Dağ–mədən sənayesinin inkişafı
prioritet sahədir
Azərbaycan bu gün dünyada enerji daşıyıcılarının etibarlı ixracatçısı
və regionun ən mühüm tranzit mərkəzidir.
2009–cu ildə dünyada
baş verən iqtisadi böhran şəraitində belə
Azərbaycan iqtisadiyyatında
artım davam etmişdir. Bu da ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və onun siyasi
varisi, ölkə rəhbəri tərəfindən
uğurla həyata keçirilən strateji inkişaf kursunun bəhrəsidir. Azərbaycan
hərtərəfli inkişaf
edir. Neft sektorundan gələn gəlirin real iqtisadiyyata yönəldilməsi böyük
nailiyyətlər əldə
etməyə səbəb
olur.
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin 2012–ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə
baxış” inkişaf
konsepsiyasında ölkədə
qeyri–neft sənayesinin
inkişaf etdirilməsi
məqsədilə ölkənin
malik olduğu təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə
cəlb edilməsinin genişləndirilməsi və
onlardan istifadənin səmərəliliyinin yüksəldilməsi
nəzərdə tutulur.
Bəlli
olduğu kimi, yerin təkindəki
mineral–xammal ehtiyatları
ümumi təbii sərvətlərin əsas
hissəsi olmaqla hər bir ölkənin
iqtisadi və sosial–siyasi müstəqilliyini
müəyyən edən
amillərdəndir. Azərbaycan
geoloqlarının fədakar
əməyi sayəsində
respublika ərazisində
yaradılmış mineral–xammal
bazasının mövcud
vəziyyəti və
perspektivləri ölkəmizdə
dağ–mədən sənayesinin
inkişaf etdirilməsinə,
milli və xarici investorların cəlb olunması ilə dünya sənayesinə inteqrasiyasına
geniş imkanlar açır. Hazırkı
qloballaşma dövründə
biz dünya iqtisadiyyatının
mövcud vəziyyətinə
nəzər salsaq, görərik ki, dağ–mədən sənayesi,
həqiqətən, burada
aparıcı rol oynayır. Dünya iqtisadiyyatında son 10–15 ildə
dağ–mədən işləri
nəzərəçarpacaq dərəcədə artıb
və o, qlobal iqtisadiyyatın aparıcı
sahələrindən birinə
çevrilib. Qeyd edək ki, 2005–ci ildə Azərbaycan bu sahə üzrə
24–cü yerdə idi. Hazırda isə şirkətlərin investisiya
qoyulmasına görə,
dağ–mədən sənayesi
5–ci yerə yüksəlib.
Əgər biz dünyada
dağ–mədən sənayesinin
inkişafı yollarını
nəzərdən keçirsək,
olduqca maraqlı bir mənzərəni müşahidə etmiş
olarıq. Hazırda bu sahədə inkişaf etmiş ölkələr: Çin,
ABŞ, Rusiya, Avstraliya,
Braziliya, Hindistan, CAR və Kanadadır. Eyni zamanda dünyada
30–dan artıq mineral hasil
edən 10 ölkə
mövcuddur. Hazırda
dağ–mədən sənayesinin
əsas istehlakçısı
Çindir.
Artıq
əminliklə qeyd etmək olar ki, dağ–mədən sənayesində yeni bir era başlamışdır.
Dünya sənayesində
qara, əlvan və nadir metallara olan tələbat artmaqdadır. Tələbat
isə inkişaf etməkdə olan bazarın artım dinamikası ilə müəyyən olunur. Metallara olan tələbat, ilk növbədə
Çində avtomobilqayırma,
gəmiqayıma və
infrastruktura günbəgün
artan xammal tələbatı ilə müəyyən olunur. Məhz Çində metallara olan tələbat dünyada metalların qiymətinin sıçrayına səbəb
olmuşdur.
Şimal
qonşumuz Rusiyada hazırda dağ–mədən
sənayesi ölkə
iqtisadiyyatının özəyini
təşkil edir. Dövlət büdcəsinin
60–70 faizə qədəri
təbii ehtiyatlar hesabına formalaşır.
XXI əsrin əvvəllərində
Rusiyanın sosial–iqtisadi
inkişafında mineral–xammal
kompleksinin rolu əhəmiyyətli dərəcədə
artmışdır. Hazırda
Rusiyada ictimai təşkilat statuslu Dağ–Mədən Akademiyası
fəaliyyət göstərir.
Akademiyada Rusiyada dağ–mədən işi
üzrə ən sanballı elm adamları olan elita cəmləşir.
Nəhəng mineral resurslara malik
olan Rusiya, Qazaxıstan və Monqolustan kimi ölkələr faydalı
qazıntılarının çıxarılması və
emalı üçün
sənaye partnyorları
axtarırlar. Bu sahə
ilə məşğul
olan alman şirkətləri öz
müştərilərini ən
müasir dağ–mədən
avadanlıqları və
istehsalat vasitələri
ilə təmin edir və əlavə
sifarişlər gözləyirlər.
Dünyanın bir çox ölkələrindən
(Rusiya, Qazaxıstan və s.) son zamanlar Almaniyanın Federal İqtisadiyyat
və Texnologiya Nazirliyinə idarəetmə
kadrlarının hazırlığı
proqramı çərçivəsində
dağ–mədən işləri
üzrə mütəxəssislər
gəlir. Proqramın iştirakçıları alman
istehsalı olan avadanlıqlarla yerində tanış olurlar. Bundan əlavə, iştirakçılar müasir
ekoloji standartları və faydalı qazıntı çıxarılan
zonaların landşaftının
bərpa olunmasına olan tələbləri mənimsəyirlər.
Beləliklə, mineral–xammal resursları
sektoru dünya iqtisadiyyatında baş verən dəyişikliklərin
mərkəzində durur.
Resurslar sahəsində
gözlənilən tələbata
böyük invetisiyaların
qoyulması, həm də mühəndis və texnik mütəxəssislərə olan
tələbatın artacağı
gözlənilir. Artıq
indinin özündə
belə bu sahədə ixtisaslı mühəndis kadrların
çatışmamazlığı hiss olunmaqdadır. Təcrübəli
menecerlərin çatışmaması
ucbatından bəzən
bu sahədə iri kapital tutumlu
lahiyələrin həyata
keçirilməsi ləngiyir.
Mineral–xammal sektorunda bazarların tənzimlənməsi
və yeni texnologiyaların meydana çıxması nəticəsində
yeni strukturların yaranması zərurəti
meydana çıxır.
Bu da mineral–xammal sektorundakı şirkətlər
üzərində dövlətin
nəzarətinin güclənməsi
zərurətini ortaya
qoyur.
Müasir
dünyada dağ–mədən
sənayesinin yüksəlişi
bilavasitə infrastrukturun
inkişafı ilə
bağlıdır. Adətən
infrastrukturdan söz düşəndə, bir qayda olaraq, nəqliyyat
sisteminin şəbəkəsini
nəzərdə tuturuq.
Lakin həyat göstərir ki, uzunmüddətli iqtisadi inkişaf üçün
həm istehsalat sahəsinin, həm də sosial sferanın inkişafına
iri investisiyaların qoyulması olduqca zəruridir. Bu məqsədlə
qoyulan investisiyalar qısa müddətdə
özünü doğruldur.
Məsələn: Çin
2000–ci ildən başlayaraq,
bu sahəyə ümummilli məhsulun 8–10
faizi, Hindistan isə 4–6 faizinə qədər investisiya qoyur. Rusiyada bu rəqəm 1 faizə qədərdir. Hazırda Çinin və Hindistanın iqtisadi yüksəlişi
göz qabağındadır.
Dünyada artıq baş
vermiş maliyyə–iqtisadi
böhran həm siyasətçilərin, həm
də iqtisadçıların
diqqətini infrastruktur
problemlərinə və
uzunmüddətli davamlı
iqtisadi artımın təmin olunmasına cəlb etmişdir.
Artıq
infrastruktur investisiyalarına
iqtisadi yüksəliş
və yeni iş yerlərinin açılması baxımından
zəruri bir mexanizm kimi baxılır.
İnvestisiya infrastrukturları
həm də resursların və iş yerlərinin yenidən bölüşdürülməsinin
ideal yolu hesab edilir. Bu baxımdan hesab edirik ki,
böyük mineral xammal
ehtiyatlarına malik olan ölkəmizdə dağ–mədən sənayesinin
inkişaf etdirilməsi
Azərbaycanın iqtisadi
inkişafının dayanıqlı
olmasını təmin
etmiş olardı.
Hər bir dövlətin dünya bazarına uğurlu gəlişini və əməyin qlobal bölgüsündə
iştirakını onun
milli iqtisadiyyatının
rəqabətqabiliyyətli olması və onun beynəlxalq keyfiyyət standartlarına
uyğunluğundan asılılığı
ilə səciyyələndirmək
olar. Bu məqsədlərin
yerinə yetirilməsi
isə ilk növbədə
kadr hazırlığından
asılıdır. Yəni
Azərbaycan dağ–mədən
sənayesinin inkişafı
bu sahə üzrə yerli kadrların hazırlanması
ilə sıx əlaqədardır. Əvvəllər
bu sahə üzrə Azərbaycanda bir ali məktəb
(keçmiş Azərbaycan
Neft–Kimya İnstitutu) və iki texnikum
fəaliyyət göstərirdi.
Keçmiş SSRİ–də
kadrların hazırlığı,
yenidən hazırlığı,
ixtisaslaşdırma, kadrların
seçilməsi və
yerləşdirilməsi dağ–mədən
sənayesinin idarə
olunması və işinin təşkilinin əsas hissəsi hesab olunurdu. O zaman dağ–mədən sənayesi üçün
48 ali məktəb,
151 texnikum və 295 peşə məktəbləri
kadr hazırlayırdı.
Dağ–mədən sənayesində əsasən
yeni fəhlə kadrları və onların ixtisaslaşdırılması,
demək olar ki, bilavasitə istehsalatda aparılırdı.
Rəhbər kadrların
ixtisasartırması üçün
isə sahə ixtisasartırma institutları
fəaliyyət göstərirdi.
Hesab
edirik ki, Azərbaycanda dağ–mədən sənayesinin
inkişaf etdirilməsi məqsədilə yüksək
ixtisaslı mütəxəssislərin hazırlanması vacib
məsələdir. Bu sahədə idarəetmənin və
menecmentin mənimsənilməsi üçün mütəxəssislərin
qabaqcıl dünya ölkələrinə göndərilməsi
çox faydalı olardı.
Gündən–günə
sürətlənən qloballaşma prosesi dağ–mədən
sənayesinin rolunu və əhəmiyyətini artırır.
Bu sahə Azərbaycan Respublikasının sosial, iqtisadi və
mədəni inkişafı üçün prioritetlərdəndir.
Hazırda
dünyanın əksər ölkələrində bilik və
bacarıq daşıyıcılarının əsas hissəsinin
məhdud dairədə konsentrasiyası sahəsində
qabaqcıl ideyalar meydana çıxır. İnkişaf
etmiş ölkələrdə bu, texnoparklar formasında
reallaşır. Azərbaycan Respublikası Prezidentinin 4 may
2009–cu ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında
2009–2015–ci illərdə elmin inkişafı üzrə Milli
Strategiya”da qeyd edilmişdir ki, qloballaşma dövründə
informasiya cəmiyyətinin tələblərinə uyğun
olaraq biliklərə əsaslanan iqtisadiyyatın formalaşması
çox zəruri məsələdir.
Hesab
edirik ki, ölkəmizdə dağ–mədən sənayesinin
inkişafı “Azərbaycan 2020: gələcəyə
baxış” inkişaf konsepsiyasına uyğun olaraq həyata
keçiriləcəkdir. Dağ–mədən sənaye müəssisələrində
innovasiyayönümlü texnologiyalar tətbiq olunacaq,
ixtisaslaşmış və ümumi təyinatlı sənaye
şəhərcikləri yaradılacaqdır. Dağ–mədən
sənayesi inkişaf etmiş iqtisadi zonaların
yaradılması da ölkəmiz üçün çox
faydalı olar. Düşünürük ki, Azərbaycanda
dağ–mədən sənayesinin gələcək
inkişafı bir sıra qabaqcıl Avropa ölkələrindəki
kimi dövlətin nəzarəti altında olmalı və iri
dövlət müəssisəsi tərəfindən idarə
edilməlidir.
Azər ŞÜKÜROV,
dağ–mədən mühəndisi,
“Azinterpartlayış–X”
MMC–nin direktoru.
Respublika.- 2013.- 16 mart.- S. 10.