GƏNCƏDƏ
MUĞAM FESTİVALI
“Muğam
aləmi” III Beynəlxalq Muğam
Festivalı Gəncə şəhərində də davam edir. Bu
böyük musiqi
bayramına Çin Xalq
Respublikasından gəlmiş incəsənət ustaları da qoşulmuşlar.
Gəncə
Dövlət Dram Teatrında təşkil olunmuş tədbirin
açılış mərasimində şəhər mədəniyyət
idarəsinin məsul işçisi Bəxtiyar Muradov və Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrının baş
rejissoru Hafiz Quliyev festival iştirakçılarını
salamlayaraq, festivalın ilk dəfə olaraq Bakı ilə
yanaşı bölgələri də əhatə etməsini
yüksək qiymətləndirdilər.
Teatrın
səhnəsində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”
operasından parçalar nümayiş etdirildi. Baş rejissor
Hafiz Quliyevin quruluş verdiyi tamaşada Teymur
Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan
Dövlət Kamera Orkestri və orkestrin xor kapellasının
müşayiəti əsasında operadan parçaları
solistlər İlkin Əhmədov və Vüsalə Musayeva
ifa etdilər.
Sonra
səhnə Çin Xalq Respublikasından gəlmiş incəsənət
ustalarının ixtiyarına verildi. “Öhal mukamı”nın
“Gözəl qızlar” ansamblının ifa etdiyi rəngarəng
musiqi nömrələri və muğamlardan parçalar
tamaşaçılar tərəfindən alqışlarla
qarşılandı.
Çinli
incəsənət ustaları ölkəmizdə keçirilən
festivalın əhəmiyyətini yüksək qiymətləndirdilər.
Onlar mədəniyyətlərarası dialoqun təntənəsinə
çevrilən festivalın xalqlar arasında yeni dostluq
münasibətlərinin yaranmasına təkan verəcəyinə
də əminlik ifadə etdilər.
Çinin
Sincan Milli Muğam Orkestrinin bədii rəhbəri, bəstəkar
Davud Mahmud müxbirimizin sualını cavablandırarkən
dedi ki, Azərbaycanda muğam festivalının təşkili
çox maraqlı və səmərəli təşəbbüsdür.
Dünyanın müxtəlif xalqlarının ifa etdiyi
muğamlar müəyyən fərqli əlamətlərə
malik olsalar da, onların vahid kökə söykəndiyi
faktdır. Bu festival muğamların tətqiqi və daha dərindən
öyrənilməsi işinə böyük səmərə
verəcəkdir.
“Muğam
aləmi” III Beynəlxalq Muğam Festivalı çərçivəsində
Gəncədə keçirilən tədbirlərə
martın 17–də yekun vurulacaqdır.
Y.TANRIVERDİYEV
Respublika.- 2013.- 16 mart.- S. 8.