SABAHI XEYİRƏ AÇAN XEYRİYYƏÇİ

 

Milli tariximizi sahibkarlıq və xeyriyyəçilik fəaliyyəti fonunda öyrənmək elmi ictimaiyyətin son zamanlar müraciət etdiyi maraqlı tədqiqat sahələrindən biridir. Dilarə Nağıyeva–Muxtarovanın AMEA–nın Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunanAğa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti” monoqrafiyası və “Zamanın sorağında” adlı elmi–kütləvi kitabı öncə bu baxımdan diqqəti çəkir.

Bakıda neft sənayesinin yaranması və formalaşması prosesində milli əxlaqın mədəni–ictimai həyatda yerirolu zamana görə dəyişmiş, neft kapitalının ona təsiri nəticəsində yeni münasibətlər sistemi dirçəlmişdir. Bütün yaramazlıqlarına rəğmən bu sistemin daxilində qara qızıl səltənətinin qəhqəhələri və göz yaşları üzərindən ətrafa vətənpərvərlik, xeyirxahlıq, millilik gözü ilə baxanlar da olmuşdur. Şükürlər olsun, xalqın yaddaşı sovet təbliğatının “burjua” damğası vurduğu həmin şəxsiyyətlərin bir çoxunu unutmamışdır, bu gün də onları ehtiramla yad edir.

Həmin xatirələrdə xariqələrilə yaşayanlar arasında Ağa Musa Nağıyevin xüsusi yeri vardır. Bütün bunları nəzərə alan müəllif yazır: Ağa Musa Nağıyevin Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinin, sahibkarlıq, habelə xeyriyyəçilik və ictimai fəaliyyətinin tədqiq edilməsi, həm Vətən tariximizin daha bir qaranlıq səhifəsinə həqiqət işığı salmaq baxımından, həm də bu insanın əməlləri müqabilində onun ruhu qarşısında heç olmasa mənəvi borcun ödənilməsi baxımından vacib bir vəzifədir”.

Bu həm də o deməkdir ki, millət öz xeyirxahlarını yaxından tanımalıdır.

Erkən gəncliyində biləcərili hambal uşaq kimi tanınan Musa öz müasirlərindən gəlirli işi vaxtında duymaq bacarığı ilə fərqlənmişdir. Bu fikir hər iki kitabın məntiqidir. Və dolayısı ilə azərbaycanlıların təbiətində “ qurub pul qazanmaq” ehtirasının güclü olduğuna işarədir. Müəllif, Ağa Musa Nağıyevin şəxsində bu xüsusiyyəti faktlaşdıra bilmişdir. Tariximizin o dönəminin yaşantıları göstərir ki, yenicə yaranmaqda olan neft biznesinin perspektivini görüb fəaliyyətə keçən hambal Musanın çox sürətlə “tuz”laşması, Bakının ən “bərkgedən” neftxudalarından birinə çevrilməsi, ümumiyyətlə, millət və vətən üçün qürur mənbəyi idi.

Bir neft buruğunun fontanı ilə taleyi dəyişənlərin həyatı qazandıqları pulun miqdarı ilə deyil, “puldan pul etmək”, “pulu idarə etmək” mədəniyyətinə nail olmaq qabiliyyətləri baxımından maraqlıdır. Çünki o vaxtlar bəxtinə neft gülənlər çox olub, ancaq adını neftxuda kimi qoruyub saxlayanlar cəmi on bir nəfər tarixləşib. Məhz bu on bir kişinin hesabına Bakıda söz sahibi biznes qrupların tərkibi azərbaycanlıların xeyrinə dəyişib. Bu o deməkdir ki, “kontorlarda verən və işləyən azərbaycanlıların sayı durmadan artıb. Həmin dövr üçün bu çox ciddi məsələ idi və aktuallığını indi də saxlayır. Təsəvvür edin ki, 1872–ci ildə Bakıda “neft yataqları olan yerlərin 13–dən 2–si, 163 neft quyusundan isə cəmi 21–i azərbaycanlı sahibkara məxsus idi”. Bir neçə ildən sonra isə artıq 167 neft müəssisəsindən 49–u azərbaycanlıların idi. 1908–ci ildə həmin neft müəssisələrində 3320 fəhlə çalışırmış, 1893– ildə Bakıdakı 100 kerosin zavodundan 41–i azərbaycanlılara aid idi. Rusiya, Fransa və Almaniyanın adamları, xüsusilə də Nobel qardaşlarının iri neft şirkətləri ölkəni talayıb apardıqları halda, bu sahəyə investisiya qoyub istehsal həcminə görə ən böyük neft emalı zavodu tikən iki qohumqudalar: Ağa Musa Nağıyev və Şəmsi Əsədullayev olub.

O kişilər binalar tikdirib, məktəblər açdırıb, yerli tələbələrin təhsil haqqını ödəyiblər. Hətta qazamat da tikiblər ki, dustaq olandaolar — özümüzünkülərdir, Sibir zindanlarında çürüməsinlər. Həmin vaxtlar millətin işinə yarayan bütün bu tipli təşəbbüslərin əksəriyyətində Ağa Musa Nağıyev yaxından iştirak edib. O, istər evlənmək istəyən gənc, istərsə də doğmasını dəfn edən nagəhan birisi—həyatın bu iki nöqtəsi arasında qalan bütün xeyir–şər məsələləri ilə bağlı kim kömək üçün Ağa Musa Nağıyevə müraciət edərmişsə, ümidsiz geri qaytarılmazdı.

Köhnə Bakının şərqli çöhrəsinə bir az Avropa gözəlliyi qata biləcək tanınmış arxitektorların, həkimlərin, müəllimlərin, müğənnilərin, bəstəkarların, dirijorların… dəvət edilməsi, ümumiyyətlə, mədəniyyətimizə təmənnasız xidmət idi. Gözəllər gözəli Bakımızın füsünkar mərkəzini bizə yadigar bağışlayıb gedən görkəmli adamlarımızdan biri də düşüncəsi və işgüzarlığı ilə özünə “ağa” dedirtməyi bacaran, rus çarının rəğbətini qazanan neft kralı, I Dərəcəli Tacir Ağa Musa Nağıyev olmuşdur. İndivüqarla dik duran “MH” (kiril əlifbası ilə “Musa Nağıyev” ad/soyadının baş hərfləri–E.V) saray tipli binalar xalqımızın xidmətindədir. Böyük ürək sahibi, aydın düşüncəli, haqq–hesabını yaxşı bilən adama “xəsis” ayaması qoşanlar da sonralar etiraf etmişlər ki, Ağa Musa, doğrudan da, qərarlarında haqlı imiş. OnunFontan vurmayan şeyə maya qoymaram” biznes–proqramının məntiqi xəsislik olmayıb!

Əcəl, yüz bina tikdirmək arzusunda olan Ağa Musa Nağıyevə doxsan səkkizini ucaltmağa imkan verib. Bir ömür üçün məgər bu azdır?! Həmin binaların hamısının həyatda öz inşaat missiyası olub: xəstəxana, poçt idarəsi, məktəb və s. Lakin doxsan səkkizdən ikisi: “İsmailiyyə” və keçmiş Semaşko xəstəxanasının milli həyata baxışın koloritli ifadəsi ucalığından xüsusi təyinatı bu günöz tərbiyəvi əhəmiyyətini saxlayır, yaşayır və yaşadır. Bu hissin izində indimilyonlarla vətəndaşımızın istifadə etdiyi Şollar su kəmərinin çəkilişinin əhəmiyyətini xatırlayaq (ona sərf olunan vəsaitin 75 faizini mesenat–xeyriyyəçi ödəmişdir).

Bu əməllər: xeyriyyəzilik və yardımlaşmaq Azərbaycan mentalitetinin şah əsəridir.

 

 

Elçin VƏLƏDOĞLU

 

Respublika.- 2013.- 12 mart.- S. 9.