geofizika şöbəsinin rəisi Əhməd Mustafayev iştirak etmişlər. Məruzə ilə çıxış edən idarə rəisi Vaqif Abdullayev görülən işlərdən danışmış, proqnozlaşdırılan iş həcminin yerinə yetirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirmişdir.

ARDNŞ–in birinci vitse–prezidenti, akademik Xoşbəxt Yusifzadə tədbirdə çıxış edərək son illər Dövlət Neft Şirkətinin əldə etdiyi uğurlardan, aşkar olunan yeni yataqlardan və onların respublikamızın iqtisadiyyatının inkişafına verdiyi töhfələrindən danışmış, Geofizika və Geologiya İdarəsinin 2012–ci ildəki nəticələrindən razı qaldığını bildirmiş, əldə olunan nailiyyətlərlə kifayətlənməməyi, yerinə yetirilən işlərin keyfiyyət və səmərəliyinin artırılması üçün daim səylə çalışmağı tövsiyə etmişdir.

Geofizika və Geologiya İdarəsinin kollektivi 2013–cü ili də uğurla başa vuracağına əminlik bildirmiş və bu istiqamətdə əlindən gələni əsirgəməyəcəyinə söz vermişdir.

Azərbaycanın neft sənayesinin bütün işçiləri kimi, Geofizika və Geologiya İdarəsinin kollektivi də ölkəmizin ictimai–siyasi həyatında fəal iştirak edir və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayının və Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar VI qurultayının dövlət başçısı möhtərəm İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində namizədliyinin dəstəklənməsi ilə bağlı qəbul etdiyi qərarları alqışlayır və möhtərəm Prezident İlham Əliyevin prezident seçkilərində namizədliyini kollektivimiz yekdilliklə dəstəkləyir.

 

 

Vaqif ABDULLAYEV,

ARDNŞ–in Geofizika və Geologiya

İdarəsinin rəisi, əməkdar mühəndis.

 

Respublika.- 2013.- 10 mart.- S. 5.