SƏHİYYƏ
XİDMƏTİNİN İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏDİR
Zəmanəmizin ən aktual məsələlərindən biri əhalinin sağlamlığının etibarlı mühafizəsidir. Milli səhiyyəni inkişaf etdirmək, bu sahənin maddi–texniki bazasını möhkəmləndirmək, tibb ocaqlarını kifayət qədər tibb kadrları və müasir avadanlıqlarla təmin etmək ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən olunmuş islahatların tərkib hissəsidir. Bu gün iftixar hissi ilə söyləmək olar ki, ölkədə baş verən müsbət proseslər tibb sahəsinə də əhəmiyyətli təsirini göstərir, xidmətin keyfiyyətinin yüksəldilməsində qarşıya qoyulmuş möhtəşəm vəzifələr layiqincə yerinə yetirilir. Bunu Aran bölgəsinin iri rayonlarından olan Beyləqanda da aydın görmək mümkündür.
Rayonda olarkən mərkəzi xəstəxanaya baş çəkdik, palataları gəzdik, xəstələrlə xeyli söhbət aparıb onlara göstərilən xidmətin səviyyəsi ilə maraqlandıq.
Baş həkim Əli Məmmədov suallarımıza həvəslə cavab verdi. Öyrəndik ki, rayonda fəaliyyət göstərən tibb müəssisələri və onların işçiləri əhaliyə səhiyyə xidmətini yüksəltmək sahəsində var qüvvələrini əsirgəmirlər. Kollektivin üzvləri insanların sağlamlığını təmin etməkdən ötrü səy göstərir, öz doğma peşələrinə sədaqətlə yanaşırlar. Mütəmadi olaraq göstərilən dövlət qayğısı onları tibb xidmətinin səviyyəsini yüksəltməyə ruhlandıran əsas cəhətdir. Ona görə də burada səhiyyə xidmətinin yüksəldilməsi sahəsində müntəzəm olaraq təsirli tədbirlər hazırlanıb həyata keçirilir.
Beyləqanda rayon mərkəzi xəstəxanası, 3 kənd xəstəxanası, 15 həkim məntəqəsi, 18 tibb məntəqəsi, poliklinika, təxirəsalınmaz təcili tibbi yardım stansiyası, bir sıra özəl səhiyyə müəssisələri fəaliyyət göstərir. Tibb ocaqları öz peşəsinin sirlərini mükəmməl bilən, bu işə yüksək məsuliyyət və vicdanla yanaşan kadrlarla yetərincə komplektləşdirilmişdir. Səhiyyə ocaqlarında 709 həkim və orta tibb işçisi insanların sağlamlığını qoruyur. Müalicə ocaqlarının kadrlarla təminatına ən vacib bir məsələ kimi diqqət yetirilir, onların ixtisasının artırılması, praktiki və nəzəri biliklərinin yüksəldilməsi, gənc tibb işçilərinin öz peşəsinin bilicisi kimi yetişdirilməsi daim diqqət mərkəzindədir. Son bir ildə 28 həkim və 57 orta tibb işçisi ixtisasartırma kurslarına göndərilmiş, onlar respublikanın tanınmış tibb elmi ocaqlarında səhiyyənin ən yeni nailiyyətləri ilə tanış olmuşlar. 10 həkim sertifikasiya imtahanlarını uğurla vermişdir.
Xəstəxananın bütün şöbələrində xidmətlər yüksək səviyyədə təşkil olunmuşdur. Xüsusilə cərrahiyyə, travmatoloji, endokrinoloji, uşaq, doğuşa yardım, infeksion şöbələrinin fəaliyyəti diqqəti cəlb edir. Yaşayış məntəqələrindəki tibb müəssisələrinə müraciət edənlər də müasir tələblər səviyyəsində müayinə və müalicəyə cəlb olunurlar. Vətəndaşların yerli səhiyyə müəssisələrinə inam və etibarı artmışdır.
Kollektivin səyləri ilə rayonda infeksion xəstəliklərə qarşı keyfiyətli əks–epidemik tədbirlər görülmüşdür. Hazırda bütün xəstəlik mənbələri və onu törədən səbəblər ləğv olunmuş, son illər təhlükəli yoluxucu xəstəliklər aşkar olunmamışdır. Rayon mərkəzi xəstəxanasında fəaliyyət göstərən vərəmlə mübarizə qərargahı öz fəaliyyətini gücləndirmiş, müntəzəm olaraq flüoroqrafik müayinələr aparılmış, bütün səhiyyə işçilərinin qüvvəsi bu mühüm işə səfərbər edilmişdir. Bütün vərəmli xəstələr müalicəyə cəlb olunmuşlar, onlar vaxtlı–vaxtında müayinə olunur, müalicələri üçün hər cür imkandan istifadə edilir.
Rayonun səhiyyə ocaqlarında ana və uşaqların mühafizəsi gücləndirilmişdir. Bu məqsədlə rayon ərazisi zonalara ayrılmış, hər zonaya mama–ginekoloq, pediatr, laborant, EKQ mütəxəssislərindən ibarət briqadalar göndərilmiş və “Ailə planlaşdırılması və reproduktiv sağlamlıq” proqramının həyata keçirilməsində xeyli müsbət təcrübə əldə edilmişdir. Mərkəzi xəstəxanadakı qadın məsləhətxanasının fəaliyyəti yaxşılaşmış, 1500 hamilə qadın xüsusi qeydiyyata götürülmüş, onlar mama–ginekoloqlara təhkim olunmuşlar.
Şəkərli diabetdən əziyyət çəkən 2395 xəstə daimi həkim nəzarəti altındadır, onlar şəkərin miqdarını ölçməkdən ötrü xüsusi cihazlarla təmin olunmuşlar. Qeydə alınmış 510 onkoloji xəstə üçün hər cür xidmətlər göstərilir. İmtiyazlı xəstələrə pulsuz dərman preparatları verilmişdir.
Əhaliyə səyyar tibb xidməti də əvvəlki illərə nisbətən xeyli yaxşılaşmışdır. Ən ucqar kəndlərdə belə əhali arasında profilaktik tədbirlər müntəzəm olaraq davam etdirilir, sakinlər xüsusi olaraq yaradılmış həkim briqadaları tərəfindən vaxtaşırı tibbi müayinədən keçirilir, təyin olunmuş vaxtlarda peyvəndlər aparılır. “Sağlamlıq ayı” müddətində keçirilən tədbirlərdə ölkənin paytaxtından ezam olunmuş həkim briqadaları minlərlə sakini pulsuz müayinə etmiş və onlara lazımi köməklik göstərmişlər.
Maddi–texniki bazanın möhkəmləndirilməsi xidmətin yüksəldilməsində mühüm rol oynayır. Son vaxtlar rayonun tibb müəssisələrində bu sahədə xeyli iş görülmüşdür. Ötən il rayon mərkəzi xəstəxanası əsaslı təmir olunmuş, müalicə müəssisələrinə yeni avadanlıq və inventarlar, rentgen cihazları və digər müasir avadanlıqlar alınmışdır. Cərrahiyyə şöbəsində müasir cihazlar qurulduqdan sonra əməliyyatların sayı və profili artmışdır. Təcili tibbi yardım işçilərinin istifadəsinə lazımi avadanlıqla təchiz olunmuş və ən müasir standartlara cavab verən 2 yeni “Mercedes” markalı avtomaşın verilmişdir. Onlar tibbi çağırışlara vaxtında çatmağa, zəruri tibbi yardımların göstərilməsinə, lazım gəldikdə, xəstələrin digər səhiyyə müəssisələrinə çatdırılmasına imkan yaradır.
Kəndlərdəki xəstəxanalarda və həkim məntəqələrində yerli icra nümayəndəliyi və bələdiyyənin fəal iştirakı ilə xeyli abadlıq və yenidənqurma işləri görülmüş, onlar müxtəlif tibbi avadanlıqlarla, bərk və yumşaq inventarla təmin olunmuşlar. Təzəkənd və Dünyamalılar kənd sahə xəstəxanaları keyfiyyətli təmirdən çıxmışdır. Dövlət Proqramı çərçivəsində 3 kənd xəstəxanası, 12 həkim məntəqəsi, 10 tibb məntəqəsi üçün yeni binaların tikilməsi, yaxud əsaslı təmir olunması üçün indidən müvafiq hazırlıq tədbirləri görülür.
Baş həkim Ə.Məmmədov söhbətimizin axırında dedi:
—Tezliklə xalqımızın böyük oğlu Heydər Əliyevin anadan olmasının 90 illiyini qeyd edəcəyik. Rayonumuzun səhiyyə işçiləri bu əlamətdar hadisəyə ciddi hazırlaşırlar. Ona görə ki, müdrik rəhbərimizin hər bir vəsiyyəti, hər bir arzusu yerinə yetirilməlidir. Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gələnə qədər, digər sahələr kimi, səhiyyə sistemi də yarıtmaz vəziyyətdə idi. Sahəyə rəhbərlik edən şəxslərin idarəetmə üsulu, ayrılan vəsaitlərin talan edilməsi dözülməz şərait yaratmışdı. Məhz Heydər Əliyevin tükənməz səyləri sayəsində qısa zamanda Səhiyyə Nazirliyində kadr dəyişikliyi aparıldı, səhiyyə adına yaraşmayan tibb işçiləri vəzifələrindən azad edildi, insanların sağlamlığına xidmət etməli olan sahənin özündə sağlamlaşdırma prosesi böyük vüsət aldı. Biz aydın görürük ki, səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi əhalinin sağlamlığının yaxşılaşdırılmasından, orta ömür müddətinin uzadılmasından, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən ibarətdir. Respublika Prezidenti İlham Əliyev bölgələrə hər bir səfəri zamanı yeni səhiyyə ocaqlarının lentini kəsir. Bu, sakinləri həddən artıq sevindirir, onların firavan gələcəyə ümidlərini artırır. Yola saldığımız ilin yekunları yeni uğurlara təməl olmuşdur. Qarşıdakı illərdə səhiyyə sahəsində həyata keçiriləcək tədbirlər daha da genişləndiriləcək, tibbi xidmətin keyfiyyəti yaxşılaşdırılacaqdır.
Bəli, regionların sosial–iqtisadi inkişafına dair
Dövlət Proqramına əsasən Beyləqan rayonu həkimlərinin və tibb
işçilərinin qarşısında daha
böyük vəzifələr durur. Kollektivin üzvləri
hamılıqla söz vermişlər ki, səhiyyə islahatlarının bundan sonra da
uğurla həyata keçirilməsi üçün əllərindən gələni
əsirgəməyəcəklər.
Sabir MUSTAFAYEV
Respublika.- 2013.- 16 mart.- S. 8.