Gözdən əlillərə davamlı dövlət qayğısı

 

Əvvəlki illərdə olduğu kimi 2012–ci il də müstəqil Azərbaycan Respublikasının hərtərəfli inkişafı baxımından uğurlu olmuşdur. Bu nailiyyətlər sayəsində ölkəmiz dünya arenasında diqqət mərkəzində saxlanılmış, iqtisadiyyatımız mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilmişdir. 2012–ci ilin yekunlarına görə qeyrineft sektorunda artım tempidavam etdirilmişdir. Digər sahələrlə yanaşı, sosial məsələlərin həlli, ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzində saxlanılmış, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilmişdir. Dövlətin sosial siyasətinin prioritet istiqamətinin biri olan aztəminatlı ailələrə, pensiyaçılara, fiziki imkanları məhdud insanlara qayğı artırılmışdır. Bütün bunlar onların rifahını yaxşılaşdırmışdır. Bizimlə söhbətində Respublika Gözdən Əlillər Cəmiyyətinin prezidenti Səmiyar Abdullayev bu faktları xüsusi vurğulayaraq qeyd etdi ki, əsası ulu öndərimiz tərəfindən qoyulan inkişaf və tərəqqi ölkə başçısı möhtərəm İlham Əliyevin qətiyyətli, məqsədyönlü, düşünülmüş fəaliyyəti sayəsində uğurla davam etdirilir. Təqdirəlayiq haldır ki, dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birini də məhz sosial sahənin inkişafı, o cümlədən əhalinin rifahının yaxşılaşdırılması, pensiyaçı və əlillərə xüsusi qayğının artırılması təşkil edir. Bu sahədə həyata keçirilən möhtəşəm tədbirləri təhlil edib diqqətə çatdıran Səmiyar müəllim heç bir ölkədə aztəminatlı ailələrin, fiziki imkanları məhdud insanların məişət problemlərinin həllinə respublikamızdakı qədər yüksək vəsaitin ayrılmadığını minnətdarlıqla xatırlatdı. Belə ki, onlar maddi yardımlarla yanaşı, pulsuz mənzillərlə, maşınlarla təmin olunurlar. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən genişmiqyaslı layihələri xüsusi qeyd etmək lazımdır. “Yeniləşən Azərbaycana yeni məktəblər” layihəsi, əlillərin reabilitasiyası ilə bağlı tədbirlər, internatların, uşaq evlərinin təmir olunması, müasir tələblər səviyyəsində yenidən qurulması onun əvəzsiz xidmətlərindəndir. Fondun gözdən əlillərlə bağlı məqsədyönlü layihələri uğurla və ildən–ilə daha geniş şəkildə reallaşdırılmaqdadır. Xüsusən, İKT–yə gözdən əlillərin qoşulması layihəsi bu gün daha sürətlə reallaşdırılır. Bildiyimiz kimi, cari il ölkə başçısı tərəfindən İKT ili elan olunmuşdur. Bu il ümumi respublika səviyyəsində həyata keçirilən işlər çərçivəsində məhz gözdən əlillərin informasiya texnologiyaları ilə əhatə olunması sahəsində də ayrıca tədbirlər nəzərdə tutulubdur.

2012–ci ildə gözdən əlillərin reabilitasiyası, onların sosial rifahının yüksəldilməsi, məişət problemlərinin həlli ilə bağlı konkret tədbirlər həyata keçirilibdir. Ötən il Bakının Nərimanov rayonunun ərazisində gözdən əlillər üçün yeni yaşayış binasının inşasına başlanılmışdır. 132 ailənin mənzillə təmin olunacağı binanın 2014– ildə istifadəyə verilməsi nəzərdə tutulur. On iki mərtəbədən ibarət olan binanın alt hissəsində əlillərin reabilitasiya mərkəzi, onların asudə vaxtlarını səmərəli keçirmələri üçün əlavə şərait yaradılacaqdır. Mənzillərin hamısında sakinlərin rahatlığı üçün hər cür şərait olacaqdır. Bir məsələni də qeyd edim ki, bu gün ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlər gözdən əlillərin də ondan maksimum yararlanmasına əlverişli imkanlar yaradır. Belə ki, respublikamızın bütün bölgələrini əhatə edəcək gözdən əlillərin reabilitasiya mərkəzlərinin Regional İnformasiya Resurs Mərkəzi istifadəyə verilməsi layihəsi uğurla reallaşdırılmaqdadır. Ötən il Yevlaxda böyük təntənə ilə istifadəyə verilən İnformasiya Resurs mərkəzinin açılışında möhtərəm Prezidentimiz İlham Əliyevin şəxsən iştirak etməsi gözdən əlillərin sevincini daha da artırmışdır. Ölkə başçısı gözdən əlillərə göstərilən diqqət və qayğının bundan sonra da inamla davam etdiriləcəyini xüsusilə vurğulamışdır.

Biz bu qayğı və diqqəti daima hiss edirikona görə də dövlət başçısına minnətdarıq. Bu il daha bir neçə rayonda yeni mərkəzlərin yaradılması nəzərdə tutulubdur. Bütün bunlar bir daha əyani olaraq onu göstərir ki, Azərbaycanda bütün vətəndaşlar kimi fiziki imkanları məhdud insanların da sosial rifahı dövlətin ön plandadır. Dövlət dəstəyinin real nəticələridir ki, ölkəmizdə aparılan geniş quruculuq işlərində gözdən əlillər də fəal iştirak edirlər.

Diqqətdə saxlanılan məsələlərdən biri də gözdən əlillərin məşğulluq problemlərinin həllidir. Bununla əlaqədar bir sıra səmərəli işləri də sadalananlara əlavə etmək olar. Belə ki, uzun illər gözdən əlillərin masaj kursları kustar şəkildə fəaliyyət göstərmişdir. Tərəfimizdən qaldırılan təşəbbüslə və dövlət dəstəyi ilə bir neçə nazirliyin birgə tədbirləri həyata keçirilir. Layihədə ölkəmizin tibb kolleclərinin birində xüsusi masaj ixtisaslarının öyrədilməsi nəzərdə tutulubdur.

Ötən ilin yaddaqalan hadisələrindən biri də cəmiyyətimizin növbəti qurultayının keçirilməsidir. Sevindirici haldır ki, gözdən əlillərin sosial reablitasiyası sahəsində görülən işlərin təhlil olunduğu qurultayda müxtəlif dövlət qurumları, təşkilatlar, qeyri–hökumət cəmiyyətləri, ictimaiyyətin nümayəndələri də iştirak edirdilər. Səksən beş ildən artıq bir dövrdə fəaliyyət göstərən Gözdən Əlillər Cəmiyyəti 2002–ci ildən Respublika Gözdən Əlillər Cəmiyyəti adı altında mühüm funksiyanı, məram və məqsədi inamla doğrultmaqdadır. 30 mindən artıq üzvü var. Onların hamısı dövlət qayğısı ilə tam təmin olunurlar. İctimai birlik olaraq cəmiyyətimiz bütün gözdən əlil insanların ən xırda probleminin həllinə belə maksimum səy göstərir. Onlar Respublika Gözdən Əlillər Cəmiyyətinə inanır və güvənirlər. Qurultayın uğurlu təşkili bunu bir daha təsdiq etdi.

Ötənilki nailiyyətlərimizdən biri də tələbə gözdən əlillərə Heydər Əliyev Fondu tərəfindən xüsusi dilmanc kompyuterlər verilməsidir. Azərbaycanın öz istehsalı olan bu mini kompyuterlər bu qəbildən olan tələbələr üçün əvəzsiz avadanlıqlardır. İdman sahəsindəki uğurlarımız respublika ictimaiyyəti tərəfindən alqışlarla qarşılandı. Belə ki, London Olimpiya oyunlarında paralimpiyaçılarımız 12 medal qazanmışlar ki, onun da 11–i məhz gözdən əlil idmançılarımıza məxsusdur. İdmançılarımız ölkə başçısı tərəfindən qəbul olunub, onlar bir sıra müxtəlif orden, medal, digər mükafatlarla təltif olundular. İnanırıq ki, uğurların gələcək illərdə də davamı olacaqdır. Cəmiyyətin qarşısında mühüm vəzifələr durur. Müstəqil Azərbaycanın qurucusu və memarı, böyük siyasi xadim Heydər Əliyevin anadan olmasının 90 illik yubileyini bütün respublika ictimaiyyəti kimi bizim cəmiyyətimiz də yeni uğurlarla qarşılayacaqdır.

Qarşıdan Novruz Bayramı gəlir. Builki bayramı xalqımız bütün sahələrdə əldə olunan möhtəşəm nailiyyətlərlə qarşılayır. Fürsətdən istifadə edib bayram münasibəti ilə xalqımızı təbrik edir, hamıya Azərbaycanın inkişafı və tərəqqisi yolunda işlərində, şəxsi həyatlarında uğurlar arzulayıram.

 

 

Söhbəti yazdı: Mustafa KAMAL

 

Respublika.- 2013.- 17 mart.- S. 6.