Təhsil millətin
gələcəyidir
Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi bu fikir müstəqillik illərində respublikamızda ictimai, siyasi, iqtisadi strategiyanın inkişaf edib təkmilləşməsində, dövlətin beynəlxalq aləmdə nüfuzunun və qüdrətinin artırılmasında əsl fəaliyyət proqramı kimi ön planda saxlanılır. Yaxşı tarixi ənənələrə, etibarlı bünövrəyə malik Azərbaycan təhsilinin daha da təkmilləşdirilməsi, inkişaf etdirilməsi, onun dünya təhsilinə inteqrasiyası istiqamətində məqsədyönlü tədbirlər müəyyənləşdirilib həyata keçirilir. Qeyd edək ki, ulu öndər hələ keçmiş Sovetlər Birliyi dövründə istər Azərbaycanın rəhbəri, istərsə də SSRİ–nin rəhbərlərindən biri kimi respublikamızın bu sahədəki fəaliyyətini daim diqqət mərkəzində saxlamışdır. Hələ o illərdə yüzlərlə azərbaycanlı oğlan və qız keçmiş SSRİ–nin müxtəlif ali məktəblərində oxumağa göndərilmişdir. Bu gün onlar yüksək ixtisaslı mütəxəssislər kimi ölkəmizin müxtəlif sahələrində çalışır, Azərbaycanın daha firavan gələcəyi naminə bilik və bacarıqlarını əsirgəmirlər. Ulu öndərin kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ölkəmizdə o vaxtdan təhsil sahəsində qoyulan etibarlı bünövrənin daha da inkişafına xüsusi önəm verir. Bəli, Azərbaycanda təhsil bu gün dünya təcrübəsinə istinadən yeni pillələrə qədəm qoymuşdur və artıq biz hər yerdə bunun gözəl nəticələr verdiyinin canlı şahidiyik. Orta məktəblərdən atılan bu addımlar ali və orta ixtisas təhsili ocaqlarında daha da təkmilləşdirilir, gələcəyin daha bilikli, bacarıqlı, yüksək intellektuala malik kadrları yetişdirilir. Bu işdə Azərbaycan Müəllimlər İnstitutunun, onun regionlardakı filiallarının da rolu çox böyükdür. Yeri gəlmişkən, bir faktı qeyd edək ki, sözügedən institutun hərtərəfli fəaliyyətindəki dirçəliş bura məqsədyönlü, düzgün rəhbərliyin nəticələri kimi dəyərləndirilməlidir. Bölgə müxbirimizin Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının direktoru professor Orucəli Rzayevlə söhbəti də bu məsələlər ətrafında qurulmuşdur. Professor demişdir:
—Öncə ulu öndərin müəllim haqqında dediyi sözləri xatırlatmaq istərdim. “Mən yer üzərində müəllimdən yüksək ad tanımıram”.
Görkəmli dövlət və siyasi xadiminin müəllim əməyinə, adına verdiyi bu yüksək qiymət, əlbəttə, gənc nəslin təlim–tərbiyəsi ilə məşğul olan hər kəsin qəlbini fərəhləndirir, onun bu şərəfli əməyində ürəyinə yeni təpər gətirir. Mən deyərdim ki, bu, bütün azərbaycanlıların fərəhi, şərəfidir. Axı bu gün ölkəni idarə edənləri də, onun ayrı–ayrı sahələrində çalışan kadrları da yetişdirən müəllimdir. Bu baxımdan institutumuzun, onun filiallarının da üzərinə çox böyük məsuliyyət düşdüyünü yaxşı bilirik. Yeganə məqsədimiz, yüksək tələblər səviyyəsində çalışmaqla respublikamız üçün layiqli müəllim kadrı hazırlanmasına nail olmaqdır. Filialımız 2000–ci ildən fəaliyyət göstərir. Hazırda burada 60 nəfərdən ibarət professor, müəllim heyəti çalışır. Onların bir nəfəri elmlər doktoru, professor, 4 nəfəri fəlsəfə doktoru, dosent, 14 nəfəri fəlsəfə doktoru, baş müəllimdir. Müəllimlərin sayı 45, doktorantlar 2, dissertantlar isə 3 nəfərdir. Filialın 2 kafedrası, 4 şöbəsi, əlavə təhsil, kredit sistemi və nailiyyətlərin qiymətləndirilməsi kabinetləri var. Tələbələrimizin sayı isə 378 nəfərdir. Onların da 98 nəfəri 2012–2013–cü tədris ilində qəbul olunanlardır. Dörd ixtisas—ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat və informatika, tarix və coğrafiya müəllimliyi üzrə bakalavr təhsil pilləsində müəllim hazırlığı həyata keçirilir. Filialımızda təhsil ölənişli əsaslarla və dövlət büdcəsi hesabınadır. Tələbələrimizin 309–u ödənişli əsaslarla təhsilə yiyələnirlər. Dövlət hesabına oxuyanlarımız isə 69 nəfərdir. Təhsil alanların 303 nəfərini qızlar, 75 nəfərini oğlanlar təşkil edir. On bir nəfər məcburi köçkün uşağı da filialımızda oxuyur.
Tələbələrin biliklərə səylə yiyələnmələrinə, onların institutun, filialın ictimai həyatında fəallığına, elmi–nəzəri konfranslarda yaxından iştirakına xüsusi fikir verilir. Bu məqsədlə müəllimlərin, daha fəal tələbələrin nəzarətindən, əməli köməyindən səmərəli istifadə olunur. Təkcə bir faktı qeyd edim ki, yerli konfranslarda tələbələrin 21, intellektual yarışlarda isə 7 nəfərin iştirakı təmin olunmuşdur. Tələbələrimizin keçirilən mədəni–kütləvi tədbirlərdə iştirakına, fəallığına da xüsusi önəm verilir. Əlbəttə, tələbələrin elmi biliklərə lazımi səviyyədə yiyələnmələrində, onların ictimai fəallığının artırılmasında professor–müəllim heyətinin məqsədyönlü fəaliyyəti önəmli rol oynayır. Qeyd edim ki, bu istiqamətdə kollektivimizin gücü və biliyi, elmi potensialı yetərincədir. Bir nəfərin doktorluq dissertasiyası müdafiə etməsi, 1 əsərin elmlər namizədi fəlsəfə doktoru dissertasiyası üçün müdafiəyə təqdim olunması kimi faktlar, 5 elmi–tədqiqat mövzusunun təsdiq olunması, 20 məqalənin müxtəlif mətbuat orqanlarında nəşr olunması, o cümlədən onların 4–nün xaricdə nəşri yuxarıda dediklərimizin təsdiqidir. Müəllimlərimizin 8 nəfərinin yerli, 2 nəfərinin beynəlxalq konfranslarda çıxış etmələri da bizim yaxşı göstəricilərimiz sırasındadır.
Əlavə təhsil sahəsində də işlərimizin tələblər səviyyəsində qurulmasına xüsusi diqqət yetiririk. Filialımızda dislokasiya ərazisi üzrə Balakən, Qax və Zaqatala rayonlarının bütün kateqoriyalarından olan təhsil işçilərinin ixtisasının artırılması, təkimilləşməsi və staj keçməsi həyata keçirilir. 2012–ci ildə 232 nəfər ixtisasartırma kurslarından keçmiş və onların hamısı sertifikat almışdır.
Yuxarıdakılardan bir daha aydın olur ki, tələbələrə yüksək səviyyəli elmi biliklər verilməsi üçün filialımızın kifayət qədər elmi potensialı var və bu kadrların qüvvəsi ümumi məqsədə doğru düzgün istiqamətləndirilmişdir. Soruşa bilərsiniz ki, bəs nə kimi nəticələr qazanırıq. Bunun üçün yalnız 2012–2013–cü tədris ilinin qış imtahan sessiyasanın yekunlarına nəzər salmaq kifayətdir. Qeyd edim ki, sessiyanın yüksək səviyyədə keçirilməsi, neqativ, ədalətsizlik hallarına yol verilməməsi üçün xüsusi qərargah yaradılmış, imtahanların gedişi xüsusi kabinetlərdə quraşdırılmış monitorlar vasitəsilə izlənilmişdir. Bir sözlə, biliklərə obyektiv qiymət verilməsi əsas vəzifə olmuşdur. Müəllim Rəna Əliyevanın sədrlik etdiyi komissiya neqativ halların araşdırılması, şikayətlərin təhlili ilə ciddi məşğul olmuş, bu məqsədlə yaradılan “qaynar xətt” müntəzəm fəaliyyətdə olmuşdur. Sessiya müddətində heç bir şikayət və müraciət olmamışdır. İmtahanların nəticələrindən narazı qalanların ərizələrinə baxılması və təhlili üzrə yaradılan komissiya da tədris və elmi işlər üzrə direktor müavini, fəlsəfə doktoru Füzuli Səddinovun sədrliyi ilə yaxşı fəaliyyət göstərmişdir. Belə ki, komissiyaya 22 ərizə daxil olmuş araşdırma aparılarkən onlardan 3–nün obyektiv verildiyi aşkarlanmış, ərizəçinin tələbi müsbət həll olunmuşdur.
Ötən il dekabr ayının 29–dan 2013–cü il yanvar ayının 5–dək məktəbdə təşkil olunan “Açıq qapı” günlərində valideynlərə, ictimaiyyətin nümayəndələrinə imtahanların gedişini canlı şəkildə izləmək imkanı verilmişdir.
Yaxşı işləmək üçün yaxşı maddi–texniki bazanın olması da vacib şərtlərdəndir. Bu sahədəki işlərimiz də əlaqədar təşkilatların, xüsusilə də Zaqatala Rayon İcra Hakimiyyətinin fəal dəstəyi ilə artıq qaydasına düşür. 2003–cü ildə uzunmüddətli icarəyə verilmiş beşmərtəbəli keçmiş yataqxana binası 2012–ci ilin avqust ayında filialın özünə qaytarılmışdır. Yeni tədris ilində hər cür şəraiti olan korpusda fəaliyyətə başlamışıq. Korpusun qazanxanası, geniş auditoriyaları, laboratoriyaları, kitabxanası, yeməkxanası var. Ötən il may ayının 7 və 18–də baş vermiş zəlzələlər nəticəsində tədris binası qəzalı vəziyyətə düşdüyündən filial üçün yeni təhsil kompleksinin tikilməsi qərara alınmışdır. Hazırda Fövqəladə Hallar Nazirliyinin yaxından köməkliyi və Zaqatala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə filial üçün geniş bir ərazidə yeni təhsil kompleksi tikilir. Buradakı beşmərtəbəli korpusun daxilində yeni kafedraların, əlavə fənn kabinetlərinin, böyük həcmli nəşriyyatın, yeməkxananın, müasir standartları özündə əks etdirən digər yardımçı otaqların inşa edilməsi nəzərdə tutulmuşdur.
Lakin hələlik işləmək üçün də lazımi şərait yaratmışıq. Yeni inventarlar alınmış, fənn kabinələri, auditoriyalar zəruri avadanlıqlarla təchiz olunmuş, qazanxananın fəaliyyəti yeniləşdirilmişdir.
Bütün bunlar millətimizin gələcəyi olan təhsilimizin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Söhbəti qələmə
aldı:
Rasim AMANOV,
Respublika.- 2013.- 10 mart.- S. 3.