Nümunəvi mədəniyyət mərkəzi

 

O müdhiş gecədə—1992–ci il fevralın 25–dən 26–na keçən gecə erməni faşistləri, tərəfindən tarixdə ən qanlı soyqırım həyata keçirildi. 366–cı sovet motoatıcı alayın tanklarının hücumu nəticəsində 613 nəfər həlak olmuş, 2000–dən çox insan müxtəlif dərəcəli yara almış, 1000 nəfər isə donma və güllə yarasından ömürlük şikəst olmuşdur. Həmin insanların 150 nəfəri qadın, 68–i uşaq, 71–i ahıl, 395 nəfəri isə kişi idi. 1275 nəfər Xocalı sakini əsir götürülmüşdür. Ən dəhşətlisi odur ki, 8 Xocalı ailəsi yer üzündən silinmişdir. 100 nəfər isə diridiri yandırılmışdır. Erməni vəhşiliyi nəticəsində tarixdə görünməmiş soyqırım aktı həyata keçirilmişdir. Bu azmış kimi erməni faşistləri tərəfindən Xocalı ərazisində olan bütün maddi mədəniyyət abidələri tamamilə dağıdılmışdır. Onlarca mədəni–maarif ocaqları yerlə–yeksan edilmişdir. Qarabağın tarixini əks etdirən onlarca qədim abidə dağıdılaraq yer üzündən tamamilə silinmişdir. Bütün bu faciələrə baxmayaraq, xocalılılar əsl qəhrəmanlıq nümunəsi göstərərək öz iradələrini ortaya qoymuş, hər sahədə olduğu kimi, mədəniyyət sahəsində də böyük nailiyyətlər əldə etmişlər. Heç şübhə yoxdur ki, hörmətli Prezidentimiz İlham Əliyevin qayğısı nəticəsində xocalılılar tam dövlət qayğısı ilə əhatə olunmuşlar. Belə ki, onlar üçün yeni yaşayış məntəqələri tikilmiş, təzə evlə təmin olunmuşlar. Bütün bu qayğının nəticəsidir ki, Xocalı Rayon Mədəniyyət və Turizm Şöbəsinin işçiləri fədakarlıq göstərərək, bu sahədə nailiyyətlər əldə edərək, mədəniyyət nümunələrini bərpa edərək xalqa çatdırırlar.

Bu barədə Xocalı Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Alim Rüstəmovla söhbət edərkən o qeyd etdi ki, rayonun mədəniyyət və turizm işçiləri fədakarlıq göstərərək geniş perspektiv planlar həyata keçirirlər. Respublikamızın 41 rayonunda fəaliyyət göstərən mədəniyyət və turizm işçiləri fədakarlıqla çalışırlar. Rayonun qabaqcıl mədəni–maarif müəssisələrindən biri də Bakı şəhəri Pirşağı qəsəbəsindəki 2 saylı pansionatda yerləşən klub müəssisəsidir. Müəssisənin direktoru, ali ixtisas təhsilli mütəxəssis Vəkil Ələkbərovla söhbət edərkən o, bildirdi ki, klub rayon icra hakimiyyətinin başçısı Şahmar Usubovun qayğısı nəticəsində yeniyeni mədəni–kütləvi tədbirlər həyata keçirir.

Burada yaradılmış yeni bədii özfəaliyyət kollektivləri, dərnəklər rayon sakinlərinin istirahətini yüksək səviyyədə təşkil edir. Fərəhlə qeyd edilməlidir ki, 100 nəfərdən çox xocalılı uşaqlar klubun müxtəlif kollektivlərində, dərnəklərində fəal iştirak edirlər.

Uşaqlar məktəbdənkənar saatlarını burada mənalı keçirir və müxtəlif dərnəklərdə, bədii özfəaliyyət kollektivlərində yaxından iştirak edirlər. Klub üzvlərinin respublika tədbirlərində çıxışları da fərəhləndirici hal kimi qeyd edilməlidir. Klub üzvlərinin hər il Xocalı soyqırımına həsr etdiyi kompozisiyalar nəinki burada yaşayan xocalılılar, eyni zamanda Pirşağı qəsəbəsində yaşayan əhali, ələlxüsus uşaq və gənclər tərəfində razılıqla qarşılanır.

Klubun vətənpərvərlik sahəsində apardığı mədəni–kütləvi tədbirlər xüsusi qeyd edilməlidir.

Xocalılılar inanırlar ki, vətən torpaqları tezliklə işğaldan azad olunacaqonlar doğma yurdlarına qayıdacaqlar.

 

 

Zabit Cavadov

 

Respublika.- 2013.- 14 mart.- S. 7.