Qloballaşma və
milli mətbuat
Mətbuat hər
bir ictimai–siyasi quruluşda cəmiyyətdə gedən proseslərə
güclü təsir edən qüvvə olubdur. Bu prizmadan
yanaşdıqda özünəməxsus ənənələri
olan milli mətbuatımız bütün dövrlərdə
həqiqət carçısı kimi fəaliyyət göstərib.
Maariflənmə, müasirləşmə, məfkurə
saflığı, bəşəri dəyərlərin milli ənənələrlə
üzvi vəhdəti və digər başlıca prinsiplərdən
qaynaqlanan mətbuatımız cəmiyyəti
düşündürən problemlərin, dövrün
qabaqcıl və mütərəqqi ideyalarının əks
etdirilməsində müstəsna rol oynayıb. O, xalqda vətənpərvərlik
hisslərinin aşılanmasına, milli və ümumbəşəri
dəyərlərin təbliğinə də öz
böyük töhfəsini vermişdir.
Müasir dünya qloballaşmaya doğru gedir. Bu mərhələdə
hansı ölkələr və millətlər müasir
texnologiyaları daha yüksək mənimsəyir və
ümumilikdə insanın intellektual inkişafına təkan
verirsə, həmin ölkələr rəqabətə
davamlı olur və modernləşir.
Modernləşmənin
ilkin mərhələsindən fərqli olaraq təkrar modernləşmə
mərhələsində elmi tutumlu cəmiyyət
formalaşır, informasiyalaşma (informasiya ilə yüklənmə)
baş verir, xidmət sferası inkişaf edir, rəqəmsal
texnologiya geniş yayılır və s. Modernləşmənin
təkrar mərhələsində sənayeləşmiş
sivilizasiyadan informasiyalaşmış (postsənayeləşmiş)
sivilizasiyaya keçid baş verir. Bu zaman iqtisadiyyatda, mədəniyyətdə,
ekologiyada və digər sahələrdə müvafiq dəyişikliklər
aparılır.
Azərbaycan
cəmiyyəti informasiyalaşmış cəmiyyət
ideyasının reallaşması yolu ilə gedir.
Çünki bəşəriyyət artıq
özünün inkişafının bu mərhələsindədir.
İnformasiya texnologiyaları istehsalat həyatının
ayrılmaz hissəsinə çevrilmişdir. Həyat
standartları dəyişir. İnformasiyalaşmış cəmiyyət
bəşər övladının gələcək
varlığı üçün yeni dayaqlar tapmaqla
öz–özünün inkişafını təmin edir.
İnformasiyalaşmış cəmiyyət təkcə
kompyuter texnologiyalarına və rabitə vasitələrinin
inkişafına əsaslanmalı deyil, eyni zamanda öz ictimai
təsisatları arasındakı əlaqələrin
strukturunu dəyişməlidir. İnformasiyalaşmış
cəmiyyətdə isə informasiya təhlükəsizliyi
qarşıda duran əsas problemlərdəndir.
Müasir
cəmiyyət artıq informasiyanın sırf passiv
istehlakçısı deyildir, özü sosial şəbəkələr
vasitəsilə informasiyanın istehlakçısına və
yayıcısına çevrilir.
Yaşadığımız
dünyada qloballaşmanın əsas xüsusiyyəti məhdud
məkan və zaman, dövlətlər arasında “sərhədlərin”
yox olması, təcrid olmuş sivilizasiyaların tam vəhdət
şəklini alması hesab olunur. Belə şəraitdə
uyğun informasiya siyasətinin formalaşdırılması,
qlobal şəbəkədə prioritetlərin müəyyənləşdirilməsi,
cəmiyyətin informasiya təhlükəsizliyinin təmin
edilməsi dövlətimizin bu gün xüsusi önəm
verdiyi məsələlərdəndir. Milli mətbuatımız
bu məsələlərin uğurlu həllinə öz
töhfəsini verməklə yanaşı, mürəkkəb
quruluşa malik vahid informasiya məkanında layiqli yer tutmaq
üçün ciddi mübarizəyə qoşulmuşdur.
Ümummilli
lider Heydər Əliyevin siyasi hakimiyyətə yenidən
qayıdışından sonra ölkəmizdə demokratik cəmiyyətə
xas olan institutların formalaşdırılması, digər
sahələrdə olduğu kimi, mətbuatın
inkişafında da dönüş yaratdı, söz və məlumat
azadlığı təmin edildi, siyasi plüralizm və
kütləvi informasiya vasitələrinin müstəqil
qurulmasına, sərbəst fəaliyyətinə zəruri
şərait yaradıldı. Azərbaycan Respublikasında
söz və mətbuat azadlığı Konstitusiyada təsbit
olundu.
Son illər
ölkəmizin sürətli sosial–iqtisadi inkişafı, beynəlxalq
aləmə uğurlu inteqrasiyası, qlobal informasiya məkanını
formalaşdıran komponentlərin mövcudluğu və
informasiya sektorundakı yeni inkişaf meyilləri ənənəvi
mətbuatın fəaliyyətinin genişləndirilməsi ilə
bağlı təxirəsalınmaz tədbirlərin həyata
keçirilməsini zəruri etdi.
Ölkəmizdə
milli KİV–in, ümumiyyətlə, media siyasətinin
formalaşdırılması üçün dörd əsas
prinsip qarşıya məqsəd qoyulmuşdur:
1) Siyasi
plüralizmin bərqərar edilməsi;
2) Söz
və mətbuat azadlığının təmin edilməsi;
3)
Demokratik və azad mətbuatın formalaşdırılması;
4) Bu sahə
üzrə dünyada və Avropa Şurası çərçivəsində
mövcud olan ən qabaqcıl hüquqi–normativ bazanın
öyrənilməsi və Azərbaycan qanunvericiliyinin ona
uyğunlaşdırılması.
Bütün
bunlar qloballaşma prosesinin daha da sürətləndiyi,
informasiyanın insanın və cəmiyyətin həyatına
təsirinin durmadan artdığı bir dövrdə vacib məsələlərdəndir.
Çünki informasiya–kommunikasiya texnologiyalarının
intensiv tətbiq olunduğu çağdaş dövrdə nəinki
aparıcı ölkələr, inkişaf etməkdə olan
ölkələr də siyasətlərinin əsas vektorunu əldə
olunmuş informasiyaların təhlili əsasında müəyyənləşdirirlər.
Elmi–texniki
tərəqqinin qabaqcıl nailiyyətlərindən nə qədər
mükəmməl istifadə olunsa da, ənənəvi
üsul–informasiyanın toplanması, təhlili və
ötürülməsi öz aktuallığını bu
gün də saxlayır. Deməli, əldə olunan
informasiyanın obyektivliyi və qərəzsizliyi süzgəcdən
necə keçirilmədən asılıdır.
Bu gün
Azərbaycanın dünya internet şəbəkəsinə əhatəli
və bütün vasitələrlə qoşulması bu və
ya digər zəruri informasiyaların yayılmasına öz təsirini
göstərir. Məsələn: son zamanlar Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi, 20 Yanvar faciəsi
və Xocalı soyqırımı haqqında həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılmasında
qlobal informasiya şəbəkələrinin və milli mətbuatın
gücündən çox səmərəli istifadə
olunur. Bu, ümummilli liderimizin müəyyənləşdirdiyi
siyasi xəttə sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyevin
apardığı məqsədyönlü işlərin nəticəsidir.
İnamla demək olar ki, bu gün Azərbaycan qlobal informasiya
məkanına daxil olmuşdur, yalan və iftira üzərində
qurulan erməni təbliğatına qarşı qətiyyətlə
mübarizə aparır. Milli KİV də internet şəbəkəsindən
yararlanmaqla bu yöndə xeyli iş görmüşdür.
Yeri gəlmişkən,
qeyd edək ki, Azərbaycanın yeni informasiya məkanına
daxil olması, onun dünyada tanıdılması, erməni
lobbisinin məkrli niyyətləri sayəsində
düşdüyü informasiya blokasından
çıxarılması məhz ulu öndər Heydər Əliyevin
səyləri ilə mümkün olmuşdur.
İnformasiya
cəmiyyəti inkişaf etdikcə, ölkənin
inkişafının digər sahələrinə təsir
edir. Nəticədə sərhədsiz informasiya məkanı
formalaşır və dövlətlər arasında
informasiyanın tarazlaşdırılmış mübadiləsi
baş verir. İnformasiya məkanının
formalaşmasında əsas komponentlərdən biri milli mətbuatdır.
Milli KİV–də dərc olunan hər bir söz və ya fikir
dünya informasiya məkanının fəal subyektlərindən
olan Azərbaycanın nüfuz dairəsinə xidmət edir.
Tarixi
filmlərdən, bədii əsərlərdən hamıya bəllidir
ki, həlledici və çətin məqamlarda belə
informasiyanın təsir gücü silahın gücündən
heç də az olmamışdır.
Qloballaşma
dalğası vaxt və məsafə anlayışını
aradan qaldırdığından informasiya yayımının
həcmi sürətlə artmış, onun
istehsalçısı olan KİV–ə tələbat
çoxalmışdır. KİV–in dairəsi və
imkanlarının genişlənməsi onun ilk forması olan ənənəvi
mətbuatın–qəzet və jurnalların informasiya
bazarındakı mövqelərinə təsir etsə də,
yazılı mətbuat öz üstünlüklərini
qoruyub saxlayır. Belə ki, televiziyadan, internetdən və s.
fərqli olaraq oxucu heç bir texniki vasitəyə ehtiyac
duymadan yazılı mətbuatdan münasib məkanda və
zamanda məlumatla tanış ola bilər. Yazılı mətbuatın
elektron KİV–dən fərqli olan bir neçə
üstünlükləri də mövcuddur.
Qloballaşmanın belə məqamında qəzetlərin
elektron versiyasının yaradılması, çevikliyinin təmin
edilməsi ən münasib vasitədir.
Mətbuatın
fəaliyyətinin səmərəliliyi onun cəmiyyətin
informasiyaya tələbatını təmin etməklə fərdlərə
təsiri ilə ölçülür. Bu baxımdan
yazılı mətbuat, əsasən qəzetlər informasiya
təminatında öz mövqeyini və rolunu qorumaq
üçün qloballaşma dalğasının təsirini
nəzərə almalıdır.
İnformasiya–kommunikasiya
texnologiyaları inkişaf etdikcə, mətbuatın səmərəliliyinin
artırılması üçün də yeni imkanlar
yaranır. Belə ki, sərhədsiz informasiya məkanı
formalaşır, məlumatın əldə edilməsi mənbələrinin
coğrafiyası genişlənir və s. Bütün bunlar mətbuata
oxucuya maraq doğuran yeniliklər haqqında informasiyanı
ilkin və ya etibarlı mənbədən almağa və
dövrilik fəaliyyəti ərzində
çatdırmağa imkan verir.
Yuxarıda
qeyd etdiyimiz kimi, bu da qəzetin elektron versiyası ilə
mümkündür. Əksər redaksiyalar operativliyi təmin
etmək mənada gün ərzində öz elektron
versiyalarını yeniləşdirirlər. Qeyd edək ki,
informasiya texnologiyalarının hərtərəfli
inkişafı ənənəvi yazılı mətbuatı
bir qədər sıxışdırsa da, yazılı mətbuat
özünün sınaqlardan keçən xüsusiyyətləri
və imkanları ilə informasiya mənbəyi olaraq
qalır.
Qloballaşan dünyada belə ictimai tərəqqinin əsas mənbəyi olan informasiya istehsalını məhz yaradıcı heyət yerinə yetirdiyindən ulu öndərin milli mətbuatın ənənələrini zənginləşdirən prinsipləri yenə də aktual səslənir:
—dövlətçiliyə xidmət;
—azərbaycançılıq ideologiyasının təbliği;
—ümumbəşəri dəyərlərə hörmətlə yanaşma.
Elmi–texniki tərəqqinin davam etdiyi qlo
ballaşan dünyada vaxtilə xəyal kimi görünənlər – e–mail, SMS, MMS, SKYPE, peyk rabitəsi, mobil telefon, sosial–media və s. bugünün reallıqlarıdır. Bunlardan istifadə etmədən lazımi operativliyə nail olmaq və bazarda rəqabətə davam gətirmək qeyri–mümkündür.
İnformasiya–kommunikasiya texnologiyaları təkcə inkişafa yol açan qüvvə deyil, həm də yeni həyat tərzi yaradır. Odur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə bu yaxınlarda “Azərspace–1″ telekommunikasiya peykinin yerətrafı orbitə buraxılması bu sahədə daha böyük yeniliklərin yaranmasına gətirib çıxaracaq. Həmçinin mətbuat ölkəmizin öz peykinin ötürdüyü informasiyalardan yararlanacaqdır.
Zənnimizcə, bundan sonra Azərbaycan qlobal informasiya məkanında daha geniş təmsil olunacaq, ölkəmiz haqqında obyektiv informasiyanın yayılma coğrafiyası genişlənəcəkdir.
İnteqrasiya və qloballaşmanın vüsət aldığı indiki dövrdə mətbuatımızın əsas məqsədi texnoloji imkanlardan maksimum yararlanmaqla Azərbaycan haqqında obyektiv məlumatları çevik şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq və dünyada baş vermiş hadisələr barədə cəmiyyətimizi hərtərəfli məlumatlandırmaqdır. Qəzetlərin elektron versiyası xarici ölkələrdə izlənildiyindən bu işdə onların fəaliyyəti daha önəmlidir.
Elektron məlumatların və intellektual mülkiyyətin qorunmasında müəyyən risklərin mövcud olması informasiya təhlükəsizliyini gündəmə gətirir. Son dövrlər bu istiqamətdə də dövlətimiz tərəfindən xüsusi sənədlər qəbul olunmaqla lazımi tədbirlər həyata keçirilir.
Müasir dövrdə qlobalaşmadan qaynaqlanan texnoloji vasitələrlə müxtəlif dövlətlərdə yaşayan insanların bu və ya digər məsələlərə dair fikirləri ictimailəşsə də, ümumilikdə bu fikirlər cəmiyyətin düşüncələrini əks etdirmir. Ona görə də ənənəvi media təşkilatları bu düşüncələri öyrənərək, öz işlərini daha intensiv şəkildə qurmalı, bütün cəmiyyəti düşündürən problemləri ortaya qoymalı, insanlara daha obyektiv xəbərlər çatdırmalıdır.
Hümmət
MUSAYEV
Respublika.- 2013.- 10 mart.- S. 4.