Almaniyanın Dormetingen şəhərində ulu öndərin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir

 

XX əsrin 60–cı illərindən başlamaqla ölkəmizin 30 ildən artıq bir dövrü əhatə edən ən yeni tarixi, bu dövr ərzində müstəqil dövlət kimi formalaşan Azərbaycan Respublikasının və xalqımızın taleyi Heydər Əliyev kimi dahi şəxsiyyətin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur.

Vurğulamaq lazımdır ki, dünyanın bir çox ölkələrində olduğu kimi, Almaniyanın Dormetingen şəhərində də dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı mərasim keçirilmişdir. Ümummilli liderin yubileyinə həsr olunmuş toplantıda almanlar, türklər, gürcülər, ruslar, həmçinin Almaniyada yaşayan soydaşlarımız iştirak etmişlər.

Dormetingendə keçirilən yubiley mərasimi Qarabağ müharibəsi veteranı, ehtiyatda olan kapitan Adil Kərimovun təşəbbüsü ilə gerçəkləşdirilmişdir. Bu günlərdə Almaniyadan geri dönən həmyerlimiz Adil Kərimov redaksiyamızın qonağı oldu. Müsahibimiz Avropanın böyük dövlətlərindən olan Almaniyada ümummilli liderin yubileyi ilə bağlı keçirilən mərasim haqqında məlumat verərək dedi:

—Yubiley tədbirində ilk öncə ümummilli liderimiz Heydər Əliyevin parlaq xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ulu öndərlə bağlı kitab və jurnallar nümayiş etdirildi. Salona toplaşanlar qarşısında Heydər Əliyevin həyat və fəaliyyətini dolğun əks etdirən “Liderlər lideri” filminin göstərilməsi hamıda xoş ovqat yaratdı.

Yubiley tədbirinin təşkilatçısı Adil Kərimov çıxışında vurğuladı ki, Azərbaycan dövləti ümummilli liderimizin şah əsəri, xalqımıza yadigarıdır. Heydər Əliyev irsi böyük bir məktəbdir və onun həmişəyaşar ideyaları, bizlərə miras qoyduğu idarəçilik və milli dəyərlər sistemi müstəqil Azərbaycan dövlətinin xoşbəxt gələcəyinin qarantıdır. Güclü iradəyə və milli ruha malik olan dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə öz xalqının iradəsinə, təkidli xahişlərinə tabe olaraq 1993–cü ildə ölkə rəhbərliyinə qayıtmaqla respublikanın dərin ictimai–siyasi və iqtisadi böhrandan çıxarılmasına, vətəndaş müharibəsinin qarşısının alınmasına, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə, dövlətimizin beynəlxalq aləmdə uğurlar qazanmasına nail olmuşdur.

Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı keçirilən yubiley tədbirində Almaniyada yaşayan həmyerlimiz Asif Kərimov, türk Gürcan Yılmaz və başqaları çıxış etdilər. Vurğuladılar ki, bu gün Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Toplantıda Azərbaycanla bağlı 30 dəqiqəlik film nümayiş etdirildi.

Üzərində Azərbaycan bayrağı olan zövqlə hazırlanan tort hamıda xoş ovqat yaratdı.

 

 

Qədir ASLAN

 

Respublika.-2013.-15 may.-S.10.