Azərbaycan daim
güclənir və müasir dövlətə çevrilir
Azərbaycanın
istər dövlət, istər özəl sektorunun ümumi
daxili məhsulu öz rəqabətqabiliyyətliliyini
günü–gündən artırır. Ölkənin
iqtisadiyyatının dayanıqlı və davamlı
inkişafından danışarkən dövlət
başçısı İlham Əliyev deyib:
“Bütövlükdə ötən il ölkə
iqtisadiyyatı üçün çox uğurlu il
olmuşdur. Bu da təsadüfi deyil. Çünki keçən
ilin uğurları bundan əvvəlki dövrdə müəyyən
edilmişdir. Bizim düşünülmüş iqtisadi siyasətimiz
artıq öz gözəl nəticələrini verməkdədir
və dinamika müsbətdir, inkişaf çox sevindiricidir…
Bu gün Azərbaycan iqtisadiyyatı güclü
iqtisadiyyatdır və bizim gözəl gələcəyimiz
vardır”. 2012–ci ildə ümumi daxili məhsul 53.995 milyon
manat, o cümlədən qeyri–neft sektorunda bu rəqəm
28.474,9 milyon manat təşkil etmişdir.
Qeyd edək ki, real sektorun mühüm sahələrindən olan informasiya–kommunikasiya texnologiyalarının inkişafı da davamlıdır. Hazırkı dövr sürətli inkişaf dövrüdür. Bu sürət isə müasir elmi–texniki nailiyyətlərin tətbiqi olmadan mümkün deyildir. Bu sahədə İKT son dərəcə mühüm yer tutur. Belə ki, elm və texnologiya çox sürətlə inkişaf edir və bu sahədə informasiyaların müvafiq institutlara çatdırılması isə həmin tərəqqinin sürəti qədər mühüm əhəmiyyət kəsb edir. Belə ki, tətbiqin operativliyini və səmərəliliyinin yüksəkliyini təmin edir. Bu gün siyasi, iqtisadi və sosial həyatın elə bir sahəsi yoxdur ki, İKT ora daxil olmasın.
Ötən il Azərbaycan dördüncü nəsil mobil rabitə texnologiyasını tətbiq edən Avropanın doqquzuncu, dünyanın isə 37–ci ölkəsi olmuşdur. Belə ki, Azərbaycanda İKT sahəsində inkişaf tempi kifayət qədər yüksəkdir. Faktlara nəzər yetirək. Ötən il informasiya və rabitə xidmətlərinin həcmi 1.424,2 milyon manat civarında olmuşdur. Bu rəqəm ötən ildəki göstəricidən 15,9 faiz çoxdur. Əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,2 faiz təşkil etmişdir. Əldə olunmuş gəlirlərin 60,4 faizi mobil telefon rabitəsindən yaranmış və 2011–ci illə müqayisədə bu xidmətlərin həcmi 12,2 faiz artaraq 859,9 manat olmuşdur. Son üç ildə Azərbaycan MDB ölkələri arasında geniş regionda internet istifadəçilərinin sıxlığına görə liderdir. Ötən il bu sahədə göstərici 65 faizdən 70 faizə yaxınlaşmışdır. İnternet xidmətinin keyfiyyətliliyinin daim yüksəldilməsi diqqət mərkəzindədir. Keçən il xaricə çıxışın tutumu 2,2 dəfə artmış, qiymətlər isə 35 faiz azalmışdır. Bir meqabit–saniyə xidmətinin qiyməti orta əməkhaqqının təxminən 3 faizi qədərdir. İnkişaf etməkdə olan ölkələrdə bu rəqəm 20 faiz həddindədir.
İKT–nin inkişafı üzrə 10 illik Milli
Strategiya ulu öndər Heydər Əliyevin
imzaladığı fərmanla reallaşmağa
başlamışdır və ümummilli liderimizin siyasi
varisi, dövlət başçısı İlham Əliyev tərəfindən
müvəffəqiyyətlə davam etdirilir. 2008–ci ildə Azərbaycan
peykinin orbitə çıxarılması barədə qərar
verilmiş, 2009–cu ildə bu sahəyə dair Dövlət
Proqramı qəbul edilmiş, bir il sonra isə “Azərkosmos”
Səhmdar Cəmiyyəti yaradılmış və ölkəmiz
kosmik klubun üzvünə çevrilmişdir. 2012–ci ildə
dövlət siyasətinin uğurluluğu 2013–cü ilin
fevralında ABŞ–ın “Orbital” şirkəti tərəfindən
istehsal olunmuş və Fransanın “Arian” şirkəti tərəfindən
orbitə çıxarılmış ölkəmizin ilk “Azərspace–1″
telekommunikasiya peyki ilə təsdiq olunmuşdur. Beləliklə,
dövlətimiz kosmik sənayesi olan ölkələr
sırasına daxil olmuşdur. Azərbaycan Prezidenti cənab
İlham Əliyev ölkəmizin İKT sahəsində əldə
etdiyi uğurlara yüksək qiymət vermişdir: “İKT sahəsində
Azərbaycan, doğrudan da, son illər ərzində
böyük uğurlar əldə edibdir. Bu, həm biznes, həm
zəka, intellekt sahəsidir. Eyni zamanda, innovasiya və şəffaflığa
təkan verən, xidmət göstərən bir sahədir.
Biz bu imkanlardan geniş istifadə etməliyik”.
Göründüyü kimi, İKT–nin inkişafı iqtisadi
sahələrin bütün sahələrində operativ
informasiya mübadiləsini təmin edir, cəmiyyətlə
iqtisadi, siyasi və sosial qurumlar arasında
qarşılıqlı müasir tələbə cavab verən
informatik körpü yaradır, dövlətin müvafiq
institutları ilə vətəndaş arasında operativ və
vasitəsiz əlaqə yaratmaqla korrupsiya və rüşvətxorluğa
da yer qoymur. Ölkəmizdə xidmətlərin maksimum şəffaf
və müasir səviyyədə təmin edilməsi
üçün “ASAN” xidməti keçən ilin
sonlarında yaradılmış və fəaliyyətə
başlamışdır. Elektron hökumətinin də
uğurlu fəaliyyətini bura əlavə etsək, cəmiyyətimizin
və dövlətin müasir səviyyədə və
demokratik idarə olunmasında informasiya–kommunikasiya
texnologiyalarının getdikcə daha mühüm rol
oynadığının şahidi olarıq. Təsəvvür
edin, bir pəncərə sistemi ilə işləyən vahid
elektron portalına 40 hökumət və dövlət qurumu
birləşdirilmişdir. Nazirlər Kabinetinin təsdiq etdiyi
417 xidmətdən 158 sadə xidmət artıq cəmləşdirilmiş
və internetə çıxışı olanların istifadəsindədir.
Elektron imza sisteminin
kompyuter və mobil telefon versiyası da işə
salınmışdır. Ötən il təxminən 5,5 mindən
çox məmur və vətəndaş bu xidmət sistemindən
istifadə etmişdir. İKT–nin tətbiq olunduğu sahələrin
sayını kifayət qədər uzatmaq olar. Bircə onu demək
lazımdır ki, bu xidmət növü müasir həyatımızın
mühüm və zəruri hissəsinə çevrilib.
Bütün bunlar həm də İKT–nin insan fəaliyyətinin
bütün sahələrinin ayrılmaz bir hissəsi
olduğunu sübut edir. Bu il Azərbaycanda
“İnformasiya–kommunikasiya texnologiyaları ili” elan olunub. Beləliklə,
İKT–nin ölkənin inkişafı üçün
prioritet sahələrdən olduğu bir daha aydın olur.
Dövlət başçısı MDB Dövlət
İnformasiya Agentlikləri Rəhbərləri
Şurasının XVI iclasının
iştirakçılarını qəbul zamanı bu barədə
deyib: “Bu sahə bizə yeniləşmə və
iqtisadiyyatın şaxələndirilməsi istiqamətində
daha fəal irəliləməyə imkan verəcəkdir.
İKT sahəsi bir neçə aspekti, ilk növbədə
informasiyanı, yeni texnologiyaları, biznesi əhatə edir.
Belə ki, bu sahə biznes mühiti üçün də
çox cəlbedicidir”.
Bu gün
Azərbaycan iqtisadiyyatı çoxşaxəlidir və
davamlı inkişaf edir. Nəticədə hazırda
iqtisadiyyatımız neft amilindən
asılılığını minimuma endirib. Ölkə rəhbərliyi
çalışır ki, strateji məqsədlərə
uyğun olaraq ümumi daxili məhsulun qeyri–neft sektorunda iki dəfə
artımına ən qısa müddətdə nail olunsun. Bu məqsədə
uğurla çatılır. Belə ki, real iqtisadiyyat hərtərəfli
inkişaf edir, tərəqqi davamlı, istehsal olunan məhsullar
rəqabətədavamlıdır. Təkcə ötən il
ölkəmiz 155 dövlətlə xarici ticarət dövriyyəsi
edib. Bu əməliyyat 43.813,2 milyard ABŞ dolları həcmində
olub. Bu göstəricidə ixrac olunan malların payı 34,2
milyard dollardır. Azərbaycanın dünya bazarına
çıxardığı qeyri–neft məhsullarının həcmi
11,2 faiz artıb. Göründüyü kimi, Azərbaycan ildən–ilə
dünya iqtisadiyyatına daha sürətlə unteqrasiya edir və
yerləşdiyi regionda çox mühüm siyasi–iqtisadi
mövqeyə malikdir. Buna görə də müasir
dünyanın iqtisadi, siyasi və sosial həyatının
bütün sahələrinin çox mühüm, hətta
ayrılmaz hissəsinə çevrilmişdir. Bu gün
ölkələrin tərəqqisində və artıq həm
də təhlükəsizliyinin təminində mühüm və
zəruri rol oynayan İKT–nin inkişafı dövlətimizin
də daim diqqət mərkəzindədir. Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft
Fondu Azərbaycanda “evlərə optika” modeli üzrə
bütün yaşayış məntəqələrinə
yüksəksürətli genişzolaqlı İnternet xidmətlərini
verən optik şəbəkənin qurulması üzrə
layihə hazırlamışdır və 2013–cü ildə bu
layihəyə 103 milyon manat vəsait
ayrılmışdır. Əsas məqsəd ondan ibarətdir
ki, ucqar kəndlərdə də sürəti 10–100
meqabit–saniyə arasında olan genişzolaqlı internetə
çıxış təmin edilsin və istifadəçilərin
sayı təxminən 85 faizə çatdırılsın.
Bu da nəzərdə tutulan 2017–ci il üçün
inkişaf etmiş ölkələrin səviyyəsi deməkdir.
Cənubi
Qafqaz, Orta və Mərkəzi Asiya ölkələri
arasında rəqəmli televiziya yayımı ilk dəfə
Azərbaycanda tətbiq olunmuşdur və hazırda əhalinin
90 faizinin həmin növ yayım texnologiyasından istifadəsi
təmin olunmuşdur. Bu gün Azərbaycanda 25 telekanal və
15 radio proqramı vardır. Milli Teleradio Şurasının
razılığı ilə mərkəzləşdirilmiş
və lisenziyalaşdırılmış 100–dən çox
xarici radio–televiziya kanallarının qəbulu, saxlanma və
paylanma sistemi yaradılmışdır, məqsəd də
budur ki, bu sistem regional mərkəzə çevrilsin.
Azərbaycan BMT–nin müvafiq komitəsində kosmik ölkələr sırasına qəbul edilmış və öz üzərinə kosmik fəzanın sülh məqsədlərilə istifadəsi üzrə öhdəlik götürmüşdür. 2012–ci ildə BMT–nin 67–ci Baş Məclisi Azərbaycanın əlaqələndirici olduğu “Avrasiya Transmilli Böyük İnformasiya Magistralı” (TASİM) layihəsinə dair xüsusi qətnamə qəbul etmiş, bununla da siyasi dəstəyini vermiş və bu layihə üzrə xüsusi alyansın yaradılmasını tövsiyə etmişdir. Başqa beynəlxalq əhəmiyyətli layihə olan Avropa Yaxın Şərq yüksəksürətli İnformasiya Şəbəkəsinin (EPEG) ölkəmizdə əsas və ehtiyat qovşaqlarının quraşdırılması isə artıq başa çatmışdır. Diqqəti bir cəhət cəlb edir. Azərbaycanda beynəlxalq tədbirlər bir–birini əvəz edir. Hətta bir gündə bir neçəsi keçirilir. Bunun səbəbi təkcə ölkəmizin davamlı və sürətli sosial–iqtisadi inkişafı, nəhəng beynəlxalq səviyyəli layihələrin reallaşması, Azərbaycanın regionun mühüm nəqliyyat mərkəzi olması deyil, həm də ölkədə mövcud informasiya–kommunikasiya texnologiyalarının böyük və mühüm tədbirlərin ən yüksək səviyyədə keçirilməsinə imkan verməsidir. Bir fakta nəzər yetirmək kifayətdir. İnternet üzrə ən böyük tədbir olan İnternet İdarəçilik Forumu Bakıda keçirilən zaman 1600–dən çox xarici və 1200 Azərbaycan nümayəndəsi iştirak etmiş, 3800 xarici iştirakçı isə videokonfranslar vasitəsilə foruma qoşulmuşdu. Göründüyü kimi, bu gün artıq İKT–siz nəinki inkişaf etmək və hətta səmərəli fəaliyyət göstərmək də mümkün deyil.
İKT–nin daha sürətli inkişafı dövlətin daim diqqət mərkəzindədir. Dövlət başçısı bu məqsədlə 2012–ci ildə İKT–nin İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, İnformasiya Təhlükəsizliyi Mərkəzi və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin yaradılması üçün fərman və sərəncam imzalamışdır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən İKT sahəsində inkişafın artımı 18–20 faiz nəzərdə tutulmuş, səkkiz ildə əldə olunacaq gəlir isə 8–9 milyard ABŞ dolları həcmində proqnozlaşdırılmışdır. Bu məqsədə nail olmaq üçün rəqabət mühiti daim yaxşılaşdırılacaq, sektora səmərəli fiskal və monetar güzəştlər olunacaq, ixrac potensialının mütəmadi surətdə artırılması üçün müvafiq siyasət yürüdüləcək, regional İKT resursları, yüksək texnoloji məhsul və xidmətlər yaradılacaq, güclü insan kapitalına əsaslanan innovativ sahibkarlığın inkişafı təmin olunacaqdır.
Dövlət başçısı İKT–nin ölkənin tərəqqisində əhəmiyyətinə yüksək qiymət verir və ən müasir səviyyəyə çatdırılması üçün bütün lazımi addımları atır: “İnformasiya–kommunikasiya texnologiyalarının inkişafı bizim uğurlu gələcəyimizi müəyyən edəcək, təmin edəcəkdir… Peykin fəaliyyəti nəticəsində Azərbaycan dövləti, eyni zamanda maliyyə məsələlərini həll edəcəkdir. Yəni bu peykin fəaliyyəti iqtisadi cəhətdən də səmərəli olacaqdır. Eyni zamanda, informasiya–kommunikasiya texnologiyalarının inkişafı ümumən hər bir ölkənin inkişafını müəyyən edir. Gələcəkdə bu sahənin hər bir ölkə üçün nə qədər vacib olduğunu, əminəm ki, hər kəs görəcəkdir. Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya–kommunikasiya texnologiyalarının sahəsi həlledici rol oynayacaqdır. Mən buna əminəm. Mən çox şadam ki, biz bu istiqamətdə bütün işləri planlı, məqsədyönlü şəkildə aparırıq. Bütün addımları atırıq ki, ölkəmiz daha da güclənsin, Azərbaycan daha da müasir dövlətə çevrilsin. Bu yaxınlarda İnformasiya–Kommunikasiya Texnologiyaları Universitetinin yaradılması haqqında imzaladığım sərəncam dediyim sözlərin təsdiqidir”.
Ataş CƏBRAYILOV
Respublika.- 2013.- 10 mart.- S. 1.