Cinayətkarlar
tarix qarşısında cavab verməlidir
31 Mart Azərbaycanlıların
soyqırımı günüdür
Əsrlər boyu Azərbaycan torpaqlarına göz dikən fitnəkar erməni millətçiləri monoetnik Ermənistan uğrunda gizli və bəzən leqal müharibələr aparmış, “Dənizdən–dənizə böyük imperiya” yaratmaq üçün türk–Azərbaycan xalqlarına qarşı soyqırımı siyasəti yeritmişlər. Ermənilər müxtəlif dövrlərdə ən alçaq və rəzil mübarizə formalarından məharətlə istifadə edərək və maskalanaraq bədnam və yalançı niyyətlərini reallaşdırmağa cəhd etmiş, bu torpaqlara “qonaq” kimi gəlib, sonradan onun “sahibi” çıxmaq üçün yalanlar uydurmağa başlamışlar.
1813 və 1828–ci illərdə imzalanan “Gülüstan” və “Türkmənçay” müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.
İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgənin yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. “Böyük Ermənistan” ideyaları təbliğ olunmağa başlandı.
“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905–1907–ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycan və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə–yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi–siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər.
Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917–ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən erməni daşnakları öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918–ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı.
Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərcə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri–diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, İrəvanda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir.
S.Şaumyan Bakıda və ətraf qəzalarda törətdikləri qırğınla əlaqədar 1918–ci il aprelin 13–də Rusiya Xalq Komissarları Sovetinə məktubunda yazırdı: “Bizim sıravi dəstəyə edilən silahlı hücumdan bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Biz artıq 6 min nəfərlik silahlı qüvvəyə malik idik. Daşnakların da 3–4 min nəfərlik silahlı milli hissələri var idi ki, o da bizim sərəncamımızda idi. Məhz onların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi. Lakin onun qarşısını almaq mümkün olmadı. Biz bu işə şüurlu şəkildə getdik. Əgər azərbaycanlılar üstün gəlsəydilər, onda Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi”.
Martın 30–da səhər tezdən erməni bolşevik birləşmələri Bakını gəmilərdən yaylım atəşinə tutdular. Bunun arxasınca silahlı, vəhşi erməni daşnakları azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törətdilər. Martın 31–i və aprelin 1–də qırğınlar xüsusilə kütləvi şəkil almış, üç gün ərzində Bakıda 17 min insan qətlə yetirilmişdir. S.Şaumyanın erməni–bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmiş, müsəlmanların bir çox ziyarətgahları dağıdılmışdı. Daşnak–bolşevik qüvvələri Təzəpir məscidini topa tutmuş, Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan “İsmailiyyə”nin binasına od vurmuşlar. Aprelin 2–dək sürən qırğınlarda Şamaxı qəzasının 53 müsəlman kəndində erməni quldurları tərəfindən 8027 azərbaycanlı qətlə yetirilmişdi. Quba qəzasında 162 kənd darmadağın edilmiş, 16 mindən çox insanın həyatına son qoyulmuşdur. Lənkəranda, Muğanda minlərlə soydaşlarımız amansızlıqla qətlə yetirilmiş, ermənilər Dağlıq Qarabağda 150 azərbaycanlı kəndini tamamilə dağıtmış, Şuşada görünməmiş qırğınlar törətmişlər.
Ermənilər 1918–1920–ci illərdə Naxçıvana da təcavüz etmiş, qırğınlar törətmişlər. 10 minlərlə insan tələfatı, kütləvi talan və qırğınlar olmuşdur. 31 mart 1918–ci ildə Naxçıvan qəzasının Qaraxanbəyli kəndində yaşayan ermənilər azərbaycanlılara atəş açmışlar. Bu vuruşmada 25 nəfər müsəlman tələf olmuş və öz meyitlərini döyüş meydanından belə çıxara bilməmişlər. Andranikin quldur dəstəsi Naxçıvan qəzasının Araz çayı kənarında yerləşən Yaycı və Aşağı Aza kəndlərində, Şərurda 76 kəndi yerlə–yeksan etmiş, yandırmış və əhalinin çoxunu məhv edərək var–dövlətini talan etmişlər.
31 Mart soyqırımı Azərbaycan xalq cümhuriyyəti dövründə nəşr olunan dövri mətbuatda da öz geniş əksini tapıb. Həmin dövrdəki mətbuatda işıq üzü görən siyasi–analitik yazılarda bu qanlı hadisələrin mahiyyəti barədə faktlara söykənərək ətraflı məlumatlar verilib.
Erməni cəlladları bütün Cənubi Qafqaz ərazisində, azərbaycanlılar yaşayan bölgələrdə kütləvi qırğınlar törətmiş, on minlərlə dinc müsəlman qətlə yetirilmişdir. Ermənilər azərbaycanlılar yaşayan kəndləri qarət etmiş, dağıtmış və yandırmışlar.
Faktlara müraciət edək: Bakı quberniyasında 229 kənd, Gəncə quberniyasında 272 kənd, İrəvan quberniyasında 211 kənd, Zəngəzur qəzasında 115 kənd, Qarabağda 150 kənd, Quba qəzasında 162 kənd, Şamaxı qəzasında 86 kənd, Vedibasar mahalında 118 kənd, Zəngibasar mahalında 48 kənd, Dərələyəzdə 74 kənd, Şərurda 4 kənd dağıdılmış və yandırılmışdır.
Vurğulamaq lazımdır ki, 1918–ci ilin martında ermənilər Qərbi Azərbaycanın Göyçə mahalında da vəhşiliklər törətmiş, dinc əhali amansızlıqla qətlə yetirilmişdir. Göyçə mahalında Andranikin quldur dəstələrinin törətdikləri qırğınları sadalamaqla qurtarmaq olmaz.
Novruz Bayramının ilk günü meşəlikdə pusquda duran on nəfərə yaxın erməni saqqallısı Basarkeçər rayonunun Kərkibaş kəndinə girib tonqalın ətrafında atılıb–düşən 5 uşağın üstünə qırğı kimi şığımış, bir göz qırpımında onları boğaraq un kisələrinə doldurmuş, digər bir yerdə yaşlı bir qadını və onun hamilə gəlinini tonqal ətrafında güllə ilə deşik–deşik edərək aradan çıxmışlar.
Ermənilər Göyçə ərazisindəki azərbaycanlı kəndlərində Novruz Bayramı günlərində bir–birinin ardınca kütləvi qırğınlar törədir, hər gün bu qırğınlarla bağlı Stepan Şaumyana, Andranikə, polkovnik Silikova informasiyalar göndərir, onların tövsiyə və göstərişləri ilə xəyanət, zülm, işgəncə prosesi daha da güclənir və genişlənirdi.
Erməni tarixçisi A.Lalayanın yazdığına görə, daşnak başkəsənlərindən biri öz “şücaətini” belə təsvir edirdi: “Mən heç bir şeyə fərq qoymadan Basarkeçərdə türk əhalisini məhv etdim. Hərdən gülləyə heyfim gəlirdi. Bu itləri öldürməyin ən doğru yolu döyüşdən sonra bütün sağ qalanları toplayıb onları quyulara doldurmaq, bu dünyada qalmamaları üçün üstlərinə ağır daşlar tökmək lazımdır. Mən belə də etdim: bütün kişi, qadın və uşaqları quyuya doldurub üstünü daşla doldurdum”.
1918–ci ilin martında türk qanına susayan polkovnik Silikovun rəhbərliyi altında daşnak hökumətinin qoşunları Basarkeçər rayonunun ərazisinə ildırım sürətli hücuma keçdilər. Erməni daşnak ordusunun qoşunları Göyçə mahalının 22 kəndini darmadağın edib, odlara qaladılar. Almalı, Çamurlu, Yarpızlı, Qanlı, Kərkibaş, Çaxırlı, Böyük Məzrə və digər kəndlər yandırıldı.
Novruz Bayramı günlərində ermənilər qəflətən Basarkeçər rayonunun Şişqaya kəndinə hücum edirlər. Ermənilər heç nədən xəbərsiz dinc adamları aldadaraq barışıq üçün iclas keçiriləcək adı altında böyük mal tövləsinə topladılar. Sonra isə tövləyə od vuruldu. Bir gün ərzində 640 nəfər şişqayalı yandırıldı və güllələndi.
Göyçənin qeyrətli oğullarından Məşədi İsa və Kor Hümbətin dəstələri ermənilərin qarşısını yalnız Zod kəndində ala bildilər. Burada qanlı döyüşlər başlandı. Səməd ağanın uzəqgörənliyi sayəsində ermənilərə tələ quruldu. Zodda əməliyyata rəhbərlik edən Andranikin sərkərdəsi polkovnik Silikov və onun quldur dəstəsi məhv edildi.
Bu hadisədən sonra daşnak ordusunun yerli əhaliyə qarşı vəhşiliyi daha da şiddətləndi. Zodlu Səməd ağa, Tanrverdi oğlu Ələkbər ermənilər tərəfindən qətlə yetirildi. Daşkəndli Aşıq Nəcəfin ölümü daha dəhşətli oldu, ermənilər aşığın qollarını qandallayıb kürəyinə qaynar samovar bağlayırlar.
Aşıq Nəcəf fəryad qopara–qopara dünyasını dəyişir. Beləliklə, erməni millətçilərinin azərbaycanlılara qarşı yeritdiyi genosid siyasətinin ikinci mərhələsi minlərlə soydaşımızın məhvi və öz doğma yurdlarını tərk etməsi ilə başa çatdı. Sağ qalmış az qisim əhali isə ata–baba yurdlarından baş götürüb şaxtalı günlərdə dağ yamacları ilə Gədəbəy və Kəlbəcərə doğru üz tutdu. Neçə–neçə göyçəli Kəlbəcər istiqamətində piyada yol gedərkən çovğuna–borana düşüb dünyasını dəyişdi. Kəlbəcərdəki “Sümüklü dərə” o qanlı illərdə bu adı qazanıb…
Azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin xronologiyasını xatırlayarkən, xalqımıza münasibətdə törədilən vəhşilik və cinayətlərin miqyası və metodologiyası heyrət və qəzəb doğurmaya bilmir. Azərbaycan xalqının ümummilli lideri, Heydər Əliyevin fərmanı ilə 1998–ci ildən başlayaraq 31 Mart–Azərbaycanlıların Soyqırımı Günü ağır üzüntü və dərin kədər hissi ilə qeyd edilir.
Uzun müddət xalqımızın yaddaşından silinməyə cəhd edilmiş bu qanlı soyqırımı faciəsinə ilk dəfə hüquqi–siyasi qiyməti müstəqil Azərbaycan Respublikasının banisi Heydər Əliyev verdi və tarixi həqiqət bərpa olundu.
1918–ci ildə azərbaycanlıların
soyqırımının təşkilatçıları olan
erməni daşnakları və erməni millətçiləri
tarix qarşısında cavab verməlidirlər. Prezident
İlham Əliyevin sözləri ilə desək biz yalnız
tarixi ədalətin bərpa edilməsini, işğal və
soyqırımı siyasəti yürüdənlərin beynəlxalq
ictimaiyyət qarşısında ittiham olunmasını istəyirik.
O zaman tarixi həqiqət və Azərbaycan həqiqəti
qalib gələr. Bizim məqsədimiz erməni millətçilərinin
xalqımıza qarşı törətdiyi
soyqırımı və cinayətlərin dünya dövlətlərinin
parlamentləri, beynəlxalq təşkilatlar tərəfindən
tanınmasına və pislənməsinə nail olmaqdır.
Vaqif ƏMİRASLANOV,
tarix elmləri namizədi.
Respublika.- 2013.- 29 mart.- S. 3.