Əbədiyaşar lider
Minilliklərin sınağından çıxmış təcrübə göstərir ki, yüksək dövlətçilik və idarəçilik təfəkkürünə malik lideri olmayan xalqlar nəinki müstəqil dövlət yarada bilməmişdir, hətta dünya səhnəsindən tamamilə silinmək təhlükəsi ilə üzləşmişlər. Milli dövlətçiliyin qorunması və möhkəmləndirilməsi təkcə tarixi şans və milli iradə nümayişi ilə deyil, həm də lider amili ilə sıx bağlıdır. Liderin siyasi iradəsindən bir çox məsələlər, ilk növbədə onun təmsil etdiyi ölkənin taleyi asılı olur.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi eyni zamanda həyatın başqa sahələrində olduğu kimi, hüquqi münasibətlər sisteminin xarakterində pozitiv dəyişikliklərə səbəb olmuş, cəmiyyətdə hüquqi təfəkkürün, hüquqi düşüncə tərzinin, hüquqi mədəniyyətin, ümumilikdə hüquq elminin inkişafının kefiyyətcə yeni mərhələsi başlanmışdır.
Ulu öndər Azərbaycana birinci rəhbərliyi dövründə daha çox yüksək mənəvi–əxlaqi kefiyyətləri, intellektual və yüksək bilik səviyyəsi ilə fərqlənən gənclərə üstünlük vermişdir. Heydər Əliyevin rəhbərliyinə əvvəlki dövrdə yüksək vəzifəli məmurlar, xüsusən də hüquq–mühafizə sistemində çalışan şəxslər övladlarını ozamankı Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində yerləşdirmək üçün ən müxtəlif vasitələrə əl atırdılar. Nəticədə imkansız, lakin savadlı və qabiliyyətli gənclərin, fəhlə–kəndli övladlarının hüquqları kobud şəkildə pozulur, onların hüquq təhsili almaq istəyi arzu olaraq qalırdı. Ulu öndər qəbul etdiyi qətiyyətli qərarla belə neqativ halların qarşısını almış, haqqı, ədaləti bərpa etmiş, hüquqşünas kadrların seçilməsində millilik və peşəkarlıqla yanaşı ədalətlilik, təmizlik, düzgünlük kimi vacib meyarları əsas götürmüşdür. Həmin illər mənim də həyatımda xoş anlarla yadda qalmışdır. Sadə bir ailədə doğulub boya–başa çatmış, orta məktəbi bitirdikdən sonra sənədlərimi Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə təqdim etdim. Ulu öndərin hakimiyyətə gəlişi mənim ali məktəbə daxil olmağıma böyük bir şans yaratdı və onu zaman keçsə də, unutmaq mümkün deyil.
Bu gün fərəh hissi ilə qeyd etməliyik ki, ölkəmizdə həyata keçirilən mütərəqqi islahatların ayrılmaz hissəsi kimi məhkəmə–hüquq islahatı da uğurla davam etdirilir, yeni, müasir və mükəmməl qanunlar qəbul olunur. Təsadüfi deyildir ki, ölkəmizdə hüquqi islahatların qısa bir müddətdə həyata keçirilməsini və məhkəmə hüquq sahəsində qəbul edilmiş yeni qanunların kefiyyətini Avropa ölkələrinin ekspertləri yüksək qiymətləndirmiş, onların demokratik dəyərlərə, insan hüquq və azadlıqlarının müdafiəsinə tamamilə cavab verdiyini təsdiq etmişlər.
Vacib bir fakta diqqət yetirsək görərik ki, Azərbaycanda hüquq elminin inkişafı və bu sahədə aparılan köklü islahatlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1997–ci ildən etibarən Azərbaycan Avropa Şurasının 31 konvensiyasına qoşulmuşdur. “İşgəncələrin və qeyri–insani və ya insan ləyaqətini alçaldan rəftarın və ya cəzaların qarşısının alınması haqqında” Konvensiyaya qoşulan ölkəmiz bir daha bütün dünyaya göstərdi ki, Azərbaycanda bəşəri, demokratik dəyərləri əks etdirən, dünyəvi və hüquqi dövlət quruculuğu uğurla aparılır. Ötən illər bir daha onu göstərdi ki, respublikamızda sülhə, sabitliyə, inkişafa və tərəqqiyə nail olunmuş, Azərbaycan dünyada öz yerini və nüfuzunu möhkəmlətmişdir. Mübağiləsiz demək olar ki, dünyada çox az ölkə tapılar ki, belə qısa bir müddətdə hüquqi islahatlar sahəsində bu cür nailiyyətlər əldə etmiş olsun.
Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövr ərzində cəmiyyət və dövlət həyatının müxtəlif sahələrində əsaslı inkişaf baş vermiş, köklü demokratik və hüquqi islahatlar aparılmış, mövcud hüquq sistemi yenidən qurulmuş, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması və təminatı ilə bağlı islahatlar davam etdirilərək üçpilləli məhkəmə sistemi yaradılmışdır. Habelə demokratik proseslərin inkişafının nəticəsi olaraq əvvəllər mövcud olmayan yeni institutlar, o cümlədən insan hüquqları üzrə Müvəkkil (Ombudsman) İnstitutu təsis edilmişdir. Məhz ölkədə aparılan demokratik istiqamətli hüquqi islahatların müasir Avropa standartları səviyyəsinə çatdırılmasına görə respublikamız 2001–ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmuşdur.
Azərbaycanın Avratlantik məkana inteqrasiya prosesinin sürətlənməsi hələ 2002–ci ilin 24 avqustunda Əsas qanuna bir sıra mühüm dəyişikliklərin edilməsi zərurətini yaratmışdı Həmin prinsipial dəyişikliklər proporsional seçki sisteminin ləğv edilməsini, prezident vəzifədən vaxtından əvvəl getdikdə onun səlahiyyətlərinin icrasının baş nazirə keçməsini, hökumətin Milli Məclis qarşısında illik hesabatla çıxış etməsini, habelə siyasi partiyaların ləğvi səlahiyyətlərinin Konstitusiya Məhkəməsindən alınaraq ümumi yurisdiksiyalı məhkəmələrə verilmişdir. Bundan başqa, Respublika Prokurorluğuna və Ali Məhkəməyə qanunvericilik təşəbbüsü hüququnun, vətəndaşlara pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə birbaşa konstitusiya Məhkəməsinə müraciət etmək hüququnun verilməsini nəzərdə tutmuşdur. Bu gün həmin dəyişikliklərin edilməsindən keçən illər ərzində baş verən hadisələrin və proseslərin təhlili əsas verir deyək ki, tədbir ölkə Konstitusiyasının təkmilləşməsi insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli müdafiə olunması yolunda mühüm bir addım olmuşdur.
İnsan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli müdafiə olunması, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi, ali dövlət və məhkəmə hakimiyyəti orqanlarının, yerli özünüidarənin inkişaf etdirilməsini tələb edir. Bu istiqamətdə respublikamızda ciddi dəyişiklik baş vermiş, demokratiyanın inkişafı diqqəti daha çox cəlb etmişdir.
Azərbaycanın sosialyönümlü siyasətinin daha dolğun, hərtərəfli təmini, habelə uşaq hüquqlarının qorunmasına daha çox üstünlük verilməsi, insan və vətəndaş hüquqları və azadlıqları və s. Azərbaycan Respublikasının vətəndaşlarının layiqli səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsdiq olunub.
Konstitusiyaya əlavə və dəyişikliklərin digər qismi insan hüquq və azadlıqlarının təminatının daha da təkmilləşdirilməsinə xidmət edir. Hamının qanun qarşısında bərabərliyi prinsipinin daha dolğun, hərtərəfli ifadəsinə etibarlı hüquqi zəmin yaradır.
Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla heç kəs vətəndaşın xəbəri və icazəsi olmadan izlənilə bilməz, onu video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin özü barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, həmçinin qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır.
Bu mütərəqqi dəyişikliklər respublikamızda qanunçuluğun və hüquq qaydalarının daha da möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq qaydalarının daha da möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı təminatına xidmət etməklə dövlətimizin demokratik, hüquqi inkişafında kefiyyətcə yeni mərhələnin təməli olub.
Ulu öndərin layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006–cı il tarixli fərmanı Azərbaycan ədliyyəsi üçün mühüm və proqram xarakterli bir sənəd olmaqla dövlət başçısının ölkədə güclü ədliyyə sisteminin formalaşmasına dair siyasi iradəsinin təzahürüdür. Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı ötən dövrdə konkret işlər görülmüşdür, o cümlədən normativ sənədlərin hazırlanması üzrə təcrübəli ədliyyə işçilərindən ibarət xüsusi işçi qrupu yaradılmış, mərkəzi aparatın yeni strukturu, onun tərkibinə daxil olan baş idarə və idarələrin əsasnamələri təsdiq edilmiş, ədliyyə orqanlarının ştat sayı xeyli artırılmış, müvafiq əmrlə həmin ştat vahidlərinin aidiyyəti xidmətləri üzrə bölgüsü aparılmış, əsasən bütün qurumların strukturu və ştat sayı təsdiq olunmuşdur.
“Azərbaycan ədliyyəsinin inkişafına dair 2009–2013–cü illər üçün Dövlət Proqramı” isə milli ədliyyə sisteminin müasirləşdirilməsi və fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində indiyədək həyata keçirilmiş məqsədyönlü və ardıcıl tədbirlər sisteminin uğurlu davamıdır. Dövlət Proqramını öz aktuallığına, əhatə etdiyi məsələnin miqyasına, ədliyyə sahəsində həllini gözləyən problemlərə kompleks yanaşma mexanizmlərinə görə müasir tələbləri ödəyir.
“Elektron notariat”ın yaradılması da yuxarıda qeyd etdiyimiz islahatların ən yaxşı nümunəsi kimi diqqəti cəlb edir. Aşkarlıq, demokratiya, şəffaflıq bu gün Azərbaycan ədliyyəsinin əldə etdiyi nailiyyətlərdəndir. Əldə olunmuş köklü uğurlar və nailiyyətlər, ölkəmizin sürətli iqtisadi inkişafı, sosial yönümlü siyasətin həyata keçirilməsi, gənclərə dövlət idarəetmə sistemində geniş yer verilməsi, firavan həyat tərzinin formalaşması və bir çox dəyərlər ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasətinin ən bariz nümunəsidir.
Mərdan HƏSƏNZADƏ,
Bərdə rayon notariusu,
kiçik ədliyyə müşaviri.
Respublika.-2013.-15 may.-S.9.