Novruz birlik və həmrəylik bayramıdır

 

Novruzun gəlişi ilə təbiət qış yuxusundan oyanır, öz libasını dəyişir, hər tərəf yaşıllığa, gül–çiçəyə qərq olur. Novruz insanları sarsılmaz birliyə, dostluq və həmrəyliyə, bolluq və firavanlıq uğrunda birgə mübarizəyə səfərbər edən bayramdır. Bu bayramın əsas qayəsindən biri də cəmiyyətdə ictimai ziddiyyətləri aradan qaldırıb, ayrı–seçkiliyə son qoyub insanları həmrəyliyə səfərbər etməkdir.

 

Novruz haqqında geniş və çoxsaylı faktlarla zəngin mənbədən biri də Azərbaycan mifləridir. Eləcə də ölkəmizdə olan səyyahlar öz qeydlərində Novruzla bağlı maraqlı fikirlər söyləyiblər. Nizami, Firdovsi, Rudəki, İbn Sina, Sədi, Hafiz kimi qüdrətli sənət korifeyləri və görkəmli maarifçilər isə Novruzun İslamdan çox–çox əvvəl qeyd olunduğunu öz əsərlərində tam açıqlığı ilə göstərmişlər. Ömər Xəyyam “Novruznamə” adlı əsərində astronomik tədqiqlərə əsasən göstərib ki, Novruzun yaranması Günəş təqvimi ilə bağlıdır. Novruz həqiqətən də ilin dəyişməsi deməkdir.

Sovet hakimiyyəti illərində milli dəyərlərimizə qarşı bir çox qadağalar qoyuldu. İnsanları dinindən, imanından, adət–ənənəsindən qoparmaq üçün qoyulan qadağa və təzyiqlərin də bir zərbəsi Novruza dəydi. Sovet dönəmində imperiya mərkəzinin ideoloji təzyiqi ilə bu bayrama dini don geydirməyə çalışsalar da, ancaq xalqın qəlbindən çıxara bilmədilər. 1960–cı illərin sonlarında Bakıda respublika rəhbərliyinin rəsmi icazəsi ilə təntənəli şəraitdə çox gözəl şəkildə Novruz bayramı təşkil edildi. Lakin Moskvada nəşr olunan Mərkəzi mətbuatda, konkret olaraq “Nauka i Religiya” jurnalında Bakıda keçirilən Novruz bayramına dini mərasim donu geydirdilər. 1969–cu ildə Heydər Əliyev Azərbaycanda respublika rəhbərliyinə gəldikdə Novruz öz kosası və keçəli ilə “Bahar” bayramı kimi qeyd olunmağa başladı. Moskva ideoloqları artıq yazın adına dini don geyindirə bilmədilər. Novruz yaşadı, rəsmi tədbirlərdə, radio və televiziya verilişlərində onun adını dəyişdirib gah “Yaz bayramı”, gah da “Bahar bayramı” kimi ad qoysalar da xalq Novruzu Novruz kimi məhəbbətlə qarşılayıb, ehtiramla keçirirdi.

Ulu öndər Heydər Əliyev 1993–cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra qədim əcdadlarımızdan bizə ərməğan qalmış Novruz milli dövlət bayramı kimi təntənə ilə qeyd olunmağa başladı. Dahi şəxsiyyət ümumxalq şənliklərində iştirak edərək deyirdi: “Siz ağır zəhmət bahasına qazandığımız müstəqilliyimizi və milli dövlətçiliyimizi qorumağa, ölkədə yaranmış siyasi, sosial və iqtisadi böhrandan çıxış yolları axtarıb tapmağa qadirsiniz. Novruz bayramına gəldikdə, o, xalqın milli birlik, sarsılmaz dostluq və qardaşlıq bayramıdır. Novruz uzaq minilliklərin o tayından çağdaş dövrümüzə qədər ağır təzyiqlərə sinə gərə–gərə, keçilməz maneələri yara–yara müstəqillik qazanıb. Bizim də qələbə yolumuz xalqın birliyindən keçir”.

Novruz bayramı xalqımızın bəşəri dəyərlərə mənəviyyatı kamilləşdirə biləcək qədər qiymətli töhfələrindən biridir. Ulu öndərimizin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO–nun xoşməramlı səfıri, millət vəkili Mehriban xanım Əliyevanın gərgin və səmərəli fəaliyyətlərinin nəticəsində 2009–cu ildə Novruz bayramı YUNESKO–nun Qeyri–Maddi, Mədəni, İrs Siyahısına daxil edildi. 2010–cu ilin fevralında BMT Baş Məclisinin 64–cü sessiyasında martın 21–i Beynəlxalq Novruz Günü elan edildi. Bütün bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edən, sülh və barış təlqin edən Novruz belə bir keyfiyyətə malik bayramdır. İndi bizim bu milli və qədim bayramımızın beynəlxalq aləmdə qeyd edilməsi Azərbaycan dövlətinin bütün xalqlarla həmrəylik, dostluq və anlaşma şəraitində yaşamaq istəyinin bariz sübutudur. Təsadüfi deyil ki, bu gün Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, dünyada tolerantlığın və multikulturalizmin nümunəsidir.

Novruz nəsildən–nəslə, əsrdən–əsrə keçərək milli və beynəlxalq bayram kimi həmişə yaşayacaqdır. Rəhbərlik etdiyim kollektiv adından xalqımızı səmimi qəlbdən təbrik edirəm. Arzu edirəm ki, bu bayram ölkəmizə və dünyaya sülh, əmin–amanlıq, süfrələrə ruzi, bərəkət gətirsin. Hər bir kəsə uğur, səadət, xoşbəxtlik arzulayıram. Və arzu edirəm ki, gələn Novruzu vətənimizin dilbər guşəsi hesab olunan doğma Qarabağımızda, Şuşada, Xankəndidə keçirək… Novruz bayramınız, Bahar bayramınız mübarək olsun!

 

 

Əliyar ƏSGƏROV,

“Bank olmayan kredit təşkilatı İDK”

MMC–nin baş direktoru.

 

Respublika.- 2013.- 20 mart.- S. 7.