Bahar
Bayramınız Mübarək!
“Ailə dəyərləri,
bizim milli–mənəvi dəyərlərimiz, ənənələrimiz,
bizim mədəniyyətimiz, tariximiz — bütün bunlar Azərbaycan
xalqını qorumuşdur. Uzun illər, əsrlər boyu biz
başqa ölkələrin tərkibində
yaşamışıq. Ancaq milli xüsusiyyətlərimizi
itirməmişik. Assimilyasiyaya düçar
olmamışıq, öz dilimizi, adət–ənənələrimizi,
milli bayramlarımızı qoruyub saxlamışıq”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti.
Gəl ömrümə bahar kimi
Dağların diksinən, bulaqların buz dodağının
kilidinin açılan vaxtıdır. Quluncu tərləmiş
torpaqdan püskürüb qalxan göy otlar, düymə–düymə
çiçəklər baharın arzusudur elə bil. Yeri–göyü süsləyən ürkək–ürkək
bənövşələr, yuxulu nərgizlər yazın gəlişini
lap erkən xəbər verər, sevənlərin
görüşünə tələsərlər. Yurdumuza bahar gəlir.
Səmənili, xonçalı bahar. İlin
axır çərşənbəsi açar qapıları
taybatay. Küsülülər
barışar, ərgən qızlar qulaq falına
çıxar, uşaqlar qapılara papaq atar, yer–göy səmənilərlə
yaşıllığa qərq olar. Qızlar
qol götürüb rəqs edərlər.
Səməni,
al məni,
Yazda yada sal məni.
Səməni,
saxla məni,
İldə göyərdərəm səni.
Səməni,
sazana gəlmişəm,
Uzana–uzana gəlmişəm.
Üzü nurlu ağsaqqallarımızın
qırışığı açılar,
gümüşbirçək nənələrimiz körpələrin
cibinə noğul, qovurğa, saçaqlı şirnilər
tökər.
Balacalar da böyüklərin əllərini
öpüb, gözlərinin üstünə qoyar. Dünyadan köçmüş doğmalar, əzizlər
yad edilər, onların ruhuna dualar oxunar. Evlərin
bəzəyi şamlar olar.
Hər yer al–qırmızıya, al–yaşıla boyanar. Saz köynəkdən
çıxar, aşıqlar çalıb–oxuyar:
Bahar oldu,
çiçək açdı,
Güllər qırmızı geyindi.
Çırtıq
dəydi, üz qanadı,
Xallar qırmızı geyindi.
İgidlər cıdıra çıxarlar. Yarışı
qalib kimi başa vuran nəmər, dəfnə
yarpağından hörülmüş çələng
alar, atının boynuna qırmızı yaylıq
bağlanar.
Təbiətin oyanışı, suların
çağlayışı elə bil insanları da mehrə–məhəbbətə
çağırar. Elçi gedənlərin, muraz alıb,
muraz verənlərin, su dolu qaba üzük salıb niyyət
tutanların qəlbi alça ağacı kimi ağappaq
çiçək açar.
Kənd şəhərin, şəhər kəndin
yuxusuna girər. Qız qalası bir vaxt ayaqlarına
sığal çəkən dənizin duzlu ləpələri
üçün darıxar, qoynunda yanan Novruz məşəllərilə
dənizi, dənizdə doğan günəşi salamlar.
İçərişəhərin əyri–üyrü,
dolanbac yollarında düyün düşən küləklər
pəncərələrdən, şəbəkəli
balkonlardan boylanan ay–ulduzlu bayraqlarımızı yelləyərlər.
Qala
divarlarının qoşa qapıları qolları
nı
geniş açıb hamını nağıl qoynuna dəvət
edər. İri tonqallar çatılar. İçərişəhər Novruz şənliklərilə
aşıb–daşar. Xalq oyunlarının qəhrəmanları
Kosayla Keçəl meydan sulayar:
Ay Kosa,
Kosa, gəlsənə,
Gəlib salam versənə.
Çömçəni
doldursana,
Kosanı yola salsana.
Yeddi rəngə boyanmış yumurtalar Fatma nənənin
hanasına bənzəyər. Xalçaçılar,
dulusçular, misgərlər, qalayçılar, kulinarlar
öz məharətlərini nümayiş etdirərlər.
Kəndirbazlar kəndir üstündə min oyun
çıxararlar. Bunlar yurdumuza qədəm qoyan novruzun,
baharın rəngləridi, çeşniləridi.
Azərbaycan 2013–cü ilin baharını
qarşılayır. Gözümüz, könlümüz
işıqla, nurla dolub–daşsa da, ürəyimizin dərinliyində
acı bir nisgilimiz, Qarabağ həsrətimiz var. Deyirlər
ilin axır çərşənbəsi arzular, tutulan niyyətlər
çin olur. Təki elə olsun. Qoy hamının niyyətləri, arzuları, diləkləri
həqiqətə çevrilsin. Vətən
torpaqları gülə–gülzarlığa dönsün.
Xalqımızı Novruz Bayramı münasibətilə təbrik
edir, hər bir kəsə xoşbəxtlik, səadət
arzulayır, diləklərimi haçansa yazdığım
“İlin axır çərşənbəsi” şeirimlə
bitirmək istəyirəm:
Gözlərində
sevgi görüm
İlin axır çərşənbəsi.
Saçlarına
nərgiz hörüm
İlin axır çərşənbəsi.
Gözlərin
baxsın gözümə,
Gül ətrin
dəysin üzümə,
Qoynumda
isin közümə
İlin
axır çərşənbəsi
.
Ay
könlümün bir dənəsi,
Ömrümün
ilk bənövşəsi,
Qəlbimin
sevgi nəğməsi –
İlin axır çərşənbəsi.
Əri
qoynumda qar kimi,
Pıçılda
bu sular kimi,
Gəl
ömrümə bahar kimi,
İlin axır çərşənbəsi.
Əllərin
göyərçin olsun,
Yuvası
qoy ovcum olsun,
Nə
arzun var, qoy çin olsun
İlin axır çərşənbəsi.
Zülfüqar
ŞAHSEVƏNLİ,
“Respublika”.
Tarixi keçmişin ən qədim dövrlərindən
üzübəri illər, qərinələr, yüzilliklər
ötsə də, yaz fəslində bahar bayramı həmişə
təntənə ilə keçirilmişdir. Lakin ictimai–siyasi
təlatümlər kütləvi el şənliyini zaman–zaman
müəyyən təsirə məruz qoymuşdur.
Bahar bayramının mövcudluğuna atəşpərəstlikdən
qalma adət–ənənə, mədəniyyət mirası
kimi baxmışlar. Şərqdə islamiyyətin geniş yayılması
dövründə din xadimləri bahar bayramına “dini don”
geyindirmiş, dini təbliğat xatirinə onu Adəm peyğəmbərin
yaranması, Həzrət Əlinin (ə) evlənməsi və
ya xilafətə çıxması ilə, Həzrət Muhəmmədin
(səlləllahu əleyhi və alihi vəsəlləm)
peyğəmbərlik xalatını geyməsi ilə, Yunus
peyğəmbərin balığın qarnından
çıxması ilə, hətta Nuh peyğəmbərin gəmisinin
torpağa oturması ilə, Xarəzm hökmdarı Sultan Məlik
şahın icadı ilə, dünyada ilk hökmdar sayılan
Kəyumərslə, İran şahı Cəmşidin taxta
çıxması ilə əlaqələndirmişlər.
Halbuki qədim adət–ənənəyə, həyat tərzinə,
mədəni irsə dərin bələdlik gerçəkliklə
heç bir əlaqəsi olmayan bu uydurmaları rədd edir.
Görkəmli
ədəbiyyatşünas alim Elməddin Əlibəyzadə
ən qədim dövrlərə həsr etdiyi “Azərbaycan ədəbiyyatı
tarixi” (2009) monumental əsərində haqlı olaraq Yeni il şənliyinin keçirilməsi müddətinin
bəşəriyyətin yaşı qədər olması qənaətinə
gəlir. O yazır: “Şumer–türk ağlı və zəkasının
kəşfi yeni ilin ilk gününün —yazın, baharın
təntənə ilə qarşılanması, bayram edilməsi
türk xalqlarının Ata ruhunun yaşantısıdır”
(səh. 200).
Əcdadlarımızın ədəbi fikir salnaməsi
“Bilqamıs dastanı”nda da yazın ilk günü bahar
bayramı ilə sıx əlaqəli adət–ənənə,
bolluq, bərəkət rəmzi kimi yad edilir. Yeni il
şənliyinin naz–nemətli, zəngin keçirilməsi təsvir
olunur.
Astronom Rəhim
Zeynalov öz elmi məqaləsində belə bir nəticəyə
gəlir ki, ulu babalarımızın ənənəvi el
şənliyi —bahar bayramı hər il
martın 21–də Günəş göy ekvatorunu kəsərək
göy sferasının cənub yarımkürəsindən
şimal yarımkürəsinə keçir. “Bu
gün astronomik yazın başlanğıc günüdür,
əsl Bahar bayramıdır. Bunu bəşəriyyətə
Uca Yaradan bəxş etmişdir. Bu,
kainatın bayramıdır!” (Bax:”Füyuzat”, 2009, N2, səh.
37).
Təsadüfi deyil ki, yazın gəlişi dünya
xalqlarının da ictimai–mənəvi həyatında qeyri–adi
hadisə kimi qarşılanmışdır. Hər bir xalq
təbiətin oyanışını ənənəvi tərzdə
bayram etmişdir.
Təbiətin oyanışı, xalqın iqtisadi–ictimai
və mənəvi həyatı ilə ayrılmaz olan yaz
bayramı həmişə ənənəvi qaydada
keçirilmiş, mövhumatçıların
qadağalarına və qoyduğu çərçivələrə
sığmamışdır. Lakin müəyyən
maneələrə, təzyiqlərə məruz
qalmışdır, hətta yaz bayramı —Novruz (“Yeni gün”)
adlandırılmış, Ərəb xilafəti
dövründən ötən müddət ərzində
Şərq ölkələrində, həmçinin Azərbaycanda
bu ad vətəndaşlıq hüququ qazanmışdır.
Mahiyyətcə Novruz Bayramı qeyri–adi, misli
görünməmiş, bəşəri keyfiyyətlə
süslənmiş müqəddəs el bayramıdır. O, zamanın
qasırğalarına, çən–dumanlı ictimai mühitinə
baxmayaraq, həmişə təmtəraqlı, kütləvi
şad əhvali–ruhiyyə şəraitində
keçirilmişdir.
Sovet
hakimiyyətinin 70 illik hökmranlığı dövründə
rus şovinist hakim dairələri özlərinin əlaltıları
olan yerli manqurt rəhbərliyin əli ilə Azərbaycan
xalqını mənən sarsıtmaq, ruslaşdırmaq,
qondarma sovet mədəniyyəti çərçivəsinə
salmaq siyasəti yürüdür və Novruz Bayramını
sıxışdırıb aradan çıxarmağa
çalışırdılar.
Akademik
Şəfaət Mehdiyev “Ərk qalası” kitabında
müşahidələri əsasında yazdığı təəssüratında
sovet hakimiyyəti illərində Novruz Bayramı və aqibəti
barədə dolğun məlumat verir:
“Yadımdadır, Novruz yaxınlaşanda evlərdə,
həyətlərdə, küçələrdə təmizlik
işləri aparılır, hər şey səliqə–sahmana
salınırdı. İmkan daxilində hər kəs
pal–paltarını təzələr, yaxın adamları
üçün bəxşeyişlər hazırlardı.
Bayram ərəfəsində yazın rəmzi
sayılan səmənisiz azərbaycanlı evi təsəvvür
etmək belə mümkün deyildi. Bağlarda,
küçələrdə ağaclar əkilərdi. Bayram münasibətilə bazarlar bollaşar, hətta
indikilərdən fərqli olaraq qiymətlər
ucuzlaşardı. Dükanlarda qovrulmuş əla İran
püstəsi, badam, qoz ləpəsi, fındıq, iydə,
innab, meyvə–tərəvəz, şirniyyat, sədri
düyü, yağ, ət, toyuq, balıq və
bayram süfrəsi üçün lazım olan başqa hər
şey tapmaq olurdu. Həmişə olduğu
kimi, xüsusən bayram ərəfəsində və bayram
günlərində restoranlarda quzu ətindən kabab, yarpaq
dolması, fisincan, dovğa və başqa ləzzətli
xörəklər müştəri gözləyirdi. Müxtəlif qaraları olan əla plovların zəfəran
ətri uzaqdan duyulurdu.
Bayram günləri hamı bayramsayağı geyinər,
dəstə–dəstə qonşuların və qohum–əqrəbaların
evlərinə gedər, onları bayram münasibətilə təbrik
edərdilər. Ən kasıb adamın evində belə bayram
xonçası açılar, bayram şamı
yanardı. Xonçada ləbləbi,
kişmiş, qoz, fındıq, badam, püstə və
müxtəlif Şərq şirniyyatı olardı.
Bayram günlərində küsülü adamlar bir–biri ilə
barışar, hətta ədavət edənlər belə
bir–birinə əl uzadardılar…
Təəssüf ki, tez bir zamanda Novruz Bayramına
qarşı mübarizə başlandı, tədricən bu
mübarizə kəskinləşdi və nəhayət, bu əziz
bayramın keçirilməsi qadağan edildi. Bəs nə
üçün Novruz Bayramının keçirilməsini
qadağan etdilər? Bunun əsas səbəbi
bu əziz bayramın mövhumatla əlaqələndirilməsi
olmuşdur. Bəzi dövlət və partiya xadimləri,
əslində isə xalqımızın düşmənləri,
nomenklatura vəzifəsini itirmək qorxusundan canfəşanlıq
edərək xalqın yeganə şənlik bayramı olan
Novruz Bayramını, guya, mövhumatla əlaqədar
olduğu üçün başqa adət və ənənələrimizlə
birlikdə qadağan etdilər. Etiraz edənlər
tapıldı, ancaq onlar təqiblərə məruz
qaldılar. Şıxəli Qurbanov kimilərinin
isə taleləri faciəli oldu. Ancaq
heç bir qadağaya baxmayaraq, əsl azərbaycanlılar
gizli şəraitdə də olsa, həmişə bu
bayramı qeyd etmişlər. Təntənə və təmtəraqsız
olsa da, hər kəsin evində bayram əhvali–ruhiyyəsi,
bayram şənliyi hökm sürmüş, bayram şamı yanmışdır” (səh.396).
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
ideologiya üzrə katibi Şıxəli Qurbanovun şəxsi
təşəbbüsü ilə ölkəmizdə ilk dəfə
Novruz Bayramı qadağa libasından, “əsarətdən”
çıxaraq kütləvi el şənliyi kimi
keçirilmişdir. Bu, böyük cəsarət idi.
Novruz Bayramının ümumxalq bayramı kimi geniş təşkil
olunması və keçirilməsi Bakı Partiya Komitəsinin
katibi Vəli Məmmədova həvalə olunmuşdu.
Vəli Məmmədov vətənpərvər, millətsevər
dövlət xadimi idi. Nəriman Nərimanovun adının
çəkilməsinə qadağa qoyulduğu bir dövrdə
onun həyatı, ədəbi–ictimai fəaliyyətinin ilk tədqiqatçısı
olmuşdu.
Şıxəli
Qurbanov Bakıda Novruz Bayramının təşkil edilib keçirilməsini
ona həvalə etmişdi: “Vəli, Novruz Bayramının
keçirilməsi planını tərtib edəndə
folklorşünas professor Məmmədhüseyn Təhmasiblə
məsləhətləş” demişdi.
O
özü dünyaşöhrətli şərqşünas
alim İ.S.Braginskiyə Novruz Bayramı haqqında məqalə
yazmağı sifariş etmişdi. Həmin məqalə
bayram ərəfəsində “Ədəbiyyat və incəsənət”
qəzetində (20 may 1967) dərc olunmuşdu.
Professor
İ.S.Braginski yazırdı: “Bahar bayramı əsrlər
keçdikcə öz mənəvi mərasimlərini
saxlamaqla bərabər, bəzi yeni xüsusiyyətlər də
kəsb etmişdir. Hökmdarlar və ruhanilər xalqın bu
Yeni il bayramını özlərinə
“tabe etməyə”, ona yeni don— din və istibdad donu geyindirməyə
çalışmışlar. Xalq isə
bayramın mahiyyətinə uyğun gələn xüsusiyyətləri
qoruyub saxlamış, bütün yabançı cəhətləri
rədd etmişdir. Xalq kütlələrinin
əziz tutduqları Bahar bayramı… öz ruhuna, mahiyyətinə
tamamilə uyğun olan yeni demokratik xüsusiyyətlər və
keyfiyyətlərlə zənginləşə bilər və
şübhəsiz, zənginləşəcəkdir. Buna görə də Bahar bayramının
yaxşı düşünülmüş şəkildə
keçirilməsi, ona gözəl bədii tərtibat verilməsi
bu bayramı daha da rövnəqləndirər, onun xəlqilik
mahiyyətini daha da artırar”.
Dünyaşöhrətli şərqşünas alimin rəyi
həyəcanlı günlərdə böyük mənəvi
dayaq idi.
Çünki evlərdə gizli keçirilən Novruz
Bayramı sovet hakimiyyəti dövründə ilk dəfə,
necə deyərlər, ictimai arenaya çıxırdı.
Vəli Məmmədovun ömür–gün yoldaşı
Xalidə Əlizadə “Xalqın Vəlisi, millətin səsi”
(2007) kitabında Novruz Bayramı —ümumxalq şənliyinin
keçirilməsi ssenarisinin əlyazmasının tam mətnini
dərc etmişdir.
Vəli Məmmədovun əlyazmasından
göründüyü kimi, Novruz Bayramının geniş
miqyasda keçirilməsi nəzərdə tutulmuş, ona
ictimai məzmun verilmişdir. 1967–ci il
martın 8–də el adət–ənənəsinə uyğun
bayram şənliyinə iki–üç həftə
qalmış hazırlıq tədbirlərinə
başlanması, görüləcək işlərin məzmunu
və şərtləri əlyazmasında şərh
olunmuşdur.
Vəli Məmmədov
“Bahar bayramı (Novruz)” adlandırdığı ssenarisində
1967–ci il martın 21–də Bakıda
keçirilən əzəmətli el şənliyinin dəqiq
iş planını təsvir etmişdir.
Səhər
saat 11:30–da Qız qalasında başlayan kütləvi bayram
şənliyi Dənizkənarında, şəhərin park və
meydanlarında, binaların həyətlərində gecə
yarısınadək gur tonqallar və fişənglər ətrafında
keçirildi.
Ertəsi
gün, martın 22–si saat 6:45–də Dənizkənarı parkda
böyük izdiham —məktəbli və tələbə gənclər
ilk bahar şəfəqini qarşılamaq üçün
toplanmışdılar. Günəşin şəfəqləri
saat 7:04 dəqiqədə dənizdən boylanar–boylanmaz gənclərin
sədaları altında raket və termatik atəşfəşanlığın
“təbrik salamları” ərşə qalxdı. Sonra musiqi və mahnı melodiyası altında rəqslər
və idman yarışları başlandı. Mən bütün bu hadisələrin şahidi
olmuşam. Məni heyrətləndirən təkcə
ailələrdə, ev şəraitində keçirilən,
kütləvi məclislərinə qadağa qoyulmuş Novruz
Bayramının “əsarət və sıxıntılı”
şəraitdən çıxıb misli görünməmiş
geniş ümumxalq bayramı kimi keçirilməsi deyildi,
kiçikdən–böyüyə qədər bütün əhalinin
misli görünməmiş birliyinin, həmrəyliyinin
nümayişi, milli oyanışı idi. Burada
xalqın gücü, qüdrəti nümayiş olunurdu.
Mən deyərdim ki, Novruz Bayramını təşkil
edənlərin özləri də belə böyük izdiham
gözləmirdi. Həyəcanlı anlar
yaşanırdı. Bu vəziyyət sovet
hakim dairələrini, manqurt xislətli yerli məmurları bərk
narahat etmişdi.
Novruz Bayramının xalq gəzintisi adı altında
kütləvi keçirilməsi böyük hünər, cəsarət
idi. Onun ideya rəhbəri Şıxəli Qurbanov və
təşkil edib həyata keçirən Vəli Məmmədov
sovet hakimiyyəti dövründə ilk dəfə Novruz
Bayramının kütləvi el şənliyi kimi
keçirilməsinə görə şovinist hakim dairələrin
qəzəbinə gələcəklərindən ehtiyat edib vəziyyətdən
çıxmaq üçün tədbirlər də
görmüşdülər.
Bu da 20 mart 1967–ci ildə ilk yubiley qabağı iməciliyin
təşkili idi. Bakılıların ümumşəhər
iməciliyi geniş miqyasda keçirilirdi —həyət,
küçə, magistral yollar təmizlənir, bağlarda
çiçək kolları və tinglər salınır,
şəhər ətrafında yaşıl zolaq
yaradılır, ağac əkənlərin, sahələrdə
işləyənlərin siyahısı şüşə
qablarda sahələrdə basdırılırdı.
Radio və televiziyada, “Bakı” və “Baku” axşam qəzetlərində
bütün küçə boyu bayraqlar, plakatlar və ting
yüklənmiş maşınlarla orkestr sədaları
altında iməciliyə gedənlər, onların
gördükləri işlər
işıqlandırılırdı.
Vəli Məmmədov Novruz Bayramı keçirildiyi
günlərdə çox narahat idi. Bütün günü aram tapmırdı, gecə saat 4–dək işləyirdi.
O deyirdi: “Təşkilati işə bacarıqlı adamlar cəlb
etmişik, hamı can–dildən işləyir. Gərək
bayramı elə keçirək ki, xalqın ürəyincə
olsun”.
Şıxəli
Qurbanov yarızarafat, yarıciddi: “Vəli, səs–küy
düşsə, ciddi töhmət versəm, narahat olma” —deyə
xəbərdarlıq edəndə Vəli Məmmədov
gülümsəyib ona cavabında demişdi: “Bayramı təmtəraqlı,
mütəşəkkil keçirək, işdən
çıxsam da, dərdim olmaz”.
Bayram tədbirləri uğurla başa çatdı. Moskvada mərkəzi
jurnalların birində Vəli Məmmədovun Novruz
Bayramı haqqında məqaləsi də
çıxmışdı. Kütləvi
el şənliyi “vətəndaşlıq vəsiqəsi”
almışdı. Şıxəli Qurbanov və Vəli
Məmmədov şərəfli iş gördüklərini dərk
edirdilər. Onlar Azərbaycanın comərd,
qeyrətli və təəssübkeş övladları idilər.
Ümumxalq məhəbbəti onların ən
böyük mükafatları idi. Məkrli,
qara qüvvələrin sui–qəsd cəhdləri onları
qorxutmurdu (nə vaxtsa şəhid olacaqlarını bilirdilər).
1967–ci il martın 21–də Novruz Bayramının misli
görünməmiş mütəşəkkilliklə
kütləvi keçirilməsi vətənpərvər
insanların qəlbini riqqətə gətirmişdi,
onların beynində elə bil ki, milli müstəqilliyə
inam oyatmışdı. Mahiyyətcə bu bayram
Azərbaycan xalqının əsarətə,
haqsızlığa, zülmə qarşı etirazını,
azadlıq və müstəqillik uğrunda mübarizə əzmini
nümayiş etdirirdi.
XX yüzilliyin 60 – 80–ci illərində Azərbaycan ədəbi–ictimai
fikrində özünüdərk, milli oyanış motivlərinin
güclənməsi də təsadüfi deyildi. Mənəvi
buxovlar parçalanır, millət oyanırdı.
XX yüzilliyin sonunda əcdadlarımızın həsrətini
çəkdiyi istiqlaliyyəti xalq öz qeyrəti, əzmi və
şəhidlərin qanı bahasına əldə etdi. Bahar
bayramı —Novruz öz əzəli həyat tərzinə,
azadlığına əbədi qovuşdu.
Teymur Əkbəroğlu.
Əbülfəs
Qarayev,
Azərbaycan Respublikasının mədəniyyət və
turizm naziri.
“İnsanları
baharın gəlməsi, təbiətin oyanması, həyatın
canlanması ilə müjdələyən Novruz Bayramı ən
qədim dövrlərdən bəri xalqımızın sevinc,
şadlıq bayramı olmuş, tariximizin müxtəlif
dövrlərində bəzi təzyiqlərə, maneələrə
məruz qalmasına baxmayaraq bu günə qədər gəlib
çatmışdır.
Bu milli bayramın indi dövlət səviyyəsində
qeyd oluması Azərbaycanın müstəqilliyinin bəhrələrindəndir”.
Ümummilli
lider, Azərbaycan xalqının mədəni–mənəvi təkamülündə
misilsiz xidmətlər göstərən qüdrətli rəhbər
Heydər Əliyevin Novruz Bayramı haqqında söylədiyi
bu dəyərli fikirdə qədim ümumxalq təntənəsinin,
adət, ənənə və mərasimlər sisteminin mahiyyəti,
tarixi inkişafı və çağdaş təsir
gücü dəqiq və dolğun ifadə olunmuşdur.
Novruz yalnız Azərbaycan xalqının deyil, türk
dillərində danışan yüz milyonlarla insanın, Orta
Şərq ölkələri əhalisinin ən möhtəşəm
bayramıdır. Bu təntənəli el şənliklərinin
keçirildiyi ölkələrdə hər kəsin
yaddaşı və həyatı Novruzla bağlıdır.
Novruz Bayramının yaşını dünyanın,
insanlığın yaşı ilə bərabər tutanlar səhv
etmirlər. Çünki məhz bu bayramda ən qədim
zamanlara məxsus adət, ənənə və mərasimlərin,
inancların, bir sözlə, fundamental dünyagörüşünün
izlərini müşahidə etmək mümkündür.
Novruz Bayramının qeyd edilməsi yalnız folklor ənənələrinin,
məişət rituallarının yaşadılması ilə
bağlamaq olmaz, eyni zamanda onun elmi əsaslarının
mövcudluğunu diqqət mərkəzinə çəkmək
lazım gəlir. Novruz gecə ilə gündüzün bərabərləşdiyi,
şaxtalı qarlı qışın öz yerini yeni ilin məhsulunun
əsasını qoyan yaz fəslinə verdiyi bir vaxtın
başlanğıcıdır. Novruz insan
ümidlərinin bayramıdır. Novruz
xeyirxahlıq, dostluq, birlik rəmzidir. Novruz
həm də böyük mədəniyyət bayramıdır.
Müasir Azərbaycan mədəniyyəti, incəsənət
və ədəbiyyatının elə bir istiqaməti yoxdur
ki, hansı bir şəkildəsə özünü Novruz
Bayramının ənənələr zəncirində az və ya çox dərəcədə
göstərməsin. Təsadüfi deyil ki,
xalqımızın bir çox nəğmələri,
nağılları, milli oyun və meydan tamaşaları,
saysız–hesabsız ağız ədəbiyyatı nümunələri,
şeirlər, nəsr əsərləri, aşıq və
muğam musiqisi örnəkləri, hətta rəssamlıq,
kino əsərləri Novruz mövzusunu tərənnüm etmək
məqsədi ilə yaradılmışdır. Novruz Bayramı Azərbaycan mədəniyyətinin
tam, dolğun mənzərəsini canlandırır. Milli
geyimdə olan oğlanlar, qızlar xalq rəqslərini ifa
edirlər, saz dinir, şair qələmə, rəssam
fırçaya əl atır, milli kulinariyanın min bir neməti
ən gözəl şəkildə süfrələri bəzəyir,
əllərdə Novruz xonçası gəzir…
Ulu öndərimizin söylədiyi kimi, Novruz Bayramı
müəyyən tarixi dövrlərdə təzyiqlərə
məruz qalsa da, xalq tərəfindən unudulmamış,
inkişaf etdirilmişdir.
Azərbaycanın müstəqillik illərində mədəniyyətin
hər bir sahəsi, çoxşaxəli yaradıcılıq
prosesləri ilə bir sırada Novruz Bayramı da dövlət
qayğısı ilə əhatə olunmuşdur. Hər il böyük təntənə
ilə keçirilən Novruz Bayramı münasibəti ilə
rəsmi dövlət tədbirində Azərbaycan
Respublikasının Prezidenti şəxsən iştirak edir,
xalqa müraciət ünvanlayaraq hər bir vətəndaşa
xoşbəxtlik, səadət, sağlamlıq və bol ruzi
arzulayır.
Belə bir xoş məqamı da qeyd etmək yerinə
düşər ki, Azərbaycanda hər kəs tərəfindən
ehtiramla yanaşılan, adı dünyada tanınan Heydər Əliyev
Fondu milli mədəniyyətimizin inkişafı və
tanıdılması istiqamətində neçə–neçə
dəyərli layihələri həyata keçirmişdir. Saz sənətinin,
muğamın, xalçaçılığın Azərbaycanın
mədəni sərvəti olaraq UNESKO–nun bəşəriyyətin
qeyri–maddi mədəni irsi siyahısına daxil edilməsi,
habelə Novruz Bayramının eyni statusa sahib olması Heydər
Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO–nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü,
təşkilatçılığı və gərgin zəhməti
sayəsində mümkün olmuşdur.
Bütün bunlara görə Mədəniyyət və
Turizm Nazirliyi Novruz Bayramı haqqında bələdçi
kitabın yaradılması və onun Azərbaycan dili ilə
yanaşı xarici dillərə tərcümə edilərək
çap edilməsinə qərar vermişdir.
İnanıram ki, Novruz adət, ənənə və mərasimləri
ilə əlaqədar olan mövcud ədəbiyyatlar və
örnəklər əsasında hazırlanmış kitab Azərbaycan
oxucularına və ölkəmizin həyatına maraq göstərən
hər bir kəsə Novruz Bayramının humanist bəşəri
fəlsəfəsini çatdıra biləcəkdir.
Dərələrə
duman, çən
Yetir,
özün bilərsən
Kimə nə
istəyirsən
gətir,
özün bilərsən!
Dünyanın
başına tök
ətir,
özün bilərsən,
Keçəlin
başına tük
bitir,
özün bilərsən—
Amma ki, gəl,
ulu yaz,
Gəl
ki, gecikmək olmaz
Buludu
yelpikləyib
Şum
üst
ünə cuna çək,
Xalça,
palaz, ipliyi,
yorğanı eyvana çək,
Qayadakı
kəkliyin
ayağına xına çək,
Evini
yıx təkliyin,
könülləri günə çək,
Amma ki, gəl,
ulu yaz,
Gəl
ki, gəlməsən olmaz!
Yalın
ağacdan çıxır
payızın buynuzları,
Sarılıb
duman öpür
öpülməmiş qızları.
Əvvəl
xəzəli süpür,
sonra
sındır buzları,
Yetimə
yemlik gətir,
xəcil
et qansızları—
Amma ki, gəl,
ulu yaz,
Gəl ki, gəlməsən olmaz.
Gəzirəm
qapı–qapı
Sahibsiz
pişik kimi,
Hanı
anam–baharım—
Ev kimin, eşik kimin?!
Ələnir
yağışların
Gözümün yaşı kimi.
Anam yatan
torpağı
yırğala beşik kimi—
Tez elə
gəl, ulu yaz,
Gəl
ki, gəlməsən olmaz!!!
Hər bir xalq öz mədəniyyəti, mənəviyyatı,
dünənilə böyükdür. Xalqımızın
minilliklərə söykənən genetik yaddaşı,
milli–mənəvi dəyərləri bu gün də
yaşayır, ona baş ucalığı gətirir.
Hər bir evə, hər bir ocağa təzəlik, təmizlik,
sevgi, ruzi–bərəkət, alqış gətirən
ayağı sayalı Novruz məhz belə
bayramlarımızdan, mənəvi dəyərlərimizdən
biridir.
Təbiətin oyanışı, suların
çağlayışı, yerin–yurdun
yaşıllığa qərq olması, insanların
yaşamaq, yaratmaq arzularının aşıb–daşması
dünyanın təzələnməsidi.
Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyinin layihəsi ilə işıq üzü
görən “Azərbaycan xalq bayramı Novruz” kitabı əslində
hər bir oxucu üçün bəzəkli bayram
xoncasıdı.
Uzun
axtarışların, gərgin zəhmətin bəhrəsi
olan bu unikal nəşr hər bir kəsi bayram atəşfəşanlığına
və bir az da dönüb çiyni
üstündən dünəninə boylanmağa kökləyir.
Hər ağızda,
hər nəfəsdə bir dua, bir alqış var. “Novruz” elə
ilk səhifəsindən alqışla, xeyir–duayla, uğurlama
ilə oxucuya üz tutur:
“Novruz sayalı bir alqışdır. Novruzda istənilən
diləklər yerinə yetir. Novruz
axşamı görülən yuxu çin olur. Siz də
bu kitabı novruz alqışlarıyla açın!
Bayramlar
bayramı ulu Novruz, qədəmlərin mübarək! Göy
üzündə işıq saçan günəşinə salam olsun, ulu Novruz!
Yellər
əsən uca göyün aydın olsun, ulu Novruz! duz–çörəkli, mərd ürəkli
oğulların min yaşasın, ulu Novruz!
Ocaqların gur qalansın, ulu Novruz”.
Sanki
başı buludlara dəyən uca dağ başında
dayanmış Dədə Qorqudun səsi, alqışı,
avazıdır bu. Odu–alovu göylərə bülənd olan
bu tonqallar hər bir vətən övladının yanar
ürəyidir. Azərbaycan yaşıllıq
içindədir, yaxşılıq, xeyirxahlıq,
aydınlıq içindədir.
Hamı bir–birinə qucaq açır, məhəbbətini,
sevgisini, hörmət və ehtiramını,
böyüklüyünü göstərir. Yetimlər,
kimsəsizlər, unudulmuşlar yada düşür,
gözü yolda qalanlar sevinir. Təki həmişə
xalqımız, millətimiz belə mehriban, gülərüz,
birlik, bərabərlik içində olsun!
Novruz hamını birləşdirir. Hamı əl–ələ,
könül–könülə, çiyin–çiyinə
bir–birinə söykək durur. Söykək durun, arxa
olun bir–birinizə! Tanrı uca xalqımızı, millətimizi
qorusun! Bu kitabı araya–ərsəyə gətirənlərə–layihənin
rəhbəri və ön sözün müəllifi Azərbaycan
Respublikası mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevə, mətnlərin müəllifləri Ədalət
Vəliyevə və Vaqif Bəhmənliyə, kitabın
naşiri Bəhruz Axundova çəkdikləri əziyyətə,
zəhmətə görə böyük Novruz
alqışı düşür.
Ulu
öndərimiz Heydər Əliyev ulu bayramımız
haqqında nə gözəl demişdir: “Böyük mənəvi
gücə malik olan Novruz Bayramı ulu əcdadlarımızın
bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan
xalqının milli ruhunu və yaddaşını, onun daxili
aləmini bütün zənginliyi ilə yaşadır”.
Gəlin biz də uca Novruzumuzu uca tutaq, göz dolusu
yaşayaq, yaşadaq.
Bayramınız
mübarək!
Zülfüqar Qubadoğlu,
Respublika.- 2013.- 20 mart.- S. 5-7.