Novruz əsl ümumxalq bayramıdır

 

Qüdrətli dövlətlər səviyyəsinə yüksəlmək yolunda inamla irəliləyən Azərbaycana fəsillərin ən gözəli Bahar gəlir. Bu fəslin gəlişini xalqımız el şənliyi ilə böyük sevinc, coşquyla qeyd edir. Qədim millitarixi ənənələrimizlə bağlı olan Novruzun gəlişi hər il hamımıza yeni ümidlər gətirir, xeyrin şərə qalib gələcəyinə qəm–qüssənin sevinclə əvəz olunacağına sarsılmaz inam yaradır. Əsrlər boyu bu bayram bizim üçün təbiətin və ana torpağın oyanması, baharın, yazın gəlişi ilə yanaşı həm də barış və saf niyyətlər bayramı olmuşdur. Mənəvi dəyərlərimizin ən böyük hamisi ulu öndərimizin ən çox sevdiyi bayramlardan biri olmuşdur. Bu bayramın hər bir azərbaycanlı üçün əziz olduğunu qeyd edən ümummilli liderimiz deyirdi ki, Novruz hər bir adi insanın həm də millət, xalq, dövlət bayramıdır. Onu başqa bayramlardan fərqləndirən cəhət də məhz bundan ibarətdir. Ona görə də hər bir ölkə vətəndaşı, hər bir azərbaycanlı bu müqəddəs torpaqda yaşayan insan öz qəlbində, öz evində, obasında, ailəsində bayram edir. Novruz hər bir azərbaycanlının anadan olandan qəlbində, ürəyində, ruhunda, fikrində yaşayan bayramdır. Bu bayram bütün insanları coşdurur, sevindirir, şənləndirir. İnsan nə qədər qəm–qüssə içində olsa da bu bayramda özünü xoş əhval–ruhiyyədə hiss edir. Bu bayram gur tonqalları, göz oxşayan, könül tərpədən noğul–nabatlı xonçaları, yamyaşıl səmənisi, mübarək niyyətləri, tumurcuq diləkləriylə tanınır, sevilir. Qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının keçmiş çağlardan daşıyıb gətirdiyi mənəvi dəyərlər sistemində Novruz bayramının da özünəməxsus xüsusi yeri vardır.

Bütün milli mənəvi dəyərlərimizin, adət–ənənələrimizin qorunub saxlanılmasında, yaşadılmasında ulu öndərimiz Heydər Əliyevin əvəzsiz xidmətlərini xalqımız həmişə yüksək dəyərləndirir, buna görə ona minnətdardır. Novruz bayramının dövlət səviyyəsində möhtəşəm el şənlikləri ilə keçirilməsi ənənəsinin də əsası ümummilli liderimiz tərəfindən qoyulubdur. Şənliklərə dövlət qayğısı sayəsində bayrama yeni çalarlar, rəngarəng proqramlar, atəş–fəşanlıqlar əlavə olunubdur. Tədbirlərdə bütün adət və ənənələrimizin tərənnüm olunmasına xüsusi diqqət yetirilibdir. Məhz bu baxımdan Novruz milli mənəvi dəyərlərimizin, adət–ənənələrimizin ən möhtəşəm nümayişinə çevrilibdir. Çiçəklənən Azərbaycanın döyünən ürəyi, paytaxtı Bakı şəhərinin tarixi Qoşa qala qapısı önündə təşkil olunan ənənəvi Novruz şənliklərində ölkə rəhbəri kimi şəxsən iştirak etməsi xalqla birlikdə şənlənməsi bayrama ikiqat sevinc qatırdı bu onun Novruza verdiyi yüksək dəyəri ifadə edirdi. Məhz onun iştirakı ilə keçirilən şənliklər xalqımızın yaddaşında əbədi həkk olunubdur. Bu hamımızı milli–mənəvi dəyərlərimizi qorumağa, yaşatmağa səfərbər edir. Ulu öndərimiz bir qayda olaraq bu bayram şənliklərində Novruz haqqında bayramın fəlsəfi dəyərləri barədə müfəssəl məlumatlar verirdi. Hamımız bu böyük şəxsiyyətin fenomen yaddaşına, dərin dünyagörüşünə, istedadına heyran qalırdıq.

Əbədiyaşar liderimizin bu şənliklərdə unudulmaz çıxışlarının birində söylədiklərini xatırlatmaq yerinə düşür. Novruz bayramı həm bu dünyada yaşayanların, həm də bu dünyanı tərk edən insanların ruhunun bayramıdır. Təsadüfi deyildir ki, bu bayram ərəfəsində və bayram günlərində hər bir insan öz əcdadını, dünyadan getmiş qohum əqrəbalarını yada salır, onların qəbri üstünə gedir, ruhlarına dualar oxutdurur. Yenə də deyirəm, bunlar hamısı Novruz bayramının nə qədər insani bayram olduğunu, hər bir azərbaycanlı üçün nə qədər əziz bayram olduğunu göstərir. Bununla yanaşı bu bizim milli bayramımızdır. Bu bayram əsrlərdən–əsrlərə bizim milli, dini adət və ənənələrimizi yaşadıb bu günlərə gətirib çıxaran bayramdır. Buna görə də Novruz bizim ümumi dövlət, ümummilli bayramımızdır, ümumxalq bayramımızdır. O da məlumdur ki, ümumxalq, ümumdövlət, ümumölkə amilləri hər bir insan ilə, hər bir vətəndaşla bir olanda bayram da daha yüksək səviyyəyə qalxır, insanlar da birbiri ilə daha sıx ünsiyyətdə olurlar. Bu bayram bizim adət–ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi bu günbizi birləşdirir, daha da həmrəy edir.

Danılmaz faktdır ki, iki əsrin və iki minilliyin qovuşuğunda xalqımız məhz Heydər Əliyev kimi nəhəng siyasi xadimin, əsl el atasının sayəsində milli–mənəvi dəyərləri layiqincə qoruyaraq üçüncü minilliyə inamla qədəm qoymuşdur. Heydər Əliyevin adı bu gün bölgədə və dünyada layiqli mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Müstəqil dövlətçiliyimizin Heydər Əliyev tərəfindən formalaşdırılan mənəvi ideoloji əsası dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində həlledici rol oynamışdır. Azərbaycan ziyalısını son əsrlərdə ciddi düşündürən milli dirçəliş problemləri bütöv şəkildə ulu öndərimizin fəaliyyəti sayəsində strateji dövlət siyasətinə, əməli siyasi müstəviyə keçmiş və nəticədə azərbaycançılıq məfkurəsi şüurlara hakim olmuşdur. Özünün zəngin siyasi fəaliyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı prosesinə qüvvətli təkan vermiş, onu daimi yüksəliş yoluna çıxarmışdır. Onun xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətləri, eyni zamanda xalqımızın müstəqillik arzusunun həyata keçirilməsində, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində və müasir Azərbaycan dövlətinin yaşadılmasında müstəsna rolu olmuşdur.

Bu ilin may ayında bütün uğurlarımızın istinad nöqtəsi, müasir Azərbaycanın qurucusu ümummilli liderimiz Heydər Əliyevin doxsan illik yubileyini xalqımız təntənə ilə qeyd edəcək. Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun böyük vüsət alması, suveren Azərbaycanın əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, Vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyinin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi ilə bağlı proseslərin müvəffəqiyyətli həlli şəxsən Heydər Əliyevin misilsiz xidmətləridir. Məhz belə bir ölkənin vətəndaşı olmaq hamımıza qürur verir. Ulu öndərimizin təbirincə desək, fəxr edirik ki, azərbaycanlıyıq. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin dediyi kimi, Heydər Əliyev həmişə ölkəmizin rahatlığını və firavanlığını, insanların xoşbəxt yaşamasını istəmişdir. Bizim hamımızın borcu onun yolunu davam etdirmək, Heydər Əliyevin qoyduğu yolla getməkdir. Hər kəs öz yerində çalışmalıdır ki, Azərbaycan xalqı rahat, firavan və xoşbəxt yaşasın. Xalqımız ulu öndərin ideallarına həmişə sadiqdironun ideyalarının, görmək istədiyi Azərbaycanı qurubyaratmaq istiqamətində əzmlə çalışır. Xalq–dövlət birliyi sarsılmazdır, bu birlik respublikamızı qüdrətli dövlətə çevrilmək yolunda ümumi fəaliyyətinin əsasını təşkil edir. Ulu öndərimizin siyasi kursu onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla, inamla qətiyyətlə davam etdirilir. Dövlətin iqtisadi qüdrəti ildən–ilə yüksəlir, xalqın sosial rifahı yaxşılaşır. Cənab Prezidentin düşünülmüş, düzgün siyasəti sayəsində respublikamızın dünya arenasında mövqeyi möhkəmlənir, tərəfdaşlarımız artır. Bu gün bütün dünya məhz Azərbaycanda aparılan sürətli sosialiqtisadi inkişafı maraqla izləyir, təqdir edir. Azərbaycanın bütün bölgələrinin, şəhər və qəsəbələrinin siması günbəgün dəyişir. Respublikamız ən mötəbər sammitlərə, müxtəlif nüfuzlu tədbirlərə ev sahibliyini layiqincə yerinə yetirir, iqtisadiyyatımız, qeyrineft sektoru, mədəniyyətimiz inkişafı edir, nailiyyətlərimiz ildən–ilə çoxalır. Bu işlərdə Heydər Əliyev Fondunun genişmiqyaslı xidmətlərini xüsusi vurğulamaq lazımdır.

Azadlığı, mənəvi dəyərləri, insani duyğuları, bolluğu bərəkəti ifadə edən Novruz şənlikləri eyni zamanda xalqımızın firavan həyatını əyani təcəssüm etdirir. İnanırıq ki, bu gün əldə olunan nailiyyətlərimiz bizi daha xoş sabahlara aparacaq. Hər zaman olduğu kimi bütün el şənliklərində bayramlarda xalqımızın qəlbində əbədiyaşarlıq qazanan ulu öndərimiz bizimlə birgə olacaqdır.

 

 

Yusif Ələkbərov,

“Prant” şirkətinin prezidenti

beynəlxalq mükafatlar laureatı.

 

Respublika.- 2013.- 19 mart.- S. 10.