Qusar: qeyri–neft sektorunun inkişafı
ön plandadır
2012–ci il Qusar
rayonunun tarixində əlamətdar hadisələrlə
yaddaqalan olmuşdur. Ötən il Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev Qusara
iki dəfə səfər etmişdir.
Cənab Prezident son illərdə
Qusarda gedən inkişafdan danışarkən qeyd etmişdir
ki, “Qusar rayonunun inkişafı ilə bağlı konkret
proqramlar icra edilir”.
Arxada qalan 2012–ci il
Qusar rayonu üçün bütün sahələrdə
uğurlu il kimi səciyyələnir. 2012–ci il
üzrə sosial–iqtisadi inkişafın yekunları və
2013–cü ildə qarşıda duran vəzifələr Qusar
Rayon İcra Hakimiyyətinin başçısı Şair
Alxasovun hesabat məruzəsində öz əksini
tapmışdır. RİH başçısı
çıxışında demişdir:
—2012–ci il
Qusarın tarixində “Şahdağ” Qış–Yay Turizm
Kompleksinin, müasir üslubda tikilmiş Mərkəzi Xəstəxana
binasının istifadəyə verilməsi, 10–dan çox yeni
məktəb binasının tikintisi, kənd yollarının
və körpülərin əsaslı təmiri və
tikintisi, şəhərin içməli su təchizatı
sisteminin yenidən qurulmasına başlanılması və
abadlıq–quruculuq sahəsində görülən bir sıra
digər işlərlə də yadda qalacaqdır.
2012–ci ildə rayonun iqtisadi göstəricilərində
artım olmuşdur. Əhalinin aztəminatlı təbəqəsi və
onların sosial problemləri diqqətdə
saxlanılmış, respublika Prezidentinin 8 fevral 2012–ci il
tarixli sərəncamına uyğun olaraq əmək
pensiyalarının sığorta hissəsi 2011–ci il üzrə
istehlak qiymətləri indeksinə uyğun olaraq 1 yanvar 2012–ci
il tarixdən 7,9 faiz
artırılmışdır. Hesabat dövründə
ünvanlı sosial yardımın təyin edilməsi
üçün müraciət etmiş 1398 ailədən 1356
ailənin 6615 nəfər ailə üzvünə
ünvanlı sosial yardım təyin edilmiş, hər ailəyə
ödənilən orta aylıq yardımın məbləği
118 manat təşkil etmişdir. Ünvanlı
sosial yardım təyin olunanların sayı əvvəlki ilə
nisbətən 521 nəfər çox olmuşdur. Hesabat ilində 253 nəfər tənha və kimsəsiz
vətəndaşa evində xidmət göstərilmiş,
2839 nəfərə müxtəlif növ müavinət
ödənilmişdir.
İşsiz
vətəndaşların işlə təmin edilməsi və
işaxtaran vətəndaşlara kömək məqsədilə
2012–ci il sentyabr ayının 7–də Qusar
şəhərində “Əmək yarmarkası”
keçirilmiş, yarmarkaya rayonun müxtəlif müəssisə
və təşkilatlarında vakant olan 159 iş yeri
çıxarılmışdır. “Əmək
yarmarkası”nda 370 nəfər vətəndaş iştirak
etmişdir. İxtisaslarına, arzu və istəklərinə
uyğun iş yerini seçmiş 57 nəfər vətəndaşdan
56–sı işlə təmin olunmuşdur.
1 yanvar
2013–cü il tarixə rayonda 13065 nəfər pensiyaçı
qeydiyyatda olmuş, bunlardan 8422 nəfərə yaşa görə,
3332 nəfərə əlilliyə görə, 1311 nəfərə
isə ailə başçısını itirməyə
görə pensiyalar hesablanıb ödənilmişdir. Pensiya, müavinət və əməkhaqlarının
ödənilməsi rayonda fəaliyyət göstərən 5
bank filialının 12 bankomatı vasitəsilə həyata
keçirilir.
Azərbaycan
Respublikası Prezidentinin müvafiq fərmanına uyğun
olaraq, Kapital Bankın rayon filialı tərəfindən əmanətçilərdən
24458 ərizə qəbul edilmiş, 21140 nəfər əmanətçiyə
7 milyon 250 min manat məbləğində birdəfəlik
ödəniş həyata keçirilmişdir. 3318
nəfər əmanətçiyə isə fərdi birdəfəlik
ödənişlərin hesablanması və ödənilməsinin
cari ildə həyata keçirilməsi nəzərdə
tutulur.
Hesabat ilində rayonda sahibkarlığın
inkişafını dəstəkləyən bir sıra tədbirlər
həyata keçirilmişdir. Ümumilikdə 2012–ci ildə
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək
Milli Fondunun vəsaiti hesabına rayon sahibkarlarına 21 layihəyə
2 milyon 754 min manat güzəştli kredit verilmiş və bu
layəhələrin həyata keçirilməsi nəticəsində
45 daimi iş yeri açılmışdır. 2012–ci ildə
bütövlükdə rayonda 1639 yeni iş yeri
açılmışdır ki, bundan 539–u daimi,
1100–ü müvəqqəti və mövsümü iş
yerləri olmuşdur.
2012–ci ildə rayonun kənd təsərrüfatında fəaliyyət
göstərən sahibkarlar tərəfindən 195 hektardan
çox yeni meyvə bağları salınmışdır.
2012–ci ildə
məhsulu yığılan 37141 hektar əkin sahəsinin 33115
hektarı, yəni 89,2 faizi payızlıq və yazlıq dənli
bitkiləri təşkil etmişdir.
1 yanvar
2013–cü il tarixə gələn ilin məhsulu
üçün rayonda 32189 hektar sahədə payızlıq
şum sürülmüş, 23275 hektar sahədə
payızlıq buğda və 8445 hektar sahədə
payızlıq arpa əkilmişdir. 469 hektar sahə
yazlıq bitkilərin əkini üçün
saxlanılmışdır. Ötən il rayonda 4693 ton ət,
26426 ton süd, 8 milyon 684 min ədəd yumurta və 190 ton yun
istehsal edilmiş, əvvəlki illə müqayisədə
iribuynuzlu mal–qaranın sayı 257 baş artmışdır.
2012–ci il ərzində
Bakı şəhərində keçirilən kənd təsərrüfatı
məhsullarının satışı yarmarkalarına 593,6 ton məhsul
çıxarılmışdır.
Hesabat dövründə əhaliyə göstərilən
kommunal xidmətlərinin səviyyəsinin yüksəldilməsi
sahəsində də bir sıra işlər
görülmüşdür.
Hesabat
dövründə Yaponiya Beynəlxalq Əməkdaşlıq
Agentliyi və Azərbaycan hökuməti tərəfindən
birgə maliyyələşdirilən “Kiçik şəhərlərdə
su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində
Qusar şəhərinin və ətraf 7 kəndin içməli
su təchizatının yaxşılaşdırılması
məqsədilə Qusarçayda 700 poqonmetrlik suqəbuledici
qurğunun, Qusar şəhərində 1 və 2 saylı su
anbarlarının ərazisində yenilərinin tikintisinə
başlanılmışdır. Artıq suqəbuledici
qurğunun və 2 ədəd su anbarının tikintisi
başa çatdırılmışdır.
2012–ci ildə rayonda genişmiqyaslı tikinti,
abadlıq–quruculuq işləri davam etdirilmişdir. Belə ki, əsaslı təmirinə
2010–cu ildə başlanılmış 22 kilometrlik Həzrə–Zuxul
avtomobil yolunda əsaslı təmir işləri davam
etdirilmiş, yolda Zuxul kəndi ərazisindən keçən
hissədə Tahircal çayı üzərində
giriş–çıxışları ilə birlikdə 84
poqonmetrlik yeni körpü inşa edilmiş, Uqur və Nəcəfkənd
kəndləri ərazisindəki 2 körpü əsaslı təmir
edilmişdir.
“Şahdağ”
Qış–Yay Turizm Kompleksinin, beton əsaslı Bakı–Gəndob–Rusiya
Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun
rayon ərazisindən keçən hissəsinin və 39
kilometrlik Qusar–Əniğ–Ləzə avtomobil yolunun tikintisi
aparılmış və yuxarıda qeyd olunduğu kimi, dekabr
ayında “Şahdağ” Qış–Yay Turizm Kompleksinin 1–ci
fazası və Qusar–Əniğ–Ləzə yolunun
“Şahdağ” Turizm Kompleksinə kimi olan hissəsi cənab
Prezidentin iştirakı ilə istifadəyə verilmişdir.
Həmçinin mövcud rayondaxili yollarda və şəhər
küçələrində də bir sıra təmir
işləri həyata keçirilmişdir.
Qusar şəhərində “Dövlət Bayrağı
Kompleksi”ndən Azadlıq küçəsinə kimi yeni
salınmış yolun və Azadlıq küçəsinin
genişləndirilməsi və əsaslı təmiri işləri
davam etdirilmişdir.
Ötən
ildə həmçinin Kuzun kəndində “Mərasimlər
evi”, Köhnə Xudat Qazmalar kəndində yeni kitabxana
binası tikilib istifadəyə verilmiş, Avaran kəndində
məscid binası, şəhər məscidində isitmə
sistemləri təmir edilmişdir.
Respublika
rəhbərliyinin diqqət və qayğısı sayəsində
ötən il ərzində rayon ərazisində
ümumtəhsil məktəblərinin maddi–texniki
bazasının möhkəmləndirilməsi istiqamətində
bir sıra tədbirlər həyata keçirilmişdir.
Məktəblərin maddi–texniki bazasının möhkəmləndirilməsi
ilə yanaşı, cari ildə təhsil sahəsində bir
sıra digər uğurlar da qeydə alınmışdır. Belə ki, rayonumuzun iki
müəllimi “İlin ən yaxşı müəllimi”
müsabiqəsində iştirak edərək qalib olmuş və
respublika Prezidentinin 20 iyul 2012–ci il tarixli sərəncamı
ilə onların hər birinə 5000 manat pul mükafatı
verilmişdir. Bundan əlavə, iki şagird
müxtəlif fənlər üzrə keçirilən
olimpiadaların respublika turunda rayonumuzu müvəffəqiyyətlə
təmsil edərək mükafata layiq yerlər tutmuşlar.
Hesabat ili səhiyyə sahəsində də
mühüm yeniliklərlə yadda qalmış, ölkə rəhbəri
cənab İlham Əliyevin iştirakı ilə mərkəzi
rayon xəstəxanasının yeni binası istifadəyə
verilmişdir.
Rayonda turizmin inkişaf etdirilməsi sahəsində də
bir sıra əməli tədbirlər həyata
keçirilmişdir. Ölkə başçısı cənab İlham Əliyevin
xüsusi diqqət və qayğısı sayəsində ərsəyə
gələn “Şahdağ” Qış–Yay Turizm Kompleksi ərazisində
ötən ilin dekabr ayında tikintisi başa
çatmış iki otel istifadəyə verilmiş, ərazidə
turistlərin qəbulu üçün zəruri infrastruktur
yaradılmışdır. Ölkə
başçısının bu qayğısının nəticəsidir
ki, Qusar rayonu turizm bölgəsi kimi günü–gündən
daha da inkişaf edir. Ötən illər ərzində
rayona gələn turistlərin sayında müşahidə
edilən artım da söylənilənləri bir daha təsdiq
edir.
Ötən
il daha bir yenilik Heydər Əliyev Mərkəzinin
istifadəyə verilməsi olmuşdur. İstifadəyə
verildikdən sonra mərkəzin fəaliyyəti
üçün bir sıra əməli tədbirlər həyata
keçirilmiş, ilkin olaraq burada rəsm və
xalçaçılıq dərnəklərinin
yaradılması qərara alınmış, gənclərin
asudə vaxtlarının səmərəli təşkili,
internet və elektron kitabxana xidmətlərindən istifadə
üçün münasib şərait
yaradılmışdır.
Rayon icra
hakimiyyəti tərəfindən rayonda mövcud olan problemlərin
aradan qaldırılması məqsədilə “Qusar rayonunun
2013–cü il üçün
İnkişaf Planı” hazırlanmışdır. İnkişaf planında rayonda infrastruktur sahələrinin
yenidən qurulması, əhalinin içməli və suvarma
suyu ilə, elektrik enerjisi və təbii qazla təminatının
yaxşılaşdırılması, abadlıq–quruculuq
işlərinin görülməsi, sosial obyektlərin tikintisi
və digər tədbirlər nəzərdə tutulmuşdur.
Ziyafəddin Bayramov
Respublika.- 2013.- 16 mart.- S. 9.