Respublika Veteranlar
Şurasında
Respublika Veteranlar Şurasında Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”–nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışı ilə əlaqədar geniş müşavirə keçirilmişdir.
Müşavirədə giriş sözü ilə çıxış edən RVŞ–nin sədri Əlövsət Baxışov qeyd etmişdir ki, hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Dövlət Proqramı ölkəmizin inkişafında mühüm rol oynayır. Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər, sosial–iqtisadi sahədə aparılan islahatlar nəticəsində bölgələrdə sənaye və kənd təsərrüfatı mərkəzləri yaradılır, sosial obyektlər tikilib istifadəyə verilir. Ölkədə yüksək texnologiyalara əsaslanan, rəqabətə davamlı iqtisadi sistem formalaşdırılır.
Qeyri–neft sektoru inkişaf etdirilir, yoxsulluq, işsizlik problemləri aradan qaldırılır. Bunların hamısı insanların rifah halını yaxşılaşdırır.
Bununla bərabər Prezident İlham Əliyevin konfransdakı çıxışında vəzifəsinin öhdəsindən gələ bilməyən, dövlət başçısının etimadını doğrultmayan kadrlar haqqında fikirlərini alqışlayan RVŞ sədri Əlövsət Baxışov həyata keçirilən tədbirləri yüksək qiymətləndirdi. O, qeyd etdi ki, bütün veteranlar Prezidentimizin ətrafında sıx birləşiblər.
RVŞ sədrinin birinci müavini Surxay Tağızadə ulu öndərimizin apardığı müdrik daxili və xarici siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini önə çəkərək qeyd etmişdir ki, ölkəmizin əldə etdiyi bu möhtəşəm nailiyyətlərin davamlılığını təmin etmək üçün biz fəaliyyətimizi daha da genişləndirməli, ölkə başçısına dəstək olmalıyıq. Bir veteran təşkilatı kimi Prezidentimizə əlimizdən gələn köməkliyi etməli, gənclərimizin vətənpərvərlik, dövlətçiliyimizə sədaqətli olmaq ruhunda tərbiyəsinin daha səmərəli olması üçün fəaliyyətimizi daha da genişləndirməliyik.
General–mayor Bahadur Hüseynov ulu öndər Heydər Əliyevin veteranlara tövsiyələrindən və bu gün Prezident İlham Əliyevin göstərdiyi qayğıdan danışmışdır. Ölkə başçısının konfransdakı çıxışında insana və insan amilinə böyük hörmət əlaməti kimi vurğuladığı “Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid edilməməlidir, incidilməməlidir, hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir”kəlmələrinin böyük əhəmiyyəti müşavirə iştirakçılarının diqqətinə çatdırılmışdır.
Akademik İsmayıl İbrahimov, Respublika Veteranlar Şurası sədrinin müavini Kamal Əliyev, büro üzvləri Şəddat Cəfərov, Cəlil Xəlilov və digər çıxış edənlər də Dövlət Proqramının icrasının ölkəmizin inkişafında mühüm əhəmiyyət kəsb etdiyindən danışmış və ölkə başçısının konfransdakı çıxışını alqışlamış, hər bir vaxt Prezident İlham Əliyevə dəstək olacaqlarını vurğulamışlar.
Bayram İSMAYILOV,
“Azərbaycan veteranı”
qəzetinin baş redaktoru.
Respublika.- 2013.- 20 mart.- S. 6.