TRANSMİLLİ MÜTƏŞƏKKİL CİNAYƏTKARLIĞA QARŞI MÜBARİZƏ PRİORİTET VƏZİFƏDİR

 

“Ölkəmizin normal, hərtərəfli inkişafı üçün, Azərbaycan xalqının rifah, sülh şəraitində yaşaması üçün sabitlik, ictimai–siyasi asayiş qorunmalıdır, təhlükəsizliyimiz təmin olunmalıdır. Bu işdə Milli Təhlükəsizlik Nazirliyinin xüsusi funksiyası var, xüsusi rolu var və Milli Təhlükəsizlik Nazirliyi bu vəzifənin öhdəsindən şərəflə gəlir. Mən bunu xüsusilə qeyd etmək istəyirəm”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti,

Silahlı Qüvvələrin Ali Baş Komandanı.

 

Bəşəriyyətin inkişafı hazırda özünün qloballaşma mərhələsinə qədəm qoyub və bu mərhələni səciyyələndirən ən mühüm cəhətlərdən biri ictimai həyatın bütün sahələrində baş verən inteqrasiya prosesləridir. Azərbaycan bu proseslərdən kənar qalmayaraq dünyanın bir çox dövlətləri, eləcə də əksər beynəlxalq təşkilatlarla etibarlı tərəfdaşlıq əlaqələri yaradıb. Ölkəmizdə dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, şəffaf idarəçilik mexanizmlərinin yaradılması istiqamətində atılan addımlar da öz bəhrəsini verməkdədir. Lakin Azərbaycanın mühüm və həssas strateji coğrafi məkanda yerləşməsi, mövcud regional hərbi–siyasi vəziyyət və həmçinin ölkəmizin təşəbbüskarı olduğu və həyata keçirdiyi əhəmiyyətli beynəlxalq layihələr ciddi və kompleks təhlükəsizlik tədbirlərinin görülməsini zəruri edir.

Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin etibarlı qorunması naminə həyata keçirilən düşünülmüş, məharətli və uzaqgörən siyasətin həyata keçirilməsində milli təhlükəsizlik orqanlarının şəxsi heyəti Prezident İlham Əliyevin ətrafında sıx birləşərək daim ön sıradadır. Ölkə başçısının aşağıdakı sözləri Milli Təhlükəsizlik Nazirliyinin hər bir əməkdaşının fəaliyyət prinsipinə çevrilmişdir: “Milli təhlükəsizlik orqanlarının Azərbaycanda çox böyük funksiyaları vardır. Ölkəmizin keçid dövrünü yaşadığını, Azərbaycanın gənc, müstəqil ölkə, dövlət olduğunu və hər bir gənc dövlət kimi Azərbaycanın da çoxlu problemləri olduğunu, ölkəmizin coğrafi–siyasi vəziyyətini, təbii ehtiyatlarını və ərazimizdən keçən neft–qaz kəmərlərini, nəhəng enerji layihələrinin Azərbaycanda həyata keçirilməsini nəzərə alsaq, görərik ki, müxtəlif dairələrin diqqəti Azərbaycana yönəlmişdir. Biz buna hazır olmalıyıq. Yeni zəmanənin çağırışlarına hazır olmalıyıq”.

Bu gün Milli Təhlükəsizlik Nazirliyinin prioritet vəzifələrindən biri transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədir. Transmilli kriminal şəbəkələr sərhədlərin şəffaflığından, eləcə də ölkələrarası iqtisadi əlaqələrdən yararlanmağa cəhd göstərirlər. İndi bu təhdidlə mücadilə üçün hərtərəfli, çevik və qətiyyətli yanaşma tələb olunur. Məhz göstərilən faktorları nəzərə alaraq Milli Təhlükəsizlik Nazirliyi transmilli cinayətkarlığın ən təhlükəli təzahürlərinə qarşı barışmaz mübarizə aparır.

Qloballaşma proseslərinin sürətlənməsi, dünya iqtisadiyyatının transmilliləşməsi, habelə beynəlxalq səviyyədə maliyyə böhranlarının vüsət alması, valyuta sistemlərində baş verən sıçrayışlar, müxtəlif regionlarda siyasi sabitliyin və iqtisadi tarazlığın pozulması dövlətlərin milli maraq və təhlükəsizliyi məsələlərinə diqqətlə yanaşılmasını vacib şərt kimi gündəmə gətirir. Avrasiya regionunda yerləşən ölkələrin enerji təhlükəsizliyinin təminatında, beynəlxalq neft və qaz kəmərləri layihələrinin, geostrateji əhəmiyyətli tranzit–kommunikasiya dəhlizlərinin gerçəkləşməsində mühüm rol oynayan, sosial–maddi inkişafın “Azərbaycan modeli” üzrə yolunu seçmiş Azərbaycan Respublikası üçün milli təhlükəsizliyin hərtərəfli təminatı məsələsi xüsusilə aktualdır.

Milli təhlükəsizlik naziri general–leytenant Eldar Mahmudov transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin milli təhlükəsizlik orqanlarının əsas fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edərək demişdir: “Fəaliyyətimizin daha bir mühüm istiqaməti transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədir. Bu məsələyə biz həm milli təhlükəsizlik, həm də qlobal beynəlxalq təhlükəsizlik sisteminin komponenti kimi baxırıq. Narkotiklərin qaçaqmalçılığı, qeyri–leqal miqrasiya, insan alveri, çirkli pulların yuyulması, qeyri–bank pul ödəniş sistemləri, kibercinayətlər və sairə bu kimi transmilli mütəşəkkil cinayətkarlıq təzahürləri ilə mübarizə nazirliyin əsas fəaliyyət yönümlərindən birini təşkil edir”.

Milli maraqların və mənafelərin təmin olunması, siyasi sabitliyin qorunması, strateji partnyor münasibətlərinin qurulması və davam etdirilməsi milli təhlükəsizliyin komponentləri olaraq bir sıra şərtlərlə bərabər, Azərbaycanın güclü iqtisadiyyata malik olmasını mütləq tələb kimi ortaya qoyur. Dünyada iqtisadi böhranla bağlı baş verən son hadisələr bunu bir daha sübut edir.

Respublikamızın iqtisadi uğurları artıq beynəlxalq aləmdə hamıya bəllidir. Əldə olunan nailiyyətlərin qorunub saxlanması, ölkənin iqtisadi imkanlarının, potensialının durmadan inkişaf etdirilməsi və möhkəmləndirilməsi sosial–iqtisadi tədbirlərlə paralel zəruri kompleks təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini şərtləndirir. Bu tədbirlərin mahiyyəti mövcud və ya mümkün risklərin və təhdidlərin vaxtında qiymətləndirilməsindən, qabaqlanmasından, onların səbəblərinin və qaynaqlarının, hədəflərinin müəyyənləşdirilməsindən ibarətdir. Sadalananlar isə, demək olar ki, birbaşa ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunması ilə bağlıdır və eyni zamanda Milli Təhlükəsizlik Nazirliyinin başlıca vəzifələrindəndir.

Qeyd olunmalıdır ki, son dövrlərdə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən mütəşəkkil cinayətkar dəstələrin, ayrı–ayrı şəxslərin, o cümlədən xarici vətəndaşların külli miqdarda gəlir, müxtəlif maddi sərvətlər əldə etməyə qanunsuz, kriminal cəhdləri aşkar edilmiş və qarşısı alınmışdır.

Birbaşa Azərbaycanın iqtisadi əsaslarının sarsıdılmasına yönəlmiş bu cəhdlərin özləri çoxşaxəlidir. Bura əsasən maliyyə fırldaqçılığı, qaçaqmalçılıq, dələduzluq, qanunsuz beynəlxalq rabitə kanallarının yaradılması, kibercinayətkarlıq və digər transmilli mütəşəkkil cinayətkar qəsdləri aid etmək olar. Bu növ cinayətlərin başlıca hədəfləri qanunsuz gəlirlər əldə etmək olsa da, son nəticədə qeyd olunan hüquqazidd əməllər ölkənin vətəndaşlarının, təsərrüfat subyektlərinin və ümumən dövlətin iqtisadi mənafelərinə ciddi təhdidlər yaradır.

Bunu sadə bir misalda göstərmək mümkündür. 2012–ci ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən iqtisadi sahədə qaçaqmalçılığa qarşı keçirilmiş bir neçə tədbir nəticəsində başlanmış cinayət işləri üzrə 16 nəfər, o cümlədən 4 nəfər xarici ölkə vətəndaşı məsuliyyətə cəlb olunmuş, 260 min manat dəyərindən artıq olan gömrük nəzarətindən gizli gətirilən mallar aşkar edilərək qanunsuz dövriyyədən çıxarılmışdır.

Azərbaycan Respublikasının iqtisadiyyatının güclənməsi, beynəlxalq ticarət münasibətlərin genişlənməsi, tranzit daşımalarının həcminin artması, inteqrasiya proseslərinin dərinləşməsi, aparılan islahatlar nəticəsində xarici vətəndaşların ölkə ərazisinə gəliş–gedişinin sadələşdirilməsi bütövlükdə müsbət dinamikanı əks etdirir. Bununla belə, təcrübə göstərir ki, transmilli mütəşəkkil cinayətkar dəstələr də, öz növbəsində, bu amillərdən maksimum faydalanmağa çalışırlar. Ölkəmizin müsbət sosial–iqtisadi inkişaf tendensiyalarını, beynəlxalq səhnədə fəallığını, inteqrasiya proseslərində intensiv fəaliyyətini nəzərə alaraq transmilli cinayətkar şəbəkə tərəfindən qeyd olunan kriminal əməllərin respublikamızın milli mənafelərinin əleyhinə yönəlməsinin qarşısının alınması məqsədilə Milli Təhlükəsizlik Nazirliyi bu istiqamətdə ciddi kompleks təhlükəsizlik tədbirlərini davam etdirir.

Bu gün qloballaşma iqtisadi münasibətlərin bütün sahələrini əhatə edərək onların kəmiyyət və keyfiyyət göstəricilərini dəyişmişdir. Hər gün milyardlarla elektron pul köçürmələri, qlobal maliyyə bazarlarında irihəcmli alış–veriş əməliyyatları baş verir, internet banklar yaradılır, birjalar fəaliyyət göstərir. Bu fenomen artıq qloballaşmanın sərhədlərini aşaraq hər bir dövlətin maliyyə–iqtisadiyyat sisteminə nə dərəcədə təsir imkanlarına malik olduğunu göstərir. Burada müsbət məqamlarla, o cümlədən işgüzar əməliyyatlar zamanı məsrəflərin, vaxt itkisinin azalması, məlumatların əldə olunmasının asanlaşması və s. ilə yanaşı, cinayətkarlığın mahiyyətcə yeni fürsətlərin əldə edilməsi, cinayət təqibindən yayınma imkanlarının artması, transmilli mütəşəkkil dəstələrin müxtəlif dövlət və qitələrdə öz ortaqları ilə əlaqələrin qurulmasının asanlaşdırılması kimi məqamlar da xüsusi diqqət tələb edir. Beynəlxalq kriminal aləmin böyük maliyyə dayaqlarına, təşkilatlanmış strukturlara, ayrı–ayrı dövlətlərin sosial–iqtisadi sistemlərinə təsir etmək imkanları, ölkədaxili münaqişələr törətməsi rıçaqlarına malik olması nəzərə alınır və transmilli mütəşəkkil dəstələrin belə cəhdlərinin, cinayət fəaliyyətinin qarşısının alınması istiqamətində xüsusi xidmət orqanları tərəfindən adekvat və qabaqlayıcı tədbirlər həyata keçirilir.

Azərbaycanda əhalinin gəlirlərinin yüksəlməsi fonunda biznes mühitinin fəallaşması və əhatə dairəsinin genişlənməsi, işgüzar sövdələşmələrin intensivləşməsi, maliyyə institutlarının xidmət və fəaliyyətlərinin artması da respublikanın inkişaf dinamikasının bariz göstəricisidir. Bu müsbət tendensiyalar, öz növbəsində, maliyyə–iqtisad sektorunda əməliyyat şəraitinə nəzarətin mürəkkəbləşməsində öz əksini tapmışdır. Belə ki, ayrı ayrı şəxslərin və mütəşəkkil cinayətkar dəstələrin qanunsuz üsul və vasitələrdən istifadə edərək bu müsbət məqamlardan öz kriminal mənafeləri üçün istifadə hallarını və gəlir əldə etmə niyyətlərini artırmışdır.

Son illər ərzində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Azərbaycan Respublikasının və xarici ölkələrin vətəndaşlarından ibarət maliyyə fırıldaqçılığı və dələduzluqla məşğul olan mütəşəkkil cinayətkar dəstələr və ayrı–ayrı şəxslər barədə əldə olunmuş məlumatlar əsasında müvafiq əməliyyat–axtarış tədbirləri keçirilmiş və həmin dəstələrin cinayət fəaliyyətlərinin qarşısı vaxtında alınmışdır. Qeyd olunan cinayətlərlə əlaqədar 22 cinayət işi başlanılmış, 40 nəfər ifşa edilərək məsuliyyətə cəlb olunmuşdur.

Cinayət işlərinin təhlili saxta ödəniş sənədlərinin nağdlaşdırılması cəhdlərinin, kredit ehtiyatlarının dələduzluq yolu ilə mənimsənilməsi, müasir informasiya–kommunikasiya texnologiyalarının imkanlarından sui–istifadə ilə plastik kartların kodlarının əldə edilərək, eləcə də kredit kartlarının qanunsuz olaraq hazırlanması və xarici bankların müştəriləri olan kart sahiblərinin hesablarından külli miqdarda pul vəsaitinin oğurlanması faktlarının artdığını göstərir.

Belə ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində, kompyuter informasiyasına qanunsuz daxil olaraq müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanmasında təqsirli bilinən mütəşəkkil dəstənin üzvləri ifşa edilmişlər. Dəstə üzvləri İnternetdən istifadə etməklə qanunla qorunan kompyuter informasiyasına qanunsuz daxil olub onların surətlərini əldə edərək son bir neçə il ərzində həmin informasiyalar vasitəsilə ayrı–ayrı fiziki və hüquqi şəxslərə məxsus elektron bank hesablarından böyük məbləğdə pul çıxarmış və onların mənafeyinə külli miqdarda ziyan vurmaqla həmin pul vəsaitini gizli olaraq talamışlar. Dəstə üzvləri arasında aparılmış vəzifə bölgüsünə əsasən, bir qismi xarici ölkə vətəndaşlarına məxsus plastik kartlara aid məlumatların İnternetlə qanunsuz əldə edilməsini, digərləri isə həmin məlumatlar əsasında özgənin gizli talanmış əmlakını, yəni pul vəsaitlərini Bakı şəhərində fəaliyyət göstərən ayrı–ayrı mağaza və şirkətlərin hesabına köçürüb müxtəlif çeşidli məişət avadanlıqlarının, mobil telefon aparatlarının və digər qiymətli əşyaların alınaraq satışının təşkilini həyata keçirmişlər. Ümumilikdə 100 min manatdan artıq ziyan vurmuş mütəşəkkil dəstənin üzvləri növbəti hüquqazidd əməlin törədilməsinə cəhd edərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən xüsusi əməliyyat planı əsasında cinayət başında yaxalanmışlar.

Maliyyə fırıldaqçılığı və dələduzluq halları saxta sənədlərin hazırlanması, təqdim edilməsi, əsas cinayət fəaliyyətini gizlətmək məqsədilə müxtəlif pərdə altında sahibkarlıqla məşğul olması ilə müşayiət olunur. Həmçinin hər bir dəstə üzvünün “vəzifə bölgüsü” müəyyənləşdirilir. Dəstə üzvlərinin bir hissəsi heç nədən şübhələnməyən müştərilərin cəlb edilməsini, digərləri isə cinayətkarlarla kredit təşkilatı arasında vasitəçilik edərək həmin maliyyə təşkilatlarının işgüzar mənafelərinə ciddi ziyan vururdular. Məsələn, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində ayrı–ayrı vətəndaşların etibarından sui–istifadə etmə və aldatma yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ keçirmək məqsədilə dələduzluqla məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarından ibarət mütəşəkkil dəstə ifşa olunmuşdur. Müəyyən edilmişdir ki, mütəşəkkil dəstənin üzvləri Azərbaycanda güzəştli kreditlərin alınması, həmçinin ayrı–ayrı vəzifələrə təyin olunmaları adı ilə müxtəlif fiziki şəxslərə yalan vədlər verərək, etibardan sui–istifadə etmə və aldatma yolu ilə onların külli miqdarda əmlaklarını ələ keçirmiş, həmin şəxslərə külli miqdarda ziyan vurmuşlar. Belə ki, onlar kəndli və fermer təsərrüfatının inkişafı məqsədilə uzunmüddətli güzəştli kreditlər vermək adı ilə “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İqtisadi İnkişaf Birliyi”, daha sonra isə “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Kreditləşmə Mərkəzi Fondu” adlı saxta təşkilatlar yaratmışlar. Əvvəlcədən hazırladıqları saxta sənədlərdə özlərini vəzifəli şəxs kimi qələmə verərək müxtəlif fiziki şəxslərə təqdim olunmuş, hətta bu sahədə müəyyən təbliğat işləri də aparmışlar. Bu yolla dəstə üzvləri müxtəlif şəxslərə yalan vədlər verərək onların etibarlarından sui–istifadə etmə və aldatma yolu ilə külli miqdarda əmlaklarını ələ keçirməklə öz aralarında bölmüşlər. Mütəşəkkil dəstənin üzvləri qısa müddət ərzində vətəndaşların etibarından sui–istifadə etmə və aldatma yolu ilə onlara ümumilikdə 215 min manat məbləğində ziyan vurmuşlar.

Bununla yanaşı, müasir bankların və digər maliyyə subyektlərinin elektron hesablaşma sistemləri kriminal fəaliyyətdən əldə olunan gəlirlərin leqallaşdırılmasının, terrorçuluğun maliyyələşdirilməsi ehtimal oluna bilən şübhəli pul köçürmələrinin qarşısının alınması məqsədilə Milli Təhlükəsizlik Nazirliyi müvafiq dövlət orqanları ilə əlaqəli fasiləsiz əməliyyat tədbirləri həyata keçirir. Baş vermiş cinayət faktlarının təhlili göstərir ki, mütəşəkkil cinayətkarlığın vaxtında qarşısı alınmadığı təqdirdə bu təhlükə, bir tərəfdən cəmiyyətdə sosial gərginliyin yaranmasına, dövlət institutlarına olan etibarın zəifləməsinə, digər tərəfdən isə düşmən qüvvələrin və maraqlı dairələrin bundan öz maraqları üçün istifadə etməsinə zəmin yarada bilər.

Müasir zəmanədə dövlətlərin milli təhlükəsizliyinə böyük risklər və təhdidlər yaradan, informasiya–kommunikasiya texnologiyaları sahəsində ən gəlirli kriminal fəaliyyət olan kibercinayətkarlıqdır. Respublikamız üçün də bu problem aktualdır. Statistik rəqəmlər qanunsuz müdaxilələr, kredit kartları ilə dələduzluq, pulköçürmə əməliyyatlarının saxtakarlığı, qanunsuz beynəlxalq rabitənin təşkili kimi cinayətlərin daha çox baş verdiyini əks etdirir. Vurğulanmalıdır ki, bu cinayətlər əsasən transmilli xüsusiyyətlərə malikdir. Misal üçün, son illər ərzində uğurla başa çatmış əməliyyat–istintaq tədbirləri nəticəsində yaxalanmış şəxslər müxtəlif dövlətlərin, o cümlədən Bolqarıstan, Latviya, İspaniya, Rusiya, Türkiyə, Nigeriya, İsrail, Pakistanın vətəndaşları olmuşdur. Bu cinayətlər nəticəsində vurulan ziyanın məbləği yarım milyon ABŞ dollarından çox olmuşdur.

Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi daha bir uğurlu əməliyyat buna əyani misaldır. Əməliyyat nəticəsində qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq olmadan qanunsuz sahibkarlıq fəaliyyəti göstərərək, yəni “Azerfon” MMC və “Bakcell Ltd” MMC–nin mobil operator şəbəkələrində birtərəfli telefon danışıqları təşkil edən avadanlığa xüsusi texniki vasitələrlə qoşularaq icazəsiz beynəlxalq rabitə xidməti yaradıb külli miqdarda pul qazanmaq məqsədilə cinayət əlaqəsinə girmiş şəxslər ifşa edilmişlər. Müəyyən edilmişdir ki, qısa müddət ərzində qanunsuz təşkil edilmiş beynəlxalq telefon danışıqları nəticəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə külli miqdarda ziyan vurulmuşdur. Bununla yanaşı, həmin icazəsiz rabitə şəbəkələrindən terror və müxtəlif transmilli mütəşəkkil cinayətkar məqsədlər üçün mümkün istifadənin də qarşısının alındığı xüsusi qeyd olunmalıdır.

Göründüyü kimi, transmilli mütəşəkkil cinayətkarlıqdan irəli gələn təhdidlərin vaxtında neytrallaşdırılması, milli təhlükəsizliyin və onun mühüm tərkib hissəsi olan iqtisadi təhlükəsizliyin qorunması ilə əlaqədar əməliyyat təminatının həyata keçirilməsi istiqamətində Milli Təhlükəsizlik Nazirliyinin də üzərinə mühüm vəzifələr düşür və onlar layiqincə yerinə yetirilir.

Müstəqilliyin və dövlətçiliyin, milli təhlükəsizliyin və maraqların keşiyində ayıq–sayıq dayanan MTN–in şəxsi heyəti doğma milli təhlükəsizlik orqanlarının yaradılmasının 94–cü ildönümünü qeyd etməyə hazırlaşır. Ümummilli lider Heydər Əliyevin 23 mart 1997–ci il tarixli sərəncamı ilə martın 28–i milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü elan olunmuş, bu unudulmaz hadisə Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinə verilən yüksək qiymətin təcəssümü kimi tarixilik qazanmışdır. Belə bir sərəncamın imzalanması varislik əlaqələrinin bərpası olmaqla yanaşı, milli təhlükəsizlik orqanlarının keçmişinə və tarixi təkamül mərhələlərinə yüksək diqqət və ehtiramın bariz nümunəsidir.

Tam əminliklə söyləmək olar ki, ulu öndər Heydər Əliyevin şanlı dövlətçilik məktəbinin davamçıları olan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları bundan sonra da Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın milli maraqlarının və mənafelərinin transmilli mütəşəkkil cinayətkarlığın doğurduğu təhlükələrdən və təhdidlərdən qorunması işinə öz layiqli töhfələrini verəcəklər.

 

 

Mehti Mehtiyev,

Milli Təhlükəsizlik Nazirliyinin

əməkdaşı.

 

Respublika.- 2013.- 19 mart.- S. 5.