Ölkəmizdə
sahibkarlığın inkişafı prioritet
məsələdir
“Sahibkarlığın
inkişafı ilə bağlı çox
ciddi addımlar atılmışdır. İlk növbədə,
sahibkarlığın inkişafı üçün
çox güclü siyasi iradə vardır, sahibkarlara
yüksək səviyyədə, Prezident
səviyyəsində verilən dəstək, əlbəttə
ki, onları ruhlandırır və bəzi
hallarda rastlaşdığı problemləri də aradan
qaldırır…”
Dövlət başçısı İlham Əliyevin fevral ayının 12–də “Azərbaycan Respublikasının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dediyi bu sözlər ölkəmizdə sahibkarlığın inkişafına nə dərəcədə yüksək önəm verildiyinə əyani sübutdur. Həqiqətən də, son dövrlər özəl sektorun təşəkkülü və inkişafı naminə respublikada böyük işlər görülüb. Hər zaman olduğu kimi, həmin proseslərin fövqündə Prezident İlham Əliyev şəxsən durduğundan respublikada güclü sahibkarlar təbəqəsi formalaşıb.
Bu günün iş adamı 90–cı illərin sahibkarından bilgi və müasir baxışları ilə fərqlənir. Müsahibimiz “Qartal” Tikinti Firmasının prezidenti Şahin Məmmədov da məhz belə kreativ və azad düşüncəyə malik təcrübəli iş adamıdır. Sahibkar görülən işlərdən və gələcək planlardan danışdı:
— Ölkəmizdə ötən əsrin 90–cı illərinin ortalarından başlayaraq aparılan islahatlar artıq bu gün öz bəhrəsini verməkdədir. Hazırda respublikamız sürətlə, indiyə qədər görünməyən templə inkişaf edir.
Azərbaycanda iqtisadi tərəqqi ölkə sahibkarlığının inkişafı ilə bilavasitə bağlı olub, onunla paralel getmişdir. Bu gün ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 83 faizə çatmışdır. Bu göstərici ildən–ilə artır. Təkcə ötən üç illə müqayisədə bu rəqəm 2 faiz çoxdur. Bütün bunlar ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin sahibkarlığa göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olub. Son dövrlərdə qəbul olan qanunlar, imzalanan fərman və sərəncamlar əvvəlki illərdə yaradılan hüquqi bazanı daha da təkmilləşdirərək sahibkarların maneəsiz və sərbəst fəaliyyətinə böyük imkanlar yaratmışdır. Bununla yanaşı, dövlət tərəfindən özəl sektorun inkişafını stimullaşdıran tədbirlər də həyata keçirilir. Məsələn, bu il büdcədən Sahibkarlığa Kömək Milli Fonduna 250 milyon manat vəsait ayrılıb.
Məhz yaradılan belə münbit şərait hesabına bu gün Azərbaycanda çox güclü sahibkarlar təbəqəsi təşəkkül tapıb. Biz də ölkəmizdə sahibkarlığa yaradılan münbit şəraitdən istifadə edib “Qartal” Tikinti Firmasını qurduq. Rəhbərlik etdiyim bu şirkət Azərbaycan xalqı və dövləti üçün çox önəmli olan layihələrin tikintisini yerinə yetirir. “Qartal” Tikinti Firması Azərbaycanda telekommunikasiya və hərbi obyektlərin, eləcə də radar izləmə sistemlərinin tikintisi üzrə ölkə bazarında lider bir şirkətdir. Qabaqcıl dünya və Avropa telekommunikasiya şirkətlərinin partnyoru olan “Qartal” Tikinti Firması beynəlxalq keyfiyyət sertifıkatlarına malikdir. Onlardan Keyfiyyətin İdarə Edilməsi İSO 9001–2009 Beynəlxalq Sertifikatını göstərmək olar ki, hazırda şirkətimizin bütün struktur bölmələrində keyfiyyətə nəzarət sistemi bu standartların tələbinə uyğun şəkildə təşkil edilir. Həmçinin, şirkətimizə İsveç Keyfiyyət və Standartlar İnstitutu tərəfindən Beynəlxalq keyfiyyət sertifikatı da verilib. İki il öncə isə şirkətimiz Böyük Britaniyanın Oksford şəhərində Avropa keyfiyyəti mükafatı laureatı adına layiq görülmüşdür.
“Qartal” Tikinti Firmasının əsas məqsədi ətraf mühitə və insanlara zərər vurmadan, beynəlxalq və eləcə də, Azərbaycanda qüvvədə olan yerli standartlara uyğun ən müasir texnologiyalardan yararlanaraq təhlükəsiz və keyfiyyətli inşaat və telekommunikasiya işlərini həyata keçirtmək və bununla da müştərilərinin inamını və məmnuniyyətini təmin etməkdir.
Həyata keçirdiyimiz layihələrin sayı çoxdur. Ona görə də onların hamısından yox, xalqımız və dövlətimiz üçün daha önəmli və aktual olan layihələrdən danışıb qısa məlumat vermək istərdim.
Dəniz sərhədlərimizin etibarlı qorunmasının texniki təminatını yaratmaq məqsədilə Xəzər dənizində və onun sahili boyunca BP şirkətinin neft platformalarında uzaq mənzilli radar sistemlərin infrastrukturunu və eləcə də gəmilərin avtomatik identifikasiya sistemlərini bizim firma tikib quraşdırmışdır. Bu sistemlərin və xüsusi təyinatlı kameraların köməyi ilə Xəzər dənizini tam izləyə və lazım gəldikdə operativ tədbirlər də həyata keçirə bilirik. Bu sistemlərin siqnallarını Dövlət Sərhəd xidmətinin və Müdafiə Nazirliyinin komanda idarəetmə mərkəzinə, həmçinin Azərbaycan Respublikası Dəniz Administrasiyasına ötürülməsi və sistemlərin Komanda İdarəetmə Mərkəzlərindən idarə olunması da Qartal Tikinti Firmasının məsuliyyətindədir. Yəni biz hərbi qurumlar üçün çox vacib partnyoruq və bir hərbi rejimdə çalışaraq bu məsuliyyətli işin öhdəsindən müvəffəqiyyətlə gəlirik.
Xüsusi Dövlət Mühafizə Xidmətinin və İnformasiya Təhlükəsizliyi Departamentinin inzibati binaları da bizim firma tərəfindən inşa edilərək istifadəyə verilmişdir. Onu da deyim ki, Xüsusi Dövlət Mühafizəsi Xidməti binasının açılış mərasimində iştirak edən respublika Prezidenti cənab İlham Əliyev bu obyekti Sumqayıt şirkətinin tikdiyindən çox məmnun olduğunu bildirmişdi.
“Qartal” Tikinti Firması Bakcell və Azərfon layihəsi üzrə Azərbaycanın mobil rabitə şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətinin artırılması məqsədilə ölkəmizin bütün rayonlarında və Naxçıvanda 2500–ə yaxın baza stansiyasını tikmiş və operator şirkətlərlə mobil telefon rabitənin yeni keyfiyyət mərhələsinə çıxmasına nail olmuşdur.
“Qartal” Tikinti Firması 10 ildir ki, Sumqayıtdan yeganə şirkət olaraq BP şirkətinin birbaşa kontraktorudur. Bu illər ərzində “Qartal” Tikinti Firması BP şirkəti ilə birlikdə bir sıra önəmli layihələrə imza atmışdır. Bakı–Tbilisi–Ceyhan, Bakı–Supsa və Şimal Neft ixrac kəməri boyunca telekommunikasiya obyektlərinin tikinti–quraşdırma, xidmət işlərini yerinə yetirmişik. Həmçinin Səngəçal terminalında, dənizdəki BP obyektlərində, Gürcüstan ərazisindəki neft ixrac kəmərləri boyunca BP obyektlərində və Supsa terminalında müasir telekommunikasiya obyektlərinin tikintisini və xidmətini də bizim şirkət reallaşdırmışdır.
“Qartal” Tikinti Firması həmçinin
Nokia Siemens Network şirkətinin əsas subkontraktorlardan biridir. Bu şirkətin subkontraktoru olaraq biz Bakcell və Azərfon layihələri
üzrə mobil şəbəkənin rekonstruksiyasını
və yeni saytların radioquraşdırma
işlərini həyata
keçirmişik. Layihə
boyunca “Qartal” Tikinti Firması 569 saytın tikintisini, 739 saytda 2G və 3G avadanlıqlarının radioquraşdırma
işlərini yerinə
yetirmişdir. Nokia Siemens
Network şirkətinin bütün
avadanlıqları bizim
Sumqayıtda olan anbarımızda yerləşdirilir
və saytlarda quraşdırılmaq üçün
buradan paylanılır.
Yeri gəlmişkən deyim ki, “Qartal” Tikinti
Firması 2010–2011–ci illərdə
öz istehsal sahələrini genişləndirərək
Sumqayıt şəhərində
metalkonstruksiya sexi, böyük tutumu olan anbar və
geniş çeşidli
avtomexanizasiya parkı
yaratmışdır. Balansımızda minik avtomobilləri
ilə bərabər,
müxtəlif tonnajlı
yük maşınları,
qaldırıcı kranlar
və hətta bir ədəd motorlu qayığımız
da var. 2012–ci ildə isə şirkətimizin yeni üçmərtəbəli
ofis binasının tikintisini də başa çatdırmışıq.
İldən–ilə fəaliyyətimiz genişləndiyindən tikdiyimiz
obyektlərin coğrafiyası
və sirkətimizdə
çalışan işçilərin
sayı artır.
Hazırda şirkətimizdə 300 nəfərdən çox
işçi çalışır.
Qeyd etmək
istəyirəm ki, “Qartal” Tikinti Şirkəti böyük
həcmdə xeyriyyəçilik
işləri həyata
keçirir. Şirkətimiz
ölkəmizdə qeyd
olunan bütün milli bayram və
əlamətdar günlərdə
fəal iştirak edir, daim Qarabağ
əlillərinə, Şəhid
ailələrinə, müharibə
və əmək veteranlarına, sağlamlığı
məhdud olan və valideynsiz böyüyən uşaqlara
maddi və mənəvi yardımçı
olmağı özünə
borc bilir.
Sonda fursətdən
istifadə edib bir məqama da toxunmaq istərdim. İllərdir ki, torpaqlarımız, Qarabağımız erməni
işğalı altındadır.
Bir laçınlı kimi dədə–baba yurdumu daim kədərlə yada salır və torpaqlarımızın
geri qaytarılması
yollarını arayıb
təhlil edirəm.
Artıq
hamıya aydındır
ki, Ermənistan tərəfi danışıqları
uzadaraq işğal etdiyi torpaqlarda möhkəmlənmək siyasətini
həyata keçirir.
Ona görə də, fikrimcə, biz torpaqlarımızı
ancaq savaş yolu ilə qaytara
bilərik. Mən bu
savaşa hər cəhətdən, bütün
potensialımla hazıram
və əminəm ki, milyonlarla azərbaycanlı da bu anı səbirsizliklə
gözləyir. İndi hamımız
Ali Baş Komandan, möhtərəm Prezidentimiz
İlham Əliyevin
son qərarını gözləməli
və onun ətrafında daha da sıx birləşməliyik.
Söhrab Səfiyev
Respublika.- 2013.- 13 mart.- S. 8.