Ulu öndərin
qayğısını daim hiss etmişik
Azərbaycan xalqı dahi rəhbər, xalqımızın böyük oğlu Heydər Əliyevin anadan olmasının 90 illiyini qeyd edir. Yenilməz dühası ilə uca zirvələri fəth etmiş ulu öndərimizin parlaq xatirəsi bütün vətəndaşlarımız üçün əzizdir. Bunun əsas səbəbi odur ki, xalqımızın bütün uğurları təkrarsız insan olan ümummilli liderimizin adı ilə bağlıdır. Xalqımız son dövrdə nə əldə etmişsə, irəliyə doğru inkişafda nə qazanmışsa, bunun bünövrəsi hələ ötən əsrin 70–80–ci illərində Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi zaman qoyulmuşdur. 1993–cü ildə ulu öndərimizin müəyyən etdiyi ümumi strategiya respublikamız üçün uzunmüddətli tarixi quruculuq rolunu oynadı. Qədirbilən xalqımız bu fədakarlığın canlı şahididir, uğurlarımızı, dünya miqyasında əldə olunmuş nailiyyətləri Heydər Əliyev fenomeni olmadan təsəvvür etmək mümkün deyildir.
Heydər Əliyev çevik, ədalətli və prinsipial siyasət sahibi idi. Onun ən başlıca keyfiyyəti xalqımıza xas olan milli–mənəvi dəyərlərə ürəkdən bağlılığı, milli ideyanı yaşadıb inkişaf etdirməkdən ötrü öz canını sərf etməsi, bütün ömrünü millətin mədəni–mənəvi intibahına həsr etməsi idi. Tarix boyu alimlər, ədəbiyyatçılar, filosoflar öz xalqının mədəni tərəqqisi üçün çox iş görüblər. Amma dahi rəhbərimizin Azərbaycan xalqı üçün gördüyü işi heç kəs görə bilməyib. Məhz onun gərgin fəaliyyəti sayəsində ölkəmiz yüksək mənəvi dəyərlərə malik tolerant və dünyəvi bir məmləkətə çevrildi.
Təkrarsız təşkilatçılıq qabiliyyətinə malik olan ulu öndərimiz o zamankı imperiyanın yeritdiyi siyasətin mahiyyətinə yaxşı bələd idi. Moskvada işləyərkən bu siyasəti milli mənafelərə uyğunlaşdırmağı bacarırdı və elə onda respublikamızın gələcək siyasi müstəqilliyi üçün təməl hazırlayırdı. Müxtəlif sahələrdə işləyəcək kadr potensialını yaratmaq Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri olmuşdur. O zamanlar ölkəmizdə neçə–neçə böyük zavodlar və fabrik, sosial–mədəni yönümlü obyekt fəaliyyət göstərirdi. Bu müdrik insan ötən əsrin 70–ci illərində qabağı görmüş, öz xalqına əsl atalıq qayğısı göstərmişdir. Azərbaycan qısa zamanda keçmiş ittifaqın ən qabaqcıl respublikasına çevrildi.
Məlum olduğu kimi, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdığı dövrdə Azərbaycan dərin böhran içərisində çapalayırdı, elə problemlər yaranmışdı ki, bundan çıxış yolu tapmaq müşkül görünürdü. Həyat iflic vəziyyətə düşmüşdü, işsizlik əhalini acınacaqlı vəziyyətə gətirib çıxarmışdı. Bu vəziyyətin qarşısını almaq üçün respublikada elə bir səriştəli qüvvə yox idi, idarəçilik sistemini bütünlüklə iflic haldan xilas etməkdən ötrü güclü dövlət xadiminin yeri görünürdü. Yaxşı ki xalq o vaxt Naxçıvanda yaşayan Heydər Əliyevi təkidlə Bakıya çağırdı. Ulu öndərimizin xalqın yekdil xahişi ilə Bakıya qayıdışı Azərbaycanda əsaslı dönüşün təməlini qoydu. Beləliklə, böyük Yaradan Heydər Əliyevi taleyimizin ən çətin məqamında xalqımıza bir xilaskar kimi göndərdi və onun gəlişi ilə ana yurdumuzun üzünə günəş doğdu. Labüd vətəndaş müharibəsinin və Azərbaycanı parçalamaq istəyən separatçıların qarşısı məhz ümummilli liderimizin qətiyyətli tədbirləri nəticəsində alındı. Həmin tarixi andan başlayaraq xalqda öz gücünə, müstəqilliyinin dönməzliyinə inam artdı. Heydər Əliyevin ətrafında sıx birləşən xalqımız ruh yüksəkliyi ilə ölkənin problemlərini həll etməyə, dövlət və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinin fəal iştirakçılarına çevrilməyə başladı. Anarxiya və xaos geniş quruculuq mərhələsi ilə əvəz olundu. Elə o vaxt dövlətçilik və müstəqilliyimiz naminə çox cəsarətli addımlar atıldı, eyni zamanda Avropaya inteqrasiya prosesi sürətləndi.
Ulu öndərimizi özündən əvvəlki rəhbərlərdən fərqləndirən əsas cəhətlərdən biri bu idi ki, o, fəaliyyətinin ilk çağlarından insanlarla mövqeyindən, təmsil etdiyi təbəqədən asılı olmayaraq yaxın təmas qura bilirdi. Bu dahi şəxsiyyət xalqın böyük oğlu idi, ondan bir an olsun belə ayrı yaşaya bimirdi. Onun məşhur kəlamı dillər əzbəridir: “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!”.
Ümummilli liderimiz Azərbaycan xalqının qədim tarixinə, zəngin mədəniyyətinə arxalanan, onu dünyada yetərincə təbliğ edən böyük bir intellekt sahibi idi, özündən sonra, nəhəng bir siyasi və mənəvi irs qoyub getmişdir. Bu irsin əsas mahiyyətini və məzmununu, böyük bir missiyanı ulu öndərin öz sözləri ilə belə xarakterizə etmək olar: “Belə bir yüksək və məsuliyyətli vəzifəni öz üzərimə götürərkən birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram”. Buna görədir ki, onun irsi indi xalqımıza düzgün yol göstərir, bütün qələbələrimizin rəhninə çevrilmişdir. Bunu tarix sübut etmişdir, dahi rəhbərimizin arxalandığı və güvəndiyi yenilməz qüvvə keçilməz maneələri dəf edərək xarüqələr yaradıb. Heydər Əliyevin fəaliyyəti o qədər hərtərəfli və genişdir ki, onları təfsilatı ilə söyləmək çətindir. Qısaca olaraq bunların bəzilərini qeyd etmək olar. Məsələn, 1994–cü ilin sentyabrında Xəzərin Azərbaycan sektoruna məxsus karbohidrogen ehtiyatlarının xarici neft şirkətləri ilə birgə mənimsənilməsinə dair “Əsrin müqaviləsi” adlı nəhəng müqavilə imzalandı.
Xarici dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla münasibətdə çevik, tarazlaşdırılmış siyasət yürüdən Heydər Əliyev Azərbaycan həqiqətlərini, dövlətimizin mövqeyini dünyaya çatdırmağa və bununla da Azərbaycana diqqət və marağın qat–qat artırılmasına nail oldu. 1994–cü ildə Azərbaycan NATO–nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşuldu. 2001–ci ildə Avropa Şurasına üzv oldu. Dövlət başçımızın səsi BMT–nin, digər nüfuzlu təşkilatların tribunasından eşidildi.
Aparılan aqrar islahatlar, demokratik və hüquqi dövlət quruculuğu sahəsində, vətəndaşların sosial durumunun yaxşılaşdırılması istiqamətində qəbul edilən proqramlar, yoxsulluğun aradan qaldırılması yönündə görülən tədbirlər misli görünməmiş işlər idi. O cümlədən Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafına təkan verildi. Xalqın iradəsi və taleyin hökmü ilə müdrik rəhbərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu sahəyə diqqət və dövlət qayğısı yenidən bərpa olundu, mövcud meliorasiya potensialının dağıdılmasının qarşısı alındı, ondan daha səmərəli istifadə olunması yolları və sahənin inkişaf istiqamətləri müəyyənləşdirildi.
Ulu öndərimiz bu gün sıralarımızda olmasa da, pak və xeyirxah əməlləri, misilsiz xidmətləri gözümüz önündədir, hamımıza bəllidir.
Ona görə də hazırda böyük quruculuq tədbirlərini həyata keçirərkən ölkəmizdə bərqərar olmuş əmin–amanlıq və sabitliyə, yüksək qayğıya, sosial–iqtisadi inkişaf konsepsiyasına, səhiyyənin, təhsilin, mədəniyyətin tərəqqisinə, insanların həyat səviyyəsinin yüksəldilməsinə görə Heydər Əliyev dühasına minnətdarlığımızı dönə–dönə qeyd edirik. Hazırda ulu öndərin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində daha da inkişaf edir, respublikamızın müstəqilliyi və suverenliyi daha da möhkəmlənir, ölkəmiz gündən–günə varlanır, vətəndaşlarımız daha firavan yaşayırlar.
Cənubi Qafqazın ən nüfuzlu ölkəsinə çevrilmiş Azərbaycan bütün sahələrdə inkişaf edir. İqtisadiyyatı möhkəmlənir, respublikanın investisiya cəlbediciliyi artır, sahibkarlıq inkişaf edir. Bu isə ölkəmizin həyatında daha yeni bir mərhələdir, davamlı və sabit inkişafımızın göstəricisidir.
Rövşən
PƏNAHOV,
Qobustan Qış Otlaqlarının
Su
Təminatı İstismarı İdarəsinin
rəisi
Respublika.- 2013.- 15 may.- S. 9.