Gənclərin hərbi–vətənpərvərlik
ruhunda tərbiyəsini daha
da gücləndirmək lazımdır
Məlum olduğu kimi, martın 10–da “Fəvvarələr meydanı”nda bir qrup gənc qeyri–qanuni etiraz aksiyası keçirməyə çalışmışdır. Onlar vətəndaşların istirahət etdiyi, dincəldiyi ərazidə icazəsiz aksiya keçirmək istəmişlər. Təbii ki, icazəsiz olduğundan hüquq–mühafizə orqanları zor tətbiq etmədən aksiyanın qarşısını almışdır. Heç bir sosial bazası olmayan radikal müxalifət iqtidarla xalq arasında süni narazılıqlar yaratmaq üçün əsassız bəhanələr gətirir, həyatın bərkindən–boşundan çıxmamış gənclərə yalan vədlər verərək onları qeyri–qanuni aksiyalara və təxribatlar törətməyə təhrik etmişdir. Dağıdıcı müxalifətin bu uğursuz cəhdləri Azərbaycan ictimaiyyəti tərəfindən qətiyyətlə pislənilir. Martın 13–də Azərbaycan Veteranlar Şurası ilə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının birlikdə təşkil etdiyi “Dəyirmi masa”da məhz həmin məsələyə həsr olunmuşdur.
“Dəyirmi masa”da veteranlar, ağsaqqallar və DİA–nın rəhbərliyi və professor–müəllim heyəti iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Şurası sədrinin birinci müavini Surxay Tağızadə qeyd etmişdir ki, ölkəmizin sosial–iqtisadi inkişafı sürətlə davam edir, yoxsulluq, işsizlik problemləri aradan qaldırılır, həyata keçirilən bütün proqramlar insanların rifah halının yaxşılaşmasına istiqamətlənmişdir. Keçmiş sovet məkanında 70 ildə görülməyən iş, Azərbaycan müstəqillik qazandıqdan sonra 20 ildə yerinə yetirilmişdir. Təkcə Bakıda yox, respublikanın bütün bölgələrində yeni–yeni Dövlət proqramları və layihələr həyata keçirilir. Bu inkişaf, bu uğur MDB ölkələrinin heç birində yoxdur. Belə bir inkişaf dövründə, prezident seçkiləri ilində, martın 10–da radikal müxalifətin icazəsiz aksiya keçirməsinə nə ad vermək olar? Sürətli inkişafımızı bilərəkdən görmək istəməyən, bir sıra xarici qüvvələrin və erməni lobbisinin əlində alətə çevrilən müxalifət düşərgəsinin məqsədi qanunsuz aksiyalar keçirməklə xalqla iqtidar arasında süni narazılıqlar yaratmaqdır. Həmin aksiyada gənclər və tələbələr də iştirak etmişlər. Ancaq onlar aşağı kurs tələbələridir. Bərkə–boşa düşməyən bu gənclər boş vədlərə aldanaraq aksiyalara qoşulmağa təhrik edilmişlər. Ancaq bu tələbələr başa düşmürlər ki, təhrikçilər onları həmişə meydanda tək qoyub qaçmışlar. Ona görə də belə gənclərə düzgün istiqamət vermək, onları vətənpərvərlik ruhunda tərbiyə etmək üçün müxtəlif gənclər təşkilatları ilə yanaşı, biz veteranların da üzərinə böyük məsuliyyət düşür. Veteranlar haqda qanun və nizamnamə var. Qarşımızda duran əsas vəzifələrdən biri oradakı müddəalara uyğun olaraq gənclər arasında geniş təbliğat və təşviqat aparmaqdır.
Dövlət İdarəçilik Akademiyasının birinci prorektoru Əlikram Abdullayev söhbətə qoşularaq rektor Urxan Ələkbərovun adından belə bir tədbirin keçirilməsini yüksək dəyərləndirdi. Daha sonra bildirdi ki, həmin icazəsiz aksiyada bir nəfər də olsun DİA–nın tələbəsi iştirak etməmişdir. Düzdür orada çıxış edənlərdən biri özünü bizim akademiyanın tələbəsi kimi qələmə vermişdir. Biz araşdırğıq, elə bir tələbəmizin olmadığını sübut etdik. Məhz bu cür çıxış özü də bir təxribatdır. Akademiyanın tələbələri respublikanın tələbə təşkilatlarında təmsil olunurlar və onlar ölkəmizin sürətli inkişafına öz töhfələrini verirlər. Təbii ki, ali məktəblərin kiçik problemləri var, hansı ki, həll olunandır. Gənclər həm elmi, həm də siyasi cəhətdən hazır olmalıdırlar ki, o yola getməsinlər. Ona görə də gənclərlə işləmək lazımdır, onların ağsaqqal sözünə, veteran təcrübəsinə böyük ehtiyacları vardır.
Akif Bayramov, DİA–nın kafedra müdiri, professor: Hərbi vətənpərvərlik uşaqlarda kiçik yaşlarından təbliğ olunmalıdır. Sovet dövründə pioner, komsomol təşkilatları vardı, onların qarşısında konkret vəzifələr vardı. O vaxt ziyalılar da nə işlə məşğul olduqlarını yaxşı bilirdilər.
İndiki dövrdə bu cür aksiyaların keçirilməsində bizim də günahımız çoxdur. Yaşlı nəslin nümayəndələriyik. Hər birimiz keçdiyimiz yolu gənclərə çatdırmalı, keçirilən görüşlərdə vətənpərvərlik mövzusunu ön planda qoymalıyıq. Qardaş Türkiyədə ciddi bir məsələ ortaya çıxanda “Öncə Vətəndir” deyərək bütün türk xalqı birləşir. Hətta hərbi xidmət keçməyən oğlana qız da vermirlər.
Bizim çoxlu sayda gənclərimiz Avropada, dünyanın bir çox ölkələrində təhsil alırlar. O yerlərin ab–havasına öyrəşsələr də, gənclərimiz milli adət–ənənələrimizi, mentalitetimizi, varlığımızı unutmamalıdırlar. Gənclər təşkilatları bu istiqamətdə güclü işləməlidir. Hər kəs “mənim nəyimə lazımdır” desə, onda tələbə gənclərin tərbiyəsi ilə kim məşğul olar? Əsası ulu öndər tərəfindən qoyulan Azərbaycanın xarici siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla aparılır. Dövlətimiz nəinki regionun, dünyanın nüfuz sahibinə çevrilib. Azərbaycan həqiqətlərinin dünyaya olduğu kimi çatdırılmasında, Dağlıq Qarabağ məsələsində güclü iş aparılır.
Nazirlər Kabinetinin 2012–ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cənab Prezident İlham Əliyev bir sıra məmurlar və onların övladlarının hərəkətləri barədə ciddi xəbərdarlıq etmişdir. Bu istiqamətdə tədbirlər görülür, əlbəttə, bu, kampaniya şəklində qalmamalıdır.
Musa Quliyev,
tarix elmləri doktoru:
–Gəncliyi düzgün istiqamətə
yönəltmək lazımdır. Ötən əsrin 70–ci illərinin gəncləri ilə indikilər
arasında böyük fərq var. Elmi–texniki tərəqqi inkişaf edir, yeni texnologiyalar,
internet meydana gəlib. Bütün bunlar
gənclərin şüuruna
təsir edir. Ziyalılar, şair və yazıçılar hərbi
hissələrə gedib
əsgərlər qarşısında
çıxış edirlər.
Vətənpərvərlik mövzularının təbliği çox zəifdir. Ayrı–ayrı müğənnilər bir–iki saat mahnı
oxumaqla öz işlərini bitmiş hesab edirlər. Güclü gənclər qəzeti olmalıdır, gənclər
inandırılmalıdır ki, onlar üçün
bir Vətən, bir torpaq, bir
Azərbaycan var. Onun qorunmasına hər bir gənc and içməlidir. Yaxud məmurun
övladı niyə Murovda yox, Bakıda
qulluq etməlidir, ya da heç
hərbi xidmətə
getmir. Əksinə, o məmurların övladları başqalarına
nümunə olmalıdır.
Ümummilli liderimiz həmişə əsgərlər arasında
olub. Cənab Prezident ad gününü
köçkün ailəsində
keçirib. Bu hallar başqaları üçün nümunə
deyilmi? Gənclərin icazəsiz aksiyalara
qoşulmasında bir sıra televiziyaların da günahı çoxdur, şou xatirinə verilişlərə
daha çox yer ayırırlar.
Bir çox
məmurlar, nazirlər,
komitə sədrləri
müraciətlərə cavab
vermirlər. Amma bununla belə dövlət başçısının
etimadını doğruldan,
insanlarla xoş rəftar edən nazirlər də az deyil.
Namiq Axundov, DİA–nın müəllimi, professor:
—Ümummilli lider Heydər Əliyev demişdir: “Xalqımızın
birliyi və qələbəyə inam
gələcək uğurlarımızın
təməlidir”. Ulu öndərin
bu fikri bu gün də
önəmlidir. İndi ölkəmizdə
“Prezident–Xalq” vəhdəti
qırılmazdır. Həmişə olduğu kimi
martın 10–da müxalifətin
icazəsiz keçirdiyi
aksiya iflasa uğramışdır. Bununda bağlı
dərs dediyim tələbələrlə, magistrlərlə
söhbətlər aparıram.
Onlar bu hadisələri pisləyirlər. Həmin gün
aksiyada iştirak edən gənclər, tələbələr vəhabilərin,
ayrı–ayrı təriqətlərin
təsiri altına düşənlərdir və
onlar pulla ələ alınıblar.
Zəif əqidəli belə gənclərlə işləmək
lazımdır. Azərbaycanda 1 milyon veteran var. Hər bir veteranın 10 nəfər gəncə təsir etmək gücü var və bu imkandan
istifadə etmək lazımdır.
Növbəti tədbirlərdə gənclərlə,
ordu ilə bağlı təkliflər
hazırlanmalı, ölkə
başçısına çatdırılmalıdır.
Rüfət Quliyev, DİA–nın
Sosial Araşdırmalar
İnstitutunun direktoru:
—Yeni bir layihə
üzərində işləyirik.
“Vətəndaş mövqeyinin formalaşdırılması”
mövzusu məhz bu gün müzakirə
olunan məsələyə
çox yaxındır.
Ona görə də bu işdə fəal iştirak edəcək, öz səylərimizi əsirgəməyəcəyik.
“Dəyirmi masa”da ehtiyatda olan polkovniklər Məhərrəm
Cahangirov, Azad Əsədov,
Respublika Veteranlar Şurasının büro
üzvü Rasim Muxtarov, sədrin müavini Kamal Əliyev gündəlikdə
duran məsələlərlə
bağlı öz fikirlərini söylədilər,
radikal müxalifətin
martın 10–da icazəsiz
aksiya keçirmə cəhdini qətiyyətlə
pislədilər.
DİA–nın müəllimi, ehtiyatda olan polkovnik Cəlil Xəlilov mövzu ilə bağlı müvafiq nazirlik və komitə rəhbərlərinin iştirakı
ilə keçiriləcək
konfransla bağlı məlumat verdi.
Respublika
Veteranlar Şurası
sədrinin müavini Surxay Tağızadə yekun çıxışında
bildirdi ki, veteranlar həmişə olduğu kimi ölkə Prezidentinə əlimizdən gələn
köməkliyi edəcək,
gənclərimizin vətənpərvərlik,
dövlətimizə və
dövlətçiliyə sədaqət ruhunda tərbiyəsinin gücləndirilməsi
və daha səmərəli olması
üçün fəaliyyətimizi
genişləndirəcəyik.
Ramiz YUSİFLİ
Respublika.- 2013.- 14 mart.- S. 5.