Regionlarda İKT–nin sürətli inkişafı təmin olunur

 

Ölkəmizdə informasiya–kommunikasiya texnologiyaları sürətli inkişaf yolundadır. Bu ilin fevral ayında orbitə qaldırılmış ilk milli peykimız davamlı inkişafın bariz nümunəsidir. Bu gün iftixarla deyə bilərik ki, İKT təkcə iri şəhərlərdə deyil, regionlarda da özünə çoxlu tərəfdar tapmışdır. İndi, demək olar ki, regionlarda yaşayan əksər ailələrdə kompyuterlərdən istifadə olunur, sürətli internet bağlantısı var. İstər orta məktəblərdə, istər kollec liseylərdə kompüter proqramları gənclərə mənimsədilir, internetlə istifadə yolları barədə ətraflı məlumatlar əldə olunur. Kürdəmir rayonu belə regionlarımızdandır. İKT–nin inkişafında bu rayonun telekommunikasiya qovşağı əsas mərkəzlər sayılır. Qovşağın rəisi Məhəmməd Fərhadovla söhbət zamanı öyrənirik ki, son illərdə təkcə rayon mərkəzində 608 internet istifadəçisi bu mühüm texnologiyadan istifadə edır. Dördyol adlanan yaşayış sahəsində, Şıxımlıda, Yenikənddə Sığırlı kəndlərində quraşdırılmış elektron avtomat telefon stansiyalarının hər birində 48 internet abunəçisi texnologiyaların imkanından yararlana bilir. Rəis daha sonra dedi:

—2003–cü ilin fevralında ümummilli liderimız Heydər Əlıyevin xüsusi fərmanı ilə regionda ilk dəfə qəbul olunmuş İKT–nin inkişafı üzrə 10 illik Milli Strategiya yola saldığımız 2012–ci ildə başa çatdı. Keçən ilin dekabrında dövlət başçımız İlham Əliyevin fərmanı iləAzərbaycan 2020: gələcəyə baxışİnkişaf Konsepsiyasına əsasən cari ildən ölkəmizdə yeni inkişaf dövrü başlamışdır. Yeri gəlmişkən, deyim ki, 20 illik tariximizə nəzər salsaq, sosial–iqtisadi inkişafın mahiyyəti kiçik bir tezislə ifadə oluna bilər; 1993–cü ildə hakimiyyətə gələn zaman ulu öndəri çörək növbələri qarşılamışdısa, 2013–cü ildə isə Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə artıq kosmik ölkələr sıyahısına qoşulmuşdur. Ölkənin başqa regionları kimi, Kürdəmir Telekommunikasiya Qovşağının kollektivi İKT–nin inkişafı sahəsində az görməmişdir. Qovşaq üzrə tarif gəliri 486 min manat olmuş, bu sahədə tapşırıqlar 101,3 faiz yermə yetirilmişdir. Bir sıra texniki tədbirlərimizin adını çəkmək istəyirəm. Topalhəsənli kəndində yeni “DS–200″ tipli elektron avtomat telefon stansiyası quraşdırılaraq istifadəyə verilmişdir. Qovşaq xidməti ərazisində İKT–dən istifadə edən 6 provayder fəaliyyət göstərir. Genişzolaqlı internetdən gəlir ildən–ilə artır. 2012–ci ildə abunəçilər telefon xətti vasitəsilə 100–150 kanala baxmağa imkan tapmışlar. Eyni zamanda keçən il rayonun Şilyan, Sığırlı, Karrar, Muradxan kəndlərində rabitədə fasilələr yaranmaması üçün yeni akkumlyatorlar quraşdırılmışdır. Yenikənd, Sığırlı kəndlərinə sürətli internetin verilməsi üçün müasir avadanlıq qoyulmuşdur. Muradxan–Sor–sor, Yenikənd–Şıxımlı arasında 10 kilometrdən yuxarı optik kabel buraxılmışdır. Texniki–təşkilati tədbirlər cari ildə davam etdiriləcəkdır. Plana əsasən 15 kənd ATS–nin binası təmir olunacaq, 2 yeni binanın tikilməsi başa çatdırılacaqdır. Mərkəz Dördyol EATS ərazisində yeni massivlərin telefonlaşması nəzərdə tutulur. Bu il İKT üzrə bütün texnologiyaların quraşdırılması təmin olunacaqdır.

Göründüyü kimi, rayonumuzda İKT–nin inkişafı əsl ümumxalq işinə çevrilmişdir. Şübhə yoxdur ki, “İKT iliolan 2013–cü il həm internet istifadəçiləri, həm bu sahəyə xidmət edən mütəxəssislər üçün yaddaqalan il olacaqdır.

 

 

Hazırladı: Tofiq Hüseyn

 

Respublika.- 2013.- 29 mart.- S. 4.