Təbii fəlakətlərin
qarşısının alınması tədbirlərinin həyata
keçirilməsi vacibdir
(əvvəli 16
mart tarixli sayımızda)
Azərbaycanda sürüşmələr əsasən Böyük və Kiçik Qafqazın, Talış dağlarının dağətəyi və dağlıq ərazilərində, Abşeron yarımadasında, eləcə də Quba, Qusar, Şabran, Siyəzən, Xızı, İsmayıllı, Şamaxı, Şəki, Zaqatala, Qax, Ağsu, Qazax, Tovuz, Daşkəsən, Gədəbəy, Göygöl, Kəlbəcər, Şahbuz, Ordubad, Yardımlı, Lerik, Lənkəran, Əsgəran, Şuşa və s. inzibati rayonlarında və Bakı şəhəri ərazisində daha çox yayılmış sürüşmələr Azərbaycan ərazisinin 25–30 faizinin sürüşmələrə meyilli olduğunu qeyd olduğu ərazilərdir.
Sürüşmələrin geniş yayıldığı ölkələrin ərazilərində bu sahədə müntəzəm tədqiqatlar aparılır. Hər bir sürüşmə ərazisi tədqiq edilərək, sürüşmənin fəallaşması və ya passiv fazaya keçməsi təsərrüfat məqsədləri üçün belə ərazilərin hansı istiqamətdə istifadə imkanları haqda əsaslandırılmış tövsiyələr verilir. Belə tədqiqatlar digər inkişaf etmiş ölkələrlə yanaşı, MDB ölkələri olan Moldovada, Ukraynada, Tacikistanda, Qırğızıstanda bu problemin öyrənilməsinə daha çox önəm verilir.
Respublikanın dağətəyi və dağlıq ərazilərində yerləşən əksər inzibati rayonlarda son 10 il ərzində baş vermiş sürüşmələr dağıntılara səbəb olmuş, Azərbaycan iqtisadiyyatına külli miqdarda zərər vurmuşdur. Əgər 20–30 il bundan əvvəl sürüşmələr Azərbaycanın əsasən Bakı şəhərində, Şabran, Tovuz, İsmayıllı, Şuşa, Şamaxı, Kəlbəcər, Şahbuz, Ordubad, Yardımlı, Lerik və s. rayonlarda yerləşən 100 yaşayış məntəqəsi sürüşmələrə məruz qalırdısa, müasir dövrdə Azərbaycanın dağlıq və dağətəyi ərazilərində yerləşən, demək olar ki, bütün inzibati rayonların ərazilərində sürüşmələr baş verir və hazırda respublika əhalisinin iki faizdən çoxu sürüşmə təhlükəsi altında yaşayır. Orta hesabla hər il Azərbaycanda 1–2 kənd sürüşməyə məruz qalır və öz fəaliyyətini dayandırır.
Azərbaycanda son dağıdıcı sürüşmələrə, 24 dekabr 2004–cü ildə Lerik rayonunun Soru kəndində 80 fərdi yaşayış evi, 12 oktyabr 2009–cu ildə Qusar rayonunun Quturcan kəndində 156 fərdi ev, 2010–cu il oktyabrın 17–də Quba rayonunun Güləzi kəndində 180 fərdi ev, 10 aprel 2010–cu il və 21 mart 2012–ci ildə Şamaxı rayonunun Muğanlı kəndində olmuş sürüşmələr nəticəsində 100–dən çox fərdi yaşayış evi dağılıb yararsız hala düşmüşdür. Artıq bu kəndlərin, demək olar ki, hamısı tam təhlükəsiz ərazilərə köçürülmüşdür.
Əhatə dairəsinə, intensivliyinə, vurduğu zərərlərin çoxluğuna və s. göstəricilərinə görə Abşeron sürüşmələri Azərbaycanda mövcud olan sürüşmələr içərisində birinci yerdə durur. Abşeronda mövcud olan sürüşmələrin hazırda fəaliyyətdə olanlarına Bayıl, Zığ, Qaraçuxur, Bibiheybət, Badamdar, Əhmədli və s. göstərə bilərik. Abşeronun göstərilən sürüşmələri içərisində tarixən ən çox təkrarlanan, ən çox zərərlər vuranı, onlara qarşı daha çox mübarizə tədbirləri görüləni Bakı şəhərinin ən çox məskunlaşan, ən intensiv avtomobil yollarının və kommunikasiya xətlərinin keçdiyi bir ərazidə Bayıl sürüşməsi yerləşir.
Bayıl sürüşmələrinin tutduğu ərazilər əsasən Funikulyordan Neftçilər prospekti istiqamətinədək, Xəzər dənizi istiqamətinədək, şimalda Dağüstü Park tərəf, şimal–qərbdə Bayıl dairəsinin “ağzınadək” olan əraziləri əhatə edərək, aktiv sürüşmə vaxtı olmuş sürüşmələr öz areallarını genişləndirirlər.
Azərbaycanda olan sürüşmələr içərisində tarixən ən çox öyrəniləni, ən çox təkrarlananı, ən çox dağıntılara və iqtisadi zərərlərə səbəb olanı Bayıl sürüşməsi olub, burada 1903, 1914, 1927, 1929, 1930, 1943, 1946, 1952, 1953, 1968, 1969, 1970, 1974, 1978, 1991, 2000–ci illərdə olmuş sürüşmələr nəticəsində Uşaq xəstəxanası, Ayaqqabı fabriki, şəhər zooparkı, çoxsaylı yaşayış binaları, Park Komuna, Gəmi Təmiri zavodlarının müxtəlif tikililəri, yanacaqdoldurma stansiyası, Texniki Peşə məktəbi, avtomobil yolu, müxtəlif kommunikasiya qurğuları və s. obyektlər dağılaraq öz fəaliyyətlərini dayandırmağa məcbur olublar. Göstərilən ərazidə son 100 ildə ən dağıdıcı sürüşmə 6–7 mart 2000–ci ildə olub və bunun nəticəsində 200 fərdi ev zədələnmiş, 43 ev isə dağılaraq istifadə üçün tam yararsız hala düşmüşdür. Mütəxəssislərin ola biləcək sürüşmələr haqda vaxtında etdikləri xəbərdarlıq çoxsaylı insan ölümünün qarşısını almışdır.
Sürüşmələrin əsasən yaz fəslində və qismən də payızın əvvəllərində formalaşmasına və baş verməsinə əsas səbəb, göstərilən dövrlərdə yağıntıların daha çox düşməsi ilə əlaqədardır. Ölkənin orta dağlıq zonasında yerləşən ərazilərdə illik yağıntının 60 faizi yaz aylarında, 40 faizi isə payız aylarında düşür. Dağətəyi ərazilərdə isə yağıntıların 70 faizi yaz və payızda düşür.
Buna misal olaraq Bakı şəhərinin 20–ci sahə yaşayış ərazisindən Bibiheybət Məscidinə tərəf gedən avtomobil yolunun sağ hissəsindəki dik yamacda son illərədək cəmi 2–3 fərdi ev inşa edilmişdirsə, son 1–2 il ərzində göstərilən yamac vəhşicəsinə terraslaşdırılaraq burada yüzlərlə yeni fərdi ev tikilmişdir. Deyilən yamacda vaxtı ilə şam ağacları əkilsə də, indi bu şamlardan əsər–əlamət qalmayıb. Göstərilən yamac qanunsuz dağıdılaraq göstərilən əraziyə qanunsuz su, işıq, qaz çəkilməyə cəhd edilir. Bir–iki il öncə dayanıqlı olan bu yamacda 3–5 ildən sonra qanunsuz inşa edilən bütün fərdi yaşayış evlərinin sürüşməsi nəticəsində Bakı şəhərini ölkənin cənub bölgələri ilə və ən böyük ticarət mərkəzləri ilə birləşdirən avtomobil yolunun uzun müddətə bağlanması ilə nəticələnəcəkdir. Vaxtı itirmədən burada dağıdıcı sürüşmənin olmasını gözləmədən çox ciddi tədbirlər görülməlidir!
Bakı şəhərində və kənd yerlərində baş verən sürüşmələr və digər növ təbii fəlakətlər baş verməmişdən əvvəl yox, baş verib dağıntılara, iqtisadi zərərlərə səbəb olandan sonra əlaqədar təşkilatlar əl–ayağa düşüb təbii fəlakətlərə düçar olan insanlara köməklik etməyə başlayırlar. Belə halı biz son illərdə Azərbaycanda baş vermiş daşqınlar, sellər, zəlzələlər, sürüşmələr vaxtı dönə–dönə müşahidə etmişik.
Azərbaycanda kəndlərlə yanaşı, sürüşmələrə ən çox məruz qalan avtomobil yollarıdır. Çox maraqlıdır ki, avtomobil yollarının sürüşmələrə ən çox məruz qaldığı Lerik, Yardımlı, Qəbələ, Oğuz, Laçın, Kəlbəcər, Tərtər, Ağdərə, Şuşa, Xankəndi, İsmayıllı, Şamaxı, Qobustan və s. inzibati rayonlarında inkişaf edən yeganə nəqliyyat növü avtomobil nəqliyyatı olduğundan sərnişin və yük daşımalarının 100 faizi ancaq avtomobil nəqliyyatının payına düşür. Göstərilən inzibati rayonların ərazisində, yollarında baş verən sürüşmələr onlarca yaşayış məntəqələrinin ətraf mühitlə əlaqələrini kəsir, kənd və inzibati rayonlar üçün çox böyük iqtisadi və sosial problemlər yaradır.
Azərbaycanın avtomobil yollarının 1000 kilometrdən çox hissəsi sürüşmələrə məruz qalır və ya potensial sürüşmə ərazilərindən keçir. Sürüşmələrə ən çox məruz qalan avtomobil yollarına Bakı–Şamaxı–Muğanlı–İsmayıllı, Masallı–Yardımlı, Lənkəran–Lerik, Qobustan–Şamaxı–Ağsu, Quba–Qusar və s. yolların bir hissəsi ilə yanaşı Bakı şəhərinin ayrı–ayrı hissələrindən keçən avtomobil yollarını da misal göstərmək olar.
Sürüşmələr avtomobil yollarını müvəqqəti, bəzən də uzun müddətə yararsız hala salır, yük, sərnişin daşımada fasilələrə səbəb olur, müəssisələrin ritmik fəaliyyətini pozur, onların istehsal etdiyi məhsulları vaxtında istehlakçıya çatdırmadığı üçün məhsulun maya dəyəri çoxalır.
İnzibati rayon mərkəzlərini kənd yaşayış məntəqələri ilə birləşdirən kənd arası yollar torpaq və çınqılla örtülmüş yollardan ibarət olub, bu yolların heç birində sürüşmələrə qarşı qoruyucu–mühəndis tikililər aparılmadığından baş verən adi sürüşmə onlarla kənd arasında əlaqələrin bir müddət pozulmasına və burada yaşayan əhali arasında sosial gərginliyə səbəb olur. Məsələn, 11–12 may 2002–ci ildə İsmayıllı rayonu ərazisində baş vermiş sürüşmə 8 kəndin uzun müddət ətraf yaşayış məntəqələri ilə əlaqələrini kəsdi. 27 sentyabr 2006–cı ildə ölkənin cənub bölgəsində yağan leysan yağışlar sürüşmələri aktivləşdirmiş, sellərə səbəb olmuş və bunun nəticəsində 53 kilometrlik Masallı–Yardımlı avtomobil yolunun 20 kilometrlik hissəsi yararsız hala düşmüşdür. Bu yolun yenidən qurulma işlərinə 7 milyon manat sərf edilərək 23 oktyabr 2006–cı ildə istifadəyə verildi.
Vaxtilə sürüşmələrə qarşı, demək olar ki, heç bir mühəndis qoruyucu tədbirlər görülmədiyindən Muğanlı–İsmayıllı avtomobil yolu inşa edildiyi vaxtdan indiyə kimi sürüşmələr nəticəsində dağılmaqda davam edir. Hər il bu yolu sürüşmələrdən qorumaq üçün külli miqdarda maliyyə vəsaiti sərf olunsa da bu avtomobil yolu demək olar ki, hər il öz fəaliyyətini qısa və uzun müddətli fasilələrlə dayandırmalı olur.
Göstərilən yolda mütəmadi tikinti–quraşdırma işləri aparılır, yol bəzi yerlərdə genişləndirilir, yol boyu yağış, leysan sularını ötürən bir neçə kilometr uzunluğunda kanallar çəkilir, ən çox sürüşmələrə məruz qalan bəzi hissələrində yolu sürüşmələrdən qorumaq üçün 1–1,5 metr hündürlüyündə daşlardan qoruyucu divarlar inşa edilir.
Görülən işlərin miqyasının çox böyük olmasını və bütün sürüşmə ərazilərini əhatə etməsini nəzərə alsaq, deyə bilərik ki, burada görülən işlər çox böyük maliyyə vəsaiti hesabına başa gəlir. Ancaq yolda tikinti–inşaat işləri getdiyi bir vaxtda inşa edilmiş suötürücü kanalların, arxların və daş divarların bir hissəsi sürüşmələr nəticəsində artıq dağılmağa başlamışdır. Bu yolda tikinti–quraşdırma işləri aparanlara demək istərdik ki, göstərilən yolda yenidən aparılan primitiv təmir–tikinti işləri ilə ərazidə ən aktiv fəaliyyətdə olan sürüşmələrin qarşısını almaq olmaz!
Muğanlı–İsmayıllı yolunun Ağsu çayı yatağından keçən 10–12 kilometrlik hissəsində aparılan yenidənqurma işlərinə sərf edilən maliyyə vəsaitlər sürüşmələr nəticəsində Ağsu çayı yatağına “axıdılır”.
Dünyada sürüşmələrin geniş yayıldığı və turizmin inkişaf etdiyi ölkələrdə mövcud olan avtomobil yolları atlaslarında sürüşmələrin avtomobil yollarının hansı hissələrində daha tez–tez təkrarlandığı ərazilər çox dəqiqliklə göstərilir və belə yollarda hər bir sürüşmənin olduğu ərazilərdə çoxsaylı nişangahlar qoyulur.
Təəssüflər olsun ki, Azərbaycanda olan avtomobil yollarında belə nişangahlara yalnız Bakı–Şamaxı–Ağsu yolunun bir neçə yerində rast gəlinir.
—Azərbaycanda avtomobil yolları atlası böyük miqyasla tərtib olunmalı, yollarda təsadüf olunan bütün təbii fəlakətlər, o cümlədən sürüşmələr yeni tərtib olunan atlasda öz əksini tapmalıdır.
—Sürüşmələrin geniş yayıldığı ölkələrdə sürüşmələri öyrənən, onlara qarşı mübarizə tədbirlərini həyata keçirən elm–istehsalat mərkəzləri fəaliyyət göstərir. Nəzərə alsaq ki, Azərbaycan ərazisinin 60 faizi dağlıq və dağətəyi sahələrdən ibarətdir, onda belə ərazilərin potensial sürüşmə əraziləri olmasını deyə bilərik. Göstərilənləri nəzərə alaraq belə bir elm–istehsalat mərkəzinin Azərbaycanda yaradılması günün tələbidir. Bu mərkəz Fövqəladə Hallar Nazirliyinin bir struktur bölməsi ola bilər.
Azərbaycanda sürüşmələri müxtəlif elmi istiqamətdə öyrənən Milli Elmlər Akademiyasının Coğrafiya və Geologiya İnstitutlarında çox yüksək ixtisaslı kadrlar olmasına baxmayaraq, yolların çəkilişində onların elmi potensialından, demək olar ki, istifadə edilmir. Yol tikintisi işlərinə sürüşmələr haqda heç təsəvvürləri olmayan mütəxəssislər cəlb olunur. Bu isə sonradan çəkilən yolların az vaxt keçmədən dağılmasına səbəb olur. Necə ki, Muğanlı–İsmayıllı yolunda olduğu kimi. Buna qəti yol vermək olmaz.
Yuxarıda sürüşmələrə dair yazılanları ümumiləşdirərək belə nəticəyə gəlmək olar!
Təbii proseslərin, antropogen amillərin təsiri nəticəsində sürüşmələr çox sürətlə öz əhatə dairələrini genişləndirərsə, yaxın 20–30 ildən sonra əsasən dağlıq, qismən də dağətəyi ərazilərdə yerləşən kəndlərin əhalisizləşdirilməsinə səbəb ola bilər. Bu isə öz növbəsində respublikada əsasən heyvandarlıq təsərrüfatının, qismən də digər kənd təsərrüfatı sahələrinin tənəzzülünə səbəb olmaqla dağ turizminin inkişafına da çox mənfi təsir edə bilər.
Respublika ərazisində mövcud olan bütün sürüşmələrin sayı, sahəsi, onların əhatə dairəsində yerləşən bütün təsərrüfat obyektləri və s. məsələlər haqda məlumatlar respublikanın bütün inzibati rayonlarında fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli nümayəndələri tərəfindən sürüşmələrin dəqiq inventarlaşdırma işləri aparılmalı, bu işlərin nəticəsi olaraq respublikada mövcud olan böyüklü–kiçikli bütün sürüşmələrin böyük miqyaslı xəritəsi tərtib edilməli, belə xəritələr respublikanın sürüşmələrin geniş yayıldığı bütün inzibati rayonlarının icraedici orqanlarına göndərilməli, fəaliyyətdə olan hər bir sürüşmə ərazisindən necə istifadə edilmə imkanları haqda xəritədə, veriləcək tövsiyələrə çox ciddi riayət olunmasını yerli icra orqanlarından (bələdiyyə, kəndlərdə yerləşən icra nümayəndələrindən) tələb edilməli.
Azərbaycanın kənd yerlərində sürüşmələrin fəaliyyətdə olduğu və sürüşmələrə meyilli olan ərazilərdə təsərrüfat obyektlərinin, tikili və qurğuların inventarlaşması aparılmalı və belə ərazilərdə hər cür tikinti–quraşdırma işlərinə qadağa qoyulmalı, belə ərazilərdə olan meşə və kolluqların qırılmasının qarşısı alınmalı, sürüşmələrə meyilli kəndlərdə əhalinin kəndləri tərk etməmələri üçün hər cür sosial problemlərin həll edilməsini vaxtı itirmədən həyata keçirmək lazımdır. Sürüşməyə meyilli ərazilərdə aparılan mühüm dövlət əhəmiyyətli tikintilərin inşası vaxtı sürüşmələrə qarşı mühəndis qoruyucu sistemlərin baha başa gələcəyini düşünmədən, hər cür müdafiə tədbirləri görüb, belə tikililərin inşasına icazə verilə bilər.
Azərbaycanda sürüşmələrin daha çox yayıldığı Abşeron yarımadasında, ələlxüsus Bakı şəhərində sürüşmələrə meyilli ərazilərdə yaşayış binalarının və s. təsərrüfat obyektlərinin tikintilərinə moratorium qoyulması və belə ərazilər ancaq meşə–park zonası kimi istifadə edilməlidir.
Azərbaycanda mövcud olan çoxsaylı təbii fəlakətlər içərisində əhatə dairəsinə, vurduğu zərərlərin məbləğinə görə sürüşmələr sellər, zəlzələlər, daşqınlardan geridə qalaraq ölkə iqtisadiyyatına hər il təxminən 3–5 milyon ABŞ dolları miqdarında zərər vurur. Bu zərər və dağıntılar ilbəil çox sürətlə artmaqda davam edir.
Deyilənləri nəzərə alaraq yeni tərtib edilən üçüncü Dövlət Proqramına sürüşmələr və onlara qarşı mübarizə işlərinin əsas icrasını Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri əsas icraçı təşkilatlar kimi müəyyən olunması daha məqsədəuyğundur.
Birinci və ikinci Dövlət proqramlarında sel və daşqınlar haqda əsas mühafizə və qoruyucu tədbirlər nəzərdə tutulub və qismən bu işlər həyata keçirilsə də tam məsuliyyətlə deyə bilərik ki, bu tədbirlər əsaslı bir səmərə verməmişdir. Bunu biz qeyd etməklə heç də bu işlərə cavabdeh olan dövlət qurumlarını günahlandırmaq yox, buna səbəb dünyada və eləcə də Azərbaycanda son illərdə baş verən çox kəskin qlobal iqlim dəyişiklikləri ilə yanaşı, insanların təbiətə düşünülməmiş çox kəskin müdaxiləsi, ikinci Dövlət Proqramına daxil edilmiş sellər və daşqınlara dair Dövlət Proqramının yerinə yetirilməsi üçün kompleks müdafiə tədbirlərinin həyata keçirilməsi üçün maliyyə resurslarının kifayət etməməsi və onlardan səmərəli istifadə edilməməsi və s. səbəblərlə izah edilə bilər.
Onu göstərmək istərdik ki, birinci və ikinci Dövlət proqramlarında Kür və Araz çaylarının aşağı axarlarında yerləşən çoxsaylı inzibati rayon mərkəzlərini daşqın və yeraltı sulardan qorumaq üçün kollektor sistemlərinin bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi üçün ayrılmış böyük məbləğdə dövlət vəsaitləri hələlik tam səmərə verməmişdir.
Yaxşı olardı ki, ikinci Dövlət Proqramında nəzərdə tutulan işlərin yerinə yetirilməsi müddəti başa çatdıqda görülmüş işlərin əsas icraçıları respublika hökuməti qarşısında hesabat verəydilər! Belə bir tədbir təbii fəlakətlərə qarşı görülən işlərə görə icraçı orqanların gördükləri işlərə görə onların məsuliyyətini artırardı.
Azərbaycanda baş verən çoxsaylı təbii
fəlakətlər, ölkənin bütün ərazilərində
çox geniş yayılsa da, onların təkrarlanması və
vurduğu zərərlərin son 20 illikdə çox sürətlə
artması və onların bəzilərinə qarşı
görülən müdafiə və mühafizə işlərinin
vacibliyi qeyd olunmaqla məqalədə xarakterizə olunan təbii
fəlakətlərə dair mübarizə işi yeni
üçüncü Dövlət Proqramında öz əksini
taparsa, sahələrlə mübarizə tədbirlərinə
münasibət bu sahəyə görə məsul olan
icraçı dövlət qurumlarının münasibətini
əsaslı surətdə dəyişə bilər. Bu isə
qeyd olunan təbii fəlakətlərin baş verib zərərlər
yetirəndən sonra yox, onlara qarşı mühafizə və
mübarizə tədbirlərinə təbii fəlakətlərin
baş verməmişdən əvvəl həyata keçirilərək
bu işlər təbii fəlakətlərin hər il Azərbaycan
iqtisadiyyatına vura biləcəyi zərərlərin
qarşısının əsaslı surətdə
alınmasına imkan verir.
Neron Babaxanov,
professor.
Respublika.- 2013.- 17 mart.- S. 4.