Növbəli əkin
sisteminin tətbiqində yonca bitkisinin əhəmiyyəti
Tənzimlənən bazar iqtisadiyyatı şəraitində əkinçilik sistemi bazarın vəziyyətindən asılı olmağa başlayır. Hazırkı şəraitdə bu vəziyyət geniş yayılır. Fermerler bazarda artıq qiymətə satılan məhsulu istehsal etməyə çalışır, yəni çox gəlir verən bitkini əkib–becərməyə üstünlük verirlər.
Təsərrüfatda zaman və məkan etibarilə iqtisadi cəhətdən faydalı bitki yoncadır, həmin bitkiyə görə növbəli əkin təşkil edilir.
–yonca aqronomdur, torpağı təbii gübrələyir.
–yonca meliaratordur, torpağı şordan təmizləyir.
–yonca zootexnikdir, heyvandarlığı zəngin
qidalı yemlə, proteinlə təmin edir. Yonca məhsuldarlığına,
yem keyfiyyətinə və aqrotexniki əhəmiyyətinə
görə digər yem bitkilərinə nisbətən daha
çox üstünlüyə malikdir.
–Bu
bitkinin respublikada rayonlaşdırılmış
AzETPİ–252, Az.ETPİ–5 və Az.ETPİ–262 sortları becərilir.
Suvarma
şəraitində yoncanın becərilmə
texnologiyasına düzgün əməl etdikdə 4–5
çalımda onların hər hektarında 140–150 sentner quru ot və ya 6900–7900 yem vahidi
götürülür.
Yoncanın yaşıl kütləsində, otunda həzmə
gedən zülalın miqdarı başqa paxlalı yem bitkilərinə
nisbətən yüksəkdir. Həmçinin yonca otunda və
ondan hazırlanmış digər yem məhsullarında
karbohidratlar, yağ, fosfor, kalium, manqan,
kükürd və bir cox makro və mikroelementlər
vardır. Heyvanların orqanizminə lazım
olan külli miqdarda vitaminlər və amin turşuları ilə
zəngindir.
Hazırda Azərbaycan Respublikasında yonca bitkisinin
fonunda və növbəli əkin dövriyyəsinin tətbiqində
ciddi çətinliklər mövcuddur. Bu
mühüm aqrotexniki tədbirin həyata keçirilməsi
bir sıra obyektiv və subyektiv səbəblərlə .əlaqədardır.
Belə ki, əkinçiliklə məşğul
olan fıziki və hüquqi şəxslər, habelə nisbətən
kiçikhəcmli kəndli–fermer təsərrüfatları
bir araya gələrək birləşmirlər.
Son illər Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyi olduqca mühüm bir tədbiri, yəni yonca bitkisi əsas
götürülməklə və irihəcmli fermer təsərrüfatları
yaratmaqla növbəli əkin dövriyyəsini həyata
keçirmək təklifini vermişdir. Yalnız bu
üsulla növbəli əkin dövriyyəsi olduqca geniş
miqyasda tətbiq edilə bilər və məhz bu tədbirin nəticəsində
torpağın münbitliyi artırılmaqla məhsul
bolluğu yarana bilər.
Yoncanın
torpağın dərin və üst qatlarına işləmiş
çox sıx və güclü kök sistemi
çürüdükdən sonra orada çoxlu izlər
buraxır ki, bu da torpağın fiziki xassəsinin və
strukturunun yaxşılaşmasına, suyun dərin qatlara
yaxşı hopmasına, suvarmalar dövründə
torpağın üst qatının duzlardan yuyulmasına səbəb
olur.
Yoncanın
kökündə havanın sərbəst azotunu mənimsəyə
bilən kök yumrusu bakteriyaları vardır ki, bunlar 2–3 ildə
hər hektarda 250–300 kq, 3 il ərzində isə məhv olan və
çürüyən kökləri də nəzərə
aldıqda 500–600 kq azot toplaya bilir.
100 min hektar yaxşı yonca sahəsi böyük bir
azot gübrəsi kombinatının verə biləcəyi
miqdarda azot toplayır.
Yonca bitkisindən sonra pambıq, bostan, tərəvəz
və s. əkilərsə, hər hektara sərf ediləcək
azot gübrəsinə və suya xeyli qənaət edilməklə,
alınan məhsulun keyfiyyəti yaxşılaşır.
Yonca torpaqda 10–15 dərəcə istilik olanda
yaxşı böyüyür. Bitkinin böyüməsi
rüşeym köklərinin torpağın dərinliklərinə
getməsi ilə əlaqədar olaraq xeyli intensivləşir.
Səpin ili toxumdan ancaq bir gövdə
cücərir. Sonra həmin gövdədən
birinci və ikinci dərəcəli budaqlar əmələ gəlir.
Bunların hesabına yarpaqların sayı
çoxalır. Bu, həm bitkidə
toplanan ehtiyat qida maddələrinin miqdarını
artırır, həm də yoncanın sonrakı
çalımlarında kök və gövdələrin
intensiv böyüməsi üçün potensial imkan
yaradır. Əsas gövdənin torpaqla təmasda
olduğu yerdə gövdə əmələ gətirmə
zonası, yəni kök bazası yerləşir. Birinci ili bitkidə 3, ikinci ili 15–17,
üçüncü ili isə 20–dən çox gövdə
əmələ gəlir.
Yuxarıda qeyd olunanları ətraflı izah etməkdə
məqsəd ondan ibarətdir ki, yoncanın səpindən və
çalımdan sonra sürətlə böyüməsi, həmçinin
çalımların sayı ilə əlaqədar olaraq
yüksək məhsul verməsi onun bioloji xüsusiyyəti,
xüsusilə kök boğazında yerləşən
yatmış tumurcuqların fəaliyyəti ilə sıx əlaqədardır.
Yadda saxlamaq lazımdır ki, çalımların
düzgün və vaxtında aparılması yoncanın
növbəti böyüməsi üçün çox
vacibdir. Bu axırıncı çalıma da aiddir. Çünki bunun yoncanın yaxşı
qışlamasında böyük əhəmiyyəti
vardır. Suvarılan aran zonasında
fevralın 20–dən sonra çalım üçün
saxlanılan yonca aprelin 25–də, mayın 30–da, iyulun 5–də,
avqustun 10–da və sentyabrın 20–də hava şəraitindən
asılı olaraq biçilməlidir. Çalımların
göstərilən müddətlərdən əvvəl
aparılması yoncanın məhsuldarlığını kəskin
surətdə azaldır. Çünki
öz inkişafını tam başa
çatdırmamış vegetativ orqanlar ehtiyat qida maddələrinin
toplanmasında iştirak edə bilmirlər. Bu da kökdə ehtiyat qida maddələrinin
toplanmasına mənfi təsir edir.
Yonca bitkisinin məhsuldarlığına təsir edən
başqa amillər də vardır. Yonca torpağa
çox tələbkardır. Münbit
torpaqlarda yaxşı bitir, məhsuldarlığı yüksək
olur. Üzvi maddələrlə zəngin
olmayan qumsal torpaqlarda yüksək məhsul almaq
üçün həmin sahələrə üzvi gübrə
verilməlidir. Yonca torpağın
turşuluğuna çox həssas olduğuna görə onun
üçün neytral torpaqlar daha əlverişlidir.
Yonca həm payızlıq, həm də yazlıq bitkilər
qrupuna aiddir. Müəyyən edilmişdir ki, Azərbaycan şəraitində
arat olunmuş sahədə yoncanın payız səpini
sentyabırın 10–dan oktyabırın 10–dək keçirmək
lazımdır. Yaz səpini isə
fevralın 20–dən martın 10–dək aparılmalıdır.
Aran rayonlarında bol yonca otu əldə etməkdən
ötrü səpindən qabaq sahələrə mineral
gübrə vermək lazımdir. Səpindən qabaq sahələrin
hər hektarına 100 kq fosfor, 50 kq azot və 50 kq kalium verilir.
Şorlaşmış torpaqlara kalium gübrəsi
verilmir.
Payızda səpilən toxumluq yoncaya, aratdan başqa 2–3
dəfə su verilməlidir; bunun birincisi yoncanın xora verdiyi
dövrə (fevral–mart), ikincisi çiçəkləmənin
əvvəlinə və üçüncüsü bu
dövrün axırına düşməlidir. Yazda səpilən
toxumluq yonca aratdan bir ay sonra başlayıb qönçələmə
dövründə çiçəkləmənin əvvəli
və axırınadək 4 dəfə
suvarılmalıdır. Bu tövsiyələr
qrunt sularının torpaq səthindən aşağı olan
yerlərə aiddir.
Qrunt
sularının səthə yaxın olduğu yerlərdə
toxum üçün ikillik yoncadan istifadə edildikdə, hətta
ikinci çalımdan sonra belə, bitki yerə yata bilər və
bunun nəticəsində həm quru ot, həm
də toxum mühüm dərəcədə azalar. Belə hallarda otu ikinci dəfə, mayın
axırında çalıb, üçüncü
çalım toxum üçün saxlamaq olar.
Ümumiyyətlə, yonca çalımdan sonra 12–15 sm
inkişaf edib qalxdıqda suvarmaq məsləhətdir, suvarma
zamanı bitki müddətdən asılı olmayaraq su
altında qalarsa, həmin yerdə bitki soluxaraq quruyur. Bu, yoncanın
bioloji xüsusiyyətidir. Bundan əlavə,
3–4–cü suvarmalarda, yəni iyul–avqust aylarında havanın
temperaturu yüksək olan dövrdə yoncanın gecə
suvarılmaları məsləhətdir. Gündüz
suvarılan yoncalıqlar havanın və suyun temperaturuna
dözməyərək quruyurlar.
Toxum üçün saxlanılan keçən illərdən
qalmış yonca fevralın 20–də xora verən zaman hektara
300–400 kq superfosfat verib və bunun ardınca iki istiqamətdə
5–6 sm dərinlikdə diskiləyirlər, sonra
yoncalıqları suvarırlar.
Fosfor gübrəsinin bitkiyə verilməsi onun
inkişafını sürətləndirir və gövdəsinin
möhkəmlənilməsinə səbəb olur. Sonrakı
inkişaf mərhələlərində fosfor bar
orqanlarını artırmaqla, onun keyfiyyətini də
yaxşılaşdırır. Bitki fosforla
normal təmin olunduqda, toxumların yetişməsi sürətlənir.
Bitkinin fosfora olan tələbatı ödənilmədikdə
onun boyu qısa, yarpaqları xırda olur. Yarpaqlar alt mərtəbədən
başlayaraq yuxarıya doğru quruyub tökülməyə
başlayır, bar əmələgətirmə qabiliyyəti
zəifləyir, barı 25–30 sm
hündürə qalxdıqdan sonra tökür ki, bu da toxumun
az olmasına səbəb olur.
Fosfor, bitkiyə kütləvi çıxış
alındığı vaxtdan başlayaraq qönçələmə
və bar əmələgətirmə dövrünə qədər
lazım olur.
Odur ki, bitkinin inkişafının ilk
dövründə fosfor çatışmazlığı
baş verərsə, sonrakı dövrlərdə bitkiyə
verilən fosfor əvvəlkini əvəz edə bilmir.
Azərbaycan şəraitində yonca həm
örtüksüz, həm də örtük altında səpilir. Onu
örtük altında erkən yazda sahəyə çıxmaq
mümkün olan kimi (payızlıq taxılların kollanma
vaxtınadək) və ya payızda taxıllarla bir vaxtda səpmək
lazımdır.
Səpin üçün yonca toxumu xüsusi
maşınlarla diqqətlə təmizlənməli, cücərmə
qabiliyyəti yoxlanıldıqdan sonra istifadə edilməlidir. Suvarma şəraitində
toxumun basdırılma dərinliyi 1.5–2 sm hesab olunur. Toxum dərin basdırıldıqda sahələrdə
seyrək bitiş alınır. Suvarılan
torpaqlarda hər hektara 16 kq toxum sərf olunmalıdır.
İkiillik
yonca əkinlərində toxum üçün ikinci
çalımı saxlayırlar: belə sahələrdə
yoncanı quru ot üçün ilk dəfə
mayın 5–də (çiçəkləmənin əvvəlində)
çalırlar.
Muğan–Salyan, Şirvan, Mil–Qarabağ və
Quba–Xaçmaz zonalarında toxumluq yoncanı bir dəfə
qönçələmədən qabaq suvarmaq məsləhətdir. Gəncə–Qazax
və Şəki–Zaqatala zonalarının qrunt suları dərində
olan yerlərində toxumluq yoncanı 2 dəfə xora verən
zaman və çiçəkləmə dövründə
suvarmaq lazımdır.
Yonca sahəsindən keyfiyyətli bol toxum məhsulu almaq
üçün çiçəkləmə zamanı sahədə
arı ailələri yerləşdirmək lazımdır. Arılar uzun
müddət faydasız uçuşlar, əbəs yerə
çoxlu vaxt, qüvvə və yem sərf etməməkdən
ötrü sahənin yaxınlığında yerləşdirmək
lazımdır. Bir hektar toxumluq yoncanı
tozlandırmaq üçün 2 arı ailəsi kifayətdir.
Arı ailəsi bir–birindən 0.5–1 km məsafədə
qoyulmalıdır.
Respublikada yonca bitkisinin bir sıra zərərvericiləri
mövcuddur. Bunlardan yonca uzunburunu, yonca yoğunayağı, yonca
toxumyeyəni–tixius təhlükəlidir. Yoncada
parazitlik edən qızılsarmaşıq da çox
qorxuludur.
Yonca uzunburunu–fitonomus geniş yayılmış
ziyanvericidir; bir nəsil verir. Bu ziyanvericinin xırda
böcəkləri yoncalıqda bitki qalıqları altında
qışlayır. Yonca xora verməyə
başlayanda oyanır. Yarpaq və gövdələri
yeyir. Gövdənin təpəsində
cütləşir və yumurta qoyur.
Fitonomusun
sürfələri yumurtadan çıxan kimi yarpaq və boy
tumurcuqlarını, həmçinin körpə yarpaqları
zədələyir; bunun nəticəsində yoncanın quru ot və toxum məhsulu xeyli azalır.
Yonca yoğunayağı–brufoqofus yonca əkinlərində,
həmçinin yabanı paxlalı bitkilərin üzərində
inkişaf edir.
Brufoqofusun dişisi süd yetişmə
dövründə hər yonca toxumunun içinə bir yumurta
qoyur. Yumurtadan çıxan sürfələr
toxumların içini yeyərək onların xeyli hissəsini
məhv edir. Ziyanverici buradaca
inkişafını tamamlayır, puplaşır və
qışlayır. Gələn ilin aprel
ayında puplardan yetkin həşərat çıxır.
Toxumyeyənlərin–tixiusların böcəkləri
yonca tarlalarında torpağın üst qatında
qışlayır. Onlar yazda yoncanın tumurcuqlarını,
çiçəkləmənin əvvəlində isə
qönçələri və çiçəkləri
yeyir. Sonra dişi ziyanvericilər
yaşıl paxlalarını içinə yumurta qoyur.
Yumurtadan çıxan sürfələr toxumların
içini yeyir. Tixus kütləvi inkişaf etdikdə
yoncanın toxum məhsulunu 50 faiz azalda bilər.
Yuxarıda göstərilən zərərvericilərə
qarşı mübarizə məqsədilə mart
ayının birinci ongünlüyündə iki istiqamətdə
diski və ya mala çəkmək lazımdır. Yonca boy verən
vaxtda karbon preparatı ilə hektara 1.5 litr və ya karate
preparatı ilə hektara 150 qram çiləmə
aparılmalıdır.
Bu mübarizəni yoncalıqlarda çiçəkləmə
qurtaran kimi, göy paxla əmələ gələn vaxt təkrar
aparmaq lazımdır.
Qızılsarmaşıq yarpaqsız və
köksüz, çox təhlükəli sarı rəngli
parazit bitkidir.
Hər yerdə yayılmışdır. Yoncanın gövdəsinə sarmaşaraq sorucu
orqanları vasitəsilə ondakı qida maddələrini
sorur. Bunun nəticəsində yonca quruyub
məhv olur.
Qızılsarmaşıq karantin tələb edən
alaqdır. Heyvanların həzm orqanlarından keçdikdə
cücərmə qabiliyyətini itirmir və təzə peyin
vasitəsilə yayılır. Buna görə
də torpağa yalnız yaxşı
çürümüş quru peyin verilməlidir.
Mütəmadi biçin aparılan sahələrdə
qızılsarmaşıq vegetasiya dövrünü başa
çatıdırmadığından toxum əmələ gətirə
bilmir. Sahə qızılsarmaşıqdan azad olur.
Qızılsarmaşığa qarşı kimyəvi
mübarizə tədbirləri yonca çalınıb
yığıldıqdan sonra tətbiq olunur. Bu məqsədlə
yoncanın kövşənliyinə purtima preparatından
hektara 2 litr çiləmək məsləhətdir.
Qoyun sürülərinin və mal–qaranın
yoncalıqlarda otarılması yolverilməzdir. Mütəmadi
otarılan sahədə biçin aparılmadığı
üçün heyvanların qidalanmasına lazım olmayan
bitkilər (saqqız otu, san tikan, əvəlik və s.)
toxumlayaraq odunlaşır. Otarmaq məqsədilə
yerli–yersiz suvarmalar və otarmalar bitkini cihazlaşdırmaqla məhsulu
sıfıra endirir. Belə vəziyyətdə
torpaq 3–4 ilə yararsız hala düşür, onu bərpa etməyə
10 iI vaxt lazım gəlir.
Yonca bitkisi biçilərək mal–qaraya vaxtında
yedizdirilməlidir.
Yusif Huseynov,
Beyləqan Rayon Bitki Mühafizə
Mərkəzinin baş aqronomu
Respublika.- 2013.- 30 mart.- S. 6.