“Daş
yuxular”ın müəllifi və onun məddahları
Qafqaz müsəlmanlarının şeyxülislamı Allahşükür Paşazadə 2012–ci ilin dekabr
ayında “Drujba narodov”
jurnalında dərc olunmuş “Daş yuxular” roman–rekviyeminin məzmunu
ilə tanış olduqdan sonra
əsərin müəllifinə qarşı ictimaiyyətin
haqlı narazılığına qoşularaq
yazıçı Əkrəm Əylislini “Mürtəd”
adlandırmışdır.
Əkrəm Əylislinin özünü “islahedilməz idealist” adlandırmasına baxmayaraq, şeyxülislam həzrətləri islaholunmaz əməllərinə görə onun kimliyini açıb ortaya qoyub: el arasında Allahsız, dinsiz, imansız adama, dönük, xain çıxana, insafsıza, zalıma, mürvətsizə, rəhimsizə mürtəd deyilir.
Əkrəm Əylislinin Azərbaycan xalqına, havası, suyu, nemətləri ilə bəhrələndiyi müqəddəs ana torpağa qəlbində və düşüncələrində ikrah hissi, nifrət və kin bəsləməsi mürtədlikdən savayı bir şey deyildir.
Yazıçı doğma xalqının oğlu, onun sevincinin və kədərinin tərcümanı olmalıdır. O, heç vaxt bu şərəfli bəşəri missiyanın fövqündə dura bilməz. Əgər qələm sahibində təəssübkeşlik yoxdursa, özünü xalqdan uca tutursa, onun dərd–sərinə şərik deyilsə, o heç zaman şəxsiyyət ola bilməz, mənsub olduğu xalqın təmsilçisi etimadına layiq olmaz. Belə bir adamın xalq adından danışmağa mənəvi haqqı çatmaz. Lakin Əkrəm Əylisli müştəbehlik azarına mübtəla olmuşdur. O, həddini aşaraq bədnam qonşuların ucbatından başı bəlalar çəkən, ağır fəlakətə düçar olan Azərbaycan xalqını soyqırımında, vəhşilikdə günahkar hesab edir, erməni faşistlərini təmizə çıxarmaq üçün xalqın adından tövbənamə yazıb dünyaya car çəkir. İndi “Oqonyok”jurnalında deyildiyi kimi “Daş yuxular” Ermənistanda oxunandan sonra orada bir azərbaycanlı yazıçı tövbə edir, qalan ictimaiyyət isə susur “ruhunda yazılar baş alıb gedir”. (Bax: “Oqonyok” jurnalı, 18 fevral 2013). Əkrəm Əylislinin xalq adından danışmağa nə mənəvi haqqı, nə də səlahiyyəti yoxdur!..
Açığını desək, Əkrəm Əylisli haqqında danışmağa dəyməz, o öz geninin bəlasına düçar olduğuna (zatı qırıqlığına) görə iflasa uğramış, bədbəxt, zavallı bir vəziyyətə düşmüşdür. Lakin “Oqonyok” jurnalının 18 fevral 2013–cü il tarixli nömrəsində “Drujba narodov” jurnalının əməkdaşları və rus yazıçılarının kökündən yanlış mülahizələrinə aydınlıq gətirmək, məddahlıq cəhdlərinə qarşı fikrimi bildirmək istərdim. Mətləbə keçməzdən əvvəl bir məsələni xatırlatmaq yerinə düşər. Ötən əsrin 50–ci illərində İrəvanda “Sovet Ermənistanı” qəzetində işlədiyim illərdə İstanbul Universitetinin hüquq fakültəsini bitirmiş, gənclik illərində Türkiyədə vəkil işləmiş Hamparyan soyadlı dünya görmüş, savadlı bir adam tərcüməçi vəzifəsində işləyirdi. Bir gün elə fürsət düşdü ki, söhbət zamanı məni narahat edən bir neçə sualı ona vermək imkanı yarandı.
—Tarixdən hamıya məlumdur ki, ermənilər Türkiyədə firavan yaşamış, ən yaxşı dövlət vəzifələri onlara etibar edilmişdi. Necə oldu ki, 1915–ci illərdə birdən–birə bu xoşagəlməz hadisələr baş verdi. Buna səbəb nə idi, kimdir günahkar?
İliyinə qədər ifrat millətçi olan bu qoca erməni köksünü ötürərək dərin bir təəssüflə, bəlkə də ürək ağrısı ilə dedi:
—Doğru deyirsən, bizim xalq Türkiyədə ağa kimi xoşbəxt yaşayırdı. Amma bizim erməni milləti bədbəxt xalqdır, qırx ildən bir dəliliyi tutur, hər dəfə də başı əziləndən sonra özünə gəlir.
Həqiqətən də, tarixən belə olmuşdur. XIX əsrdə Rusiya–Türkiyə müharibəsində, eləcə də sonralar ermənilər fürsətdən istifadə edərək çevriliş etmək, Anadoluda hakimiyyətə sahib olmaq üçün türklərin kökünü kəsmək, “Böyük Ermənistan” yaratmaq xəyalına düşmüşdülər.
Arxiv sənədlərindən, hətta rus hərbçilərinin xatirələrindən də göründüyü kimi Rusiyanın işğalçı qoşunları Türkiyədə kənd və qəsəbələri zəbt etdikcə, onun arxasınca gələn erməni silahlı dəstələri türk kəndlilərinə divan tutur, uşaqlara, qoca və qadınlara rəhm etmədən onları diri–diri həyətlərdəki su quyularına doldurur, amansızcasına qırır, ev–eşiklərində nə varsa talayırdılar. Onlar xüsusi amansızlıqla misli görünməmiş soyqırım həyata keçirirdilər. Təbii ki, qarşıdurmada ermənilər də itki verirdilər. Erməni yazıçısı Paffi isə həyasızcasına, dünya ictimaiyyətinin fikrini erməni vəhşətlərindən yayındırmaq niyyəti ilə, öz əsərlərində türklərin guya erməniləri qılıncdan keçirməsi ilə bağlı dəhşətli qətliam səhnələri təsvir edirdi. Yüz ilə yaxındır ki, ermənilər milyon yarım erməninin türklər tərəfindən soyqırıma məruz qalması barədə vay–şüvən qaldırır, müxtəlif yollarla bu fikri dünya ictimaiyyətinə sırıyırlar. Bu uydurma yalan arxasında, erməni məkri Türkiyədən təzminat və torpaq qopartmaq niyyətinə hesablanmışdır. Ermənilər arxivləri açmaqdan şeytanın “bismillah”dan qorxması kimi qorxurlar. Onlar yaxşı bilirlər ki, türk–erməni qarşıdurması dövründə orada heç bir milyon erməni olmamışdır. Rus qoşunları geri çəkilməzdən əvvəl ermənilərə himayədarlıq edib yüz minlərlə erməni ailəsini Zaqafqaziyaya köçürmüşdülər.
1918–ci ildə Azərbaycan Xalq Cümhuriyyəti türk hakim dairələrinin məsləhəti ilə (ermənilər Anadoludan, Naxçıvandan, Qarabağ və Zəngəzurdan gözünü çəksin deyə) İrəvan xanlığı ərazisini erməni daşnak hökumətinə təmənnasız bağışladı. Onlar da özlərinə yer eləyən kimi bu yurdun qədim, əzəli sahibləri olan azərbaycanlıları silah gücünə qovub “Türksüz Ermənistan” yaratdılar, Qarabağdan, Naxçıvandan, Zəngəzurdan, hətta Anadoludan gözlərini çəkmədilər.
Bütün bu tarixi hadisələri Əkrəm Əylisli bilirdimi? Əlbəttə bilirdi. Bəs onda niyə Paffinin tutduğu yolla getmədi, millətçi Paffi Əkrəm Əylislidən daha bacarıqlı, ağıllı, uzaqgörən sənətkar yazıçı idi. Amma o, əsl həqiqəti, reallığı bilirdi, xalqına xidmət naminə uydurma ermənilik çərçivəsindən çıxmadı. Əkrəm Əylisli ölkəmizin düşmənlə qarşı–qarşıya dayandığı bir vaxtda, gərgin mübarizə şəraitində millətini sevən vətəndaş yazıçı olmaq istəmədi, bu qarşıdurmada, ağır gərginlik dövründə ermənilərə mənəvi dayaq oldu. O özü “Oqonyok” jurnalına müsahibəsində açdıqca etiraf edir ki, həyatımda heç zaman bu “millətçi ruhla” yanaşı olmamışam. Ondan həmişə zəhləm gedib.
Yüz il bundan əvvəl mütəfəkkir publisist Əlibəy Hüseynzadə “Füyuzat” jurnalının titul səhifəsində yazmışdı: “Dərin kökümüz, şərəf sözümüz, əmanət yükümüz, qeyrət gücümüz—Milli Ruh… Keçmişimizdən gələn varlıq harayımız, elm, qüvvət, şücaət qalamız —Milli Ruh…Var olan dünənimiz, bu günümüz, sabahımız Milli Ruh…”
Əkrəm Əylisli bütün mənəvi dəyərlərə arxa çevirdi . O, Azərbaycan xalqını aşağılamağı özünə manqurt sayağı rəva bildi. Əkrəm Əylisli 1989–cu ildə “Drujba narodov” jurnalında dərc etdirdiyi məktubunda indiki mövqeyində dayandığını söyləyir. O, “Oqonyok”a da “Daş yuxular”dakı prinsiplərindən imtina etmədiyini bildirir.
Bəziləri düşünə bilər ki, Əkrəm Əylisli bu hay–küydən, hətta xalq yazıçısı adından, Prezident təqaüdündən məhrum edildikdən sonra da öz xəyanətinin mahiyyətini başa düşmür?!..
Əlbəttə elə deyil. Əkrəm Əylisli bilmədən səhv etməyib, o ermənilik xislətinə uyğun olaraq Azərbaycan xalqına, onun tarixinə, milli ruhuna, şərəfinə etina etmədən şüurlu olaraq bu xəyanət yolunu tutmuşdur. Ona görə Azərbaycan ictimaiyyəti onu heç zaman bağışlamayacaqdır.
“Oqonyok” jurnalının 18 fevral 2013–cü il tarixli 61–ci sayında “Daş yuxular” romanının oyatdığı qalmaqala həsr etdiyi yazılar —”Əxlaqın vətəni yoxdur” adlı ümumi sərlövhə altında verilmişdir.
Sergey Melnikov Əkrəm Əylisli ilə müsahibəsini belə başlayır: “Ermənistan–Azərbaycan münaqişəsindən ürək ağrısı ilə yazmış Azərbaycan yazıçısı Əkrəm Əylisli vətənində təqib edilir. Azğın millətçilər qisasa çağırır, yazıçı özü isə prinsiplərindən imtina etmir”.
Əkrəm Əylislinin diktəsilə yazılmış bu təqdimatın qərəzli mövqeyi obyektivlikdən çox–çox uzaqdır, birtərəflidir.
Müsahibənin məzmunundan bu ruh açıqca hiss olunur. Jurnalist hadisəni doğuran səbəbləri şərh etmir, amma nəticəni guya “obyektiv”cəsinə təsvir etməyə çalışır. Onun fikrincə, Əkrəm Əylislini müdafiə edən bir qrup cavan yazıçının keçirdiyi aksiya nəzərə alınmazsa, bütün ictimaiyyət yazıçını təhqir etmiş, ona “gizli erməni” damğası vurmuşdur. Sergey Melnikov yazır: “Lakin özünün haqlı olduğuna əmin olan yazıçı müdafiə olunmağa başladı. Əylisli hesab edir ki, o yalnız Azərbaycan və erməni xalqları arasında qeyri–sağlam münasibətlərin qızışdırılmasına qarşı çıxış etmişdir, “Azərbaycanlının atılaraq qoca ermənini xilas etməsini” göstərən kitab isə Azərbaycan xalqını təhqir edə bilməz”.
“Daş yuxular”ın əsas ideya–məzmununu, orada azərbaycanlıları aşağılayan, təhqir edən epizodları təfərrüatı ilə şərh etmək, yazıçının məramını açmaq əvəzinə, jurnalistin bu cür primitiv izahla hər şeydən yan keçməsi bağışlanılmazdır. Jurnalist S.Melnikov “günahsız”, “yazıq” Əkrəm Əylisli obrazı yaratmaq məqsədilə onun təhqir və təhdid edilməsi faktını daha qabarıq verməyə çalışmışdır.
Guya özünə qarşı “haqsızlıqdan” danışan Əkrəm Əylisli xəcalət çəkmədən deyir: bütün bunlara “yuxarıdan aydın göstəriş verilib”. Halbuki bütün ictimaiyyətin haqlı tələbindən sonra onun “xalq yazıçısı” fəxri adının və Prezident təqaüdünün ləğv olunması barədə rəsmi sərəncam verilmişdir.
Məlum olduğu kimi, biz erməni xalqı ilə qonşu kimi yaşamağa məhkumuq. Hər iki ölkənin çoxluq təşkil edən vətəndaşları sülh, əmin–amanlıq şəraitində yaşamağı arzulayırlar.
Azərbaycan ərazisini işğal edən, milyonlarla insanı doğma yurdundan didərgin salan, iki qonşu xalqı qarşı–qarşıya qoyan şovinist, terrorçu erməni hakimiyyəti gec–tez Beynəlxalq məhkəmədə haqlı cəzasını almalıdır.
Hazırkı gərgin ictimai–siyasi şəraitdə “barışdırıcılıq mövqeyi”ndə dayanmasını iddia edən Əkrəm Əylislinin əslində düşmənlərin xalqımıza qarşı böhtanlarına rəvac verən “Daş yuxular” romanını yazması şovinizm xəstəliyinə mübtəla olan ermənilərin fanatik düşüncələrinə barışdırıcılıq deyil, qızışdırıcılıq toxumu səpməkdədir. Azərbaycan xalqının, vətənpərvər gəncliyin sağlam ictimai münasibətinə Əkrəm Əylislinin verdiyi qiymət isə onun xəstə təxəyyülündən xəbər verir. O, müsahibəsində deyir: “…Mən əsərimə reaksiyanın birmənalı olmayacağını bilirdim, lakin bunun belə vəhşi, orta əsrlər sayağı olacağını ehtimal etmirdim. Mən hakimiyyətin ağlına, yaradıcılıq və özünüifadəni təmin edən ölkə konstitusiyasına ümid bağlayırdım…”
Müsahibəsinin bir yerində isə Əkrəm Əylisli “mənim romanımla vətənimdə məhz sovetsayağı davranaraq, bir vaxtlar Soljenitsin, Pasternak, Daniel, Sinyavski və digərlərinə hücum edənlərin sözlərindən istifadə etdilər”,— deməklə, özünü dünya şöhrətli yazıçılarla müqayisə edir, həm də anlamır ki, həmin sənətkarlar xalqına, vətəninə dönük çıxmadılar, onları söyən, vətəndən didərgin salan, xalqa düşmənçilik edən hakim dairələrə qarşı çıxdılar.
Həyatın qəribəliklərinə bəzən təəccüblənməyə bilmirsən: “Sovet Ermənistanı” qəzeti redaksiyasında anası erməni olan intellektual səviyyəli, savadlı və təcrübəli bir nəfər vardı, mən onun azərbaycanlı və erməni məclislərində davranışına və söz–söhbətinə fikir verirdim, belə bir qənaətə gəldim ki, o “yarasa”dır: gah siçan olur, gah da qanadlı quş…
Burada Əkrəm Əylislini bütün Azərbaycan ictimaiyyəti qınayır, qaçqın və köçkünlər ittiham edir. Elə haqlı olaraq da edir.
“Drujba narodov” jurnalının nəsr bölməsinin müdiri Leonid Baxnov “Roman tövbəyə çağırır” məqaləsində 2012–ci ilin sonunda SSRİ–nin yaranmasının 90 illiyinə həsr olunmuş “Sovet ittifaqı: miflər və reallıq” adlı xüsusi nömrədə Əkrəm Əylislinin “Daş yuxular” roman–rekviyemini müəllifin öz tərcüməsində dərc etdiklərini bildirir. Romanın əvvəllər Azərbaycanda kiçik tirajla çap edilib yayılmasını da xatırladır.
Ancaq “Daş yuxular”ın jurnalda dərc olunmasından sonra hay–küyün yaranmasını, aləmin bir–birinə qarışmasını Əkrəm Əylislinin Ermənistan–Azərbaycan münaqişəsinin barışdırıcılıq mövqeyində görür. O yazır ki, 1989–cu ildə Moskvada “Drujba narodov” jurnalı redaksiyasında “Dəyirmi masa” ətrafında ədəbi ictimaiyyət səviyyəsində dialoq yaratmağa cəhd edilsə də, gözlənilən nəticə alınmamışdır. Lakin dialoqda Əkrəm Əylisli öz “barışdırıcı tonu gözləyən çıxışı” ilə yadda qalmışdı. Leonid Baxnov bu çıxışı olduğu kimi xatırlatmasa da, “münaqişəylə bağlı möhkəm mövqeyinin vətənində mənfi qarşılanması” və bununla əlaqədar Yazıçılar İttifaqından çıxması erməni yaxşıdı, biz pisik, “qəddarıq” məntiqinə əsaslanmışdır. Onun erməni yazıçısı Hrant Matevosyanla dostluğu, həmfikir olması heç kəsi narahat etməmişdi. Ancaq “Daş yuxular”da reallığı birtərəfli, özünün sərsəm məntiqinə uyğun təsvir etməsi kəskin etirazla qarşılanmışdı.
Göründüyü kimi, Leonid Baxnov romanın Azərbaycanda mənfi qarşılanmasının, Ermənistanda isə rəğbətlə qəbul edilməsinin səbəbini anlamaq istəmir. Bununla belə Ermənistandan gələn “dəstək sözləri”ndə Əkrəm Əylisliyə minnətdarlıq, heyranlıq bildirdiklərini, onu göylərə qaldırdıqlarını nəzərə çatdırır. Ermənilər yazırlar: “…Bu cür roman yazmaq, cəsarətli, əxlaqlı insanın qəhrəmanlığıdır”.
Rusiya Penklubun üzvləri—Sergey Kaledin, Viktor Yerofeyev, Lev Anninski erməni həmkarlarından geri qalmır, erməni xislətli Əkrəm Əylislinin cızmaqarasında antiazərbaycan təmayülü görmürlər. Lev Anninskinin sözlərindən belə anlaşılır ki, Əkrəm Əylisli “Daş yuxular”ı Bakıda rus dilində 50 nüsxə çap etdirib bir nüsxə ona hədiyyə göndərəndə romanla tanış olmuş, hətta “canlı klassikin əsərinin az tirajla buraxılması onu sarsıtmışdı”. Lev Anninski Əkrəmin onun fikrini öyrənmək, məsləhətini bilmək məramını isə başa düşməmiş, yazdıqlarını reallıq kimi qəbul etmişdir.
Sergey Kaledinin anası Əkrəm Əylislinin müəllimi və əsərlərinin tərcüməçisi olduğundan ona hüsn–rəğbətlə yanaşır. O, yazır: “Əkrəm Əylisli” boyca çox kiçik, çox mərd və cəsarətli adamdır. Hər şeyə, çox vaxt ənənəvi, müsəlman, azərbaycanlı, sovet və kommunist düşüncəsindən fərqli olan öz baxışı, fikri var. Tale ondan yaradıcılığına, şəxsi əqidəsinə xələl gətirməklə ev, maddi şərait naminə hansısa kompromis tələb edərkən o həmişə əxlaq, qürur və ləyaqət mövqeyini qəbul edirdi”.
Bu “boyca çox kiçik, çox mərd və cəsarətli” Əkrəm Əylislinin hər şeyə–ənənəyə, milli mentalitetə qarşı öz baxışı ilə seçilməsini Sergey Kaledin bəyənir, onun daxilindəki cılız hissləri, xəyanəti isə nədənsə görmür. Əkrəm Əylislinin Azərbaycan xalqını aşağılamasını, ona qarşı böhtan, küfr dolu sözlərini “əxlaq, qürur və ləyaqət mövqeyi” kimi təqdim edir. Sergey Kaledin yazır:
“Sumqayıtdakı qırğın və Bakıdakı biabırçılıqlardan sonra Əylisli mənə gədələrin erməni qarısını əlil kreslosunda doqquzmərtəbəli evin eyvanından tulladıqlarını dəhşətlə danışırdı. O, bunu görmüşdü və görünür bu ona möhkəm yer eləmişdi və bizim necə olsa veteran zamanlarımızda bunu danışmaq, Qarabağ münaqişəsində hansısa baxışı (?) ortaya qoymaq istəmişdir”.
Göründüyü kimi, Azərbaycanın təhlükəylə üzləşməsindən, Qarabağ faciəsindən xəbərsiz olan, eləcə də Sumqayıt hadisələrinin mahiyyətini, törənmə səbəblərini anlamayan xristian təəssübkeşləri Əkrəm Əylisli kimi dönüklərdən eşitdiklərini reallıq kimi qəbul edir, “Daş yuxular” roman–rekviyemində yanar ürəklə ermənilərin acınacaqlı taleyini təsvir edən müəllifin göz yaşlarına, dərd–kədərinə minnətdarlıq hissi ilə şərik çıxırlar. Belə yerdə deyiblər: “Bərəkallah erməni dığası”.
T.ƏKBƏROĞLU
Respublika.- 2013.- 12 mart.- S. 8.