1918–ci İLİN MART FACİƏSİ XALQIMIZIN
QAN YADDAŞIDIR
Azərbaycan xalqının tarixinə qanlı sətirlərlə həkk olunmuş faciələrdən biri də 31 mart–Azərbaycanlıların Soyqırımı Günüdür. Bəşəriyyət tarixində ən qanlı faciələrdən biri kimi yaddaşlarda silinməz izlər salmış soyqırım faciəsini damarlarında azərbaycanlı qanı axan hər bir Vətən övladı heç vaxt unutmayacaqdır. 1918–ci il mart faciəsi bizim qan yaddaşımızdır.
Xalqımızın tarixində bu cür qanlı hadisələr, məhrumiyyətlər çox olmuşdur. Amma 1918–ci il qətliamı bunların içərisində xüsusi yer tutur. Belə böyük faciəni dünyanın müxtəlif yerlərində alovlanan müharibələrin törətdiyi faciələrlə bir sıraya qoymaq düzgün olmazdı. Çünki bu, kütləvi soyqırımdır.
Mart qırğınları zamanı üç gün ərzində 12 min günahsız adam məhv edildi, Şamaxının 72 kəndində 7 min nəfər öldürüldü, Astarada, Salyanda dəhşətli hadisələr baş verdi. Ümumiyyətlə götürdükdə, ötən əsrdə 500 min soydaşımız erməni terroruna tuş gələrək həyatını itirmişdır. Tayqulaq Andranikin, Lalayanın, H.Amazaspın törətdikləri vəhşiliklər, Zəngəzurda, Dərələyəzdə, Qubada, Göyçayda, Kürdəmirdə və başqa bir sıra yerlərdə minlərlə dinc insanın qətlə yetirilməsi bəşər tarixində misli görünməmiş cinayətlərdəndir.
Bu bəşəri cinayət o zaman Bakıda var–dövlət yığıb harınlamış daşnakların əli ilə törədildi. Ən qəribəsi də odur ki, mart müsibətini törədənlərin başında Bakı hakimiyyətinin başçısı Stepan Şaumyan özü dururdu. Deməli, bütün baş verənlər əvvəlcədən düşünülmüş planlar imiş. Gec də olsa, başa düşdük ki, bu planlar çox məkrli beyinlərin məhsuludur, erməni cəlladları növbəti dəfə əllərini qana batırmaq üçün məqam axtarırmışlar.
Mən ötən illərdə hadisələrin canlı şahidi olmuş neçə–neçə insanla bu barədə söhbət etmişəm. Qocalar deyirdilər ki, 1918–ci ilin martında Azərbaycanı bürümüş qanlı hadisələr zamanı qüvvələr nisbəti çox fərqli idi, erməni qüvvələri həm sayca, həm də silah–sursat sarıdan üstün idilər. Azərbaycanlılar hətta toplardan, ağır silahlardan atəşə tutulur, arasıkəsilməz həmlələrə məruz qalırdılar.
Mart soyqırımından 95 il keçir. Bu müddətdə Azərbaycan xalqı öz tarixi–milli ənənələrinə, günahsız qurbanların xatirəsinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Ulu öndərimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu hadisələrə hüquqi–siyasi qiymət verildi. Tarixi həqiqətlər öz yerini tapdı, günahkarların kimliyi xalqa məlum oldu.
Artıq 200 ildən çoxdur ki, ermənilər dünyanın gözü qarşısında heç kəslə hesablaşmayaraq işğalçılıq, soyqırım və terror siyasəti yürüdürlər. Təbii ki, dünya dövlətləri və beynəlxalq qurumlar vaxtında qətiyyət nümayiş etdirsəydilər, müəyyən olunmuş sanksiyalar tətbiq edilsəydi, problemlərin həlli bu qədər uzanmazdı. Beynəlxalq hüquq normaları yetərincə işləsəydi, haqq işimiz çoxdan qələbə çalardı.
Avropada faşizmin meydana gəlməsini XX əsrin 20–30–cu illərinə aid edirlər. Lakin nədənsə nəzərlərdən yayınır ki, erməni faşizminin tarixi uzaq–uzaq əsrlərə gedib çıxır. Erməni qəddarlığı, onun təcavüz, qəsbkarlıq və təxribatçılıq ideyaları tarixi köklərə söykənir.
Erməni terrorizmi faşizmdən də təhlükəlidi. Ancaq orası dəqiqdir ki, şər, özgəsinin çörəyinə, ev–eşiyinə, torpağına göz dikmək erməni xislətidir, bunlar sonradan qazanılma deyil, ermənilərin qanındadır.
1918–ci il soyqırımı faciəsi, sadəcə olaraq, tarixə çevrilməmişdir, bu tarixin səhifələrini hər dəfə vərəqlədikcə sanki yaralarımızın qaysağı qopur, qəlbimiz göynəyir. Amma bir təsəllimiz var ki, xalqımız heç zaman sınmamışdır, əyilməmişdir, məğrurluqla reallıqların üzünə dik baxmışdır.
Mart soyqırımı xalqımızın qan yaddaşına yazılmış səhifədir, onu heç bir qüvvə pozmağa qabil deyildir. Bu torpağın çörəyini yeyib suyunu içən hər bir Vətən övladı indi işğal altında olan torpaqlarımızın qaytarılacağına əmindir. Bunu bizdən həm də faciə qurbanlarının müqəddəs ruhları tələb edir.
Prezident İlham Əliyevin dəfələrlə söylədiyi kimi, bizim güzəştlər limitimiz çoxdan bitib, verdiyimiz şəhidlərin qanını hələ unutmamışıq. Qurbanlarımız çox böyükdür, daha bağışlamalı heç nəyimiz yoxdur. Torpaqdan heç vaxt pay olmur, əgər ermənilər sülh şərtlərimizlə razılaşmasalar, son sözümüzü deyib səngərlərə atılmalıyıq. Axı niyə də döyüşməyək? Respublikamızın bütövlüyünü bərpa etməyə qadir olan ordumuz, bu ordunu təmin edəcək iqtisadiyyatımız var. İnanırıq ki, bu sözü deyəcəyik! Elə deyəcəyik ki, düşmənlərimiz nəticə çıxaracaqlar, bir daha üstümüzə gəlməyəcəklər.
İndi yaşlı nəslin nümayəndələri gördüklərini, bildiklərini təkrar–təkrar xatırlatmaqla qan yaddaşımızı yaşadır, narahat və məşəqqətli günlərin xronologiyasını müstəqil Azərbaycan dövlətinin qurucusu missiyasını öz çiyinlərinə götürmüş gənc nəslə çatdırmaqda çox savab və lazımlı iş görürlər. Əminik ki, ədalət əvvəl–axır öz yerini tutacaq, qanlı cinayətlərin əli qanlı cəlladları hökmən tarixin məhkəməsi qarşısında cavab verəcəklər.
Kamil MİRZƏYEV,
YAP Biləsuvar rayon təşkilatının
sədri
Respublika.- 2013.- 30 mart.- S. 4.