Peşə Liseyinin uğurları
Bu gün
ölkəmizdə peşə təhsili sahəsində islahatlar uğurla həyata
keçirilir. Qarşıya qoyulan məqsədə çatmaq
üçün artıq respublikamızda
zəruri ehtiyac duyulan
müasir tipli peşə
tədris müəssisələri inşa
edilir və yaxud da cari və əsaslı
təmir olunur, yeni
avadanlıqlarla təchiz edilərək istifadəyə verilir.
Təməli 1922–ci ildə qoyulan 12 nömrəli Bakı Peşə Liseyi Balaxanıda 6–cı mədəndə “Yuniy Qornyak” FZT Fabrik–zavod məktəbi kimi işə başlamış və 1932–ci ildən başlayaraq müxtəlif adlar altında fəaliyyət göstərmişdir. Məktəb keçmiş Sovetlər Birliyinin Qərbi Sibir, Uzaq Şərq, Orta Asiya regionları, həmçinin Monqolustan, Vyetnam, Kuba, Laos kimi dövlətlərin neft–maşınqayırma sənayesi üçün yüksək ixtisaslı kadrlar hazırlanmasında böyük işlər görmüşdür.
Bundan başqa, “Azneft” və digər dövlət əhəmiyyətli birliklər üçün fəhlə kadrları hazırlayan lisey həmişə öz yetirmələri ilə qürur duymuşdur. Liseyin məzunları arasında tanınmış neftçi, Sosialist Əməyi Qəhrəmanı Xəlil Bayramov, buruq ustası Qurban Məmmədov, Sosialist Əməyi Qəhrəmanı, xalq yazıçısı Mirzə İbrahimov, akademik Şəfahət, Mehdiyev, milli güləş üzrə dünya çemiponu Muxtar Dadaşov, sərbəst güləş üzrə üçqat dünya çempionu Məhyəddin Allahverdiyev kimi məşhur insanlar olmuşlar.
Liseyin direktoru Eynulla Qasımov bu təhsil müəssisəsinə rəhbər təyin edilən gündən, necə dəyərlər, “qolunu çırmalayıb” yenidənqurma işlərinə başlamışdır.
Liseyin foyesində “Yaşa, yaşa Azərbaycan!” devizi altında ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tövsiyələri, dövlətçilik fəaliyyətləri haqda stendlər qoyulmuşdur. Təhsilin keçmişini, bugünü və gələcəyini əhatə edən fotoşəkillər də diqqəti cəlb edir. Bundan başqa, dövlətçilik atributlarımızı əks etdirən siyasi və hərbi–vətənpərvərlik guşəsi böyük maraq doğurur.
Burada Xocalı faciəsi ilə bağlı stendlər, Milli Qəhrəman Mübariz İbrahimovun keçdiyi həyat yolundan bəhs edən fotoşəkillər də yerləşdirilib.
Təmiz, səliqəli, hər cür avadanlıq və əyani vəsaitlərlə təmin olunan siniflərdə dərslər müasir standartlara uyğun şəkildə keçirilir. Liseyin yeni kitablarla təmin olunmuş zəngin kitabxanası şagirdlərin ixtiyarına verilmişdir.
Liseydə telekommunikasiyada kompyuter texnikasının istismarı üzrə operator, mühasib, fərdi kompyuter operatoru, aviasiya cihazlarının təmiri üzrə çilingər–mexanik, ağac üzərində bədii oymaçı və naxışçı, aşpaz–qənnadıçı, şirniyyatçı, rabitə avadanlığının quraşdırıcısı, modelçi dərzi, turizm və ekskursiyaların təşkili üzrə sifarişlərin qəbulu agenti ixtisaslarına yiyələnmək olar.
Peşə Liseyinin şagirdləri respublika daxilində keçirilən bütün olimpiadalarda, peşə və rəsm müsabiqələrində uğurlu nəticələr əldə etmişlər.
2000–ci ildə “Fizika”, “Azərbaycan dili və ədəbiyyatı” fənni üzrə keçirilən fənn olimpiadasında II yerə, 2001–ci ildə “İnformatika və hesablama texnikasının əsasları” fənni üzrə I və III yerlərə layiq görülən lisey, 2002–2003–cü illərdə “İlin ən yaxşı peşə liseyi” adını qazanmışdır. 2007–2008–ci illərdə “Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsində lisey III yerə və həvəsləndirici mükafata layiq görülmüşdür.
Peşə Liseyinin idman sahəsində ayrı–ayrı illərdə qazandığı uğurlar sevindiricidir.
2001–2002–ci illərdə yüngül atletika üzrə şəhər birinciliyində fəxri birinci yerə layiq görülən liseyin komandası, 2002, 2003, 2006–cı illərdə kross qaçışı üzrə şəhər birinciliyində və respublika çempionatında fəxri kürsünün birinci və üçüncü yerlərini tutmuşdur. Bu illərdə idmanın cüdo, kikboksinq, yüngül atletika yarışlarında bir neçə qızıl, gümüş, bürünc medal əldə edilmişdir.
2003 –cü ildə Gürcüstanın açıq çempionatında, 2004–cü ildə isə Bakı şəhər birinciliyində medallara layiq görülən boksçular sübut etmişlər ki, Peşə Liseyinin idmançıları Olimpiya hərəkatının inkişafına öz layiqli töhfələrini verirlər.
Ayrı–ayrı illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə keçirilən turnirlərin qalibi olan liseyin idmançıları ötən ilin payızında kross yarışlarında da uğurla çıxış etmiş, qızlardan ibarət komanda I, oğlanlardan ibarət komanda isə II yerə çıxmışdır.
2013–cü ilin başlanğıcında respublika peşə məktəbləri və liseyləri arasında keçirilən voleybol turnirlərində ikinci yeri qazanan 12 nömrəli Bakı Peşə Liseyinin voleybolçu qızları ilin uğurlu idman startını vermişlər.
Liseyin dil–ədəbiyyat
müəllimi Naibə Orucovanın rəhbərliyi ilə
Xocalı soyqırımı ilə bağlı bir sıra tədbirlər keçirilmiş,
şəhidlərimizin xatirəsi hörmətlə
anılmışdır. Peşə təhsili
sahəsində yeni islahatlardan
söz açan liseyin direktoru Eynulla Qasımov zəngin tarixi
ənənəsi olan 12 nömrəli
Bakı Peşə Liseyinin gələcəkdə
də böyük uğurlar
qazanacağına, xalqımızın adını, şərəfini
uca tutacaq kadrlar yetişdirəcəyinə
inandığını bildirdi.
Elşad Dağlı
Respublika.- 2013.- 13 mart.- S. 8.