Aqrar sahədəki nailiyyətlər
dayanıqlı inkişafa söykənir
Aqrar sahədəki nailiyyətlərin dayanıqlı inkişafa söykənməsi ilə bağlı məsələləri şərh etməzdən əvvəl, qeyd edək ki, “dayanıqlı inkişaf” anlayışı cəmiyyətin ictimai–siyasi və iqtisadi həyatında mənfi meyillərin neytrallaşdırılması və ya onların səmərəli qarşılanmasını nəzərdə tutan ifadədir.
Dayanıqlı inkişafın özünəməxsus cəhəti onun bütün amillərlə sıx qarşılıqlı əlaqədə və qarşılıqlı asılılıqda olmasıdır. Hər hansı sahədə tarazlığın pozulması inkişaf sisteminin bütövlükdə dayanıqlığını pozur. Müxtəlif elementlərin sabit vəziyyəti və inkişaf qabiliyyəti nə qədər davamlıdırsa, inkişafın dayanıqlılığı da bir o qədər uzunömürlüdür.
İnkişafın dayanıqlığı çoxsaylı amillərin təsiri altında formalaşır. Həmin amillərə, ilk növbədə sosial–iqtisadi, təbii–resurs (torpaq, su resursları, faydalı qazantılar, xammal və i.a.), ekoloji, siyasi və s. aid edilir. Bu amillərə komkleks şəkildə yanaşılmalıdır. Belə yanaşma iqtisadiyyatda, o cümlədən aqrar sahədə mövcud sosialekoloji vəziyyəti reallığa adekvat tərzdə nəzərə almağa imkan verir.
Ümummilli liderimiz Heydər Əliyev ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafına xüsusi diqqət və qayğı ilə yanaşırdı. Ulu öndərin 1969–cu ildə respublika rəhbəri kimi fəaliyyətə başladığı dövrdə 350–380 min ton pambıq, 600–700 min ton taxıl istehsal edilirdi. Kənd təsərrüfatında mövcud istehsal potensialından cəmi 35–40 faiz istifadə edilirdi. Kənd təsərrüfatına sərmayə qoyuluşu zəruri tələbatdan olduqca aşağı idi. İqtisadiyyatın bu önəmli bölümündə aparılan elmi–tədqiqat işləri bir çox hallarda tələbatdan irəli gəlmirdi və nəticədə də sahənin inkişafına öz töhfəsini vermirdi.
Ulu öndərin respublikaya rəhbərliyinin birinci dövründə kənd təsərrüfatında yaranmış acınacaqlı vəziyyət ətraflı təhlil edilməklə, əsaslı dönüş yaratmaq üçün əməli tədbirlər işlənib hazırlanırdı. 1970–ci ildə Azərbaycanda kənd təsərrüfatının inkişafına 1,518 milyon manat (1970–ci ilin qiymət sistemi ilə) vəsait ayrılmışdır. Belə böyük məbləğin Azərbaycana ayrılması həmin dövr üçün böyük etimad idi.
Ulu öndərin respublikaya rəhbərliyinin ikinci dövründə də aqrar islahatlar uğurla həyata keçirilmiş, kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə hüquqi baza yaradılmış, yeni torpaq–mülkiyyət münasibətləri formalaşdırılmışdır. “Aqrar islahatın əsasları” , “Soxvoz və kolxozların islahatı”, “Torpaq islahatı haqqında” və s. qanunlar qəbul edilmişdir.
Ümummilli liderimizin siyasətini yeni mərhələdə uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində kənd təsərrüfatı, aqrar sənaye kompleksi uğurla inkişaf etdirilir. Ölkədə aqrar sahəni inkişaf etdirmək, ərzaq təminatını yaxşılaşdırmaq üçün, ilk növbədə qanunvericilik bazası təkmilləşdirilir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacağın, motor yağının, gübrənin alınmasına, bitkiçilkdə sığorta haqqına çəkilən xərclərin 50 faizinin dövlət büdcəsindən ödənilməsi, taxıl əkinlərinə, toxum və tinglərə görə subsidiyaların verilməsi təmin edilir, istehsalçıların texniki təminatını yaxşılaşdırmaq üçün lizinq yolu ilə güzəştli şərtlərlə texnika və gübrələr verilir.
Əvvəlki illərdə olduğu kimi, 2012–ci ildə də qlobal iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatı ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu iqtisadi siyasəti nəticəsində mənfi xarici iqtisadi təsirlərə dayanıqlıq nümayiş etdirmiş, iqtisadi artımın dayanıqlığı təmin edilərək, strateji valyuta ehtiyatları 46 milyard dollar olmuş, ümumi daxili məhsul 2,2 faiz artmışdır. Müvafiq olaraq kənd təsərrüfatında da 6 faiz artım olmuşdur.
İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə aqrar sahənin inkişafının strategiya və taktikasının təhlili göstərir ki, bu sahədə dayanıqlı istehsalın qurulması üçün daxili və xarici mənbələrdə formalaşan mənfi meyillərə qarşı mümkün, səmərəli və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi güclü dövlət dəstəyinə və tənzimləmə vasitələrinin tətbiqinə əsaslanır.
Kənd təsərrüfatı istehsalının dayanıqlılığı üçün iqtisadi, sosial və ekoloji təhlükəsizliyin təminatı üzrə məqsədli proqramların işlənib hazırlanması və həyata keçirilməsi mühüm əhəmiyyətə malikdir. Məqsədli proqramlaşdırma bazar iqtisadiyyatına bilavasitə dövlət dəstəyi vasitəsi olub, aqrar sənaye kompleksinin inkişafının özünü tənzimləməsi və məqsədyönlüyü prinsiplərinin vəhdətini təmin edir. Məqsədli proqramın mahiyyəti özündə dövlət tənzimlənməsini və “azad bazar” elementlərini sintez etməklə kommersiya əsasında təsərrüfat fəaliyyətini stimullaşdırır.
Son illər ölkə Prezidentinin müvafiq fərman və sərəncamları nəticəsində iqtisadiyyatda baş verən mütərəqqi dəyişikliklər aqrar sahəyə dövlət dəstəyinin və tənzimlənməsinin əsası kimi qiymətləndirilə bilər. Bu tədbirlər ölkədə sahibkarlığın inkişafına təkan verməklə, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına və iqtisadiyyatın inkişafında müxtəlif təsərrüfatçılıq qurumlarının rolunun artmasına geniş imkanlar vermişdir. Məsələn, 2012–ci ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2400 sahibkara 218 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 68 faizi aqrar bölmənin inkişafına ayrılmışdır. Ümumilikdə, 2012–ci ildə fond tərəfindən maliyyələşdirilmiş 94 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə başlamışdır ki, bunun da 84–ü aqrar–sənaye kompleksləri, o cümlədən 15 quşçuluq, 7 heyvandarlıq, 4 ət emalı, 9 istixana, 11 kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanılması və satışı kompleksi, 11 çörək zavodu, 7 üzümçülük, 2 iri taxılçılıq və 5 meyvə–tərəvəz emalı müəssisəsi, 10–u isə digər sənaye sahələri müəssisələridir.
Aqrar iqtisadiyyatın dövlət tənzimlənməsinin çevik maliyyə mexanizmi bu sahədə fəaliyyət göstərən müxtəlif mülkiyyət mənsubiyyətli təsərrüfat subyektlərinin iqtisadi mənafelərinin gözlənilməsinə əlverişli şərait yaratmaqla yanaşı, həm də bütövlükdə aqrar sahə ilə münasibətdə emal, maddi–texniki təchizat, tədarük təşkilatlarının iqtisadi hegemonluğu meyillərinin aradan qaldırılmasına və qiymət disparitetliyinin tənzimlənməsinə xidmət edər.
Ümumiyyətlə, aqrar iqtisadiyyatın dövlət tənzimlənməsinin səmərəliliyi aqrar sahənin maliyyə vəziyyətinin sabitləşdirilməsi məqsədini güdür. Sahənin etibarlı maliyyə durumunun təmin edilməsi kənd təsərrüfatı məhsulları istehsalçılarının geniş təkrar istehsal fəaliyyətinin aktivləşdirilməsinə, istehsalın rentabelliliyinin yüksəldilməsinə və bütövlükdə aqrar sahədə fəaliyyət göstərən təsərrüfat–maliyyə subyektləri arasında əlverişli maliyyə münasibətlərinin formalaşmasına imkan verər. Bu isə aqrar sahədə kapitalın sürətli dövriyyəsinə əlverişli şərait yaratmaqla, sahənin investisiya cəlbediciliyini artıracaqdır. Müvafiq olaraq 2012–ci ildə ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 22,1 milyard ABŞ dolları olmuş, bundan 13,3 milyard manat daxili, 8,8 milyard manat xarici investisiya təşkil etmişdir.
Aqrar sahənin respublika iqtisadiyyatındakı rolu kifayət qədər yüksəkdir. Hazırda respublikanın əmək qabiliyyətli əhalisinin təxminən 39 faizi kənd təsərrüfatı əməyi ilə məşğuldur. Odur ki, milli iqtisadiyyatın bu aparıcı sahəsinin balanslaşdırılmış və dinamik inkişafı ümumilikdə davanıqlı inkişafın təminatında mühüm rol oynayır. Lakin pambıqçılıq və üzümçülük kimi gəlirli sahələrdə hələ də lazımi rentabelliyin əldə edilməməsi (2011–ci ildə pambıqçılıq və üzümçülükdə fəaliyyətin son maliyyə nəticəsi zərərlə başa gəlmişdir. Uyğun olaraq zərərlilik səviyyəsi pambıqçılıqda 12 faiz, üzümçülükdə 3,8 faiz olmuşdur) pambıq və üzüm istehsalının artırılmasına imkan vermir. Yüksək əmək tutumluluğu və maddi məsrəflərin böyüklüyü bu məhsulların istehsalının genişləndirilməsinə mane olur. Maliyyə vəsaitləri və aqrar qurumların iriləşdirilməsi kimi amillər də bu məsələdə az rol oynamır.
Dayanıqlı inkişaf strategiyasının reallaşması mexanizmindən aqrar sahədə başlıca resurs olan torpağa canlı orqanizm kimi baxılması zəruridir. Aqrar islahatlar nəticəsində yaranmış bir–birinə qonşu olan kiçik ailə təsərrüfatlarında istehsal fəaliyyətinin koordinasiya və kooperasiyası xüsusilə aktualdır.
Torpaq sahələri qonşu olan xırda ailə təsərrüfatları bitkiçilik məhsullarının yetişdirilməsinin bütün mərhələlərində, xüsusilə suvarma, gübrələmə və dərmanlama işlərində fəaliyyətlərini bir–biri ilə razılaşdırmalıdırlar. Əks halda torpaq və sudan istifadədə iqtisadi və ekoloji göstəricilərə mənfi təsir edir.
“Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasının iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, qeyri–neft sektorunun inkişafı adlı 4.2 bəndində müəyyən olunmuş hədəflərdə qeyd edilir ki, “Aqrar sektorun intensiv və səmərəli inkişafının stimullaşdırılması üçün dövlət dəstəyi tədbirləri beynəlxalq təcrübəyə uyğun olaraq davam etdiriləcək. Növbəti illərdə ölkədə torpaq bazarı inkişaf etdiriləcək, fermerlərin könüllülük əsasında birgə təsərrüfatçılıq ənənələrinin formalaşması təşviq olunacaqdır”.
Respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunması dayanıqlı inkişaf strategiyasının əsas hədəflərindən biridir. Ümumiyyətlə, əldə olunan nailiyyətlər zəruri investisiyaların cəlb edilməsinə, ekoloji normativlərə riayət olunmasına, son məhsulun istehsalına qədər olan texnoloji zəncirin qurulmasına, hazır məhsulun rəqabət qabiliyyətinin yüksəldilməsinə, bu sahədə ixracın həcminin və çeşidinin genişləndirilməsinə keçilməsi onu deməyə əsas verir ki, iqtisadiyyatımızın bütün sahələrində dayanıqlı inkişaf uğurla davam etdirilir.
Məhərrəm HÜSEYNOV,
Azərbaycan Dövlət Aqrar
Universitetinin
professoru, iqtisad elmləri doktoru.
Respublika.- 2013.- 17 mart.- S. 4.