DÖVLƏT SİYASƏTİ AZƏRBAYCANIN MİLLİ MARAQLARINA SÖYKƏNİR

 

Danılmaz həqiqətdir ki, Azərbaycan tarixi nöqteyi–nəzərdən qısa bir müddət ərzində çox böyük uğurlara nail olmuşdur. Xüsusən son bir neçə ildə Azərbaycan iqtisadi inkişaf səviyyəsinə görə dünya ölkələri arasında liderlər sırasına, regionda isə güc mərkəzinə çevrilmişdir. Sirr deyil ki, bütün bu nailiyyətlərin əldə olunması heç də yalnız iqtisadi proseslərin, yəni bazar münasibətlərinin obyektiv iqtisadi qanunlarının fəaliyyəti ilə, mexanizmləri ilə əldə olunmamışdır. Bütün bunlar çox gərgin əməyin, idarəçilik təcrübəsinin və miqyaslı elmi təfəkkürün, habelə Azərbaycan dövlətçiliyinin inkişaf fəlsəfəsinin üç əsas amilinin—milli ideyanın formalaşması, şəxsiyyətin rolunun tanınması və millətin məqsədyönlülüyünün dəstəklənməsinin vəhdətlə bir araya gətirilməsi nəticəsində mümkün olmuşdur.

Ölkə başçısı cənab İlham Əliyevin prezidentlik dövrü təkcə inanılmaz iqtisadi tərəqqi ilə deyil, həm də ölkənin hərtərəfli, ilk növbədə yeni siyasi inkişaf mərhələsi ilə diqqət çəkir. Başqa sözlə desək, cənab İlham Əliyevin 10 illik rəhbərlik dövrü ölkəmizin gənc demokratiyası üçün növbəti kamillik imtahanı oldu və yeni minillikdə Azərbaycanın necə bir dövlət olacağının bünövrəsini qoydu.

 

Yeni dövr başlanır. Öz mahiyyəti etibarı ilə bu yeni dövr cəmiyyətin hərtərəfli inkişafının maraqlarına və tələblərinə uyğun olmayan, milli siyasi məkanı məhdudlaşdıran yolu inkar edir. Eyni zamanda ölkənin gələcək inkişafının milli maraqlara söykənən istiqamətlərini və prioritetləri də müəyyənləşdirir.

Azərbaycanın milli maraqlarına cavab verən dövlət siyasəti hər bir vətəndaşımızın, cəmiyyətimizin və dövlətimizin balanslaşdırılmış maraqların iqtisadi, siyasi, sosial, beynəlxalq, hərbi, ekoloji və digər sahələrdə məcmusundan ibarətdir.

Azərbaycan çoxəsrlik tarixə və zəngin mədəni ənənələrinə malik olan dünya dövlətlərindən biridir. Mürəkkəb beynəlxalq vəziyyətə, Ermənistan tərəfindən işğala məruz qalmasına və ötən əsrin 90–cı illərinin əvvəlində ölkədaxili vəziyyətin ağır olmasına baxmayaraq, respublikamız 21 illik dövlət müstəqilliyi dövrü ərzində siyasi və sosial–iqtisadi inkişafında böyük uğurlar əldə etmişdir. Nəhəng iqtisadi potensial, hərbi və elmi–texniki sahələrdə məqsədyönlü islahatlar, Avrasiya məkanında unikal strateji coğrafi yerləşmə—bütün bu amillərə ölkə rəhbərliyi tərəfindən milli maraqların qorunması siyasətinin həyata keçirilməsində böyük önəm verilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu siyasi kursu inamla həyata keçirməsi ölkəmizə dünya iqtisadiyyatına inteqrasiya yolunda uğurla addımlamağa, müxtəlif beynəlxalq maliyyə və iqtisadi institutlarla əməkdaşlığı daim genişləndirməyə, Azərbaycanın digər dövlətlərlə olan çoxsaylı dünyəvi və regional əhəmiyyətli qlobal məsələlərdə maraqların tarazlığının saxlanılmasına imkan vermişdir.

Azərbaycanda milli maraqlar, ölkəmizin Konstitusiyası və qanunvericiliyi əsasında fəaliyyət göstərən ictimai təşkilatlarla əlaqədə olan dövlət hakimiyyəti institutları tərəfindən təmin edilir. Vətəndaşlarımızın maraqları konstitusiya hüquq və azadlıqların, şəxsi təhlükəsizliyin təmin edilməsində, həyat səviyyəsinin və keyfiyyətinin artırılmasında, onların fiziki, mənəvi və intellektual inkişafları üçün dövlətimiz tərəfindən hər cür şəraitin yaradılmasında öz əksini tapır. Azərbaycan cəmiyyətinin maraqları isə demokratiyanın möhkəmləndirilməsi, hüquqi dövlətin yaradılması, vətəndaş həmrəyliyinə nail olması və qorunması, respublikamızın mənəvi yeniləşməsi ilə təmin olunur. Dövlətimizin maraqları konstitusiya quruluşunun, müstəqilliyimizin və ərazi bütövlüyümüzün toxunulmazlığından, siyasi, iqtisadi və sosial stabillikdən, qanunun aliliyinin və asayişin qorunmasından, beynəlxalq bərabərhüquqlu və qarşılıqlı səmərəli beynəlxalq əməkdaşlığın inkişafından ibarətdir.

Azərbaycanın milli maraqlarının həyata keçirilməsi ancaq iqtisadiyyatın davamlı inkişafı üzərində qurula bilərdi. Məhz buna görə dövlət başçısı cənab İlham Əliyev iqtisadi sahədəki milli maraqlara xüsusi önəm verərək ölkəmizin iqtisadi qüdrətini həllidici amil hesab edir: “Azərbaycan iqtisadiyyatını inkişaf etdirməkdədir… Bu gün biz onu nümayiş etdiririk ki, iqtisadiyyatımız davamlı əsaslar üzərində qurulub. Dünyada baş vermiş siyasi və maliyyə böhranı zamanı Azərbaycan çox davamlı inkişaf nümayiş etdirmişdir… Beləliklə, liberal iqtisadi siyasət və siyasi islahatlar, ölkədə mövcud olan problemlərin həlli cəmiyyətdə çox münbit şərait yaratmışdır”.

Daxili siyasətdə ölkəmizin milli maraqları, ilk növbədə əhalinin yüksək həyat səviyyəsinin təmin olunmasından və respublikanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsindən ibarətdir. Bununla yanaşı, dövlət hakimiyyəti institutların qorunması, vətəndaş və milli barışığın təmin edilməsi, demokratik cəmiyyətinin qurulması prosesinin başa çatdırılması, etnoseparatizmin, siyasi və dini ekstremizmin, onların nəticəsi kimi sosial, millətlər və dinlərarası münaqişələrin, terrorizmin yaranmasına gətirə biləcək səbəb və şəraitin qarşısının alınması kimi mühüm məsələlər də dövlət siyasətində öz əksini tapmışdır.

Mənəvi sferada olan milli maraqlar çərçivəsində cəmiyyətimizin mənəvi dəyərlərinin, vətənpərvərlik və humanizm ənənələrinin qorunması və möhkəmləndirilməsi, ölkənin mədəni və elmi potensialının artırılması və gücləndirilməsi kimi mühüm məsələlər daxildir.

Beynəlxalq sahədə milli maraqların əsas istiqamətlərindən suverenliyimizin təmin olunması, nüfuzlu regional mərkəz kimi Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi, bütün ölkə və inteqrasiya birlikləri, ilk növbədə strateji tərəfdaşları ilə bərabərhüquqlu və qarşılıqlı səmərəli münasibətlərin inkişafı, insan hüquq və azadlıqlarının təminatında ikili standartların qəbuledilməzliyini göstərə bilərik.

Hərbi sahədə dövlətimizin milli maraqları respublikamızın müstəqilliyi, suverenliyi, dövlət və ərazi bütövlüyünün qorunmasından, Azərbaycana qarşı ola biləcək təcavüzün qarşısının alınmasından, dövlətimizin sülh və demokratiya şəraitində inkişaf etməsi üçün şəraitin təmin edilməsindən ibarətdir.

İqtisadi sahədə Azərbaycanın uğurları kompleks xarakter daşıyır. Bu uğurlar, ilk növbədə ümumdaxili məhsulun sürətlə artması, investisiya və innovasiya aktivliyinin, eləcə də elmi–texniki potensialının yüksəldilməsi, aqrar sektorun inkişaf etdirilməsi, bank sisteminin balanslaşdırılması, daxili və xarici dövlət borcunun azaldılması, çoxşaxəli iqtisadiyyata keçidi, neft–qaz və enerji sektorlarında ixracın artırılması, ərzaq və digər əsas tələbat mallarının istehsalının təşkili və onların idxal asılılığının azaldılması ilə səciyyələndirilir.

Ölkədə elmi–texniki potensialın gücləndirilməsi, elmi–texniki inkişafın mühüm strateji vacib istiqamətlərdə tədqiqatların artırılması, Azərbaycanda həyata keçirilən bütün mühüm layihələrdə yüksək ixtisaslı əcnəbi mütəxəssislərlə yanaşı, yerli mütəxəssislərin də cəlb edilməsi, intellektual mülkiyyətin qorunmasına dövlət tərəfindən göstərilən qayğı və s. son illərdə respublikamıza dünyada qabaqcıl ölkələrin sırasına daxil olmasına şərait yaratdı, xarici texnoloji asılılığımızı azaltdı və ölkənin hərbi müdafiə potensialını ən yüksək standartlara çatdırmağa imkan verdi.

İstənilən ölkənin mövcud iqtisadi və sosial–siyasi quruluşunda islahatların aparılması prosesində ictimai əlaqələrin kriminallaşması təhlükəsi xüsusilə kəskinləşir. Bunu nəzərə alan ölkə rəhbərliyi iqtisadi, hərbi, hüquq–mühafizə və dövlət fəaliyyətinin digər sahələrində islahatların ilkin mərhələsində ciddi uğurlara nail olaraq bu sahədə dövlət nəzarəti sistemini gücləndirib. Bunun, habelə cəmiyyətin mənəvi potensialının artması nəticəsində cinayətkarlıqla, xüsusilə onun mütəşəkkil formaları ilə, eləcə də korrupsiyaya qarşı uğurlu mübarizə mexanizmini təşkil edə bilmişdir. Hüquq pozuntularının qarşısının alınmasında effektli sosial–profilaktik sisteminin yaradılması, asayişi təmin edən orqanlar üçün yüksək ixtisaslı kadrların hazırlanması, həmçinin terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə fəaliyyətində hüquqi və maddi–texniki təminatının daim inkişaf etdirilməsi və gücləndirilməsi vətəndaşlara, cəmiyyətə və dövlətə öz müsbət təsirini göstərməkdədir.

Müasir dünyada baş verən hadisələr bizdən güclü dövlət hakimiyyətinin və möhkəm intizamın, milli maraqların və milli özünüdərkin olmasını zəruri edir. Bu gün biz Azərbaycanda milli maraqlara söykənən güclü dövlət siyasətinin uğurlu nəticələrinin şahidiyik. Xalqımızın məhz çox böyük potensial ehtiyatlarının və ölkəmizi tərəqqiyə, firavanlığa doğru aparmağa qadir ölkə başçısının olması onu göstərir ki, milli maraqlara əsaslanan dövlət siyasəti Azərbaycan dövlətçiliyi tarixinin yaxın gələcəyi ərzində alternativi olmayan inkişaf strategiyası olaraq qalacaqdır.

 

 

Emin Qasımov

 

Respublika.- 2013.- 17 mart.- S. 1-2.