Azərbaycanın “Gələcək gün”ü naminə “Böyük dayaq”

 

1956–cı ildə orta məktəbin 6–cı sinfində oxuyurdum. Noyabr tətilində (orta məktəbin I rübünün sonunda) ədəbiyyat müəllimimiz bizə bu müddətdə mütləq bədii ədəbiyyat oxumağı tapşırmışdı.

 

Mən Mirzə İbrahimovun “Böyük dayaq” romanını seçmişdim.

 

Əsərin adı: “Dayaq” sözü məni daha çox özünə cəlb etdi. Bəlkə də o vaxtlar əhəmiyyətinə varmadan əsəri oxuduqca hər səhifədə əsərə bu adın verilməsinin səbəbini axtarırdım.

Əsərin qəhrəmanı Rüstəm kişi obrazı o qədər canlı təsvir olunurdu ki, elə bu surətin şəklini özüm çəkmişəm. Həmin andan kənddə kolxoz sədri işləyən Məhərrəm əmimin surəti gözümün qabağında dayanırdı.

Əsərdəki xəyali obraz canlı obrazla qoşalaşırdı, bir–birinə oxşayırdılar.

Hər ikisinin zabitəli ailə başçısı olması, eyni geyim formaları: —Başında şapka, kolfeyi şalvar, gitel kostyum, xrom çəkmə, enli toqqa, zəhmli sifət, geniş alın və çox məntiqli danışıq tərzi…

Sonradan illər gəlib keçdi, mərhum sənətkarımız Ələsgər Ələkbərov “Böyük dayaq” filmində Rüstəm kişi obrazını elə oynayırdı ki, elə bir aktyor mənim uşaqlıq dünyamda xəyalən yaratdığım obrazı təkrarlayırdı.

Bax adı Azərbaycan ədəbiyyatı tarixinə qızıl hərflərlə yazılan böyük yazıçı və dramaturq Mirzə İbrahimovun qələminin gücü bundaydı.

Həmin əsər mənim gənclik dünyama beləcə həkk olunmuşdur. Qış tətili dövründə mən həm də böyük həvəslə onun “Gələcək gün” romanını da oxuyub qurtardım.

Mirzə İbrahimovun həyat və yaradıcılığına bələd olduqca, fikirləşirdim ki, mənim on üç yaşım var, mən və həmçinin mənim kimi gənclər hələ də hazır əsərləri oxuyub qurtara bilmirik.

Amma on doqquz yaşı olan Mirzə Əjdər oğlu İbrahimov 1930–cu ildə “Zəhra” hekayəsi ilə Azərbaycan ədəbiyyatına gəldi.

Həmin dövrdə ilk dəfə olaraq onun “Qazılan buruq” şeiri çap olundu. Hansı ki onun valideynləri, bütün ailə üzvləri Cənubi Azərbaycanda o dövrün Şah rejiminin min odundan–alovundan keçmiş, məşəqqətlər görmüş, aclıq, səfalət keçirmişlər.

Bu qara günlərin burulğanından qurtarmaq üçün ailə doğma Azərbaycana üz tutur…

Lakin Zabrat qəsəbəsində bir tikə quru çörəyə, bir loxma şora qane olmaqla bir mülkədarın quzusunu otaran, onun qaranlıq daxmasına sığınan balaca Mirzənin kövrək pöhrəli vücudu heç nəyə əyilmədi, hər şeyə dözdü.

Mirzə İbrahimovun qızı, çox görkəmli bəstəkarımız Sevda İbrahimova xatirələrində söyləyir ki, atam mənə danışardı ki, bir dəfə quzu otaranda axşam quzunun biri itmişdi. Çox gəzdim, tapmadım. Cəmi 9–10 yaşı olan bir uşaq kövrəkliyi, bir tifil yazıqlığı ilə o qədər ağladım ki, Zabratın tükürpədici sazağında göz yaşım yanağımda donmuşdu.

Hətta deyirdi ki, bu saatda yanaqlarımda o soyuqluğu, o donu hiss edirəm.

Sevda xanım mənə söyləyir ki, atam həmişə bizə deyirdi ki, “Mən bugünkü nailiyyətlərim, xoş günlərim üçün dünənki həyatıma borcluyam”.

O, sözünü gələcək uğrunda mübarizəyə hazırladı, bişdi, qovruldu Günəşli Azərbaycanın, Şimaldan Cənuba qələmi ilə işıq saçan Mirzə İbrahimovu oldu.

Deməli, böyük ədibin keçdiyi yol, hələ o vaxtlardan biz gəncləri də düşünməyə, mübariz olmağa, bir amal uğrunda, bütöv bir Azərbaycan uğrunda birləşməyə səsləyirdi.

O, həmçinin görkəmli ictimai–siyasi xadim olmuş, o dövrün yüksək çinli adlarına — “Sosialist Əməyi Qəhrəmanı”, “Xalq yazıçısı” adına layiq görülmüş, yüksək orden və medallarla təltif olunmuş, bir çox əsərləri dünya xalqlarının dilinə tərcümə olunmuşdur.

Onun “Gələcək gün” romanının Dövlət mükafatına layiq görülməsi Sovetlər dönəmində çox böyük nailiyyət idi.

O, demokratik dövlət xadimiydi, uzun illər SSRİ, Azərbaycan SSR Ali Sovetinin deputatı, respublika Nazirlər Sovetinin sədr müavini, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, Azərbaycan Yazıçılar İttifaqının sədri olmaqla çox mənalı bir ömür yolu keçmişdir.

O bütün vəzifələrdə işləyən dövrdə çox cəsarətli, nəsihətamiz çıxışlarıyla, humanist qərarlar çıxarılmasındakı təşəbbüskarlığı və icraçılığı ilə yaddaşlarda yaşayır.

Mirzə İbrahimov Azərbaycan dilinin ilk dəfə dövlət dili elan olunmasında xüsusi xidmətləri olan şəxslərdən biridir.

O, o taylı–bu taylı Azərbaycanın gələcək taleyi, onun tarixi keçmişi, dünəni, bugünü və sabahı haqqında fikirləşən və mübarizə aparan bir ədib idi.

Onun Cənubi Azərbaycan mövzusunda “Cənub hekayələri” başlığı altında yazdığı beş hekayəsində xalqların azadlıq mübarizəsi geniş çalarlarla tarixə həkk olunmuşdur.

Yaddan çıxarmaq olmaz ki, ilk dəfə Azərbaycan Elmlər Akademiyasında bu günə qədər fəaliyyət göstərən “Cənubi Azərbaycan Ədəbiyyatı Şöbəsi”nin yaradıcısı məhz Mirzə İbrahimovdur.

Hansı ki Cənubi Azərbaycanda yaşayıb, yazıb yaratmış şair və yazıçıların əsərlərindən ibarət böyük həcmli, nəsillərə örnək olacaq kitabların ərsəyə gəlməsində bu şöbənin böyük fəaliyyəti olmuşdur və bu ənənə bu gün də davam edir.

Bu xatirə yazımda mən heç də Mirzə İbrahimovun yaradıcılığına aydınlıq gətirmək, onu şərh etmək fikrində deyiləm. Çünki bu yükü mənim qələmim çəkməz və bu iş tarixçilərin, böyük ədəbiyyatşünasların işidir.

Onun həyat və yaradıcılığı, rəhbər kürsüsündəki fəaliyyəti, dövlətçilik tarixinə və Azərbaycan ədəbiyyatı tarixinə polad vərəqlərdə həkk olunmuşdur.

Məqsədim başqadır: —Bu ada, bu böyük insana bağlılığımın bir tarixçəsi vardır.

Mənim onun haqqında uşaq vaxtı eşitdiklərim, onunla olan görüşlərim, onun həyat yolundan keçən bir əsrlik tarixin qeyd olunması bu xatirənin yazılmasına səbəb oldu.

Müxtəlif rəhbər vəzifələrdə işləmiş atam Misir o vaxtlar danışırdı ki, Mirzə İbrahimov bir dövlət rəhbəri kimi Kəlbəcər rayonuna xüsusi qayğı göstərmişdir.

Deyirdilər ki, Mirzə İbrahimov Ali Sovetin sədri olanda Kəlbəcər rayonunun mövcud vəziyyəti—perspektiv inkişafı, sosial–iqtisadi həyat tərzilə yaxından tanış olmaq üçün Kəlbəcərə gəlib araşdırmalar aparmış və o vaxtkı Mərkəzi Komitə qarşısında ciddi məsələlər qaldırmışdır.

Əsas məqsəd Kəlbəcərə alternativ avtomobil yolu çəkdirmək, bizim doğma torpaqlarımız olan, sonradan Ermənistan ərazisinə qatılmış yaxın ərazilərdə əhalinin daha da sıx məskunlaşmasını təmin etmək olmuşdur.

Çünki o vaxtlar Moskvada oturan erməni daşnaklarının sürəkçiləri Ermənistana yaxın olan dağ rayonlarından, əhalini əkib–biçməyə ehtiyacı olan aran zonasına köçürmək və o ərazilərdən guya yaylaq kimi istifadə etmək təşəbbüsünü irəli sürür və bunun çox böyük iqtisadi əhəmiyyəti olacağını sübut etməyə çalışırdılar.

Beləliklə də indi bizə məlum olan məkrli niyyətlərinə çatmaq istəyirlərmiş…

Mirzə İbrahimov Kəlbəcərə gələndə rayonun I katibi Səfər Verdiyevlə Yanşaq kəndinə getmiş, mənim atamın dostu, çox nüfuzlu ağsaqqal Ellaz kişinin qonağı olmuşdur.

Məqsəd o dağlara bələd olan ağsaqqallarla görüşmək, onlardan məsləhət almaq, bu dağlardan yol çəkməyin mümkün olub–olmamasını öyrənmək idi.

Bununla da o, hələ keçən əsrin 50–60–cı illərində Kəlbəcərin gələcəyi üçün çox vacib olan Murovdağın altından tunel vasitəsilə “Gəncə–Kəlbəcər avtomobil yolu”nun çəkilməsi planının hazırlanmasına nail olmaq istəyirmiş.

Sovetlər dönəminin o vaxtında belə ideya irəli sürüb təşəbbüs qaldırmaq, onu plana salıb maliyyə vəsaiti almaq çox böyük cəsarət, dəmir iradə, ağıl və fərasət tələb edirdi.

Həm də ki, dövlət planlaşma idarələrində çoxlu erməni işləməsi bu işə ikiqat əngəl törədirdi. Bəzi hallarda belə ideyalar rəhbər azərbaycanlı kadrların həyatı bahasına başa gəlirdi, belə adamlara millətçi damğası vururdular.

Bütün bunlara baxmayaraq, Mirzə İbrahimov raykomun birinci katibi Səfər Verdiyevlə birlikdə atla Murovun, Kəpəzin dağ cığırlarını qarış–qarış gəzərək Kəpəzdəki “Maral göldən” keçib dünya gözəli “Göygölə” qədər gəlib çıxıblar.

Hətta deyirdilər ki, yolda Ellaz kişinin vurduğu dağ keçisinin əliyin (cüyürün) ətindən gecə dağ alaçığında kabab da çəkiblər.

Bax xalqın içində olmaq, xalqa qaynayıb–qarışmaq, insanların sadə həyat tərzi ilə yaxından tanış olmaq, Mirzə İbrahimov kimi, xalqın xəmiri ilə yoğrulmuş dövlət məmurunun işi ola bilərdi.

Lakin Sovetlər dönəmində bu tarixi yolun çəkilişinə mane oldular və dövlət planına salınmadı.

Amma Kəlbəcərin ərazisindən yaylaq kimi istifadə edilməsi və əhalinin aran zonasına köçürülməsinin qarşısı alındı.

Bu və ya buna bənzər xidmətlərinə görə Mirzə İbrahimov yaxşı bir rəhbər kimi həmişə ürəklərdə yaşayır.

Yaxşı deyiblər ki, əvəzolunmaz şəxs yoxdur, əvəzolunmaz ideya var. Artıq bu ideya yaşamaqdaydı. Düz bir qərinə yarımdan sonra, 1997–ci ildə Murovdağdan, dəniz səviyyəsindən 3100 metr hündürlükdən Gəncə–Kəlbəcər avtomobil yolu açıldı.

Torpaqlarımızın işğalı vaxtı Ağdərə–Kəlbəcər yolu ermənilər tərəfindən bağlandığı üçün Laçın, Kəlbəcər, hətta ulu Göyçənin bir hissəsinin 130 minə yaxın əhalisi, ancaq bu yoldan keçib ölümdən, əsirlikdən xilas oldular…

 

***

 

Yuxarıda göstərdiyim kimi, gənclik illərində böyük ədibin haqqında belə sözlər eşitdikcə, ona daha çox doğmalaşırdım. Əlimdəki “Ədəbiyyat” kitabında Mirzə İbrahimovun şəklinə baxdıqca, onun sifətindəki ciddi kişi baxışları, hökmlü rəhbər görkəmi içərisində bir nuranilik, sadəlik, səmimiyyət cizgiləri olduğunu uşaq həssaslığı ilə sezirdim.

Özlüyümdə fikirləşirdim ki, ay Allah! Görəsən mənim ömür payımda belə dahilərlə görüşmək, onlarla bircə kəlmə də olsa danışmaq qismətim olacaqmı?

Görəsən mənim ömür payıma belə bir gün qismət olacaqmı?

Tale elə gətirdi ki, fikirləşdiyim hər şey oldu.

1970–ci ilin iyun ayı idi. Mərkəzi Komitənin plenumunda “Gənclərin ideya–siyasi tərbiyəsi”nə aid məsələ müzakirə olunurdu.

Rayon Komsomol Komitəsinin birinci katibi kimi mən də plenumda iştirak edirdim.

Mirzə İbrahimova söz verildi:

O, — “Yoldaşlar! Bayaqdan bəri hamınız gəncləri tənqid edirsiniz, onları bəzi qəbahətlərinə görə danlayırsınız. Bir qayıdın bu zalda oturan kommunistlərə və özünüzə baxın. Bu qəbahəti gənclərin kommunist ataları eliyir ki, onlar da bunu təkrarlayır. Evdə tənbəl ana uşağa şor su verir, uşağın da mədəsi pozulur, sonra da uşağın atasını danlayır ki, niyə dərman almırsan? Uşağı həkimə aparmırsan?

—Ay balam, axı dərman neyləsin? Uşağa şor su vermə, mədəsi də ağrımasın.

İndi siz də bu kommunist ataları tərbiyələndirin ki, uşaq da pozulmasın”. (Hamı əl çalıb güldü).

Amma o vaxtlar Mərkəzi Komitə qarşısında belə cəsarətli söz demək hər oğulun işi deyildi.

1980–ci illərdən sonra onunla tez–tez rastlaşar, görüşərdik: Sabir bağında, Axundov bağında, Nizami heykəlinin qabağında…

Deyirdim Mirzə əmi, nədənsə həmişə görüşümüz bağlarda baş tutur:

Deyirdi: —A bala, biz böyük dahilərin ətrafında gəzirik, bu daş heykəllər ruhən canlıdırlar, onların ruhu bizimlə dolanır. O saf, pak ruhlar, bu ətrafa yad və pis heç nə buraxmazlar… (gülüşərdik)… (O vaxtlar çəkdirdiyimiz yadigar şəkli xatirəmə əlavə edirəm).

Bir dəfə dedi ki, qəzetdə oxudum və televizora baxdım, mənim dostum Ellaz kişi ilə Xatın arvadın “Evlənmələrinin 100 illiyini – Brilyant toyu”nu qeyd eləmisiniz?

Dedi: — “Vallah ay oğul! Bu etibar, bu istək ancaq bizə, bizim kişilərə və qadınlara məxsusdur.

Dünyanın heç yerində belə ailə möhkəmliyi yoxdur. “100 il – bir əsr” bir yastığa baş qoyasan, o ətirdən, o təravətdən doymayasan…

Mən eşitmişəm Sizdə kəndlər var ki, o kəndin tarixində bir boşanma halı qeydə alınmayıb. Əhsən belə nikaha, əhsən belə millətə…”

Həmişə deyirdi ki, Vəliyəddin müəllim, “Kəlbəcərin loğman təbiəti, saf havası, zəngin təbii yataqları, hər şeydən əvvəl, çox mərd, əyilməz, səxavətli, qonaqpərvər adamları, dərrakəli ziyalıları var…

Kəlbəcərlilərin sinəsinin üstündə saz, köksünün altında vulkan kimi püskürən bir təb var. Sizin Ağdabanlı Qurban, dədə Şəmşir, Ənvər Rza, Məmməd Aslan, Bəhmən Vətənoğlu kimi şairləriniz və çox yaxşı alimləriniz var.

Ümumiyyətlə, onunla olan hər bir görüşdən sonra ayrılmaq istəmirdim.

Onun fenomen yaddaşı, ensiklopedik tarixi faktlara söykənən söhbətləri insanı cəlb edirdi.

Əsərlərini oxuduqca, hər bir sözünün şirinliyi, dilin sadəliyi, fikrin dolğunluğu oxucunu valeh edirdi.

Onun qələmindən çıxan hər bir cümlə oxucunu azad, firavan həyat uğrunda mübarizəyə çağırır, vətən sevgisi, torpaq həsrəti, ikiyə bölünən Araz dərdi səni düşünməyə vadar eliyir.

Bəlkə də böyük yazıçının o vaxtlar səpdiyi vətənpərvərlik toxumunun cücərtiləridir ki, bu gün bir çox yazarların, o cümlədən istedadlı şair Adil Cəmilin dilində belə səslənir:

 

Yaramı açmayın, aranı açın,

Yalqızdı qardaşım, tənhadır bacım.

Bu tayda göyərən yaşıl ağacın,

O tayda qaralan kölgəsiyəm mən.

 

Bəli, anadan olmasının 100 illiyini qeyd etdiyimiz böyük insan, əlindəki qələmi qılınc, əyləşdiyi rəhbər kürsüsünü səngər bilərək bizə belə bir ədəbiyyat xəzinəsi, kəşməkəşli mübarizə yolu, ideya silahı qoyub getmişdir.

Bu böyük insan, yüz il özündən öncəni görərək öz əsərlərinin birinin adını “Gələcək gün”, gələcəyi görməkdə xalqa dayaq olmaq üçün, birinin də adını “Böyük dayaq” qoymuşdur.

Bu iki söz: — “Gələcəyi görmək və bir–birinə dayaq olmaq”— bizim, yəni cənublu, şimallı, qərbli–şərqli çoxillik mübarizə tariximizin simvoluna çevrilməkdədir.

Həmin əsərlər Mirzə İbrahimovun əsl ziyalı, böyük yazıçı xalqına güclü dayaq olmasının, ümidli gələcək yolu göstərməsinin parlaq sübutudur.

 

Vəliyəddin İsmayılov.

 

Redaksiyanın arxivindən: Oxucumuzun Xalq yazıçısı Mirzə İbrahimovun anadan olmasının 100 illiyi münasibətilə 15.X.2011–ci ildə yazdığı xatirə.

 

 

Respublika.- 2013.- 19 mart.- S. 11.