Gənclər
ölkəmizin sabahıdır
“Gənclər Azərbaycanın gələcəyidir” tezisini irəli sürən ümummilli liderimiz Heydər Əliyev respublikaya rəhbərliyinin bütün dövrlərində doğma Vətənə, öz dövlətinə sahib dura biləcək ləyaqətli gənc nəslin yetişməsinə xüsusi diqqət yetirirdi. Ulu öndər tərəfindən müəyyənləşdirilən “Dövlət Gənclər Siyasəti” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin hər yerində olduğu kimi, Şabranda da gənclər ictimai–siyasi, sosial–iqtisadi, mədəni həyatda fəal iştirak edir, müxtəlif idman yarışlarında rayonun və Azərbaycanımızın şərəfini ləyaqətlə qoruyurlar.
Yola saldığımız 2012–ci ildə rəhbərlik etdiyi rayon gənclər və idman idarəsinin fəaliyyəti barədə danışan Süleyman Əliməmmədov söhbətinə belə başladı ki, Heydər Əliyev deyirdi: “Azərbaycan gənclər ölkəsidir. Azərbaycan cəmiyyəti dəyişdiyi kimi, gənclik də dəyişir”.
Rayon gənclər və idman idarəsi də öz fəaliyyətində məhz dəyişən gəncliyimizlə ayaqlaşmağa çalışır.
Ölkə rəhbərliyi tərəfindən imzalanan “Azərbaycan Gəncliyi” Dövlət Proqramı, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan gəncliyi 2011–2015–ci illərdə” Dövlət Proqramında öz əksini tapan mühüm qərar və göstərişlər idarəmizin təşkil etdiyi bir sıra tədbir və idman yarışlarında öz əksini tapmışdır.
Heydər Əliyevin hər il anadan olmasının ildönümündə gənclərin rayon ərazisindəki ümumdünya əhəmiyyətli Çıraqqala və Şabran tarixi memarlıq abidələrinə yürüşləri gənclərimizin ulu öndərinin, böyük dostunun nəsillərə örnək olan şəxsiyyətinə hörmət və ehtiramla yanaşı, onların Vətənə məhəbbət, Azərbaycan xalqının ulu tarixinə, mədəni irsinə maraq ruhunda tərbiyə olunmasında mühüm rol oynayıb.
Torpaqlarımızın bır qisminin hələ də erməni qəsbkarlarının işğalı altında olduğu bir vaxtda gənclərimizın hərbi–vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması məsələləri ilə bağlı ilboyu tədbirlər həyata keçirilmişdir.
Ötən ilin aprel ayında keçirilən “Cəsurlar” və “Şahin” hərbi–idman, iyul ayında isə VMH poliatlon çoxnövçülüyü üzrə keçirilən yarışlarda rayonumuzun hər 3 komandası respublika final mərhələsində iştirak etmişlər. Ümumiyyətlə, ölkədə hər 3 növ üzrə respublika final mərhələsinə vəsiqə qazanan komandalar arasında rayonumuz birincilər sırasındadır.
Gənclər arasında narkomaniyanın, zərərli vərdişlərin qarşısının alınması, QİÇS–lə mübarizə, sağlam həyat tərzinin təbliğ olunması yönümündə, “narkomaniyaya yox deyək”, “narkomaniya və onun törətdiyi fəsadlar”, “özümüzü narkomaniyadan qoruyaq” çağırışları altında rayon polis şöbəsinin və rayon mərkəzi xəstəxanasının əməkdaşları ilə birlikdə müxtəlif “Dəyirmi masa”lar, rəsm müsabiqələri, rəy sorğuları həyata keçirmişik.
Respublikamızda dövlət gənclər siyasətinin əsas prinsiplərindən biri də gənclərin mənəvi–əxlaqi tərbiyəsinin gücləndirilməsidir. Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin formalaşmasında, bir qayda olaraq, əxlaqi etik dəyərlərin böyük rolu vardır.
Bu məqsədlə rayon gənclər və idman idarəsi tərəfindən keçirilən “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” mövzusunda şeir müsabiqələri, gənclərin mənəvi–əxlaqi tərbiyəsinə mənfi təsir göstərən amilləri araşdırmaq məqsədilə sosioloji rəy sorğuları, “Azərbaycan xalqının milli–mənəvi dəyərləri və onların qorunması” mövzusunda keçirilmiş “Dəyirmi masa”lar yeniyetmələr və gənclər arasında böyük marağa səbəb olmuşdur.
“Xəmsə” milli intellektual oyunu üzrə Sumqayıt və Bakı şəhərlərində keçirilən yarışlarda “Şabran” və “Çıraqqala” komandaları rayonumuzu uğurla təmsil etmişdir.
Gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi idarəmizin prinsiplərindən biridir. Belə ki, bu məqsədilə iyul–avqust aylarında 15 nəfər gəncimiz Lənkəran və İsmayıllı rayonlarında təşkil olunmuş “Azərbaycan doğma diyarımdır” adlı yay–istirahət düşərgələrinə göndərilmişdir. Sentyabr ayında Bakı Uşaq Teatrının hazırladığı “Həyatla oyun” tamaşası, aprel və oktyabr ayında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə respublikamızın gənc istedadlarının rayonumuzda təşkil olunmuş konsert proqramları gənclərimizi sevindirmişdir. Bundan başqa, gənclərin iştirakı ilə müxtəlif intellektual oyunlar, açıq havada idman yarışları keçirilmişdir.
Ümumiyyətlə, 2012–ci ildə yeniyetmə və gənclərlə bağlı təşkil olunan 35 tədbirdə 5 min nəfərədək yeniyetmə və gənc iştirak etmişdır.
Bu gün ölkəmiz dünyanın bəlkə də yeganə ölkəsidir ki, hər il ən azı 4–5 yeni Olimpiya İdman Kompleksi tikilib idmançıların istifadəsinə verilir. Bu da istər–istəməz yaxın gələcəkdə öz nəticəsini idmanımızın inkişafında əks etdirəcək.
Azərbaycan idmanına əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan diqqət və qayğının nəticəsıdır ki, sonuncu XXX London Yay Olimpiya oyunlarında idmançılarımız 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanaraq dünya ölkələri arasında 30–cu yeri, Avropa ölkələri arasında isə 15–ci yeri əldə edərək doğma Azərbaycanımızın bayrağını ən yüksəklərə qaldırmışlar.
Rayonumuzda 1 şəhər stadionu, 2 Uşaq Gənclər İdman Məktəbi, 1 Şahmat məktəbi, 11 idman zalı, 1 ağır atletika zalı, 3 süni örtüklü futbol meydançası yeniyetmə və gənclərimizin ixtiyarındadır.
Hazırda rayonumuzda fəaliyyət göstərən cüdo, sambo, boks, akrobatika, sərbəst güləş, stolüstü tennis, futbol, şahmat, Şərq əlbəyaxa döyüş növləri gənclərimizin ən sevimli idman növləridir.
Rayonumuzun idmançıları da artıq yola saldığımız “İdman ili”ndə bir sıra uğurlar qazanmışlar.
İdmançılarımızdan Heydər Həşimov və Elmar Fərzəliyev sambo üzrə gənclər arasında keçirilmiş Azərbaycan birinciliyinin qalibi adını qazanaraq ölkəmizin yığma komandasının tərkibində Rusiyanın Moskva və Yunanıstanın Soloniki şəhərində keçirilən dünya kuboku yarışlarında ölkəmizi təmsil etmişlər.
Şahmat üzrə yeniyetmə idmançımız Vüsalə Quliyeva Bakı şəhərində keçirilmiş Heydər Əliyev turnirinin qalibi adını qazanmışdır.
Jundokan karate üzrə keçirilən beynəlxalq turnirdə idmançımız Nərmin Ağamalıyeva qızıl medal qazanmışdır. Ötən il dekabr ayının əvvəlində Kyokşinkay kontakt karate üzrə Türkiyənin İstanbul şəhərində keçirilən dünya kubokunda idmançımız Hacıbala Rəşidov gümüş medal qazanaraq ölkəmizın bayrağını yüksəklərə qaldırmışdır.
20–23 dekabr 2012–ci il tarixdə cüdo üzrə yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyində idmançımız Coşqun Abdullayev 81 kq çəki dərəcəsində çıxış edərək yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibi adını qazanmışdır.
2012–ci ilin yekunlarına görə rayon gənclər və idman idarəsinin nəzdində fəaliyyət göstərən UGİM–in direktoru Q.Qasımov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əmri ilə “Fəxri Bədən Tərbiyəsi və İdman Əlaçısı” adı ilə təltif olunmuşdur.
2012–ci ildə keçirilmiş rayon və respublika səviyyəli idman yarışlarında 3018 idmançımız iştirak etmişdir. Respublika səviyyəli yarışlarda rayonumuza 25 qızıl, 18 gümüş, 13 bürünc medal gətirilmişdir.
Aydın
TAĞIYEV
Respublika.- 2013.- 29 mart.- S. 4.