MUĞAM
FESTİVALI
“Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı çərçivəsində Lənkəranda silsilə tədbirlər keçirilir. N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində Q.Qarayev adına Dövlət kamera orkestrinin, xor kapellasının və solistlərin iştirakı ilə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası təqdim olunmuşdur.
Mərasimi Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini – ictimai–siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli açaraq Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə martın 9–dan 19–dək “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalının keçiridiyini, festivalda Türkiyə, İran, İraq, Özbəkistan, Tacikistan, Qazaxıstan, Amerika Birləşmiş Ştatları, Fransa, Kanada, İngiltərə, Liviya, Braziliya, İspaniya, İtaliya, Almaniya, İordaniya, Yaponiya, Türkmənistan, Rusiya, Çin, Hindistan, Tunis və Misirin dünya şöhrətli musiqiçilərinin və qrupların iştirak etdiyini vurğulamış, festivalın işinə uğurlar arzulamışdır.
Mərasimdə Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının bədii dəyərindən söhbət açaraq bildirmişdir ki, ilk dəfə olaraq Bakı şəhərində, eləcə də ölkəmizin bir çox bölgələrində Azərbaycanın və xarici ölkələrin musiqiçilərinin iştirakı ilə beynəlxalq muğam müsabiqəsi, elmi simpozium, konsertlər və ustad dərsləri təşkil olunur.
Lənkəranlı muğamsevərlər dirijor Teymur Göyçayevin rəhbərlik etdiyi Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, Azərbaycan Xor Kapellasının, solistlərdən respublikanın xalq artistləri Mənsum İbrahimov və Aygün Bayramovanın, əməkdar artistlərdən Elçin Həşimov və Elnur Əhmədovun çıxışlarını alqışlarla qarşılamışlar.
“Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı çərçivəsində növbəti konsert şəhərin Heydər Əliyev Mərkəzində keçirilmişdir. Konsertdə Cəfər Cabbarlı və Həqiqət Rzayeva adına uşaq musiqi məktəblərinin muğam şöbələrinin müəllimləri və şagirdləri iştirak etmişlər. İstedadlı sənətçilərdən İmanverdi Ağayev, Əsəd Məmmədov, Müslüm Ağayev, şagirdlərdən Yeganə Şabanova, Məleykə Mirzəyeva və Güldəstə Niftullazadənin ifasında milli muğamlarımızdan “Şahnaz”, “Çahargah” və “Orta mahur” dəstgahları, “Heyratı”, “Simayi–şəms” zərb muğamları səslənmişdir. İfaçıları tarda İbrahim Nəsirli, kamançada Təranə Şərifova, balabanda Elman Liftiyev, Sevdim Məmmədzadə, nağarada Zakir Liftiyev müşayiət etmişlər.
Əlisəfa Həsənov
Respublika.- 2013.- 17 mart.- S. 6.