Unudulmaz ictimai xadim

 

Millətin görkəmli şəxsiyyətləri, istedadlı oğulları onun ən qiymətli sərvətidir. Azərbaycan xalqı öz tarixi ərzində görkəmli şəxsiyyətlər yetirib. Onların hər birinin öz yeri, özünəməxsus xidmətləri var. Sosialist Əməyi Qəhrəmanı, görkəmli ictimai xadim İbrahim Qurbanov da ötən əsrin parlaq simalarından biri idi. O, öz xalqına gərəkli, mənalı bir ömür yaşadığı üçün el–obada nüfuz və hörmət qazanmışdır. İnsanların qəlbində yer tapmaq ulu Tanrı tərəfindən ona bəxş olunan ilahi bir məhəbbət idi. İbrahim Qurbanovun həyat yolu xeyirxahlı kamillik, mənəvi yetkinlik zirvəsinə bənzəyir.

 

Sosialist Əməyi Qəhrəmanı İbrahim Musa oğlu Qurbanov ömrünü–gününü torpağa, abadlığa, tərəqqiyə sərf edən, qeyri–adı enerji sahibi olan bir insan idi. Polad intizamı sevən, özünə və başqalarına eyni dərəcədə tələbkar olan bu adamın sinəsində insanları xoşbəxt, firavan, asudə görmək eşqi ilə yanan bir ürək döyünürdü.

Yetmişinci illər və səksəninci illərin əvvəlləri. Bu dövr Azərbaycan adlı bir məmləkətin taleyinə qızıl hərflərlə həkk olunub. İqtisadiyyatın yüksəlişi, xalqın həyat tərzinin yaxşılaşması, respublikamızın tanınması məhz bu illərlə bağlıdır. İbrahim Qurbanov da doğma yurdda öz dəst–xətti ilə dərin, silinməz izlər qoydu, zəhməti, hünəri ilə özünə şöhrət qazandı.

İbrahim Qurbanov 1925–ci ilin baharında Qərbi Azərbaycanın Əzizbəyov rayonundakı Terp kəndində dünyaya göz açmış, 1944–cü ildə Əzizbəyov Rayon Komsomol Komitəsinin ikinci katibi, rayon Partiya Komitəsinin təlimatçısı işləmiş, 1948–ci ildə təhsil almaq üçün Azərbaycan KP MK yanında ikiillik respublika Ali Partiya Məktəbinə göndərilmiş, partiya təhsili aldıqdan sonra Azərbaycan KP Əli Bayramlı Rayon Komitəsində kənd təsərrüfatı şöbəsinin müdiri təyin olunmuşdur.

Qəlbi qurub–yaratmaq eşqi ilə döyünən, Vətənini, yurdunu dərin məhəbbətlə sevən bu insan sonralar Əli Bayramlı rayonundakı Vladimirsk MTS partiya təşkilatının katibi, Əli Bayramlı Rayon Partiya Komitəsinin katibi vəzifəsinə təyin olunmuşdur.

Xalqın etimadını qazanan, Azərbaycanın iqtisadiyyatının yüksəldilməsinə tükənməz enerji sərf edən, yüksək təşkilatçılıq bacarığı olan İ.Qurbanov 1957–ci ildən 1961–ci ilədək Bakı Ali Partiya Məktəbinin dinləyicisi olmuş, məktəbi bitirdikdən sonra Əli Bayramlı rayonundakı 6 nömrəli sovxozun istehsalat idarəsinin rəisi, Salyan rayonundakı SSRİ–nin 50 illiyi adına 1 nömrəli pambıqçılıq sovxozunun direktoru vəzifələrində çalışmış, S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsilini davam etdirmişdir.

Respublika ictimaiyyəti arasında dərin nüfuz qazanmış İbrahim Qurbanov 1973–cü ildə Salyan Rayon XDS İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkilmiş, 1977–ci ildən Azərbaycan KP Neftçala Rayon Partiya Komitəsinin birinci katibi olmuş, 1980–ci ildə isə Azərbaycan KP Cəlilabad Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin olunmuşdur.

İbrahim Qurbanov Neftçala rayonunda birinci katib kimi təyin olunanda Azərbaycanın Xəzərə söykənmiş bu ucqar qəsəbəsinə heç şəhər də demirdilər. Qısa müddətdə bu yerlər yaraşıqlı, gözəl, romantik mənzərəyə malik olan bir diyara çevrildi. Kürün üstündə Bankə qəsəbəsi ilə Neftçala şəhərini birləşdirən, xalqın “İbrahim körpüsü” adlandırdığı körpünün də müəllifi İbrahim Qurbanovdur.

İ.M.Qurbanov Azərbaycan KP MK–nın üzvü, doqquzuncu, onuncu və on birinci çağırış respublika Ali Sovetinin deputatı kimi fəal ictimai–siyasi iş aparmışdır.

Dəyərli ziyalı, kamil insan, İbrahim Qurbanovun fədakar əməyi, xidmətləri Sosialist Əməyi Qəhrəmanının “Qızıl Ulduz”u, Lenin ordeni, üç Qırmızı Əmək Bayrağı ordeni və medallarla qiymətləndirilmişdir.

İbrahim Qurbanov Cəlilabadda Rayon Partiya Komitəsinin katibi işlədiyi illərdə burada abadlıq–quruculuq işləri geniş vüsət almışdı. Əhalinin həyat səviyyəsi yüksək idi. Cəlilabad az müddətdə respublikanın ən böyük üzümçülük rayonuna çevrilmişdi. Üzüm istehsalı 60 min tondan 261 min tona çatmışdı. Mərkəzi mətbuatda, mavi ekranlarda Cəlilabadın qəhrəman üzümçülərinin misilsiz qələbəsinə geniş yer ayrılırdı. “Pravda” qəzetində Cəlilabad üzümçülərinin rekord göstəricilərindən bəhs edən “Temp” sərlövhəli irihəcmli məqalə dərc olunmuşdu.

İbrahim Qurbanov Cəlilabadda birinci katib işlədiyi dövrdə rayonda rəhbər vəzifələrdə çalışanların çoxunun səriştəli kadr kimi yetişməsində böyük zəhmət çəkib. Tələbkarlığı da vardı, qayğıkeşliyi də, sözü ilə əməli düz idi. İnsanlara böyük qayğı ilə yanaşırdı.

Xalq şairi Məmməd Araz respublikanın dinamik inkişafında İbrahim Qurbanovun böyük zəhməti olduğunu belə qiymətləndirmişdir: “Azərbaycan xalqı öz tarixi ərzində çox böyük şəxsiyyətlər yetirib. Onların hər birinin öz yeri, özünəməxsus xidmətləri var. İbrahim Qurbanov da ötən əsrin ən parlaq simalarından biri idi. O, üç inkişaf etmiş Azərbaycan şəhərinin abadlaşmasında, yenidən tikilməsində əvəzsiz rol oynayıb…”

Sosialist Əməyi Qəhrəmanı İbrahim Qurbanovu rəhbər vəzifəyə ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyev irəli çəkmişdi. İ.Qurbanov dahi insan, dünya şöhrətli siyasətçi Heydər Əliyevi, onun xalqımız qarşısındakı xidmətlərini həmişə yüksək qiymətləndirirdi. Çalışırdı ki, bu dahi insanın etimadını ləyaqətlə doğrultsun. Deyirdi ki, Heydər Əliyev bizim fəxrimizdir, onun nuru Türk dünyasını işıqlandırır. Ulu Tanrı onu bu xalqa xilaskar göndərib.

İbrahim Qurbanov səmimi, etibarlı olduğuna görə onun çoxlu dostları vardı. O, SSRİ Nazirlər Sovetinin sədri A.H. Kosıginlə də dost idi: Danışırdı ki, bir dəfə Şimali Qafqazda—kurort şəhəri kimi dünyada tanınan Kislovodskidə Sov. İKP MK–nın işçiləri üçün tikilən “Qırmızı daş” müalicə ocağında dincəlirdim. Səhər–səhər gəzintiyə çıxmışdım, cığırla gedirdim. Bir də baxdım ki, bir nəfər qoluma girdi. Dedi ki, ona dəyməyin. Tanış olduq. Öyrəndim ki, SSRİ–nin yüngül sənaye naziri A.N.Kosıgindir. Mən də adımı, Salyanda sovxoz direktoru işlədiyimi bildirdim. Sən demə bizim təsərrüfat pambıq planını Azərbaycanda birinci yerinə yetirdiyinə görə Kosıgin sovxozumuz barədə yetərincə məlumatlı imiş.

Xeyli söhbət etdik, at mindik. Axşam məni şam yeməyinə çağırdı. Birlikdə çörək kəsdik, aramızda mehriban münasibətlər yarandı. Aradan bir az keçmiş o, SSRİ Nazirlər Sovetinin sədri vəzifəsinə irəli çəkildi. Yadından çıxmamışdım. Moskvada Heydər Əliyevlə görüşəndə məni soruşub haqqımda xoş sözlər söyləyib.

Biz İbrahim Qurbanovu 88 illik yubileyi ilə bağlı onun dostları, doğmaları ilə görüşüb, onların dediklərini qələmə aldıq.

Abbasəli Novruzov (istefada olan general–mayor):

—İbrahim Qurbanovun hələ uşaqlıqdan tanıyırdım. Onunla ilk görüşüm 1964–cü ildə Yardımlı qəsəbəsində oldu. Mən gənc leytenant idim. Sərhəd qoşunlarında xidmət edirdim. Layiqli zabit olmaq, yüksək hərbi rütbəyə çatmaq üçün mənə tövsiyə və göstərişlər verdi.

İbrahim Qurbanovla Neftçala və Cəlilabad rayonlarında birinci katib işləyərkən tez–tez görüşürdük.

Bir dəfə keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini S.Sviqunu qarşılamaq üçün Göytəpə sərhəd dəstəsinin həyətində sərhəd qoşunlarının kəşfiyyat şöbə rəisləri sıraya düzlənmişdik. Sviqun bir–bir hamı ilə əl verib görüşür, biz isə hərbçi kimi vəzifəmizi və familiyamızı ona deyirdik. Sviqunla gələn İbrahim Qurbanov da hamı ilə görüşürdü. Onlar mənə çatmamış İbrahim müəllim Sviqundan qabağa keçdi və məni bərk–bərk qucaqladı. Sviqun: “Axı, niyə ancaq onu?” —deyə zarafat etdikdə İbrahim Qurbanov: “O mənim xalqımın ən yaxşı oğullarındandır”—deyə cavab verdi.

İbrahim Qurbanovu Qərbi Azərbaycandan qaçqın düşmüş insanların taleyi çox narahat edirdi. Ermənistandan 200 mindən çox azərbaycanlının 1988–ci ildə zorla qovulmasına heç cür dözə bilmirdi. Qəlbi həmişə Dərələyəzdə, Vedidə, Zəngibasarda, Ağababada, Göyçə mahalında, Zəngəzur ellərində idi…

Zeynəb Xanlarova (millət vəkili, xalq artisti):

—İbrahim Qurbanov Azəbaycanımız üçün çox işlər gördü. Sənət yoldaşlarım onun haqqında ağız dolusu danışırdılar. Sənətə, sənətkara yüksək qiymət verirdi. Özüm həmişə bunun şahidi olmuşam. Yadımdadır, Mədəniyyət Nazirliyinin xətti ilə mən də Neftçalaya getmişdim. İbrahim müəllim bizi böyük hörmətlə, izzətlə qəbul etdi. Konsert proqramımız çox uğurlu keçdi.

Konsertdən sonra birinci katib İbrahim Qurbanov bizi Neftçala ilə tanış etdi, yeni tikililəri göstərdi. Hara baxırdınsa həyat qaynayırdı, şəhər tikinti meydançasını xatırladırdı. Axırda gəmi ilə Kür çayına — çayın Xəzər dənizi ilə qovuşan yerinə baxdıq.

1980–ci ildə İbrahim müəllim Gəlilabada göndərildi. Az vaxtda şəhər gözəllik libasına büründü. Mən onun dəvəti ilə dəfələrlə Cəlilabadda oldum. İbrahim Qurbanovun işgüzarlığına heyran qaldım. Bu insan hara gedirdisə xarüqələr yaradırdı…

Pənah Qurbanov (5 saylı Vergilər İdarəsinin rəis müavini, İbrahim Qurbanovun oğlu):

—Atam çox tələbkar və ciddi adam idi. İntizamsızları və tənbəlləri görməyə gözü yox idi. İstər evdə, istərsə də işlədiyi kollektivdə səliqə–sahman yaratmaq üçün bütün varlığı ilə çalışırdı.

Ailə üzvlərimiz süfrə başında cəm olanda o, həmişə bizə deyərdi:

—Çalışın dünyada öz xeyirxah əməllərinizlə bir iz qoyasınız. İnsanlara əl tutun!

80–ci illərin sonu, 90–cı illərin əvvəllərində Azərbaycanda baş verən hadisələr, ermənilərin nankorluğu atamı bərk sarsıtmışdı. O, ancaq qəlbindən süzülüb gələn bu sözləri insanlarla yarı bölürdü:

“Heydər Əliyev hakimiyyətə qayıtmasaydı bizi məşəqqətli günlər gözləyərdi”.

Bununla bağlı respublikamızın ağsaqqalları ilə görüşüb öz məsləhətlərini verərdi.

Atamın 7 övladı bu gün özünü xoşbəxt sanır. Çünki atamın arzularının çin olduğu günləri gördük. O, cismən bizim aramızda olmasa da, hər yerdə, addımbaşı atamın yeri görünür. O, həyatdan vaxtsız köçsə də həmişə insanlar onu şəxsiyyət kimi xatırlayır, həyata keçirdiyi böyük quruculuq işləri dillərdə gəzir…

Dünyada izi qalan, xoş əməlləri olan İbrahim Qurbanov 1992–ci ildə dünyasını dəyişmiş, son nəfəsində ata yurdu Dərələyəzi, düşmən tapdağında olan Terp kəndini xatırlamışdır. Dünya bir pəncərədir,—deyiblər. Lakin Sosialist Əməyi Qəhrəmanı İbrahim Qurbanov başqaları kimi bu pəncərənin önündən sadəcə ötüb keçməmişdir. Ayaq saxlayıb bu pəncərədən diqqətlə dünyanı seyr etmiş, ömür payını başa vurmazdan öncə dünya pəncərəsinin çərçivəsini əlvan naxışlarla bəzəmiş və bir dəstə bahar çiçəkləri qoyub getmişdir ki, özündən sonra gələnlərə o çiçəklərin ətri xoş ovqat bəxş etsin!..

 

 

Qədir ASLAN,

Əməkdar jurnalist.

 

Respublika.- 2013.- 20 mart.- S. 6.