Akademik Feyzulla Qasımzadənin xatirəsinə həsr olunmuş tədbir

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının, Abşeron rayon Saray qəsəbəsi 1 saylı tam orta məktəbinin və “Respublika” qəzetinin birgə təşkilatçılığı ilə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin araşdırıcısı, tədqiqatçısı, ədəbiyyatşünas alim Mirzə Feyzulla Səməd oğlu Qasımzadənin 115 illiyinə həsr olunmuş ədəbi–bədii gecə keçirilmişdir.

 

ADPU–nun professor və müəllim heyətinin, yazıçı və şairlərin, ictimai birlik rəhbərlərinin, akademikin ailə üzvlərinin iştirakı ilə keçirilmiş tədbiri Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov açmış və görkəmli alimin mənalı və zəngin yaradıcılığından ətraflı danışmışdır. Tədbirin aparıcısı şairpublisist Rauf İlyasoğlu qeyd etmişdir ki, XIX əsr Azərbaycan ədəbiyyatı tarixini Mirzə Feyzulla Qasımzadəsiz təsəvvür etmək qeyrimümkündür.

19 fevral 1898–ci ildə Bakının Mərdəkan qəsəbəsində anadan olmuş F.Qasımzadənin ömür yolunun əsas mərhələləri maarif və məktəb, təhsil, təlim və tədris ilə qırılmaz şəkildə bağlı olmuşdur.

ADPU–nun professoru Himalay Qasımov müəllimi olmuş Feyzulla Qasımzadə haqqında xoş xatirələr söyləmişdir.

Tanınmış dilçi alim, professor Buludxan Xəlilov bildirmişdir ki, XX əsrdə elə bir alim, filoloq tapmaq çətindir ki, F.Qasımzadənin yazdığı dərsliklərdən bəhrələnməsin.

Buludxan müəllim kitabxanada keçirilmiş bu tədbirdən məmnun qaldığını bildirmiş və gələcəkdə bu tədbirin ADPU–da geniş miqyasda keçirilməsinin vacibliyindən danışmışdır.

Professor Zahid Xəlil vurğulamışdır ki, A.Bakıxanov, N.B.Vəzirov, M.F.Axundov, M.Ş.Vazeh, Əbülqasım Nəbati və neçə–neçə mütəfəkkirlərimiz müstəqil tədqiqat predmeti kimi Feyzulla Qasımzadə tərəfindən araşdırılmışdır.

F.Qasımzadə həm şərqşünas alim, həm də filoloq kimi əsl bir məktəb idi. Uzun müddət ADPU–nin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri vəzifəsində şərəflə işləmiş və biliyini tələbələrindən əsirgəməmişdir.

Professor Eldar Abbaszadə müəllimi olmuş F.Qasımzadə ilə sonradan birlikdə işləməsindən qurur duyduğunu bildirmişdir. Bir çox ordenmedallarla təltif olunmuş Feyzulla müəllimə hamı Mirzə deyərək müraciət etmişlər. Çünki müəllimlik F.Qasımzadənin işi, sənəti, peşəsi və təbiəti idi. O, müəllim olaraq işləyir, müəllim olaraq yaşayır, müəllim olaraq alim kimi yazır, yaradırdı. Müəllimlik onun həqiqi, sevdiyi peşə olmaqla yanaşı, təbiətinin ifadəsi və təzahürüdür, ömür yolunun və şəxsiyyətinin təyinatıdır.

Mirzənin bacısı qızı Aliyə Novruzova kövrək xatirələrini söyləmişdir.

Tədbirin təşkilatçısı, Abşeron rayonunun Saray qəsəbəsi 1 saylı tam orta məktəbin dil–ədəbiyyat müəllimi Məlahət Əmirova Qasımzadələr ailəsinin yaxın dostuqonşusu kimi Feyzulla müəllimin insani keyfiyyətlərindən, sadəliyindən, məğrurluğundan söhbət açmışdır.

Akademik Feyzulla Qasımzadənin ömür yoluna həsr olunmuş videoçarx nümayiş etdirilmiş, görkəmli alimlərin Feyzulla Qasımzadə yaradıcılığından söylədikləri fikirlər alqışlarla qarşılanmış və kövrək xatirələr yaşanmışdır.

Akademik Fuad Qasımzadənin atası Feyzulla Qasımzadə haqqında lent yazısını dinləyən iştirakçılar tədbirin təşkilatçılarına təşəkkürünü bildirmişlər.

Sonda ADPU–nin dosenti, yenicə professor adına layiq görülmüş Nigar Qasımzadə atası haqqında xatirələrini söyləmiş, tədbir iştirakçılarına, kitabxana rəhbərliyinə, orta məktəbin kollektivinə, eləcə də “Respublika” qəzetinin rəhbərliyinə təşəkkürünü bildirmişdir.

 

 

Rauf İLYASOĞLU

 

Respublika.- 2013.- 30 mart.- S. 7.