Ümummilli lider Heydər Əliyevin
humanizm siyasəti uğurla davam etdirilir
Tarix boyu bəşər
övladının ədalətli və sivil dövlət
yaratmaqla bağlı təbii arzu və istəkləri müəyyən
təsəvvürlərə, illüziyalara yol
açmış, onun dünyagörüşünə ciddi
təsir göstərmişdir. Hər bir xalqın ibtidai
dünyagörüşü sistemində – mifoloji–fəlsəfi
baxışlarında, folklorunda onun arzusunda olduğu ideal lider
tipi ilə bağlı müxtəlif poetik nümunələrə
rast gəlmək mümkündür. İnsanlar bəzən
real həyatda görmək istədikləri ədalətli və
müdrik rəhbər obrazını şifahi xalq ədəbiyyatı
nümunələrində yaratmışlar. Maraqlı cəhət
bundadır ki, bu obrazlarda hər bir xalqın arzusunda olduğu
lider, rəhbər tipi bir–birinə son dərəcə bənzəyir.
Böyük
mütəfəkkir və filosof Mark Avreli yazırdı ki, hər
bir xalqın gerçək potensialı yalnız fenomenal
liderlik keyfiyyətlərini öz parlaq şəxsiyyətində
yaşadan şəxsiyyətlərin dövlətçilik fəaliyyətində
açıla bilər. Milli inkişaf yolunun banisinə
çevrilən, xalqları dünya miqyasında tanıdaraq
layiqli mövqelərə çıxaran belə xarizmatik
liderlər həm də sabit milli dövlətçilik ənənələri
formalaşdıraraq böyük müdrikliklə irəli
sürdükləri mütərəqqi ideyaların
davamlılığına nail olurlar. Bugünün
özündə də dünyanın bir çox nüfuzlu
dövlətləri məhz fenomen liderlərinin müəyyənləşdirdiyi
yolla irəliləyir, davamlı və sabit inkişafı bu
uğur magistralından kənarda təsəvvür etmirlər.
Ruslar üçün bu şəxsiyyət Rusiya dövlətinin
müasir dövlətçilik ənənələrini təmin
etmiş I Pyotr, amerikalılar üçün Corc
Vaşinqton, ingilislər üçün Uinston
Çörçill, fransızlar üçün Şarl de
Qoll, türklər üçün Mustafa Kamal
Atatürkdürsə, azərbaycanlılar üçün
Heydər Əliyevdir!
Şərq
mütəfəkkirlərindən Nizamülmülk “Siyasətnamə”
əsərində yalnız haqqa, ədalətə və
müdrikliyə tapınan fatehlərin xalqının dəstəyini
qazana bildiyini yazırdı. Məhz belə bir lider kimi tarixə
möhürünü vurmuş ulu öndər Heydər Əliyev
XX əsr Azərbaycan tarixində təkcə milli müstəqillik
ideyasını praktik olaraq gerçəkləşdirmiş
lider kimi yox, həm də yaratdığı dövlətin
möhkəmliyini, dayanıqlığını təmin edən,
onun hərtərəfli inkişafı üçün
iqtisadi, siyasi, hüquqi zəmin hazırlayan böyük
strateq, müdrik rəhbər kimi xalqın qəlbində
yaşayır.
Möhtərəm
Prezident İlham Əliyevin 21 yanvar 2013–cü il tarixli “Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik
yubileyi haqqında” sərəncamında
vurğulandığı kimi, “Dahi Heydər Əliyev şəxsiyyətinin
Azərbaycan dövlətçilik tarixində müstəsna
yeri vardır. Azərbaycançılıq məfkurəsinin
parlaq daşıyıcısı kimi Heydər Əliyev öz
müdrik siyasəti, dönməz əqidəsi və tarixi
uzaqgörənliyi sayəsində milli dövlətçilik
ideyasının gerçəkləşdirilməsinə,
müasir Azərbaycan dövlətinin qurulmasına və
xalqımızın müstəqillik arzusuna çatmasına
nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində
Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni
potensialından istifadə edərək Şərqlə Qərb
arasında etibarlı körpü rolunu oynamağa
başlamış və dünyanın ən dinamik inkişaf
edən ölkələrindən birinə
çevrilmişdir”.
Tarixdə
bir çox xalqların və dövlətlərin dünya səhnəsindən
yox olmaq həddinə çatmasına dair misallar gətirmək
olar. Bu mənada, əminliklə demək olar ki, Azərbaycanın
dövlət kimi mövcudluğunun qorunub saxlanılması,
xalqın bir çox böyük fəlakətlərdən
qurtulması 1993–cü ilin 15 iyun tarixindən – Milli Qurtuluş
Günündən başlayır. Çətin bir vaxtda
heç bir riskdən çəkinməyərək
Naxçıvandan Bakıya dönən ulu öndər Heydər
Əliyev məhz bu tarixdən xalqın təkidli istəyi ilə
Azərbaycan Ali Sovetinin sədri seçilmiş,
respublikamızı parçalanmaq və milli dövlətçiliyini
itirmək təhlükəsindən xilas etmişdir.
Böyük strateqin rəhbərliyi altında hakimiyyət
boşluğu qısa müddətdə aradan
qaldırılmış, respublikanın müxtəlif
bölgələrində dövlətçiliyə qəsdlər
təşkil edən cinayətkar ünsürlər xalqın
dəstəyi ilə zərərsizləşdirilmiş, vətəndaş
sülhü və həmrəyliyinin təminatı istiqamətində
ciddi addımlar atılmışdır. Bütün bunlar Azərbaycanda
ardıcıl və sistemli olaraq hüquqi dövlət
quruculuğu və vətəndaş cəmiyyətinin
formalaşdırılması prosesinə başlamaq imkanı
yaratmışdır.
1995–ci ildə
ulu öndərin rəhbərliyi altında hazırlanaraq
ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk
Konstitusiyada Azərbaycanın gələcək inkişaf
prioritetləri dəqiq müəyyənləşdirilmiş,
respublikamızın sivil, dünyəvi, hüquqi dövlət
kimi inkişafının möhkəm təməli
qoyulmuş, habelə hakimiyyət bölgüsü prinsipləri
göstərilmişdir. Əsas Qanunun qəbulu ilə Azərbaycanda
hüquqi islahatların daha sürətli, ardıcıl və
çevik mexanizmlər üzərində aparılması
mümkün olmuş, dövlət quruculuğu prosesində
tamamilə yeni mərhələnin əsası qoyulmuşdur. Əsas
Qanunda əksini tapmış müddəaların üçdə
birinin sırf insan hüquqlarının etibarlı təminatı
ilə bağlı olması da kifayət qədər diqqətçəkici
məqamdır. Bu fakt Azərbaycan dövlətinin demokratik ənənələrə,
insan hüquqları ideyasına hörmətinin bariz ifadəsinə
çevrilmişdir. Konstitusiyamızda insan hüquq və
azadlıqlarının maksimum səviyyədə qorunması
qanunvericilik, icra və məhkəmə hakimiyyəti
orqanlarının üzərinə vacib vəzifə kimi
qoyulmuşdur.
Konstitusiya
məhkəmə–hüquq islahatlarının da uğurla həyata
keçirilməsinə real imkanlar açmışdır. Bu
baxımdan 18 iyul 1998–ci il tarixli “Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin fəaliyyətinin təmin
edilməsi haqqında”, eləcə də 1 dekabr 1998–ci il
tarixli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan
Respublikası qanununun tətbiq edilməsi və məhkəmə
islahatlarının həyata keçirilməsinə dair tədbirlər
barədə” fərmanlarının əhəmiyyətini
xüsusi vurğulamaq lazımdır. Həmin dövrdən
ardıcıl surətdə həyata keçirilən məhkəmə
islahatlarının başlıca məqsədi Azərbaycanda
qanunun aliliyinin təmin edilməsi, məhkəmə hakimiyyətinin
dövlət idarəçilik mexanizmində nüfuzlu və
müstəqil təsisat kimi təşəkkül tapması,
ədalət mühakiməsinin həyata keçirilməsi
zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin
yüksək səviyyədə təşkili, cinayət və
mülki mühakimədə demokratik prinsiplərin
qorunması, peşəkar hakim korpusunun
formalaşdırılması, məhkəmələrin fəaliyyətində
şəffaflığın təmin edilməsi və digər
məsələlərin konseptual həlli olmuşdur.
Ulu
öndər Heydər Əliyev müdrik rəhbər olaraq cəzanın
humanistliyi və adekvatlığını, tərbiyəvi əhəmiyyətini
də daim önə çəkərək ölkədə əfvetmə
institutunun formalaşması istiqamətində real addımlar
atmışdır. Bu baxımdan 1995–ci ildən ölüm
hökmü cəzası üzərində moratoriumun
qoyulmasını, 1998–ci ilin 10 fevralında isə bu cəzanın
tam ləğv edilməsini xüsusi vurğulamaq
lazımdır. Məlumdur ki, ölüm hökmünün ləğvi
Avropa Şurasının üzv dövlətlər
qarşısında müəyyənləşdirdiyi əsas
tələblərdən biridir. Yaradılışın ali
varlığı, əşrəfi sayılan insanın hər
hansı səbəbdən edam edilməsi humanizm və insanpərvərlik
prinsipləri baxımından qətiyyən qəbul olunmur.
Ölüm hökmünün tətbiqi cinayət törətmiş
məhkumun tərbiyə və islah olunaraq sağlam cəmiyyətə
qovuşması baxımından yolverilməz sayılır.
Avropa
Şurasının 1983–cü ildə qəbul etdiyi İnsan
Hüquqlarına dair Konvensiyanın 6 saylı Protokolunda
ölüm hökmünün yolverilməzliyi birmənalı
əksini tapmışdır. Ölüm hökmünün ləğvi
tələbi təşkilatın insan hüquq və
azadlıqlarına, insanın yaşamaq hüququna necə
yüksək dəyər verdiyinin əyani təzahürüdür.
1996–cı ilin mayında parlament Azərbaycan Prezidentinin
qanunvericilik təşəbbüsünü dəstəkləyərək
yaşı 65–dən yuxarı olanların ölüm cəzasından
azad olunması ilə bağlı qərar qəbul etmiş,
eyni zamanda ölüm cəzasının tətbiqini nəzərdə
tutan cinayətlərin sayı qanunvericilikdə 33–dən 12–yə
endirilmişdir.
Ölüm
hökmü tam ləğv olunmazdan əvvəl cəmiyyətdə
geniş ictimai müzakirəyə
çıxarılmış, Avropa Şurası ilə
geniş məsləhətləşmələr
aparılmışdır. Ulu öndər 1998–ci il fevralın
3–də Milli Məclisə ölüm hökmünün ləğvi
ilə bağlı müraciətində cinayət–hüquq
siyasətini hərtərəfli təhlil edərək ədalət,
azadlıq, humanizm və insanpərvərlik kimi yüksək
idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının
ləğv edilməsi qənaətinə gəldiyini
bildirmiş, bu tarixi bəyanatın zəruriliyini əsaslandırmışdır.
Milli Məclis ölkə rəhbərinin ölüm
hökmünün ləğvi ilə bağlı humanist təklifini
dəstəkləmiş, 10 fevral 1998–ci ildə belə bir
tarixi qərar qəbul etmişdir.
Ümumbəşəri
dəyərlərə, hər bir fərdin mənafeyinin əsas
götürüldüyü hüquqi dövlət
quruculuğu prinsiplərinə həssas münasibətin əyani
təcəssümü olaraq Azərbaycanda məhkumların əfv
edilməsi – bağışlanması da təqdirəlayiq ənənəyə
çevrilmişdir. Ümummilli lider Heydər Əliyevi
böyük şəxsiyyət və lider kimi xarakterizə edən
mühüm keyfiyyətlərdən biri də məhz bu idi
ki, o, günahkarı cəzalandırmağı da, şans verərək
bağışlamağı, islah etməyi də
bacarırdı. Əfvetmə institutunun bərpası və
Azərbaycan Respublikası Prezidenti yanında Əfv
Komissiyasının yaradılması bu istiqamətdə
atılmış mühüm addım kimi
vurğulanmalıdır. Şəffaf və demokratik əsasda
fəaliyyət göstərən komissiyada ictimaiyyətin
müxtəlif təbəqələrinin təmsilçiliyinə
lazımi şərait yaradılmış, əfv fərmanlarının
imzalanması və məhkumların bağışlanması
müsbət ənənəyə çevrilmişdir. Törətdiyi
cinayət əməlindən səmimi
peşmançılıq keçirən, azad cəmiyyətə
və normal həyata qovuşmaq istəyən məhkumların
əfvlə bağlı müraciətlərinə həssaslıqla
yanaşılır, onlar zaman keçdikdə, cəzalarının
çəkilməmiş hissəsindən tam və ya qismən
azad edilirlər.
1995–2003–cü
illərdə ümummilli lider Heydər Əliyev tərəfindən
32 əfv fərmanı imzalanmış, bu fərmanlar 3104 məhkuma
şamil edilmişdir. Bir qayda olaraq əlamətdar günlərlə
bağlı imzalanmış əfv fərmanları məhkumlarda
və onların yaxınlarında böyük sevinc hissi
doğurmuş, ciddi tərbiyəvi məzmun kəsb
etmişdir.
Ulu
öndər Heydər Əliyev eyni zamanda Azərbaycanda
amnistiya aktlarının qəbulunu da mütərəqqi ənənəyə
çevirmişdir. Hüquqi mənada amnistiya dedikdə, ali
dövlət hakimiyyəti orqanının törədilən
cinayətə görə cəza müəyyən edən
cinayət qanununu ləğv etməyən və dəyişdirməyən,
məhkəmənin konkret cinayət işi üzrə
çıxarılmış hökmünü etibarsız
saymayan, onun qanuniliyini və əsaslılığını
şübşə altına qoymayan, cəzadan tamamilə və
ya qismən azad edən, məhkəmə tərəfindən
təyin olunmuş cəzanı daha yüngül cəza
növü ilə əvəz edən, yaxud
başlanmış cinayət tətbiqinə xitam verən, əgər
belə təqib hələ başlanmamışdırsa, onun
başlanmasını istisna edən normativ–hüquqi akt
başa düşülür. Amnistiya qanunverici tərəfindən
humanizm və mərhəmət hissinin mücəssəməsi
olub, sadəcə, cinayət törətmiş şəxslərin
və məhkumların vəziyyətini yüngülləşdirir.
Azadlıq
ölçüsü və sərbəst fəaliyyət
meyarına çevrilən amnistiya aktları özündə
ciddi təbliğati–siyasi məzmun ehtiva etməklə,
dövlətlərin beynəlxalq nüfuzunun
formalaşmasına da mühüm təsir göstərir. Məlumat
üçün bildirək ki, Azərbaycan Respublikası
Prezidentinin qanunvericilik təşəbbüsü əsasında
Milli Məclis 1996–2003–ci illərdə 8 amnistiya haqqında
qanun imzalamış, 20 mindən çox məhkum
azadlığa buraxılmışdır.
Ulu
öndərin möhkəm təməllər üzərində
əsasını qoyduğu siyasətin varisliyini bütün
sahələrdə uğurla davam etdirən Azərbaycan
Prezidenti İlham Əliyev son 10 ildə əfvetmə
institutunun çevik və işlək mexanizmlər əsasında
fəaliyyətini təmin etmişdir. Cənab İlham Əliyevin
ötən müddətdə ölkədə siyasi
barışığın, vətəndaş həmrəyliyi
və sülhünün təmin olunması, əksqütblü
qüvvələr arasında etimad mühitinin
formalaşdırılması istiqamətində
atdığı addımlar onun ədalətli rəhbər
obrazını şərtləndirən amillər
sırasında xüsusi vurğulana bilər. Bu məqam cənab
İlham Əliyevin idarəçilik fəlsəfəsində
humanizm və insanpərvərlik ideyalarının parlaq xətt
təşkil etdiyini bir daha təsdiqləyir. Azərbaycan
Prezidenti bu addımlarının mahiyyətini ölkə
ictimaiyyətinə çox düzgün, dürüst şəkildə
izah edir. “Mənim üçün hər bir vətəndaş
əzizdir. Mən keçmişlə bugünün
arasında görünməyən bir xətti görürəm.
Keçmişdə çox səhvlər olub, Azərbaycan vətəndaş
müharibəsi həddində olub. Mən cinayət törətmiş
şəxsləri də azad etmişəm. Ona görə yox
ki, hesab edirəm onlar siyasi məhbusdur. Mən Azərbaycanda
qarşıdurma əhval–ruhiyyəsinin aradan
götürülməsini istəyirəm. Bizim
qarşımızda yeni vəzifələr durur, ölkəmizi
inkişaf etdirməliyik, insanlarımızı səfərbər
etməliyik. Biz milli barışığa nail olmuşuq və
gərək bunu gücləndirək. Keçmiş ədavət
və ziddiyyətlər tarixdə qalsın. Bu, mənim niyyətimdir”.
Hər
bir vətəndaşın Prezidenti olduğunu sübuta
yetirmiş cənab İlham Əliyev bu və digər səbəblərdən
cinayət əməlinə yol vermiş insanların da taleyinə
biganə deyildir: məhkum olunmuş bir sıra şəxslərin,
onların ailə üzvlərinin, qeyri–hökumət təşkilatlarının,
İnsan hüquqları üzrə müvəkkilin müraciətlərinə
əsaslanan, məhkumların səhhətini, ailə vəziyyətini,
bu müddətdə davranışlarını nəzərə
alan, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətini
önə çəkən Prezident İlham Əliyev mütəmadi
əfv fərmanı imzalayır. Azərbaycan Prezidenti
İlham Əliyev bu addımları ilə törətdiyi əməldən
səmimi peşmançılıq hissi keçirən
günahkar şəxslərin islah olunaraq düz yola
qayıtmasına, onların cəzaçəkmə müəssisəsindən
çıxdıqdan sonra layiqli vətəndaş kimi azad cəmiyyətə
qovuşmasına, bir daha cinayət əməli törətməməsinə
çalışır. Ölkə başçısı 10
il müddətində əfvlə bağlı 22 fərman
imzalamış, 4000–dək məhkumu cəzasının
çəkilməmiş hissəsindən tam və yaxud qismən
azad etmişdir.
Amnistiya qərarlarının
qəbulu ilə bağlı ölkədə
formalaşmış müsbət ənənənin son illər
ulu öndərin ideyalarının təbliği məqsədi
ilə yaradılmış Heydər Əliyev Fondu tərəfindən
geniş miqyasda davam etdirilməsi Azərbaycanda humanist dəyərlərin
ictimai şüurda möhkəmləndiyinə xidmət edir.
Fondun Prezidenti, UNESCO və İSESKO–nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ictimaiyyətin
müxtəlif təbəqələri ilə əlaqələrini
genişləndirməklə, Azərbaycanın hərtərəfli
inkişafına və vətəndaş cəmiyyəti quruculuğu
prosesinin sürətləndirilməsinə töhfəsini
verməyə çalışır. Bəzən müəyyən
dövlət qurumlarında biganəliklə üzləşən,
problemlərini həll edə bilməyən insanlar sonda Heydər
Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban
xanım Əliyevaya rəsmi müraciət etməklə nicat
tapırlar. Özünün də qeyd etdiyi kimi, Fondda hər
bir vətəndaşın müraciətinə böyük
diqqət və həssaslıqla yanaşılır,
onların problemlərinin həllinə mümkün qədər
yardım göstərilir. Azərbaycanın birinci
xanımı üzərinə götürdüyü xoşməramlı
və məsuliyyətli missiya ilə həm də insan
hüquqlarının etibarlı hamisi, müdafiəçisi
statusunda çıxış edir.
Cəmiyyətdə
insanpərvərlik və humanizm ideyalarının möhkəmlənməsinə
çalışan Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
hələ ulu öndər Heydər Əliyevin anadan
olmasının 84–cü ildönümü münasibətilə
2007–ci ilin may ayında parlamentə təqdim etdiyi amnistiya layihəsi
də ümummilli liderin humanist siyasətinə sədaqətin
əyani nümayişi olmuşdur. Azərbaycan parlamentarizmi
tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən
irəli sürülmüş və geniş ictimai dəstək
almış bu amnistiya aktı böyük mənəvi–əxlaqi
və siyasi məzmun kəsb etmişdir. Amnistiya Aktının
qəbulu ilə bağlı Milli Məclisə müraciət
edən Heydər Əliyev Fondunun prezidenti demişdir: “Bu təşəbbüsü
irəli sürərkən mən hesab edirdim ki, səhv
etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik
ki, onlar azad həyata qayıtsınlar, ailələrinə,
yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini
tapa bilsinlər. Ağır cinayət törətməyən
insanları bağışlayaraq biz həm onları normal həyata
qaytarırıq, həm də müstəqil Azərbaycanın
humanizm prinsipləri əsasında inkişaf etdiyini
nümayiş etdiririk. Mən əminəm ki, cəmiyyətdə
bütün ağır, çətin problemləri
xeyirxahlıqla, insansevərliklə, mərhəmətlə həll
etməyə çalışmaq lazımdır. Bu, vətəndaş
cəmiyyətinin formalaşmasında ən əsas şərtlərdən
biridir”.
Ümummilli
liderin humanist siyasətinə daim yüksək sədaqət
nümayiş etdirən Fondun prezidenti Mehriban xanım Əliyeva
2009–cu ildə firavanlıq, əmin–amanlıq və mərhəmət
rəmzi olan Novruz Bayramı münasibətilə növbəti
amnistiya təşəbbüsü irəli sürərək
bununla bağlı qərar layihəsini Milli Məclisə təqdim
etmişdir. Milli Məclis və ölkə
başçısı tərəfindən də dəstəklənən
həmin amnistiya aktı layihəsinə əsasən,
böyük ictimai təhlükə törətməyən və
az ağır bir sıra cinayətlərə görə məhkum
edilmiş qadınlar, cinayət törədərkən 18
yaşına çatmayanlar, birinci və ya ikinci qrup əlillər,
60 yaşına çatmış kişilər, öhdəsində
yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci
qrup əlil övladı olanlar və bəzi digər
kateqoriyalardan olan şəxslər azadlıqdan məhrum etmə
cəzasından azad edilmişlər. Amnistiya aktı nəticəsində
təqribən 9 min şəxsin amnistiya aktının təsiri
altına düşmüş, 1.700 məhkum azadlıqdan məhrumetmə
yerlərindən azad edilmişlər.
Ölkədə
humanizmə və insanpərvərliyə söykənən
siyasəti təmin edən əsas amillərdən biri də,
şübhəsiz, məhkəmələrin müstəqilliyinin
təmin edilməsi və dövlət adından
çıxarılan məhkəmə qərarlarının
qanunlara əsaslanmasıdır. Azərbaycan qanunvericiliyinə
əsasən, məhkəmələr dövlət adından
qətnamə qəbul edərkən cəzanı
yüngülləşdirən halları maksimum dərəcədə
nəzərə alırlar. Həbsdən
çıxmış məhkumların reabilitasiyası istiqamətində
atılan addımlar isə onların dövlətə olan
inamını, etimadını, eyni zamanda qanun
qarşısındakı məsuliyyətini artırır.
Təqdirəlayiq
haldır ki, son 10 ildə ölkədə hüquqi, demokratik,
dünyəvi dövlət quruculuğu istiqamətində
inamlı tədbirlər həyata keçirən Azərbaycan
Prezidenti İlham Əliyev də bu məsələlərə
həssaslıqla yanaşır. İnanırıq ki, məhkəmə
orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi,
cəzanın humanistləşdirilməsi istiqamətində həyata
keçirilən sistemli tədbirlər ölkədə ədalət
mühakiməsinin yüksək keyfiyyətini və səmərəliliyini
təmin edəcək, vətəndaşların hüquq və
azadlıqlarının etibarlı qorunmasına, humanizm
ideyalarının cəmiyyətdə tam bərqərar
olmasına yaxşı imkanlar açacaqdır.
Səadət Bəktaşi,
Sumqayıt Apelyasiya
Məhkəməsinin sədri.
Respublika.- 2013.- 19 mart.- S. 9.