MİRZƏ FƏTƏLİ AXUNDZADƏ VƏ ÇEVRƏSİNDƏKİ QADINLAR

 

(əvvəli ötən sayımızda)

 

16 il keçdikdən sonra Tubu xanım keçmiş günüsündən səmimi bir məktub aldı, məktubda Nəzdibəyim onun tərəfdən özünə qarşı duyduğu keçmiş nəzakətli münasibəti və mehribanlığı xatırlayaraq yenə yaxşılıq edib qızını yanına gətirib saxlamasını və ürəyi istədiyi adama ərə verməsini xahiş edirdi. O zamanlar qızların xoşbəxtliyinin istisnasız olaraq uğurlu ərə getməkdən asılı olduğunu nəzərə alsaq, ananın qızının gələcəyi üçün narahatlığını başa düşmək çətin deyil. O, artıq çox məşhurlaşmış Axundzadənin qızının ucqar Gəncədənsə Tiflisdə daha yaxşı ər tapa biləcəyinə əsassız yerə ümid bəsləmirdi. Tubu xanımın Seyrəbəyimdən bir qədər cavan oğlu və qızı olmasına baxmayaraq, ögey qızını da qəbul edib özününkülərdən ayırmır, mehribanlıq, qayğı və nəvazişlə əhatə edir. Qız da öz növbəsində həmişə onu öz doğma anasından çox sevdiyini deyib andaman edərmiş. Tezliklə Seyrəbəyim xanımı imperator ordusunda xidmət edən şahzadə Bəhmən Mirzənin oğlu Xanbaba xan Qacara ərə verirlər…

Valideyn üçün övlad itkisindən betər dərd yoxdur. Hər bir övladının ölümü Mirzə Fətəlini yandırıb yaxırdı. Ürəyindəki qubar bağlamış dərin kədəri dost–tanışlarına göndərdiyi məktubların bəzi sətirlərinə hopmuşdur. Məktublarından birində müasirlərinin cahilliyindən şikayətləndikdən sonra, “həyatını həlahil zəhərindən acı edən” başqa müsibətlərdən danışır, “…kiçik bir qızım vardı ki, məhəbbətinə sonsuz dərəcədə könül bağlamışdım. Təsadüfən bu günlərdə öldü. İndi onun fərağında ağlayıram, yanıram”—deyə fəryad edirdi. Böyük qızı Seyrəbəyimin ailə səadəti də uzun sürmədi, onun altı ildən sonra cavan yaşında vərəmdən ölməsi Mirzə Fətəlini büsbütün sarsıtdı. 1872–ci ildə dostu Mirzə Yusif xana yazdığı bir məktubunda başına gələn bədbəxtlik, çəkdiyi əzab, iztirab haqqında ona xəbər verirdi: “… qəm–qüssənin çoxluğundan ölüm arzulayıramsa da, mənə qismət olmur. Odur ki, bir neçə saatlığa qəm və qüssəni unutmaq xatirinə özümə bir məşğələ axtarıram, çünki məhərrəm ayının 17–də Xanbaba xanın arvadı olan qızım Seyrəbəyim sizə məlum olan xəstəlik nəticəsində ölmüşdür. Ondan iki uşaq qalmışdır ki, biri 4 yaşında qızdır, ikincisi 3 yaşında oğlan. Daha nə vəziyyətdə olduğumu soruşmayın!”

Mütəfəkkirin tərcümeyi–halından bir fakt vaxtilə bizə olduqca qəribə görünmüşdü. O zaman onun öz yeniyetmə qızını—Nisə xanımı dünyadan köçmüş Seyrəbəyimin, yəni öz (ögey olsa da) bacısının ərinə, yaşca ondan çox böyük həmin Xanbaba xana ərə verməsi onu çox məyus edib təəccübləndirmişdi. Lakin çox vaxt insanın şəraitdən, nəinki şəraitin insandan asılı olduğunu düşündükdə Mirzə Fətəlini buna sövq edən motivləri anlamaq olar. Əvvəla, o, nəvələrinin ögey ana əlinə düşməsini istəmirdi. İndinin özündə də, xüsusilə kənd yerlərində bəzən mirasın yad əllərə keçməməsi, ögeylik olmaması üçün ailə daxilində buna bənzər xoşagəlməz hallara yol verilir. Digər tərəfdən həyatda aldığı zərbələrdən vaxtından tez qocalmış, zəifləmiş Mirzə Fətəli, yəqin ki, qızının gələcəyinin təmin edildiyini öz sağlığında görmək, ondan arxayın olmaq istəyirdi, layiqli kürəkən tapmaq isə elə də asan deyildi. Üçüncü səbəb, Xanbaba xanın özünün də, görünür, həqiqətən yaxşı insan olmasında idi. Məktublarından birində Mirzə Fətəli onu “xoşəxlaq, savadlı, təmiz”, “günah işlərin və bəd əməllərin yanından belə ötməyən”, onun kimi qətiyyən şərab içməyən bir cavan kimi təsvir edir, evində ona bir neçə otaqdan ibarət mənzil ayırdığını deyirdi. Ola bilsin ki, bizə məlum olmayan başqa səbəblər də vardı.

Hər halda, şübhə yoxdur ki, Mirzə Fətəlinin atdığı hər bir addım övladlarının xoşbəxtliyi naminə idi, onlara böyük sevgisi ilə diktə edilmişdi. Təhsilə xüsusi diqqət verirdi. Onların hər bir, hətta kiçik belə uğuru onu fərəhləndirirdi. Oğlu Rəşidi Tiflis klassik gimnaziyasına qoymuş, gimnaziyanı bitirdikdən sonra onu min bir maddi və mənəvi məhrumiyyətə qatlaşaraq, mühəndis ixtisası üzrə təhsil almaq üçün Brüssel universitetinə göndərmişdi. Böyük maarifçi qızların təhsil almasının alovlu tərəfdarı idi. Qızı Nisə xanımı 9 yaşında olarkən, Nücəba Qızlar İnstitutuna qoyub ilk dəfə olaraq öz nümunəsində müsəlmanları bu işə təşviq etmək, həvəsləndirmək fikrinə düşdü, təşəbbüs göstərdi. Heyhat, arzusunu gerçəkləşdirə bilmədi. “Qıza orada donuz piyi yedirdəcəklər və qızı heç kəs almayacaq” —deyə vay–şivən qoparan qohumlarının, xüsusilə evdəki qadınların yalvar–yaxışlarına, başqa sözlə, dövrə, mühitə, onun qadınlar haqqında köhnəlmiş baxışlarına, fikirlərinə Mirzə Fətəli növbəti dəfə güzəştə getməli oldu. İnstitutda qızı üçün ayrılıb boş qalmış yerə kənddən gəlmiş bir yetim qız uşağının götürülməsinə kömək etdi. Nisə xanıma isə evdə, zamanına görə çox yaxşı təhsil vermişdi. O, fars dilini, bir qədər ərəb dilini, həmçinin gürcürus dillərini bilirdi.

Ata və qız arasında səmimi dost münasibətləri var idi. Bu bir epizoddan yaxşı görünür. Nisa xanım 15–16 yaşında olarkən Mirzə Fətəli onun fotoqrafda gürcü paltarında şəklini çəkdirmək istədi. O zaman Tiflisdə fotoqraf sənəti ilk addımlarını atırdı və bu cür şəkillər çəkdirmək dəbə düşmüşdü. Yenə arvadı, qonum–qonşuları etiraz etdilər: birdən gənc qızın şəklini fotoqrafda kimsə görər, tanıyar, onun barəsində pis danışarlar. Nisə xanım məyus olmuşdu, çünki belə bir şəkli olmasını çox arzulayırdı. Onda Mirzə Fətəli qızı ilə şəhərin mərkəzində yaşayan Terequlovları ziyarət etmək adına evdən çıxmış, onu fotoqrafiyaya aparıb şəklini çəkdirmişdi. Sonra evdəkilər şübhələnməsinlər deyə dostlarıgilə gedib axşama kimi vaxtlarını orada keçirmişdilər. Fotoqraf şəklini isə sandığın lap dibində gizlətmişdilər ki, heç kəs görməsin. Artıq Mirzə Fətəli ilə qızı arasında heç kəsin, hətta arvadının da bilmədiyi sirr var idi, o, uzun müddət sirr olaraq da qaldı.

Mirzə Fətəlinin bir könüldən min könülə bağlandığı bir qadın da vardı. O, Nisa xanımın 1876–cı ildə dünyaya gətirdiyi qızı Mələksima xanım idi. Sevib əzizlədiyi nəvəsinə bu adı özü seçib qoymuşdu. Dövrünün sayılıb seçilən insanları evinə yığışanda, onun tələbi ilə qızcığazı avropasayaq geyindirib gətirərdilər, o da qonaqlarının yanında nəvəsinin gözəlliyi ilə öyünərdi. Mələksima mütəfəkkirin həyatının son illərini, günlərini bəzəyən zərif bir çiçək, fiziki və mənəvi ağrılarını, iztirablarını müvəqqəti olsa da, azaldıb unutduran məlhəm idi.

Rusiyanın Qafqazda həyata keçirdiyi siyasəti əks etdirən sənədlərin çoxu Qafqaz canişinliyinin dəftərxanasının tərcüməçisi, rus ordusunun zabiti olan Mirzə Fətəli Axundzadənin əlindən gəlib keçirdi. O vəfat edəndən sonra evində, gizli sənədlər saxlamasından şübhələnərək axtarış aparmaq üçün əmr verilmişdi. Bundan ən son məqamda xəbər tutan Nisə xanım atasının qutuya yığdığı çap olunmuş və olunmamış əsərləri, müxtəlif əlyazmaları, məktublarından və digər sənədlərdən ibarət arxivini tez götürüb həyətdəki köməkçi binaya apardı, köhnə palpaltar saxladıqları zənbildə gizlətdi. Xoşbəxtlikdən, əsgərlər onu tapa bilmədilər. Beləliklə, Nisa xanım atasının arxivini qorumaqla həm onun ruhu qarşısında, həm də tarix və gələcək nəsillər qarşısında böyük xidmət göstərdi.

 

***

 

Bizi əhatə edən əşyalar sadəcə cansız, dilsiz–ağızsız bildiyimiz deyillər, həyatın müxtəlif hadisələrinin, məqamlarının izlərini öz üzərlərində daşıyan, özləri haqqında, insanlar haqqında, keçmiş vaqeələr haqqında bizimlə sanki söhbət edən, danışan varlıqlardır. Nəsimi dediyi kimi: “Nitqi–əşya kəndü söz söylər əyan, kəndü kəndi zatını eylər bəyan”. Bəli, əşyaların da dili var. Onlar da bizim kimi zamanın dəyişdirici təsirlərinə məruz qalır, qocalır, məhv olurlar, hərçənd çox vaxt bizdən, öz yaradıcılarından və sahiblərindən əsrlərlə ölçüləcək qədər çox yaşayırlar. Onda keçmişdən gələcəyə xəbər aparır, keçmiş haqqında gələcəyə nağıl danışırlar.

Elə əşyalar var ki, bizə xüsusilə əzizdir, onları biz göz bəbəyi kimi qoruyuruq. Bu, nəfis tərtibatlı bir kitabyaxud vərəqləri saralmış, mürəkkəbi solmuş əzik bir məktub da ola bilər, köhnə qol saatı və ya çox qiymətli bir tablo da ola bilər, nə vaxtsa kitabın arasına qoyulan qurumuş, ətirsiz çiçək də —bir vaxtlar şair Puşkin qəlbini suallarla dolduran belə bir çiçəyi şeirə döndərib əbədiləşdirmişdi. Bir sözlə, burada şeylərin maddi dəyəri önəmli deyil. Çünki onlar artıq adi əşyalar yox, xatirələrdir, rəmzlərdir. Onlar yaxınlarını, doğmalarını, həyatının acılı–şirinli, sevinclinisgilli anlarını sənin yadına salır, bəzən qəlbini kövrəldir, burnunun ucunu göynədib gözlərini yaşla doldurur, bəzən həyəcanlandırır, bəzən sevindirir, güldürür. Onlara daha bir xüsusiyyət xasdır: taleyin çarpaşıq saldığı insanlar haqqında xatirələri oyadıb, onları gözlərimiz önündə canlandıraraq bir araya gətirir, görüşdürür.

Zənnimizcə, yuxarıda təsvir edilən epizodlarda adları çəkilən üç əşya M.F.Axundzadənin həyatının qadınlarla bağlı hissəsini əks etdirməklə onlar haqqında xatirələri öz məkanında birləşdirə bilir.

Bunlardan biri Nisə xanımın yarım əsrdən artıq bir müddətdə gizlədildiyi sandığın dibində yatanbir gün təsadüfən tapılan o gürcü paltarındakı fotoşəklidir ki, Mirzə Fətəlinin qızına qarşı qayğıkeşliyindən, sevgisindən, aralarındakı səmimi dostluq münasibətlərindən, nəhayət dövrün qızlar barəsində indi bizə qəribə görünən ədalətsiz baxışlarına qarşı ata və qızın özünəməxsus etirazını ifadə edən sirrindən xəbər verir.

Mirzə Fətəlinin bacılarının Xamnədən Tiflisə gəlinləri Tubu xanım üçün hədiyyə göndərdikləri incə əl işlərindən birininöz tarixçəsi vardır. Yazıçı xəstə olarkən yataqda uzanıb yazı yazanda çarpayısının yanındakı mizin üstünə salınmış həmin işləməli örtüyün üzərinə mürəkkəb damcıları düşmüş, bunun üstündə onu səliqə–sahman sevən arvadı xeyli məzəmmət etmişdi.

Tubu xanım o öləndən sonra bu hadisəni çox teztez yada salıb kövrələrmiş və qəsdən mürəkkəb ləkəsini örtükdən təmizləməzmiş. Baldızları ona başqa gözəl hədiyyələr də göndərmişdilər, amma bu mürəkkəb ləkəli örtük onun üçün xüsusilə qiymətli olmuşdu, çünki ərini xatırladırdı. Əslində Mirzə Fətəlinin bacılarının barmaqlarının toxuduğutoxunduğu bu örtükdə çoxarvadlığın törətdiyi faciələr, anası Nanə xanımın Xamnədəki əzabları, çarəsizliyi haqqında, ögeyliyin qardaşlarından ayrı saldığı bacılara onunla yeganə bir görüşün bəxş etdiyi sevinc haqqında, qardaşının taleyini dəyişən kiçik bacısının qoçaqlığı haqqında, Tubu xanımın sevgisi, örtük bulandığına görə ərkyanə danlağı haqqında xatirələr yazıçının bu dünyada qoyduğu izi —əsərlərini varlığa çevirən qələminin mürəkkəb ləkəsi haqqında xatirə ilə birləşmişdir.

Daha bir əşya–xatirə həmin o hind örpəyi idi ki, Mirzə Fətəli bir arvadından alıb ikinci arvadına bağışlamışdı və sonuncu ilə Gəncəyə getmiş, 16 ildən sonra qızı Seyrəbəyimlə yenidən geriyə dönmüş, sandıqdakı götürüldüyü yerə qayıtmışdı. İki qadının həyatında ən ağrılı anların şahidi olan bu örpək, Tubu xanım üçün ərinin xəyanətini, səhvini, Nəzdibəyim üçün isə onun sevgisini, rəğbətini qazana bilməməsini təmsil edirdi, Bu örpəyə birincinin müdrik qadın kimi qələbəsi, ikincinin isə müdrik qadın kimi öz məğlubiyyətini qəbul etməsi—yeganə övladının xoşbəxtliyi naminə onu atasının yanına göndərərkən örpəyi qaytarmaqla aralarındakı sonuncu bağı da qırması haqqında, bir daha ərə getməyib ömrünün sonuna qədər bala dərdi ilə tək yaşayan qadının bədbəxtliyi haqqında xatirələr hopmuşdu. Sonda mütəfəkkirin təzə məzarının üstünə sərilən həmin hind örpəyi, ola bilsin ki, özündə hifz etdiyi bu iki qadının hərarəti ilə soyuq qara torpaqda yatan doğma insanı sonuncu dəfə qucaqlayıb isitmişdi

Vaxtilə Mirzə Fətəlinin nəvəsi Mahmənzər xanımın əziz xatirə kimi saxladığı bu əşyalar indi haradadır, onun uşaqlarındadırmı, yoxsa muzeydədir, bəlkə də atılmış, itmiş, məhv olmuşdur. Deyə bilmərik, lakin həmin əşyaların özləri yox, xatirəsi də xatirələri dirçəldir, dövrü, əzab və iztirablı yollarda dolaşıb xoşbəxtliyə can atan insanların arzularını, əməllərini rəmzlərə çevirir.

 

 

ARZU HACIYEVA,

AMEA–nın Fəlsəfə, Sosiologiya

Hüquq İnstitutunun fəlsəfə və ictimai

fikir tarixi şöbəsinin müdiri,

fəlsəfə elmləri doktoru.

 

Respublika.- 2013.- 17 mart.- S. 6.