Sənayeləşmə
siyasəti uğurla həyata keçirilir
Azərbaycanın
paytaxtında və regionlarda sosial layihələrlə yanaşı,
ölkəmizin iqtisadi imkanlarının
genişləndirilməsinə xidmət edən müxtəlif
sahələrə aid sənaye müəssisələri
inşa edilir, yeni–yeni istehsalat
sahələri yaradılır. Bütün
bunlar qeyri–neft sektorunun
inkişafını sürətləndirməklə
yanaşı, həm də yeni iş yerlərinin açılması
baxımından da olduqca
əhəmiyyətlidir. Sənayeləşmə siyasəti
regionların dinamik inkişafında mühüm rol oynayır.
Maşınqayırma, alüminium, sement zavodları, konserv, süd və ət emalı, çörək
istehsalı müəssisələri, quşçuluq
fabrikləri, istixanalar və məhsulların
saxlanılması üçün soyuducu anbar infrastrukturunun inşası müsbət nəticələr
verir. Emal və sənaye
müəssisələrinin yaradılması regionların sosial–iqtisadi
inkişafı Dövlət Proqramının tərkib hissəsidir.
Sənayeləşmə siyasəti başlıca prioritetlərdən olan ölkəmizdə 2003–cü ildən bəri sənaye istehsalı 2,6 dəfə artmış və kompleks tədbirlər hesabına yaxın illərdə bu artımın daha da yüksələcəyi gözlənilir. Bu ilin sonuna qədər ikinci Dövlət Proqramının icrasının təmin ediləcəyini, beləliklə, 10 ili əhatə edən bir dövrün arxada qalacağını vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, həm 2004–cü ildə, həm 2009–cu ildə qəbul edilmiş iki Dövlət Proqramının icrası ölkəmizin inkişafı üçün çox böyük rol oynamışdır: “Əgər bu proqramlar qəbul edilməsəydi, indi bölgələrdə gedən inkişafdan söhbət aparmaq belə yersiz olardı. Məhz 2004–cü ildə qəbul edilmiş bu qərar ölkəmizin hərtərəfli, dayanıqlı və şaxələndirilmiş şəkildə inkişafını təmin etmişdir”.
Bu inkişaf hər bölgədə, hər rayonda, hər kənddə özünü göstərir. Ölkəmizdə yeni texnologiyalar əsasında müasir standartlara uyğun rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin istifadəyə verilməsi regionların inkişafını sürətləndirir. Qafqazda ilk olan belə bir müəssisə 2011–ci ildə istifadəyə verilən Oğuzdakı qarğıdalı emalı zavodudur. Ən yeni texnologiyalar əsasında qurulan zavodda İtaliyanın “Podovan”, İsveçrənin “Alfa Laval”, eləcə də ABŞ, Almaniya və digər inkişaf etmiş ölkələrin aparıcı şirkətlərinin avadanlığından istifadə olunmuşdur. Zavod gündəlik 80 ton qarğıdalı emal etməklə 55 ton yüksək keyfiyyətli qida qlükozası və 20 tona qədər müxtəlif növ yem məhsulları istehsal etmək gücünə malikdir. Hazırda zavodda istehsal edilən qlükoza ölkədə bu məhsula olan tələbatın tamamilə ödənilməsinə, qlükoza idxalına ehtiyacın qalmamasına və həmçinin məhsulun qonşu ölkələrə ixracına imkan yaratmışdır. Qlükozadan əsasən şirniyyat, konserv, süd məhsulları, dondurma və limonad istehsalında istifadə edilir. Eyni zamanda istehsal prosesi zamanı yaranan digər məhsullar isə quşçuluq və heyvandarlıqda istifadə olunan yemlərə qüvvəli əlavələr kimi satılır.
Məhsulları keyfiyyəti ilə daxili və xarici bazarda istehlakçıların rəğbətini qazanan Ağsu rayonundakı şirə və şərab emalı zavodu “Az–Qranata” da böyük təcrübələrə malik Fransa, Almaniya, İsveçrə, İtaliya, Türkiyə kimi ölkələrin ən müasir avadanlığı quraşdırılmış və mütəxəssislərinin təcrübələrindən faydalanmışdır. Müəssisə bir saatda 20 ton meyvə emalı, 12 ton şirə, 4 ton kompot və 3 ton şərab istehsal etmək gücündədir. Müəssisədə ümumilikdə 500–dək insan işlə təmin edilmişdir və orta aylıq əməkhaqqı 350 manatdır. Müəssisə Azərbaycanın bütün rayonlarından meyvə qəbul edir. Yüksək keyfiyyətli məhsullar istehsal edən bu zavod çox qısa bir zamanda regionda nümunəvi istehsal müəssisəsinə çevrilmişdir. Belə ki, müəssisə Tetra Pak və şüşə qablaşmalarda 60–dan çox məhsul çeşidi ilə Amerika Birləşmiş Ştatları, Almaniya, Rusiya, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Slovaniya, Avstriya, Polşa və Macarıstana hazır və yarımfabrikat məhsul ixrac etməklə Azərbaycanın bu sahədə rəqabət gücünü sübut etməkdədir.
Müəssisənin məhsulları dünyanın bir çox ölkələrində təşkil olunmuş qida və kənd təsərrüfatı sərgilərində yüksək səviyyədə ölkəmizi təmsil etmiş və sərgi iştirakçılarının böyük marağını cəlb etmişdir. Müəssisənin əməkdaşlıq etdiyi xarici firmalara hər zaman yeniləri əlavə olunur və xarici bazarlarda onun məhsullarına olan tələbat artmaqda davam edir.
Bu uğurlar 2003–cü ildən bəri aparılan iqtisadi islahatların və sənayeləşmə siyasətinin davamlı həyata keçirilməsinin məntiqi nəticəsidir. Təkcə 2012–ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilmiş 94 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə başlamışdır ki, bunun da 84–ü aqrar–sənaye kompleksləri, o cümlədən 15 quşçuluq, 7 heyvandarlıq, 4 ət emalı, 9 istixana, 11 kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı kompleksi, 11 çörək zavodu, 7 üzümçülük, 2 taxılçılıq, 5 meyvə–tərəvəz emalı müəssisəsi, 10–u isə digər sənaye sahələridir.
Araşdırmalar təsdiqləyir ki, dünyanın qabaqcıl ölkələrinin sahmanlı iqtisadi inkişafının ən bariz əlaməti onların sənayesinin quruluşunda emal sənaye sahələrinin önəmli yer tutmasıdır. Statistik materiallar göstərir ki, 2011–ci ildə Azərbaycanın mədənçıxarma sənayesində bir milyon manatlıq məhsul istehsalına orta hesabla cəmi 1,3 nəfər işçi tələb olunmuşdursa, emal sənaye sahəsində bu məqsəd üçün 14 nəfər (10 dəfədən çox) işçi cəlb edilmişdir.
Təhlilçilərin fikrincə, qeyri–neft sektorunun regionlarda çoxşaxəli və miqyaslı inkişafı əmək ehtiyatlarının təşəkkül etdiyi regionlarda onları istehsala cəlb etməklə məşğulluğun artırılmasını, bununla da ölkə ərazisi daxilində əhalinin daha səmərəli məskunlaşmasını təmin etmək olar. Bu, paytaxtda əhalinin həddən artıq sıxlığının da qarşısını qismən alar. Digər tərəfdən, regionlar arasında ümumi sosial–iqtisadi inkişaf səviyyəsinə görə fərqlərin xeyli azalması təmin edilər.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2012–ci ilin sosial–iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasındakı nitqində deyib: “…Bir daha demək istəyirəm, iqtisadi siyasətimizin əsas mahiyyəti ondan ibarətdir ki, iqtisadiyyatımız şaxələndirilsin və biz qeyri–neft sektorunun inkişafına daha da böyük həcmdə nail olaq”.
Şükür Əlizadə
Respublika.- 2013.- 12 mart.- S. 7.