“Cənubi Qafqaz. 1903–cü il” xəritəsi tarixi həqiqətlərə
işıq salır
“Cənubi
Qafqaz. 1903–cü il” xəritəsinin nəşri haqqında” Azərbaycan
Respublikasının Prezidenti möhtərəm
cənab İlham Əliyevin 18 aprel 2012–ci il
tarixli 2188 nömrəli Sərəncamına
əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
tərəfindən “Cənubi Qafqaz. 1903–cü
il” xəritəsi nəşr olunmuşdur. 3 dildə —ingilis,
rus və Azərbaycan dillərində nəşr
olunan xəritənin ölçüsü
210 sm–180 sm, nüsxə
sayı isə hər bir dildə 25 min ədəddir. Qeyd etmək
lazımdır ki, xəritə çapa hazırlanarkən AMEA–nın
A.A.Bakıxanov adına Tarix İnstitutunun rəhbərliyi ilə məsləhətləşmələr
aparılmışdır.
Sərəncamda bildirilir ki, son vaxtlar ayrı–ayrı ölkələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, tarixi və coğrafi adlarının təhrif olunması, inzibati ərazi vahidlərinin sərhədlərinin dəyişdirilməsi istiqamətində təxribat xarakterli materialların, xəritə və atlasların kütləvi informasiya vasitələrində yayılması halları artmışdır. Ölkə Prezidenti belə təxribatların qarşısını almaq və ölkəmiz haqqında düzgün məlumatları dünya ictimaiyyətinə çatdırmaq məqsədilə, 1903–cü ildə Çar Rusiyası hərbi dairələri tərəfindən tərtib edilmiş “Karta Kavkazkoqo Voennoqo Okruqa 1903–qo qoda” xəritəsi əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış “Cənubi Qafqaz. 1903–cü il” xəritəsinin nəşr olunması ilə əlaqədar göstəriş vermişdir.
“Karta Kavkazkoqo Voennoqo Okruqa 1903–qo qoda” xəritəsi ümumilikdə bütün Qafqazı əhatə edərək 1903–cü ildə Qafqaz Hərbi Dairəsinin litoqrafiya və Hərbi Topoqrafiya şöbəsində tərtib olunmuşdur. Xəritə XX əsrin lap başlanğıcında nəşr olunduğu üçün təcavüzkar erməni hərbi–siyasi dairələrinin əsassız iddialarına cavab vermək baxımından mühüm əhəmiyyətə malikdir. Xəritəyə baxan hər kəs görər ki, indiki Ermənistan Respublikasının yerləşdiyi ərazinin bütün toponimləri Azərbaycan mənşəlidir. Məsələn, Ermənistanın saxtakarlıqları nəticəsində Sevan adlandırılan göl 1903–cü il xəritəsində düzgün olaraq öz tarixi adı ilə, yəni Göyçə gölü kimi verilmişdir. İrəvanın lap yaxınlığında Molla Dursun, Kərpicli, Qalah, Kuzəcik, Yeni Bəyazit, Qızıldağ, Ahdağ və s. bunun bariz nümunəsidir. Bir faktı da xüsusi olaraq qeyd etmək lazımdır ki, hazırda Rusiya Federasiyasının Cənubi Qafqazda forpostu rolunu oynayan “qondarma” Ermənistan dövləti kütləvi surətdə bu saxtakarlığa 1935–ci ildən İrəvan şəhərinin adının dəyişdirilib Yerevan adlandırılması ilə başlamışdır. Azərbaycan Respulikasının Prezidenti İlham Əliyev demişdir: “İrəvan Ermənistana Azərbaycan Demokratik Respublikasının yarandığı vaxt, özü də Azərbaycan Demokratik Respublikası tərəfindən verilmişdir. İrəvan xanlığının əhalisinin əksəriyyəti azərbaycanlılar idi. Zəngəzur mahalının bütün əhalisi azərbaycanlılar idi. Buna görə də tarixi nöqteyi–nəzərdən bu—bizim torpağımızdır”. Xəritəni indiki Ermənistan ərazisi ilə müqayisə etsək görərik ki, burada erməni mənşəli tək–tək yaşayış məntəqələrinə rast gəlmək olar.
Erməni tədqiqatçısı Z.Korkodyanın 1932–ci ildə nəşr olunmuş “Sovet Ermənistanın əhalisi” kitabında qeyd olunur ki, Ermənistan ərazisində qeydə alınmış 2310 yaşayış məntəqəsindən 2000–i türk mənşəlidir.
Kitabda həmçinin göstərilir ki, 1866–cı ildə İrəvan şəhərində yaşayan 27446 nəfər əhalinin 23626–sını, yəni 85,2 faizini azərbaycanlılar təşkil edirdi.
Ümumiyyətlə, rus, erməni və fars tarixçilərinin türk xalqlarının, o cümlədən azərbaycanlıların etnik tarixinə dair qərəzli fikirləri bir qayda olaraq tarixin bütün dövrlərində, xüsusilə də son 112 il ərzində kütləvi xarakter almışdır.
Tədqiqatlardan aydın görünür ki, indiki Ermənistan Respublikası ərazisinə ermənilər XIX əsrin birinci yarısında və XX əsrin əvvəllərində azərbaycanlıların yaşadıqları ərazilərə Çar Rusiyası tərəfindən İran və Osmanlı Türkiyəsi ərazilərindən köçürülərək yerləşdirilmişlər. Bu məsələlər məşhur Rusiya, Avropa və Amerika alimlərinin əsərlərində də bir daha təsdiq edilir.
ABŞ tarixçiləri Castin Makkarti və Karolin Makkarti “Turki i arməne” kitabında (kitab 1989–cu ildə Vaşinqtonda, 1990–cı ildə isə Bakıda Azərbaycan Dövlət Nəşriyyatında çap edilib) yazırlar ki, Ermənistan Respublikasının tutduğu indiki ərazi ermənilərə deyil, azərbaycanlılara məxsusdur və əhalinin mütləq çoxluğu —80 faizi də azərbaycanlılardır. Castin Makkarti Amerika alimidir, etnoqrafdır, tarix elmləri üzrə professorudur.
Ermənistan Respublikası ərazisində olan coğrafi adların bütövlükdə azərbaycanlılara məxsus olması, XVI–XVIII əsrlərdə mərkəzi İrəvan şəhəri olan Çuxur–Səəd bəylərbəyliyinin, İrəvan əyalətinin, İrəvan xanlığının və 1849–1918–ci illərdə İrəvan quberniyasının yaşayış məntəqə adlarının, demək olar, hamıcının türk mənşəli olması da məhs bununla bağlıdır.
1827–ci ilin oktyabrında İrəvan xanlığına hücum edib İrəvan qalasını çox böyük çətinliklə alan, Çar Rusiyasının Qafqaz Ordu Korpusunun komandanı Paskeviç hətta ermənilərin köçürülüb gətirilməsindən sonra belə, İrəvan bölgəsi əhalisinin dörddə üç hissəsinin Azərbaycan türkləri olduğunu göstərərək rəsmi məlumatlarda qeyd edirdi ki, İrəvan qalasında 10 min azərbaycanlı, 3 min erməni yaşayır.
Beləliklə, XIX əsrin əvvəllərində Çar Rusiyasının Cənubi Qafqazı, o cümlədən İrəvan xanlığını işğal etməsi (1827–ci il), Çar Rusiyasının köməyi və təhriki ilə İrandan və Osmanlı Türkiyəsi ərazilərindən ermənilərin bu torpaqlara köçü ilə azərbaycanlıların öz tarixi–etnik torpaqlarından deportasiyası, azərbaycanlıların yaşadıqları kəndlərdə ermənilərin kütləvi şəkildə yerləşdirilməsi başlandı. Hələ 1828–1832–ci illərdə 310 kəndin azərbaycanlı əhalisi aparılan soyqırımı siyasəti nəticəsində qovulmuşdu.
XIX əsrin 50–ci, 70–ci və 90–cı illərində, sonralar. 1905–1906, 1918–1920 və 1948–1953–cü illərdə davam etdirilən bu siyasət 1988–ci ildə başa çatdırıldı: nəticədə Ermənistan SSR ərazisində yaşayan azərbaycanlıların hamısı deportasiya olundu. 1935–ci ildən Ermənistan SSR–də Azərbaycan mənşəli yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi— toponimlərə qarşı soyqırımı siyasəti yeridilməyə başlamışdı və bu proses 1990–cı ildə sona çatdırıldı.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Yaqub Mahmudovun elmi rəhbərliyi ilə Milli Elmlər Akademiyasının 2010–cu ildə nəşr etdiyi “İrəvan xanlığı” adlı olduqca sanballı kitabda oxuyuruq ki, 1828–ci il martın 21–də işğaldan təxminən 6 ay sonra azərbaycanlılar üçün çox əziz olan Novruz bayramı günündə çar I Nikolayın fərmanı ilə qədim Azərbaycan torpaqları olan Naxçıvan və İrəvan xanlıqlarının ərazisində “Erməni vilayəti” yaradılır yeni yaradılan vilayətin ərazisinə daxil edilən 1111 kənddən yalnız 62–sində ermənilər yaşayırdılar və bu kəndlərin də ancaq 14–nün adı erməni mənşəli idi. Kitabda həmçinin qeyd edilir ki, Çar Rusiyası dövründə buraxılan xəritələrdə və statistik məlumatlarda yaşayış məntəqələrinin türkmənşəli adları olduğu kimi saxlanılsa da, Sovet hakimiyyəti dövründə Ermənistanda “addəyişmə əməliyyatları” 1935–ci ildən Ermənistan SSR Ali Sovetinin fərmanları ilə həyata keçirilirdi.
Erməni millətçilərinin törətdikləri cinayətlərə Azərbaycan Respublikasının Prezidenti, ulu öndər Heydər Əliyevin 2001–ci il avqustun 22–də imzaladığı erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında adlı Fərmanda hüquqi–siyasi qiymət verilmişdir. Fərmanda deyilir: “Tarixi saxtalaşdırmaq, təhrif etmək və Azərbaycan torpaqlarının tarixi adlarını dəyişdirmək süni surətdə Ermənistanı monoetnik dövlətə çevirmək siyasətinin tərkib hissəsini təşkil edirdi. 1935–1989–cu illərdə Ermənistanda hətta yer adlarına qarşı qərəzli siyasət tətbiq edilmiş və minlərlə Azərbaycan toponimi xəritələrdən silinmişdir”. 1935–1973–cü illərdə 465, 1992–ci ildə 97 azərbaycanlı kənd adları erməni mənşəli adlarla əvəz edildi, başqa makrotoponimlər (iri təbii coğrafi yer adları, dağlar, dərələr, göllər) dəyişdirildi, bəzi kəndlər birləşdirilərək erməni mənşəli sözlərlə əvəz edilərək Azərbaycan kəndlərinin sayı süni surətdə azaldıldı, Ermənistan SSR–dən azərbaycanlıların deportasiyası ilə xalqın dil kökünə mənsub olan bütün yer adların erməniləşdirildi. Ümumiyyətlə, son dövrlərədək 667 toponim dəyişdirilmişdir. Erməni millətçilərinin vaxtaşırı azərbaycanlıları doğma yurdlarından deportasiya etmələri, həm də onların coğrafi adlarının yaşamasına son qoymuşdur. Lakin müxtəlif elmi mənbələrdə, o cümlədən topoqrafik xəritələrdə əksini tapmış coğrafi adları dəyişdirməklə erməni millətçiləri arzuladıqları saxtakarlıqlara nail ola bilməyəcəklər, saxtakarlıqların tarixi həqiqəti ört–basdır etməsi mümkün deyil. “Cənubi Qafqaz, 1903–cü il” xəritəsi də ermənilərin Azərbaycan mənşəli toponimlərinə qarşı törətdikləri soyqırımı cinayətləri ilə məşğul olmalarını bir daha aydın göstərir.
Dağ, çay adları isə tamamilə Azərbaycan mənşəlidir. Məlumdur ki, dağ və çay adları yaşayış məntəqələrindən daha əvvəl yaranıb. Bu da bu ərazilərin daha əvvəllər azərbaycanlılara mənsub olduğunu sübut edir.
Təkcə Ermənistan Respublikası ərazisi deyil, Gürcüstan, Rusiya Federasiyası, İran İslam Respublikası və Türkiyə Respublikası ərazisi də türk–Azərbaycan mənşəli toponimlərlə zəngindir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin dəfələrlə bəyan etdiyi “Biz Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik” sözləri hər bir Azərbaycan vətəndaşında qəti inam formalaşdırır ki, artıq tarixdə baş verən faciələr bir daha təkrar olunmayacaq, BMT və dünya dövlətləri tərəfindən rəsmən Azərbaycan Respublikasının tərkib hissəsi kimi tanınan və ölkəmizin suveren hüquqi ərazisi olan işğal edilmiş torpaqlarımızda —Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəkdir.
Ümumiyyətlə, “Cənubi Qafqaz 1903–cü il xəritəsi”nin iki əsas xüsusiyyətini qeyd etmək istəyirəm. Bunun birincisi ondan ibarətdir ki, xəritə Car Rusiyası dövründə tərtib edilib. İkinci özəllik isə 1903–cü il xəritəsində göstərilən toponimlərin, yəni təbii–coğrafi adların, eləcə də şəhər, qəsəbə, kənd adlarının türk mənşəli olmasıdır. Bütün bunlar isə öz növbəsində xarici ermənipərəst qüvvələrin və üzdəniraq erməni alimlərinin sübut etməyə cəhd göstərdikləri “ermənilərin bu torpağın aborigen xalqı olması” iddialarının tam şəkildə əsassız olduğunu təstiq edir.
Qeyd etmək lazımdır ki, “Cənubi
Qafqaz 1903–cü il” xəritəsinin nəşri ermənilərin
və ermənipərəst qüvvələrin “böyük Ermənistan” yaratmaq
iddialarına sərt cavab olmaqla
yanaşı həm də işğal
altında olan ərazilərin geri qaytarılması kimi
müqəddəs bir işin uğurla nəticələnməsində
öz tarixi rolunu oynayacaqdır.
Qərib Məmmədov,
akademik.
Respublika.- 2013.- 29 mart.- S. 3.