BAKIDA, ŞAMAXIDA VƏ QUBADA 1918–ci İL MART–APREL SOYQIRIMI

 

1918–ci il mart–aprel soyqırımı xalqımıza qarşı erməni təcavüzünün və erməni cinayətinin qanlı səhifələridir. Bu soyqırımı nəticəsində on minlərlə soydaşımız xüsusi amansızlıqla qətlə yetirilmiş, dədə–baba ocaqlarından, ev–eşiklərindən və yurdlarından, doğma torpaqlarından qovulmuş, yüzlərlə maddi–mədəni abidələrimiz vəhşicəsinə dağıdılmış və məhv edilmişdir. 1918–ci ilin mart–aprelində Bakı şəhərində və Azərbaycanın digər bölgələrində minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə amansızlıqla məhv etmiş, evlərə və tarixi abidələrə od vurmuş, insanları diri–diri yandırmış, hamilə qadınların qarnını yırtaraq körpə və südəmər uşaqların başını nizəyə keçirmiş, xəstələrə, qocalara—heç kimə aman verməmişlər. Vəhşiləşmiş erməni cəlladları Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Lənkəranda və başqa yerlərdə soyqırımı xüsusi qəddarlıqla həyata keçirirdilər.

Əsrlər boyu Azərbaycan torpaqlarına göz dikən fitnəkar və araqarışdıran erməni millətçiləri monoetnik və “türksüz Ermənistan” uğrunda qərinələr boyu gizli və bəzən leqal müharibələr aparmış, “Dənizdən–dənizə” böyük imperiya yaratmaq üçün türk–Azərbaycan xalqlarına qarşı soyqırımı siyasəti yeritmişlər. Hiyləgər və riyakar ermənilər tarix boyu ən alçaq və rəzil mübarizə formalarından məharətlə istifadə edərək və maskalanaraq bədnam və yalançı niyyətlərini reallaşdırmağa cəhd etmiş, bu torpaqlara “qonaq” kimi gəlib, sonradan onun “sahibi” kimi yalanlar uydurmağa başlamışlar. Xüsusilə XIX–XX yüzilliklərdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Azərbaycan xalqının ümummilli lideri, Heydər Əliyevin dediyi kimi, mərhələ–mərhələ gerçəkləşdirilən belə qeyri–insani siyasət nəticəsində azərbaycanlılar öz doğma tarixi–etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi–mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. 31 mart–Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Azərbaycan xalqına etdiyi müraciətdə Heydər Əliyev demişdir: Hər il martın 31–ni Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən genişmiqyaslı qanlı aksiyaları ürək ağrısı ilə yad edirik”.

Ancaq çox təəssüflər olsun ki, erməni millətçiləri ağına–bozuna baxmadan tarixi saxtalaşdırır, gah Türkiyəyə qarşı, gah Azərbaycana qarşı, gah Gürcüstana qarşı, gah da Rusiyaya və Dağıstana qarşı əsassız ərazi iddiaları irəli sürür və beləliklə, sərsəm “böyük Ermənistan” yaratmaq üçün müxtəlif yalanlar uydurur, bəzən də ayrı–ayrı ölkələrdə dövlət və hökumət rəhbərlərini öz fırıldaqlarına inandıra bilirlər. Çünki istər xasiyyətinə, istərsə də coğrafi vəziyyətinə görə qədimdən ikiüzlü və riyakar, paxıl və vəfasız, oğru və söyüş söyən, yalanını işə keçirməyə çalışan ermənilər hər cür bəhanə tapıb bağırmağa bir candırlar (akademik V.L.Veliçko). Zaman–zaman türklərə və azərbaycanlılara qarşı dəhşətli qırğınlar törədən erməni başkəsənləri özlərinin yalançı tezisləri ilə dünyanı aldadır və əslində tarixi saxtalaşdırırlar. Lakin erməni millətçiləri nəhayət, anlamalı və başa düşməlidirlər ki, bəşər tarixində ən real və düzgün həqiqəti zaman özü verir. Çünki tarixi saxtalaşdırmaq mümkün deyil, o, nə vaxtsa tarixi həqiqətləri üzə çıxaracaq və kimin yalançı, kimin doğru olduğunu faktlarla sübut edəcək. Çünki hər tarixin öz zamanı, hər zamanın öz tarixi vardır. Bəli, artıq həmin zaman gəlib çatmış, tarixi həqiqətlər arxivlərin və mənbələrin dili ilə üzə çıxmışdır. Erməni daşnaqları özlərinin lideri və türk dünyasının qatı düşməni olan daşnaq S.Şaumyanın fitvası ilə 1918–ci ilin martında təkcə Bakı şəhərində və şəhərətrafı kəndlərdə 30 min azərbaycanlını qətlə yetirdilər. Bu, əsl soyqırım idi.

Heydər Əliyev tərəfindən imzalanan Prezident fərmanında deyildiyi kimi, ermənilər minlərlə dinc azərbaycanlını məhv etmiş, evlərə od vurmuş, insanları diri–diri yandırmış, milli memarlıq abidələrini dağıtmış, Bakının böyük bir hissəsini və yüzlərlə azərbaycanlı kəndlərini xarabalığa çevirmişlər. Ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşında əbədi həkk olunmuşdur.

Mart qırğını XX əsr Azərbaycan tarixinin ən ağır və dəhşətli səhifələrindən biri, xalqımıza qarşı törədilən qanlı faciə və soyqırımdır. Azərbaycanda və xaricdə bu faciə ilə bağlı xeyli tədqiqatlar aparılmışdır. Çox təəssüf ki, bu dəhşətli hadisə sovet tarixçiləri tərəfindən saxtalaşdırıldığından, uzun müddət xalqa yanlış şəkildə təqdim olunmuşdur. Hətta hadisələrin cərəyan etdiyi dövrdə belə “Naş qolos” qəzetindən başqa Azərbaycanın bütün bolşevik təmayüllü mətbuatı mart qırğınını “vətəndaş müharibəsi” adlandırmışdı. “Naş qolos” qəzeti bu hadisəyə milli ədavət kimi qiymət vermişdi. Bakıda və Azərbaycanın digər bölgələrində baş verən 1918–ci ilin mart–aprel hadisələrini əsas tutan Amerika tarixçisi R.Syuni “Bakı Kommunası”, 1917–1918–ci illər. Rus inqilabında sinif və millət” adlı monumental tədqiqatında müşahidə etmişdir ki, Zaqafqaziyada, xüsusilə Bakıda inqilabi mübarizə sinfi mahiyyət daşımamış, millətlərarası müharibə zəminində baş vermişdir.

Son illərdə Azərbaycan tarixçilərinin tədqiqatlarında bu faciənin mahiyyətinin işıqlandırılması istiqamətində ciddi tədqiqatlar aparılmış, fundamental kitablar yazılmışdır. Azərbaycan milli hərəkatının inkişafına böyük təsir göstərmiş mart hadisələrini Zaqafqaziyada cərəyan edən hadisələrdən təcrid olunmuş halda qiymətləndirmək olmaz.

“Müsavat”ın xalq arasında artan nüfuzundan qorxuya düşən erməni milli partiyaları və bolşevik cildinə girmiş ermənilər Bakıda hakimiyyət məsələsini tam həll etmək, Azərbaycan xalqının milli ruhunu öldürmək məqsədilə qırğın törətmək kimi iyrənc üsula əl atmaqdan çəkinmədilər. Həmin dövrün siyasi ab–havasını araşdırmış “Daşnaksütyun” partiyasının lideri Ovanes Kaçazuni qeyd edirdi ki, “bolşeviklərə yalnız iki partiya real qüvvə çıxara bilərdi: “Müsavat” və “Daşnaksütyun” partiyaları. “Daşnaksütyun” belə hesab edirdi ki, “Müsavat”la onun dostluğu bolşevik təhlükəsi olduqda lazımdır. Bakıda bizim köməyimizlə bolşeviklər “Müsavat”ı darmadağın etdilər”.

Oktyabr hadisələrindən sonra Qafqazın sovetləşdirilməsi problemi Rusiya bolşeviklərinin qarşısında duran aktual məsələlərdən idi. 1917–ci il dekabr ayının 16–da Petroqrad Xalq Komissarları Soveti öz iclasını “Qafqazda vəziyyət haqqında” məsələyə həsr etmiş və Bakı Sovetinin sədri S.Şaumyan Qafqaz və Qərbi Ermənistan üzrə fövqəladə komissar təyin olunmuşdu. Bunun ardınca Bakı Soveti rəhbərliyi şəhərdə qızıl ordu hissələri adı ilə erməni qoşun birləşmələrini yaratmağa başladılar. Bu iş erməni siyasi və hərbçilərinin nəzarəti altında icra olunurdu. Daşnak Z.Avetisyan qızıl ordunun qərargah rəisi, Hamazasp üçüncü briqadanın komandiri, polkovnik Qazarov isə korpus komandiri vəzifələrini icra edirdilər.

Tarixi fakt və sənədlərin araşdırılması mart qırğınının qabaqcadan düşünülmüş, planlı surətdə hazırlanmış və həyata keçirilmiş bir soyqırım olduğunu sübut edir. Qanlı hadisənin başlanmasından bir qədər əvvəl Bakı Sovetinin iclaslarında və digər yığıncaqlarında S.Şaumyan M.Ə.Rəsulzadə və A.Kazımzadəni təhlükəli şəxslər kimi qiymətləndirir, onlara məxsus silahlı qüvvələrin Türkiyə sultanına arxalandığı fikrini təbliğ edirdi.

1918–ci il mart ayının 15–də cəllad Şaumyan Bakı Sovetinin iclasında çəkinmədən: “Bakı Soveti Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir”,—deyə bəyan etmişdi. Bir gün əvvəl, mart ayının 14–də S.Şaumyanın əmri ilə erməni cəlladı Əmirovun komandanlığı altında Şamaxı şəhərinə bolşevik silahlı birləşmələri göndərildi. Salyan, Hacıqabul, Muğan və Lənkəran bölgələrinə silahlı bolşevik dəstələri yeridildi. Toqquşmanı başlamaq üçün bəhanə bu ərəfədə H.Z.Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsinin “Evelina” gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 nəfər hərbçinin gəlişi oldu. Dəfndən sonra zabitlər həmin gəmi ilə geri qayıtmalı idilər. Erməni daşnakları fitnəkarlıqla əsgər və matroslar, eser və menşevik partiyaları, rus milli şurası arasında şayiə yayırdılar ki, “Evelina”dakı zabitlər guya ki, Muğandakı Malokan kəndlərini dağıtmaq üçün xüsusi göstəriş alıblar.

Erməni daşnaklarının rəhbərliyi və iştirakı ilə şəhərin müxtəlif yerlərində Azərbaycan türklərinin əleyhinə mitinq və yığıncaqlar keçirilməyə başlandı. Bunun nəticəsində Bakının bütün qeyri–türk siyasi birlikləri və hərbi qüvvələri “Evelina”nın tərk–silah edilməsi tələbini irəli sürdülər. Mürəkkəb siyasi şərait yarandı. Daşnakların zəhərli təbliğatı “öz işini” görmüşdü.

Mart ayının 30–da ilk döyüşlər başlandı. Döyüşlərə rəhbərlik üçün S.Şaumyan, Q.Korqanov, İ.Suxartsev, S.Saakyan və M.Yolçiyan daxil olmaqla Bakı Soveti yanında inqilabı müdafiə komitəsi yaradıldı. Belə bir müdafiə komitəsinin yaradılması hər şeyin qabaqcadan düşünülmüş qırğın planından xəbər verirdi. Ona görə ki, belə bir inqilabi komitənin yaradılmasına qətiyyət ehtiyac yox idi.

Aparılmış tədqiqatlardan aydın olur ki, türk xalqlarının qatı düşməni olan daşnak Şaumyanın göstərişi ilə Bakı Sovetinin sərəncamında olan hərbi qüvvələr, Xəzər dənizi hərbi donanmasının gəmiləri və təyyarələri döyüşə hazır vəziyyətə gətirilmişdi. Hətta rus əsgər və matroslarına da belə bir yalançı təbliğat aparılmışdı ki, guya müsəlmanlar rus əhalisini qırırlar. Ermənilərin bu yalanı baş tutdusa da, ancaq sonradan onun böhtan və təxribat olduğunu bilən rus matrosları atəşi dayandırdılar. Lakin erməni silahlı dəstələri Bakı şəhərinin müxtəlif məhəllələrində dinc müsəlmanların qırğınını davam etdirirdilər. Hadisələrin şahidi N.Nərimanov olmuşdur.

Həmin gün saat 5–də açılan ilk atəş Azərbaycan türklərinin üzləşdiyi soyqırımının başlanğıcı oldu. Azərbaycan ziyalıları bu faciənin qarşısını almaq üçün əllərindən gələni edirdilər. Bolşevik sıralarında fəaliyyət göstərən N.Nərimanovun bu sahədəki xidmətləri təqdirəlayiqdir. Bunu 1918–ci il aprel ayının 1–də “Hümmət” qəzetində çap olunmuş “Qanlı faciədən dörd saat qabaq” adlı redaksiya məqaləsi də təsdiq edir.

M.Ə.Rəsulzadə martın 30–da İnqilabi Müdafiə Komitəsində Bakı Soveti rəhbərləri ilə keçirdiyi görüşdə alınmış silahların “Hümmət” təşkilatı vasitəsilə qaytarılması istiqamətində razılığa nail olsa da, daşnak–bolşevik hökuməti öz sözlərinə əməl etmədi. Çünki onlar “Hümmət”ə inanmır, N.Nərimanovun isə “sağ təmayülçü”lüyündən narazı idilər.

Faktlar sübut edir ki, Bakı qırğınlarına qatı cinayətkar cəllad Şaumyan özü rəhbərlik edirdi. Həmin dövrün canlı şahidi və fəal iştirakçısı, erməni bolşeviki H.Əsiryans qeyd edirdi ki, “1918–ci ilin fevralında T.Əmirov bizi yığıb bildirdi ki, S.Şaumyan və A.Caparidzenin tapşırıqlarını yerinə yetirməliyik. S.Şaumyan əvvəlcədən bizə xəbər vermişdi ki, gecə saat 1–də siqnal olacaq, bu xəbərdaredici siqnaldan sonra biz hücum edib “Müsavat”ın qərargahını tutmalı idik və belə də oldu.

Ermənilərin kütləvi qırğınına məruz qalan türk–müsəlman əhalisi martın 31–də müqavimət göstərməyi dayandırdı. Həmin gün cürbəcür bəhanələrlə danışıqların müsbət nəticələnməsinə mane olan İnqilabi Müdafiə Komitəsi istədiyinə nail olduqdan sonra ultimatum verdi. Ultimatumda İnqilabi Müdafiə Komitəsinin tələblərinin gündüz saat 3–ə kimi yerinə yetirilməyəcəyi təqdirdə müharibəni davam etdirəcəkləri qeyd olunurdu.

İnqilabi Müdafiə Komitəsi döyüşlərin dayandırılması barədə göstəriş versə də, bu göstəriş yalnız kağız üzərində qaldı. Erməni birləşmələri müqavimət göstərməyə qabil olmayan türk–müsəlman əhalisinə divan tutmağa başladılar. Şəhərin Məhəmmədli və Zibillidərə məhəllələrinin əhalisi, demək olar ki, son nəfərinə qədər qılıncdan keçirildi. Ermənilər azərbaycanlılara məxsus bütün evləri, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını dağıtdılar. “Kaspi” mətbəəsi, “Açıq söz” qəzeti redaksiyası, “Müsəlman Xeyriyyə Cəmiyyəti”nin yerləşdiyi “İsmailiyyə” binası vəhşicəsinə yandırılmışdı.

“Təzə pir” məscidinin minarələri mərmilərlə dəlik–deşik edildi. Bir sıra yerlərdə döyüşən əsgərlərə erməni ziyalılarının rəhbərlik etməsi faciənin milli zəmin üzərində qurulduğunu qəti sübut edirdi.

Bakıda törədilmiş qırğınlara şəxsən Şaumyan özü rəhbərlik edirdi. Bolşevik cildinə girmiş bu başkəsən erməni yaranmış fürsətdən istifadə edərək silahlı erməni yaraqlılarına bütün müsəlmanları kütləvi şəkildə qırmağa göstərişlər verirdi. Silahlı ermənilər və yaxşı təlim görmüş daşnaq–bolşevik qüvvələri müsəlmanların evlərinə soxulur, sakinləri öldürür, onları xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, üç–dörd günlük cocuqları süngülərin ucuna keçirirdilər. Şəhərin bu hissəsində az adam canını qurtara bildi. Sonralar təkcə bir yerdən qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, təhqir edilmiş 57 müsəlman qadın meyiti tapılmışdır. Erməni vəhşiləri qətllər zamanı heç kimə rəhm etmir, uşaqlara, ahıllara, xəstələrə belə aman vermirdilər. Müsləman meyitlərinin yandırılması və iyrənc formalara salınması barədə Fövqəladə Təhqiqat komissiyasının materiallarında və digər sənədlərdə çoxlu faktlar vardır. Həmin Komissiyanın materiallarında qeyd edilir ki, erməni silahlı dəstələri Bakının bir çox küçələrində bu cür amansız vəhşiliklər törətmişlər.

Hadisələrin canlı şahidi olan görkəmli siyasi və ictimai xadim S.C.Pişəvəri yazırdı ki, 1918–ci il martın 30, 31–i və aprelin 1–də gecəli–gündüzlü qırğınlarda çoxlu müsəlman öldürüldü. Ölənlərin sayı 10 mindən artıqdır. Pişəvəri yazırdı ki, türk qadınlarını saç–saça bağlayaraq çılpaq halda küçələrdə gəzdirdikdən sonra açıq şəkildə onlarla təhqiramiz hərəkətlər edirdilər. Mən (yəni S.C.Pişəvəri) 1918–ci ildə ermənilərin vəhşiliklərini, meyitlərin yandırılmasını öz gözümlə gördüm. Bu, çox faciəli və nifrətedici bir hərəkət olmuşdur.

Erməni vəhşiliklərini amansız şəkildə pisləyən M.Ə.Rəsulzadə yazırdı: “Mart qırğınları zamanı ermənilər Bakıda minlərcə müsəlmanı, qadını, cocuğu öldürdü… ermənilər müsəlman məhəllərinə soxulur, adamların başına od yağdırırdılar… Ermənilər hamını atəş və qılıncdan keçirir, südəmər cocuqları süngü ucuna taxır, qadın və cocuqların ürəkparçalayan iniltilərinə və ümidsiz nalələrinə heç bir məhəl qoymur, özlərini qalib erməni ordusu kimi aparırdılar”.

Üzeyir Hacıbəyov yazırdı: “Başımıza mart fəlakəti gətirib, Bakını xarabazara döndərdilər”. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, komissiyanın materiallarında qeyd edildiyi kimi, mart qırğınları zamanı ruslar, yəhudilər və gürcülər mümkün qədər azərbaycanlıları xilas etmişlər. Ermənilər azərbaycanlılara qarşı qırğını yalnız ermənilərə qəti ultimatum vermiş 36–cı Türküstan polkunun tələblərinə görə dayandırmışlar.

 

Şamaxı qırğını

 

Erməni cəlladlarının vəhşilikləri onların yalnız Bakıda törətdikləri qanlı faciə ilə bitmədi. S.Şaumyanın əmri ilə qatı daşnak T.Amirov və türklərin qanına susamış S.Lalayanın başçılığı ilə erməni daşnak–bolşevik ordusu iki min nəfərlik qüvvə ilə guya əksinqilaba qarşı mübarizə aparmaq üçün Şamaxıya hücum etdilər.

Martın 18–də sübh çağı Şamaxı ətrafında top atəşləri eşidilməyə başladı. Aydın oldu ki, gecə ikən şəhər ermənilər, şimal–şərqdən isə molakanlar tərəfindən mühasirəyə alınmışdır. Müsəlmanlar əvvəlcə müdafiə olunmaq istəyirdilər, lakin topların qarşısında dayana bilmədiklərinə görə geri çəkilməyə məcbur oldular. Axşama yaxın ermənilər şəhərin ən varlı hissəsi “Pirvan–Şirvan”a daxil oldular. Evlər yandırılır, yanan evlərdən çıxan kişilər, qadınlar, uşaqlar güllələnirdi. Gecə müsəlmanlar təslim olmaları barəsində ermənilərə müraciət etsələr də, atəş dayandırılmadı. Bu vəhşiliklər bir neçə gün—Gəncədən müsəlman qoşunları Şamaxı şəhəri və Şamaxı qəzası əhalisinin köməyinə gələnə qədər davam etmişdir.

Şamaxı əhalisinə qanlı divan tutan ermənilər Şamaxı şəhərində və kəndlərində 16 mindən artıq günahsız azərbaycanlını öldürdülər. Şamaxı qəzasının 72 kəndi daşnak–bolşevik hərbi birləşmələri tərəfindən dağıdılıb yandırılmışdı. Şamaxının sağ qalan azərbaycanlı əhalisi baş götürüb qaçmağa başladılar.

Erməni quldurlarının 1918–ci ilin mart–aprel aylarında törətdikləri qırğınlar barədə Azərbaycan Cümhuriyyəti hökumətinin Fövqəladə Təhqiqat Komissiyasının 925 səhifədən ibarət təhqiqat materialları toplanmışdır. Arxivdə saxlanan həmin sənədlərdə ermənilərin törətdikləri vəhşiliklər və ağılasığmaz cinayət əməlləri haqqında çoxlu faktlar vardır. Komissiyanın hazırladığı məruzədə bir çox məsələlər aydın olur. Təhqiqat Komissiyasının sədri Ə.Xasməmmədovun hazırladığı məruzədə erməni vandalizmi barədə çoxlu faktlar göstərilir. Ermənilər evlərə soxulur, qiymətli əşyaları zorla qarət edir, sonra evləri qəddarlıqla yandırır, adamları küçələrə yığır, güllələyir, qadınların yırtılmış qarınlarından uşaqları çıxarıb nizəyə taxır, uşaqları diri–diri yerə mıxlayırdılar. Ermənilərin Şamaxı şəhərindəki bu vəhşilikləri bir neçə gün davam etmişdir. Yalnız Gəncədən azərbaycanlı silahlı dəstənin Şamaxıya köməyə gəlməsi ilə qorxuya düşən ermənilər qaçmışlar. Sonra yenə hücuma keçən ermənilər böyük dağıntı yaradırlar.

Ermənilər Şamaxının qədim tarixi abidələrini, 13 məscidi, o cümlədən Cümə məscidini yandırdılar. Şamaxı qəzasının 53 kəndində 8027 nəfər azərbaycanlını öldürdülər. Son tədqiqatlarda qeyd olunur ki, ermənilər Şamaxıda 8 min, qəzalarda 8 min, bütövlükdə 16 min nəfərə qədər azərbaycanlını qətlə yetirmişlər.

 

Quba qırğını

 

May ayının 1–də quldur daşnak zabiti Hamazaspın başçılığı ilə ancaq ermənilərdən ibarət olan böyük hərbi dəstə Qubanı mühasirəyə alaraq, şəhəri toplardan və plemyotlardan atəşə tutdular.

Hamazaspın “cəza dəstəsi”ni Qubaya şəxsən Şaumyan göndərmiş və bu barədə o, digər komissarlarla heç məsləhətləşməmişdi. Bu dəstəni təşkil edən isə hərbi komissar erməni Qriqori Korqanov olmuşdur. Q.Korqanov S.Şaumyanın təklifi ilə Hamazaspın dəstəsinə yalnız “Daşnaksütyun” partiyasının üzvü olan əsgərləri (iki min nəfər) daxil etmiş və ona qatı millətçi Venuntsu dəstə komissarı, Nikolay adlı hərbçini isə köməkçi təyin etmişdir.

Hamazasp Qubanı işğal etdikdən sonra şəhər camaatına hədə–qorxu məzmunlu müraciətində onun dəstəsinin bu yerlərə hansı məqsədlə göndərildiyi açıq şəkildə ifadə olunmuşdu. O vaxt Hamazasp demişdi: “Mən erməni xalqının qəhrəmanı və onun marağının müdafiəçisiyəm. Mən buraya—Qubaya xüsusi cəza dəstəsilə ona görə göndərilmişəm ki, iki həftə əvvəl burada öldürülən ermənilərin hayıfını sizdən alım. Mən buraya qayda–qanun yaratmaq, Sovet hakimiyyətini qurmaq üçün gəlməmişəm. Xəzər dənizinin sahillərindən tutmuş Şah dağına qədər olan ərazidə yaşayan bütün müsəlmanları məhv etmək barədə mənə göstəriş verilib. Mənə sizin yurd–yuvanızı yerlə–yeksan etmək, Şamaxıda törətdiklərimizi sizin də başınıza açmaq tapşırılıb”.

Hamazaspın quldur dəstəsi istər Qubaya gələrkən yolboyu, istər şəhərə girərkən, istərsə də mahalın digər ərazilərində vəhşi hərəkətlər etmişlər. Ermənilər qarşılarına çıxan kəndləri, obaları, yurd yerlərini dağıdır, yandırır, rastlaşdıqları kişiləri, qadınları, uşaqları qəddarcasına qətlə yetirirdilər. Qubada bir–bir evlərə girib bəzən bütün ailəni məhv edən ermənilər hətta hamilə və uşaqlı qadınlara belə rəhm etməmişlər. Məsələn, onlar Kərbəlayi Məmməd Tağı oğlunun 14 nəfərdən ibarət ailəsini, Məhəmməd Rəsul oğlunun 5 nəfərlik ailəsinin başlarını kəsmiş, Hacı Dadaşbala Qasım oğlunun arvadı Bibixanım və oğlu Əbdul Qasımı diri–diri oda ataraq yandırmış, Kərbalayi Abuzər Məstan oğlunu və iki qızı – Hökuməni və Bustanı qucaqlarındakı körpələrlə birlikdə tikə–tikə doğramış, Məşədi Qənbər Molla Məhəmməd Saleh oğlunu, onun arvadını və beş körpə uşağını şaqqalamışdılar.

Hər cür vəhşilik və talanlarla yanaşı, ermənilər ən alçaq və rəzil hərəkətlərə də əl atmaqdan belə çəkinməmişdilər. Hamazaspın cəza dəstəsi Quba qəzasının 162 kəndini yandırdılar, 4 mindən çox azərbaycanlını, 12 mindən çox müsəlman ləzgini öldürdülər.

Erməni silahlı quldur dəstələri öz qəddarlığı ilə seçilən qatı cinayətkar Hamazaspın göstərişi ilə Quba qəzasında görünməmiş vəhşiliklər törətmiş, müsəlman əhalini diri–diri 4–7 metr dərinliyində olan quyulara dolduraraq başlarına daşlar yağdırmış və öldürmüşlər. 1918–ci ildə Quba qəzasında törədilmiş cinayətlər barədə konkret və real faktlara malik olan Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin 2010–cu il aprelin 22–də elan etdiyi məlumatda deyilir ki, 1918–ci il mayın 1–də səhər vaxtı Hamazapsın rəhbərlik etdiyi cəza dəstələri Quba şəhərini mühasirəyə alaraq şəhəri top, pulemyot və digər atıcı silahlardan atəşə tutduqdan sonra müqavimətsiz şəhərə daxil olmuş, müsəlmanlara qarşı hər cür zorakı hərəkətə yol vermişdir. Ermənilər küçədə qarşılarına çıxan dinc əhalini, o cümlədən uşaqları və qadınları xəncərlə, tüfənglə qətlə yetirmiş, evlərə soxularaq bütöv ailəni qırmış, uşaqların başlarını kəsmiş, qadın və qızları zorladıqdan sonra öldürmüş, insanların əmlakını və evlərini, məscidləri yandırıb talan etmişlər.

Həmin hadisələr zamanı Quba şəhərində kütləvi qırğın törədilərək 2000 nəfərdən artıq müsəlman kişi, qadın və uşaq qətlə yetirilmiş, 105 yaşayış evi yandırılmışdır.

Erməni cəza dəstələri heç kimə rəhm etmədən hamını ucdantutma öldürürdülər. Respublika Prokurorluğunun mətbuat xidmətinin məlumatında tarixi həqiqətə uyğun olaraq belə bir fakt da göstərilir ki, 1918–ci ilin mart və aprel aylarında erməni qatilləri tərəfindən 104 nəfər dağ yəhudisi, o cümlədən Qırmızı qəsəbə sakinləri olan 18 nəfər yəhudi öldürülmüşdür.

Erməni quldurları Hacıqabul, Kürdəmir, Salyan və Lənkəran qəzalarında da dəhşətli faciələr törətdilər. Bakı quberniyasında azərbaycanlıların soyqrımı 1918–ci il sentyabr ayının ortalarınadək yəni Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam ordusu tərəfindən azad edildiyi dövrə qədər davam etmişdi. Erməni millətçilərinin törətdikləri türk–müsəlman soyqırımı zamanı 50 mindən çox azərbaycanlı öldürülmüş, on minlərlə dinc əhali öz doğma yurdlarından didərgin düşmüşdü.

Erməni cəlladları bütün Cənubi Qafqaz ərazisində, azərbaycanlılar yaşayan bütün bölgələrdə kütləvi qırğınlar törətmiş, on minlərlə dinc müsəlmanı qətlə yetirmişdilər. Ermənilər azərbaycanlılar yaşayan kəndləri qarət etmiş, dağıtmış və yandırmışdılar. Faktlara müraciət edək: Bakı quberniyasında 229 kənd, Gəncə quberniyasında 272 kənd, İrəvan quberniyasında 211 kənd, Zəngəzur qəzasında 115 kənd, Qarabağda 150 kənd, Quba qəzasında 162 kənd, Şamaxı qəzasında 86 kənd, Vedibasar mahalında 118 kənd, Zəngibasar mahalında 48 kənd, Dərələyəzdə 74 kənd, Şərurda 4 kənd dağıdılmış və yandırılmışdı.

1918–ci ilin mart qırğını Azərbaycanın türk–müsəlman əhalisi üçün faciə ilə nəticələnsə də, bu qanlı hadisə milli hərəkatı boğa bilmədi, əksinə onun inkişafında mühüm mərhələ oldu. Daşnak–bolşevik siyasi rəhbərləri törətdikləri qanlı faciələrə baxmayaraq, öz istədiklərinə nail ola bilmədilər. Azərbaycanlılar arasında birlik ideyası daha da gücləndi. Xalq başa düşdü ki, onun nicatı yalnız özünə arxalanmaqda, öz milli təşkilatının arxasınca getməkdə və onun ətrafında möhkəm birləşməkdədir. Bu hadisə Azərbaycanda milli siyasi partiyalar arasında müstəqil dövlətçilik ideyasını möhkəmləndirdi.

Qafqaza və Qarabağ torpaqlarına qonaq kimi gələn ermənilər sonradan bu yerləri özününkü etməyə çalışmış, etnik təmizləmə siyasəti apararaq ötən əsrin 80–ci illərinin sonunda “türksüz Ermənistan” dövləti yarada bilmişlər. Əvvəl “Şərq məsələsi”, ondan sonra “erməni vilayəti”, sonra “erməni məsələsi”, daha sonra “Qarabağ problemi” ilə dünya ictimaiyyətini aldadan saxtakar erməni millətçiləri bir gün tarix qarşısında cavab verməli olacaqlar. Ona görə ki, dünyanın özü tarixi həqiqətlərdən və canlı tarixin özündən ibrət dərsi götürməli, tarixi həqiqətləri bilməli, türk və Azərbaycan xalqlarının başına gətirilən bütün müsibətləri və soyqırımları anlamalı və obyektiv nəticələr çıxarmalıdır. Hər hansı bir tarixi hadisəni araşdırmaq tarixçilərin işidir. Tarixi isə siyasiləşdirmək olmaz və o, obyektiv tarixi həqiqətlərə əsaslanmalıdır. ABŞ, Türkiyə, Rusiya, Fransa, Azərbaycan alimləri külli miqdarda arxiv və rəsmi sənədlərə söykənərək sübut etmişlər ki, 1915–ci ildə heç bir erməni soyqırımı olmamışdır. Bu, erməni milləçilərinin uydurduğu yalançı və böhtançı bir təbliğatdır. Çünki bağırmaqda bir can olan (akad. V.Veliçko) və “müxtəlif tayfaların tör–töküntüləri olan başkəsən ermənilər” (Strabon) özlərinin yalanını dünyaya sırımağa öyrənmişlər. Qədimdən “ikiüzlü və riyakar”, “hiyləgər və kələkbaz adamlar olan” (Aleksandr Düma) fırıldaqçı ermənilər bütün zamanlarda türklərə və azərbaycanlılara qarşı amansız olmuş, torpaqlarımızı zəbt etmiş, soyqırım siyasəti aparmışlar. ABŞ, Avropa və digər dünya ölkələrinin rəsmiləri yaxşı bilirlər ki, ermənilər Xocalı soyqırımını törətmiş, torpaqlarımızın 20 faizini işğal etmiş, bir milyondan çox insanın məcburi qaçqına və didərginə çevrilməsinə bais olmuşlar.

Möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, bu gün Azərbaycan hökumətinin qarşısında iki mühüm vəzifə durur: Birincisi, ərazilərimizin işğaldan azad olunması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına nail olmaq və ikincisi, azərbaycanlıların soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, hiyləgər erməni təbliğatının saxta tezislərini ifşa etmək. Bəli, bu gün biz qabaqlayıcı təbliğat maşınına, güclü və monolit hücum taktikasına, əks–təbliğat orqanizminə malik sağlam düşüncə potensialına əsaslanmaqla tarixi həqiqətləri dünyaya çatdırmalıyıq. Artıq bugünkü Azərbaycan əvvəlki deyil, güclü sosial–iqtisadi və hərbi potensiala malik qüdrətli bir dövlətdir. Müstəqil Azərbaycan Respublikası bu gün özünün güclü və qüdrətli dövrünü yaşayır. Sosial–iqtisadi və hərbi inkişaf strategiyasına malik olan dövlətimiz bölgədə aparıcı qüvvəyə çevrilmişdir. 2013–cü il yanvarın 15–də Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev demişdir ki, hazırda bizim valyuta ehtiyatımız 46 mlrd. dollardır. Builki dövlət büdcəmiz isə 20 mlrd. manat təşkil edir. Hərbi büdcəmiz 3,7 mlrd. dollar təşkil edir. Bu göstəricilər o deməkdir ki, dövlətimiz bölgədə güclü və qüdrətli dövlətdir.

Düşünürük ki, 1918–ci ildə azərbaycanlıların soyqırımının təşkilatçıları olan erməni daşnaqları və erməni millətçiləri tarix qarşısında cavab verməlidirlər.

 

 

Nuru MƏMMƏDOV,

Professor

 

Respublika.- 2013.- 30 mart.- S. 5.