ERMƏNİLƏRİN AZƏRBAYCAN XALQINA QARŞI ƏRAZİ İDDİALARI, SOYQIRIMLARI VƏ DEPORTASİYALAR

 

Dünyanın fövqəlgüc dövlətlərinin himayəsi altında olan “Şərq məsələsi” və onun əsas tərkib hissəsi kimi “erməni məsələsi”nin yaranmasından iki əsrdən artıq zaman keçsə də, siyasi–hərbi təzyiq vasitəsi olaraq beynəlxalq münasibətlər sistemində öz təsir gücünü saxlamaqda, həm Türkiyə, həm də Azərbaycana yeniyeni problemlər doğurmaqdadır.

Hazırda neoimperialist mövzuda yazılan qərəzli yazılar və söylənilən riyakar fikirlər tarixi həqiqətlərə, arxiv sənədlərinə deyil, müəyyən dairələrin maraqlarına və zərərli ideologiyaların təbliğatına əsaslanmışdır. Buna görə də “Şərq məsələsi”nin, o cümlədən də “erməni məsələsi”nin əsl mahiyyətini tarixi həqiqətlərə, arxiv sənədlərinə əsasən şərh etmək və beynəlxalq ictimaiyyətə çatdırmaq Azərbaycan tarixşünaslığının əsas vəzifələrindəndir.

Tarix elmləri doktoru Ataxan Paşayevin “Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyalar (XIX–XX əsrlər)” adlı tədqiqatı bu baxımdan çox əhəmiyyətlidir. Kitab 20 ildən artıqdır ki, beynəlxalq münasibətlər sisteminin gündəliyində olan, lakin ikili standartlar və qərəzli yanaşmalarla “tənzimləndirilməyə” çalışılan Qarabağ probleminin, 20 Yanvar faciəsinin, Xocalı soyqırımının, Azərbaycan ərazisinin 20 faizinin işğalının, bir milyondan artıq qaçqın–köçkün probleminin əsl səbəblərini, bu hadisələr zamanı törədilən vəhşilikləri, cinayətləri ortaya qoymaqla yanaşı, son Qarabağ hadisələrinə qədər də Azərbaycana və azərbaycanlılara qarşı törədilmiş soyqırım və deportasiyaların real mənzərəsini göstərmişdir.

Bu kitab “erməni məsələsi”lə bağlı Azərbaycan həqiqətlərini yaymaq, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edənlərə elmi ədəbiyyat və arxiv sənədlərindən istifadə etməklə tutarlı cavab vermək baxımından təqdirəlayiqdir.

Mövzunun aktuallığını nəzərə alaraq əsəri oxuculara təqdim edirik.

 

Allahşükür QURBANOV,

“Respublika”.

 

(əvvəli 12, 13, 15, 16, 17, 19, 20, 21, 22, 23, 24, 26, 27 fevral, 1, 2, 3, 5, 7, 8 və 10 mart tarixli saylarımızda)

 

Keçmiş Sovet ordusundan çoxlu ağır texnika, silah–sursat ələ keçirmiş və həm də xaricdəki erməni diasporunun hərtərəfli köməyindən yararlanan ermənilər açıq–açığına Azərbaycana qarşı terror əməliyyatları ilə yanaşı hərbi əməliyyatlara da başlayırlar. Onlar ilk olaraq Ağdam istiqamətində Xankəndi yanından keçərək Şuşaya gedən yolu bağlayırlar. Laçın istiqamətində ermənilər yaşayan Daşaltı kəndinin ərazisindən keçən yolu quldur yuvasına çevirmiş ermənilər getdikcə bu əraziləri öz nəzarətlərinə götürürlər. Daşaltıdakı quldur yuvasını dağıtmaq məqsədilə 1992–ci il yanvarın 23–də səriştəsiz müdafiə nazirinin rəhbərliyi ilə hazırlanan əməliyyat planı ermənilərə işləyən rus agenturası vasitəsilə ermənilərə çatdırılır. Ermənilərin bilərəkdən “yaratdıqları şərait” nəticəsində asanlıqla kəndə girən dəstə mühasirəyə düşərək böyük tələfat verir.

Artıq 1992–ci ilin yanvar ayından Şuşaya gedən avtomobil yollarını ermənilər tamamilə kəsir. Şuşa ilə əlaqə vertolyotlar və çətin Murovdağ yolu ilə yaradılır. Yanvarın 28–də Ağdam–Şuşa marşrutu ilə uçan vertolyot ermənilər tərəfindən vurulur. Əksəriyyəti qadın və uşaqlardan ibarət olan 41 nəfər sərnişin və 3 nəfər ekipaj üzvü həlak olur.

Fevralın əvvəllərindən əksəri ermənilərdən ibarət olan Rusiyanın 366–cı motoatıcı alayının köməyi ilə ermənilər Dağlıq Qarabağda geniş hərbi əməliyyatlara başlayırlar. Fevralın əvvəllərində erməni silahlı dəstələri Şuşanın Malıbəyli, Kəlbəcərin Ağdaban və bir çox digər kəndlərini zəbt edərək çoxlu insanın ölümü və yaralanmasına səbəb olurlar. Həmin il fevralın 13–17–i arası Xocavənd rayonunun Qaradağlı kəndi 4 gün ərzində əldən ələ keçir. Erməni quldur dəstələri 117 nəfər kənd əhalisini girov götürərək onlardan 77 nəfərini qətlə yetirmişlər.

1992–ci il fevralın 22–də gecə saat 3–də erməni milli ordusunun motorlaşdırılmış hissələri Azərbaycanın dövlət sərhədlərini pozaraq Qubadlı, Laçın, Zəngilan, Füzuli, Tərtər, Xanlar, Tovuz rayonlarının yaşayış məntəqələri üzərinə genişmiqyaslı hücuma başlayırlar.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bununla bağlı Ermənistan Respublikası Xarici İşlər Nazirliyinə verdiyi notasında deyilirdi: “Bu rayonlar Qarabağın Dağlıq hissəsinin hüdudlarından yüzlərlə kilometr məsafədə yerləşir. Həmin rayonların şiddətli atəşə məruz qalmış müdafiəçiləri və dinc sakinləri arasında külli miqdarda ölən və yaralananlar var”.

Ermənilərin XX əsrin sonunda təkcə Azərbaycan xalqına qarşı deyil, l ümumiyyətlə insanlığa qarşı törətdiyi ən iyrənc və vəhşi hərəkətlərindən biri 1992–ci il fevral ayının 25–dən 26–a keçən gecə uzun müddət mühasirədə saxladıqları Xocalı şəhərinə hücum idi. Rusiyanın əksəriyyəti ermənilərdən ibarət və Dağlıq Qarabağda yerləşdirilmiş 366–cı motoatıcı polku hərbçilərinin köməyi ilə erməni quldur dəstələri bir gecənin içində Xocalı şəhərini yerlə–yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər vəhşicəsinə dağıdılmış, yandırılmış, insanlar xüsusi qəddarlıqla məhv edilmişlər.

Ermənilər tərəfindən Xocalıda həyata keçirilmiş bu vəhşiliklərin törədilməsində respublikaya o dövrdə rəhbərlik edənlərin həmin məsələyə biganəliyinin də rolu az olmamışdır.

Belə ki, hətta Xocalı faciəsi baş verdikdən sonra fevralın 27–də Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti “Xocalıda vəziyyət haqqında” məlumatında bildirirdi: “Xocalının erməni birləşmələri tərəfindən tutulması haqqında vahiməli şaiələr həqiqətə uyğun deyil. Şuşanın hərbi komendantı Rəhim Qazıyev xəbər vermişdi ki, Xocalı müqavimət göstərir. O, erməni quldur birləşmələrindən tamamilə təmizlənmişdir. Mühasirəyə alınmış şəhərin müdafiəsini möhkəmləndirmək üçün tədbirlər görülmüşdür”.

Lakin elə həmin “Xalq qəzeti”nin ertəsi gün – 28 fevral tarixli nömrəsində Xocalıda baş vermiş hadisələr haqqında geniş məlumat dərc edilir. Rus zabiti mayor Yuri Qurçenko öz gündəliyində yazırdı ki, Xocalıya hücum planı çox məxfi hazırlanmışdı. Əvvəlcə şəhər mühasirəyə alındı. Orada xeyli silahlı OMON–çular da var idi. Odur ki, Ağdam istiqamətində bir koridor açıldı və səsucaldılanla silahsız çıxmaq şərti ilə OMON–çulara getməyə icazə verildi. Koridorla OMON–çularla bərabər əhali də çıxmağa başladı. Onlar koridorun sonuna çatdıqda əsl qırğın başladı. OMON–çular qırıldıqdan sonra uşaq, qadın və qocalığından asılı olmayaraq, bütün tutulanların gözləri diri–diri çıxarılır, qulaqları kəsilir, dərisi soyulurdu. Qaçanları Gülablı kəndinə qədər təqib edib qırırdılar.

Xocalı hadisələri zamanı 613 nəfər öldürülmüşdür ki, onlardan da 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. Bu hadisələr zamanı 487 nəfər şikəst edilmişdir ki, onlardan da 76 nəfəri uşaqlardı. Hücum zamanı 1.275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdü.

Dağlıq Qarabağdakı azərbaycanlı kəndlərindən azərbaycanlıları tamamilə qırdıqdan və qovduqdan sonra erməni ordusu və quldur dəstələri Azərbaycan sərhədlərini keçərək 1992–ci il mayın 8–də Şuşanı, 18–də Laçını, 1993–cü il aprelin 2–də Kəlbəcəri, iyunun 23–də Ağdamı, avqustun 23–də Fizulini, 24–də Cəbrayılı, 31–də Qubadlını, oktyabrın 30–da isə Zəngilanı işğal edir. Beləliklə, ermənilər Azərbaycan ərazisinin 20%–ə qədərini işğal edərək 1 milyona yaxın azərbaycanlını öz torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə salır.

N Ə T İ C Ə

Ermənilərin xalqımızın, ümumiyyətlə, türk–müsəlman xalqlarının başına gətirdikləri müsibətlər barəsində arxiv sənədləri və materialları əsasında yuxarıda gətirdiyimiz külli–miqdarda faktlara istinad edərək onların “bu müvəffəqiyyətinin” haradan qaynaqlandığı, onun başlıca səbəblərinin haradan gəldiyini yekunlaşdıraraq aşağıdakı nəticələrə gəlirik:

Osmanlı imperiyasında və İranda mütləqiyyət hakimiyyətlərinin zəifləməsindən istifadə edən Qərb dövlətləri, ilk növbədə isə İngiltərə və çar Rusiyası bu ölkələrə müdaxilə üçün onların ərazilərində yaşayan xristian məzhəbindən olan ermənilərə kömək bəhanəsi ilə onlardan istifadə edirlər.

Əsrlərlə dünyanın müxtəlif ərazilərinə səpələnmiş ermənilər özlərinin uydurduqları sirli və müəmmalı erməni dövlətlərini yaratmaq ideyasını Güney Qafqazda və Anadolunun şərq əyalətlərində reallaşdırmaq fikrinə düşürlər.

Türk–müsəlman xalqlarının, xüsusilə Osmanlı imperiyasında onlara göstərilən xeyirxah münasibətdən və beş yüz ildən yuxarı bir dövr ərzində Osmanlı imperiyasında onlar üçün yaradılmış əlverişli şəraitdən istifadə etmişlər.

Osmanlı imperiyasında “Sadiqi–millət” adlandırılan diribaş, yaranmış şəraitdən məharətlə istifadə etməyi bacaran ermənilər artıq XIX əsrin sonlarına yaxın Osmanlı imperiyasında iqtisadiyyat və ticarətin əsas sahələrini öz əllərinə keçirə bilmişlər.

Əslində xristian dini ilə elə bir əsaslı əlaqəsi olmayan erməni Qriqoryan kilsəsi bütün dünyaya səpələnmiş ermənilər arasında dini etiqaddan daha çox onların milli mənafeyini və erməni dövləti yaratmaq ideyalarının təbliğini qarşılarına başlıca məqsəd qoymuş və dünyanın hər yerinə səpələnmiş erməni kilsəsinin təbliğatının da böyük rolu olmuşdur.

Yaranmış hər cür şəraitdən məharətlə istifadə edən ermənilər XIX əsrin əvvəllərində Rusiya ilə İran və Rusiya ilə Osmanlı imperiyası arasında gedən müharibələrdən öz xeyirlərinə məharətlə istifadə etdilər.

Həm İranla, həm Osmanlı imperiyası ilə müharibələrdə qələbə qazanan Rusiya Güney Qafqazı işğal edərək türk–müsəlmanlarının əsrlərlə yaşadığı həmin ərazilərə İran və Türkiyədən köçürdüyü erməniləri burada yerləşdirir. Hər yerdə olduğu kimi burada da özlərinə isti yuva quran ermənilər özlərini sakit, işgüzar, sədaqətli göstərərək yerli əhalinin rəğbətini qazanmağa çalışırlar. Özlərinə yer etdikdən sonra isə onlar əsl canavar dişlərini göstərirlər.

XIX əsrin 80–90–cı illərində yaradılmış “Armenikan”, “Hnçaq”, “Daşnaksütyun” kimi terrorçu və millətçi partiyalar erməniləri öz ətraflarında birləşdirərək Osmanlı imperiyası və Güney Qafqazda əsrlərlə xəyallarında qurduqları “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün açıq siyasi və hərbi təcavüzə başlayırlar. Bu işdə onlara həm İngiltərə, həm də çar Rusiyasının kömək göstərəcəyinə ümid edirdilər.

Başqa millətlərdən olan müəlliflər deyil, erməni millətindən olan müəlliflər də dəfələrlə qeyd etmişlər ki, hər dəfə onlara öz “dövlətlərini” yaratmaqda kömək edəcəklərinə söz verən İngiltərə və çar Rusiyası istədiklərinə nail olduqdan sonra öz vədlərinə əməl etməyərək erməniləri taleyin ümidinə buraxırdılar.

Əsrlərlə arzusunda olduqları erməni dövləti yaratmaq ideyalarını ermənilər yalnız Birinci Dünya müharibəsi, Rusiyada çarizmin süqutu və Sovet hakimiyyətinin yaranması nəticəsində əldə edə bildilər.

70 illik Sovet hakimiyyəti illərində ermənilər Moskvada hakimiyyətdə olan öz soydaşlarının köməyi ilə əldə etdikləri Azərbaycan ərazilərinə münasibətdə qarşıda qoyduqları məqsədi ardıcıllıqla həyata keçirə bilmişlər:

1) Bütün vasitə və yollardan istifadə edərək yaratdıqları Sovet Ermənistanı ərazisində yaşayan azərbaycanlıları son nəfərinə qədər oradan qovmaq;

2) Azərbaycan torpaqları hesabına yaratdıqları erməni dövlətinin ərazilərini genişləndirmək, ermənilərin də iştirak etdiyi Sovet İttifaqı rəhbərliyinin köməyi, Azərbaycana rəhbərlik edənlərin bu işdə laqeydliyi, çox vaxt Azərbaycanda rəhbər vəzifələrə soxulmuş ermənilərin təsiri altında olmaları bu işdə ermənilərə xüsusi imkanlar yaradırdı. Buna bariz sübutlar 20–ci illərdə Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra Zəngəzuru və digər Azərbaycan torpaqlarını ələ keçirən ermənilər Dağlıq Qarabağı zəbt etməyə müvəffəq olmasalar da, ona Muxtar Vilayət statusu verdirdilər. Gətirdiyimiz çoxlu faktlardan da göründüyü kimi, Sovet hakimiyyətinin 70 ili ərzində Sovet Ermənistanı bir gün də olsun Azərbaycan torpaqlarını ələ keçirmək və Ermənistan SSR–də yaşayan azərbaycanlıları oradan qovmaq siyasətindən əl çəkməmişlər.

Xüsusilə İkinci Dünya müharibəsindən sonra xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına köçürülməsi barəsində İ.Stalinin xeyir–duasını alan ermənilər bu sahədə daha da fəallaşdılar. Müharibədən sonra onlar İ.Stalindən Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistan SSR–ə birləşdirməyi xahiş etdilər. Buna nail ola bilmədikdə xaricdən gələn erməniləri yerləşdirmək adı ilə 1948–1953–cü ildə Ermənistan SSR–də yaşayan 100 mindən yuxarı azərbaycanlı kütləvi surətdə Sovet Azərbaycanının Mil–Muğan çöllərinə deportasiya olundu.

Ermənilərin bu siyasətlərinin məntiqi davamı və nəticəsi olaraq 1985–ci ildə SSRİ–də hakimiyyətə gələn avantürist M.Qorbaçovun bədnam “yenidənqurma” siyasətindən məharətlə istifadə etdilər. 1988–ci ilin fevralında DQMB Xalq Deputatları Sovetinin sessiyası həmin vilayətin Ermənistan SSR–ə birləşdirilməsi haqqındakı qərarla uzun illərdən bəri hazırladıqları planlarını reallaşdırmaq üçün son həmləyə keçərək, yaranmış şəraitdən məharətlə istifadə edirlər.

Ermənistan SSR–də yaşayan azərbaycanlıları son nəfərinə qədər öz əzəli torpaqlarından kütləvi surətdə qovaraq Ermənistanı ermənilərdən ibarət mono respublikaya çevirdilər.

Yaranmış şəraitdən istifadə edən ermənilər əvvəlcə SSRİ, sonra isə Rusiya Federasiyası rəhbərliyi və ordusunun, habelə xaricdə yaşayan erməni diasporunun köməyi ilə öz ordusunu yaradan və külli miqdarda məccani silah və canlı qüvvə əldə edən ermənilər Dağlıq Qarabağda Azərbaycan və azərbaycanlılara qarşı əvvəlcə terror əməliyyatlarına, sonra isə geniş hərbi əməliyyata keçərək Muxtar Vilayətin ərazisindəki azərbaycanlıları da son nəfərinə qədər oradan qovurlar.

Bununla kifayətlənməyən erməni ordusu Dağlıq Qarabağ ətrafındakı əhalisi tamamilə azərbaycanlılardan ibarət olan 7 rayonu da işğal edirlər. Nəticədə onlar ərazimizin 20%–ni işğal edərək 1 milyona yaxın soydaşlarımızı qaçqın və köçkün vəziyyətə salaraq Xocalı faciəsini törədirlər.

Artıq 20 ilə yaxındır ki, ermənilər torpaqlarımızı işğal altında saxlayaraq, soydaşlarımızı qaçqın və köçkün vəziyyətdə yaşamağa məcbur etmişlər. Ermənilər tutduqları torpaqların təbii sərvətlərini vəhşicəsinə talan edir, ekologiyamıza sağalmaz yaralar vururlar. Bütün dünya, beynəlxalq təşkilatlar bunu görür, lakin bu günə qədər də təcavüzkarı öz adı ilə adlandırmır. Bütün məsələlərin həllini yalnız təcavüzkarla təcavüzə məruz qalanın üzərinə qoyurlar və sülh yolu ilə həll etməyə çalışırlar. Məlumdur ki, təcavüzkar tutduqları torpaqları heç vaxt xoşluqla geri qaytarmayacaqdır. Həmin torpaqlar ya beynəlxalq təşkilatların təzyiqi və ya müharibə yolu ilə həll oluna bilər. Burada başqa yol yoxdur. Məsələnin müharibə yolu ilə həllini istisna etməklə bir daha təcavüzkarı dəstəkləyirlər.

 

 

Respublika.- 2013.- 13 mart.- S. 10.