Balacaların sevimli teatrı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli mədəniyyətimizin inkişafında və ölkənin mədəni həyatında Azərbaycan milli teatrının əhəmiyyəti və rolunu nəzərə alaraq 10 mart gününün Milli Teatr Günü kimi qeyd edilməsi və Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında sərəncam imzalamışdır.
Hər iki sərəncam respublika teatr ictimaiyyəti tərəfindən ruh yüksəkliyi ilə qarşılanmışdır. Sərəncamla əlaqədar respublikamızın teatr müəssisələri xüsusi tədbirlər planı hazırlayıb həyata keçirmək üçün yığıncaqlar keçirir, hörmətli Prezidentimizə öz dərin minnətdarlıqlarını bildirirlər.
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi də məlum sərəncamları ruh yüksəkliyi ilə qarşılamışdır.
Azərbaycan Dövlət Kukla Teatrı 1931–ci ildə Molla Ağa Bəbirli tərəfindən yaradılmış, 1965–ci ildə dövlət statusu almışdır. Teatrda indi 30–a yaxın aktyor çalışır.
Teatrın repertuarını kiçik yaşlı uşaqların zövqünə uyğun tamaşalar təşkil edir. N.Gəncəvinin “Xeyir və Şər”, V.Şekspirin “Yay gecəsində yuxu”, Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, A.Şaiqin “Dünya gözəli”, M.Seyidzadənin “Cırtdan”, H.Ziyanın “Əkiz qardaşlar”, Ə.Abbasovun “Şəngülüm, Şüngülüm”, K.Ağayevanın “Göyçək Fatma” və digər tamaşalar buna misal ola bilər.
ADKT ötən ili çox uğurla başa vurmuşdur. Aprel ayında Mərakeşdə keçirilən XII Beynəlxalq Uşaq Teatrları festivalında N.Gəncəvinin “Xeyir və şər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə 1–ci mükafata layiq görülmüşdür. May ayında Kazan şəhərində keçirilən X Beynəlxalq “Nauruz” festivalında K.Şahmərdanın “Ağ və qara” tamaşası da festivalın ən yaxşı tamaşası kimi qiymətləndirilmişdir.
2012–ci il ərzində 9 tamaşa hazırlanıb balaca tamaşaçılara təhvil verilmişdir. Bu tamaşaların dördü Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmışdır.
Bütün bu və ya digər göstəricilərin nəticəsidir ki, 2012–ci ildə teatrın işçilərindən bir nəfərinə “Əməkdar İncəsənət xadimi”, bir nəfərinə “Əməkdar artist” fəxri adı verilmiş, bir nəfər isə Prezident təqaüdünə layiq görülmüşdür.
Onu da qeyd etmək lazımdır ki, 2013–cü ildə teatr 6 beynəlxalq festivala dəvət almışdır.
İndi teatr Bakıda keçiriləcək II Beynəlxalq Kukla Teatrı festivalına və Türkiyənin Eskişehir şəhərində keçirilcək festivala ciddi hazırlaşır.
Zabit CAVADOV
Respublika.- 2013.- 12 mart.- S. 10.