MİRZƏ FƏTƏLİ
AXUNDZADƏ VƏ ÇEVRƏSİNDƏKİ QADINLAR
Tarixə çoxsaylı yanaşmalardan birini əks etdirən “kişi tarixi” deyilən bir anlayış var. Hər bir anlayış kimi zəngin gerçəkliyi məhdud dairəyə salsa da, bu anlayışın da kökündə müəyyən bir həqiqət durur. Əslində məlum səbəblərdən bəşəriyyət tarixinin böyük bir hissəsi bizim istəyib–istəməməyimizdən asılı olmayaraq kişilərə məxsusdur. Siyasətdə, xalq hərəkatlarının mübarizə meydanlarında şücaət göstərən, mədəniyyət, din və elm səmalarında ulduzlar kimi yanıb–sönən tək–tək qadınları nəzərə almasaq, onların dünyanın ümumi mənzərəsində yeri, inkişafa təsiri kişilərə nisbətən cüzi görünür, fəaliyyətləri kölgədə qalır. Təsadüfi deyil ki, qadınlar haqqında söylənilən neqativ ya müsbət, və ya neytral mülahizələr, zərb məsəllər bir qayda olaraq ailə–məişət çərçivəsindən kənara çıxmır. Hələ eramızdan neçə əsr əvvəl qədim yunan filosofu Demokrit düşünən qadını böyük faciə hesab edir, kişilərə evlənməməyi, yaxud bəstəboy, diqqəti cəlb etməyən yaraşıqsız, dinməz–söyləməz bir qadınla ailə qurmağı məsləhət bilirdi. “Başına gəlib başmaqçı olan” müdrik Sokrat isə evlənməyi vacib sayır,”qarşına xoşxasiyyət arvad çıxsa xoşbəxt, bədxasiyyəti çıxsa filosof olarsan”,—deyə kişilərə təskinlik verirdi. Hər bir xalqda olduğu kimi, bizim xalqımızın da qadınlar barədə çoxəsrlik təcrübə və müşahidələrin nəticəsində yaranmış atalar sözləri və məsəlləri var. Məsələn, “Aslanın erkəyi, dişisi olmaz”, “Arvad var ev tikər, arvad var ev yıxar”, “Arvad yıxan evi, fələk də yıxa bilməz”, “Arvadı pis olanın saqqalı tez ağarar”, —”Arvadın biri əla, ikisi bəla!”, “İkinci arvad yamaqdır”, “Ər arvadın tacıdır”, “Arvadsız ev —susuz dəyirman”. Qadına layiq olduğu ən böyük qiyməti “Cənnət anaların ayaqları altındadır” deyən Peyğəmbərimiz verib. Son vaxtlar tez–tez teleekranlardan eşidilən, mətbuatda, adi danışıqda işlədilən ibarələrdən biri də “Hər bir güclü kişinin arxasında bir güclü qadın dayanır” ibarəsidir. Əlbəttə, bu kimi kəlamların sayını xeyli artırmaq olar. Əsas məsələ isə ondadır ki, onlar kişilərin, o cümlədən görkəmli insanların, ədiblərin, filosofların, şairlərin, rəssamların, alimlərin taleyində qadınların xeyirxah və ya bədbəxt, uğurgətirici və ya məşum rol oynadıqlarını göstərərək, son ucda ailə vasitəsilə dolayı olsa da daim cəmiyyətə təsir etmələrini təsdiq edir.
Böyük mütəfəkkir, Azərbaycanda və ümumiyyətlə bütün müsəlman Şərqində dramaturgiyanın banisi, filosof, şair, alim Mirzə Fətəli Axundzadənin həyatına, tərcümeyi–halına əhatəsindəki qadınların taleləri pəncərəsindən baxış onu başqa tərəfdən bizə tanıdır. O, müasiri olduğu dövrün —XIX əsrin mənəvi həyatını, intellektual ab–havasını, ideyalarını özündə cəmləşdirib ona təsir göstərməyə qadir olan bir dahi, fikri, düşüncəsi ilə hadisələri qabaqlayan, gələcəyin konturlarını cızan tərəqqipərvər bir insan, islahatçı, din və dini mövhumatın tənqidçisi, bütün ömrü boyu Şərqdə insanların, o cümlədən qadınların hüquqlarını müdafiə edən və uğrunda qələmi ilə mübarizə aparan azadlıq carçısı idi. Bununla belə adi həyatda, gündəlik məişətdə dövrün—zəmanənin təzyiqi altında tənqid etdiyi köhnə qanunlara, adət–ənənələrə bəzən güzəştə getməli olur, ideal və gerçəklik arasında əbədi olan baryeri aşa bilmirdi, bu, mümkün də deyildi.
Həyatı boyu
dost–tanışları, dövrünün
görkəmli şəxsiyyətləri ilə məktublaşmalarından,
barəsindəki xatirələrdən, xüsusilə nəvələrinin,
Mahmənzər xanımın, Aliyə xanımın xatirələrindən,
şəxsi bioqrafiyasından ayrı–ayrı fraqmentlər, epizodlar, intim təfsilatlar
mütəfəkkirin qadınlara münasibəti, sevgisi, bəzən səhvləri,
acıları barədə təsəvvür yaratmaqla
yanaşı, dövrün mənzərəsini
canlandırmağa imkan verir.
Digər tərəfdən, əsərlərində irəli sürdüyü fikirlərin, ideyaların
qaynaqlarını, motivlərini görməyə, nəticədə
isə onun dediklərində özünü, daxili aləmini
daha yaxşı anlamağa
kömək edir.
***
İnsan həyatında ən müqəddəs, doğma məxluq, həmin o,”cənnət ayaqları altında olan” anadır. Ana qadın sevgisini hələ körpə ikən qeyri–şüuri öz üzərində duyub ona yönəldilən intuitiv, sonra getdikcə böyüyən, yeni mənalarla zənginləşib dərk edilən sevgi dolu çeşmədir. Bu çeşmədən su içmək üçün Mirzə Fətəli cocuq ikən mübarizə aparmalı olmuşdu…
Anası Nanə xanımın doğulduğu ailə haqqında əldə olan mənbələr heç bir məlumat vermədiyindən onun uşaqlıqda ata–anasını, bəlkə bacı–qardaşını da itirməsi, yaxud ailədə yeganə övlad olması barədə yalnız ehtimallar irəli sürməyə imkan verir. Hər halda Mirzə Məhəmmədtəqiyə ərə gedəndə o artıq uzun müddət idi ki, Şəki vilayətinin Nuxa şəhərində əmisinin —şəhərin çox hörmətli adamlarından olan Axund Hacı Ələsgərin himayəsi altında yaşayırdı.
Cənubi Azərbaycanda nəcib, məşhur və hörmətli bir nəslin nümayəndəsi olan Mirzə Məhəmmədtəqini Nuxaya acı bir təsadüf gətirib çıxarmışdı. O, Təbriz mahalına daxil olan Xamnə qəsəbəsinin hakimi (kəndxuda) olarkən təxminən 1809–1810–cu illərdə şərlənmiş, şahzadə Abbas Mirzənin qəzəbinə məruz qalmışdı. Vəzifəsindən çıxarılan, cərimə olunaraq əmlakının böyük hissəsi müsadirə edilən gənci rastlaşdığı haqsızlıq sarsıdır, ehtiyac onu vərdiş etmədiyi bir işlə—kiçik ticarətlə məşğul olmağa vadar edir. Bu məqsədlə arvadını və qızlarını Xamnədə qoyub Nuxaya gedir və burada Nanə xanımla evlənir. Onların izdivacından 1812–ci ildə Mirzə Fətəli dünyaya gəlir.
İki ildən sonra Nuxada İrandan gələnlər üçün vəziyyət pisləşdiyinə görə Mirzə Məhəmmədtəqi yeni ailəsini götürüb Xamnəyə qayıdır. Xamnədə Nanə xanım xoşagəlməz sürprizlərlə üzləşir, ərinin burada da ailəsi olduğunu öyrənir. O, ərinin birinci arvadı ilə heç cür yola gedə bilmir, daimi dava–dalaşlardan təngə gəlib Mirzə Məhəmmədtəqidən onun talağını verməsini və 4 yaşlı yeganə oğlu ilə birlikdə əmisinin yanına (həmin vaxt Hacı Ələsgər Cənubi Azərbaycanın xalq arasında Qərəcədağ adlanan Qaradağ vilayətinin Horand kəndində Şəkinin keçmiş hakimi Səlim xanın yanında xidmətdə idi) göndərməsini təvəqqe edir. Məhəmmədtəqi oğlunu burada qoyması şərti ilə onun getməsinə etiraz etmir. Əsəbləri tarıma çəkilmiş zavallı qadının vəziyyəti görünür o qədər dözülməz imiş ki, hətta bu şərtlə də barışır, oğlunun iztirablarını artırmamaq üçün isə ona ayrılacaqlarını demədən, səhər o başdan gizlin getmək qərarına gəlir. Lakin ev adamları ilə son vidalaşma məqamında Fətəlinin ögey bacılarından ən kiçiyi, 9–10 yaşlı qızcığaz uşaq intuisiyası ilə burada nə isə müdhiş hadisənin baş verdiyini, qardaşının bir daha öz anasını görə bilməyəcəyini anlayır, evə qaçıb onu silkələyib yuxudan oyadır, anasının getdiyini xəbər verir. Fətəli qışqıra–qışqıra özünü bayıra atıb dəvəyə minməyə hazırlaşan anasının ətəyindən bərk–bərk yapışır, ana və balanın hönkürtüləri, göz yaşları bir–birinə qarışır. Hamını mütəəssir edən bu səhnə Mirzə Məhəmmədtəqinin də ürəyini yumşaldır, ananın oğlunu da özü ilə aparmasına razı olur… Keçmişdə, xüsusilə Şərq ailəsində düşmən çəpəri, evin dirəyi, dayağı, nəslin davamçısı hesab edilən oğul övladına verilən önəmi, boşanma zamanı uşaqları ataya verən neçə əsrlik adətin mövcudluğunu və Mirzə Məhəmmədtəqinin isə birinci arvadından yalnız qızları olmasını nəzərə alsaq, onun bu hərəkətinin nəcibliyini danmaq olmaz. O, görünür, ürəyinin dərinliyində Fətəli üçün anasının yanında daha xoş keçəcəyini, gələcəyinin parlaq olacağını anlayaraq uşağın mənafeyini öz mənafeyindən üstün tutdu, qədim adətə qarşı çıxmaq üçün özündə güc tapdı. Mirzə Fətəlinin taleyini dəyişən bu kiçik epizodun baş qəhrəmanı isə onun ömrü boyu minnətdarlıqla xatırladığı kiçik bacısı oldu.
Fətəli bir daha atasını görmədi, deyilənə görə atası həmin hadisədən bir il sonra ölmüşdü. Bacılarını isə o, bir də 50 yaşında olarkən ərəb əlifbasının islahatı layihəsi ilə İrana getdiyi zaman axtarıb tapmışdı, onlar qardaşlarını böyük sevinc və qonaqpərvərliklə qarşılamış, yola salarkən, öz incə, bədii əl işlərini hədiyyə etmişdilər.
Mirzə Fətəli 13 yaşına kimi anası ilə Hacı Ələsgərin yanında əvvəlcə Horand kəndində, sonra Ünküt elinin Vəlibəyli obasında yaşamışdı. 1825–ci ildə onlar Cənubi Azərbaycanı tərk etmiş, Gəncəyə getmiş, oradan da Nuxaya qayıtmışdılar. Xatirələrdəki ayrı–ayrı fraqmentlərdə Nanə xanım diribaş, zirək və nadinc, hər şeylə maraqlanan və hərəkətlərində olduqca sərbəst, ürəyinə yatmayan işdən qaçan bir uşaq kimi təsvir olunan oğlunun təhsilinə diqqət edən, şıltaqlıqlarına görə onu cəzalandırmayan, səbirli, təmkinli qayğıkeş ana obrazında canlanır. Fətəli onu oğulluğa götürən Hacı Ələsgərin də daim sevgi və qayğısını öz üzərində hiss edirdi. Hacı Ələsgər dövrünün tərəqqipərvər insanı, islam elmlərini dərindən bilən nadir alim, nüfuzlu ruhani idi və Fətəlinin təhsili ilə şəxsən özü məşğul olmuş, ona ərəb və fars dillərini öyrətmiş, onu klassik Şərq ədəbiyyatı ilə tanış etmişdi. O, Fətəlinin ruhani olmaq fikrini dəyişməsinə anlayışla yanaşmış, arzularını nəzərə alaraq, onu rus məktəbinə qoymuş, bir ildən sonra isə öz nüfuzundan, dost–tanışlarından istifadə edərək Qafqazın Baş Komandanının Dəftərxanasında tərcüməçi köməkçisi vəzifəsinə işə düzəltmişdi. Tədricən vəzifə və rütbəcə yüksələn M.F.Axundzadə özünə az–çox təminatlı vəziyyət yaradıb 1842–ci ildə artıq dünyasını dəyişmiş Hacı Ələsgərin qızı Tubu xanımla evləndi. O, “mənim ikinci atam” deyə hörmətlə xatırladığı bu nəcib insanın böyük ailəsinin qayğısını da öz üzərinə götürərək Nuxadan Tiflisə köçürüb yanına gətirdi.
Nuxanı tərk etdikləri zaman Tubu xanımın heç on dörd yaşı da tamam deyildi. O, çox sevdiyi gəlinciklərindən ayrılmaq istəmirdi, amma onları götürməsinə icazə verməsi üçün anasından xahiş etməyə də cürət etmədi, çardağa qaçıb onları bərk yerdə gizlətdi, o ümidlə ki, nə vaxtsa qayıdıb onlarla oynayacaq.
Tiflisdə artıq ərli qadın olsa da, əri işdə olanda gizlincə əski–üsküdən özünə gəlinciklər düzəldir və onlara libaslar tikərmiş. Bir gün Mirzə Fətəli nəyə görəsə evə gözlənilmədən qayıdır,”cinayət” başında yaxaladığı arvadının tutulduğunu görüb, heç nə demir, gülür, sabahısı gün ona mumdan düzəldilmiş əsl gəlincik alıb gətirir, beləsini o heç vaxt görməmişdi. Amma ərinin gözündə uşaq kimi görünməsi gənc qadını o qədər utandırmışdı ki, gəlincikləri gizlətmiş və bir də onların yanına qayıtmamışdı.
Tubu xanım gözəl və cazibədar qadın idi. Lakin uşaqlarının körpə və kiçik yaşlarında ölmələri onun həyatını matəmə çevirmişdi, öz gümanına görə erkən yaşda ərə getməsinə və səhhətinin zəifliyinə görəmi, yoxsa o zamankı tibbin səviyyəsinə görə, yaxud bir başqa səbəbdənmi, onlar ən adi uşaq xəstəliklərinə tab gətirmirdilər, gənc ana, məsələn, qızılcadan bir neçə günün içərisində bir–birinin ardınca üç uşağını itirmişdi. Onun dünyaya gətirdiyi on üç uşaqdan yalnız son ikisi: Rəşid bəy və Nisa xanım uzun müddət yaşamışdılar.
Əgər gərgin iş, yoldaşları ilə görüşləri, söhbətləri Mirzə Fətəliyə dərdini az da olsa unutdururdusa, Tubu xanımın simasından qəm–qüssə çəkilmirdi, o, heç vaxt gülmürdü, başqalarının, hətta uşaqların da gülməyini xoşlamırdı, hərçənd qeyri–adi mehribanlığı, nəvazişkarlığı və mülayimliyi ilə seçilirdi. Həyatının həmin ağır çağlarında qəlbinə daha bir yaranı dünyada ən çox güvəndiyi, arxalandığı Mirzə Fətəli vurdu, özü də Gəncə hakimi məşhur Cavad xan Ziyadxanovun nəslindən olan bir neçə qadının”yüngül əli” ilə. Bu hadisədə dövrün, siyasi tarixin insan taleləri ilə qəribə şəkildə çulğaşdığının bir daha şahidi oluruq…
Bildiyimiz kimi, çar Pusiyasının orduları Azərbaycanı istila edən zaman Cavad xan və onun altı oğlu işğalçılara tabe olmayıb müqavimət göstərmiş, Gəncə qalasındakı döyüşdə son damla qanlarına qədər qəhrəmanlıqla vuruşub həlak olmuşdular. Gəncə ələ keçdikdən sonra ruslar xanların itaətsizliyinin heyfini ailələrinin başsız qalmış qadın və uşaqlarından çıxdılar, onların bütün mülk və malikanələri əllərindən alındı. Dəhşətli ehtiyacdan dilənçi kökünə düşmüş qadınlar özlərini və uşaqlarını dolandırmaq iqtidarında deyildilər, yalnız keçmiş təbəələrinin könüllü ianələri sayəsində birtəhər keçinirdilər.
Vaxt keçir, vəziyyət isə dəyişmirdi. Rusiyanın hakimiyyəti gözlədiklərinin əksinə getdikcə möhkəmlənirdi. Hər yerdən ümidləri üzülən qadınlar Mirzə Fətəlinin Qafqaz canişininin dəftərxanasında xidmət etdiyini öyrənib, Tiflisə, onun yanına pənah gətirdilər, onlara pensiya kəsilməsi üçün yardım etməyi xahiş etdilər. O, çalışıb bu qadınlara nəinki kiçik pensiya təyin edilməsinə, hətta kiçik mülklərindən birinin özlərinə qaytarılmasına da nail oldu. Bu böyük xeyirxahlıq müqabilində qadınlar necə təşəkkür edəcəklərini bilməyib, ona Ziyadxanovlar nəslindən olan, atası elə həmin müharibədə həlak olmuş Nəzdibəyim adlı 28 yaşlı yetim bir qızla evlənməyi təklif etdilər. Görünür, onunla qohum olmaqla həm də gələcəkdə özlərinə möhkəm arxa qazanmaq istəyirdilər. Mirzə Fətəli bu təklifi qəbul etdi və üzünü görmədiyi, tanımadığı bir qızla (o zamanlar müsəlmanlar arasında heç kəs toydan qabaq qızı görmürdü) evlənməyə razılıq verdi.
Ziyadxanovların qəribə təklifi haqqında şayiələr Tubu xanımın qulağına çatmışdı. Odur ki, bir gün əri dostuna bəxşiş aparmaq adına evdəki ən yaxşı hind örpəyini sandıqdan çıxarıb gətirməsini xahiş edəndə məsələni anladı. Sakitcə örpəyi verib mülayim bir tərzdə təmkinlə dedi: “Bəhanələr uydurma, bilirəm, örpək sənin nəyinə gərəkdir”. Azərbaycanlılar iki əsr bundan qabaq da, elə indiki kimi nişanlanma mərasimində adətə görə gəlinə mütləq üzük və örpək göndərirdilər. Hər necəsə, örpək göndərildi, hündür, arıq, gözəlliyi ilə seçilməyən yeni arvadı tezliklə öz qulluqçusu ilə gəldi, onun üçün aşağı mərtəbədə ayrılmış iki otaqda məskunlaşdı. Onun burada ildən artıq yaşadığı müddətdə deyilənə görə Tubu xanım, bir dəfə də olsun, həmin tərəfə baxmamış, günüsünün üzünü görməmiş, ərinə isə onu qınayan, məzəmmət edən bir söz belə deməmişdi.
Nəzdibəyim isə onun tam əksi idi, ərini qısqanır, qışqırır, dava–dalaş salır, darıxır, dolanışığın kasadlığına görə onu təqsirləndirirdi. Nəhayət, icazə alıb bətnində uşaq Gəncəyə gedir, orada qızı Seyrəbəyimi dünyaya gətirir və boşanır.
“Arvadın biri—əla, ikisi—bəla”, “İkinci arvad yamaqdır” deyən xalq yenə haqlı çıxmışdı. İkinci arvadının pis xasiyyəti, hikkələri Mirzə Fətəlini yorub peşman etmiş və onu birinci arvadına ömürlük bağlamışdı.
ARZU HACIYEVA
AMEA–nın Fəlsəfə,
Sosiologiya və
Hüquq İnstitutunun
fəlsəfə və ictimai
fikir tarixi
şöbəsinin müdiri,
fəlsəfə elmləri doktoru.
Respublika.- 2013.- 16 mart.- S. 11.